İlham Əliyev
Qarabağın qədim məktəblərini bərpa edir
“Onlar oxumağa həvəs göstərirlər və mən Şuşada olarkən, Məhəmməd dininə mənsub çoxlu uşağın hökumətin icazəsilə orada sakin olan Bazel missionerlərinin rəhbərliyi altında alman dilində məşğul olmasına valeh oldum”... Bu sözləri 1830-cu illər ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində olmuş general-adyutant Sipyagin yerli əhalinin dünyəvi məktəblərə meyil göstərməsindən bəhs edərək yazmışdı...
191 yaşlı təhsil ocağı
XIX əsrin 30-cu illərinə qədər xüsusi imtiyazlı məktəblərdən başqa Azərbycanda dövlət tərəfindən açılmış heç bir kütləvi xalq məktəbi yox idi. Yalnız Şuşada Bazel missionerləri tərəfindən 1827-ci ildə açılmış bir məktəb mövcud idi ki, burada da əsasən alman dili tədris edilirdi və həmin məktəbdə bir çox müsəlman uşaqları böyük həvəslə alman dilini öyrənirdilər.
Nəhayət, 1829-cu il avqustun 2-də mərkəzi hökumət Cənubi Qafqaz məktəblərinin ilk nizamnaməsini təsdiq etdi. Bununla Azərbaycanda qəza məktəbləri adı altında ilk dövlət məktəblərinin - təhsilin əsasən rus dilində verildiyi dünyəvi təhsil müəssisələrinin əsası qoyuldu.
Bu qəza məktəblərindən ilki, 191 il əvvəl - 1830-cu il dekabrın 30-da Şuşada fəaliyyətə başladı.
Şuşa qəza məktəbi dövlət idarələri üçün qulluqçular, ilk növbədə isə Azərbaycan və rus dillərinə tərcüməçilər hazırlamaq məqsədilə açılmışdı. Məktəb Şuşada olan Bazel alman missionerlərinin Yevageli cəmiyyəti tərəfindən pulsuz olaraq bir il müddətinə verilmiş binada yerləşirdi. İki sinif otağından əlavə, burada iki müəllimin yaşaması üçün də şərait yaradılmışdı. Yeni bina tikmək üçün yerli əhali gümüş pulla 5235 manat 16 qəpik pul toplamışdı.
Qocaman məktəbin yeni təməli qoyuldu
Şuşa qəza məktəbinin birinci sinfinə ilk il 19 şagird qəbul olunmuşdu. Lakin ildən-ilə şagirdlərin sayı artaraq 1833-cü ildə 27, 1834-cü ildə 44 nəfərə çatmış və ikinci sinif də açılmışdı. Rusiyadan Zaqafqaziya Məktəblər Direktorluğunun sərəncamına göndərilmiş titulyar müşavir Nikolay Mixaylovski məktəbin ilk müəllimi və ştat üzrə nəzarətçisi təyin edilmişdi. Tədris planına şəriət, qiraət, hüsnxətt, hesab, rus dili və Azərbaycan dili daxil idi. 1845-ci ilin məlumatına görə, məktəbin kitabxanasında 301 adda ədəbiyyat və digər tədris vəsaiti var idi.
Məzunları Azərbaycan maarifinin, məktəb və mədəniyyətinin inkişafında mühüm və böyük rol oynamış Şuşa qəza məktəbi 1874-cü ilə qədər öz fəaliyyətini davam etdirmiş, daha sonra estafetini Şuşa şəhər məktəbinə vermişdir.
Şuşa şəhər məktəbini daha yaxşı qiymətlərlə bitirənlər imtahan verərək ibtidai məktəb müəllimi səlahiyyətini ala bilirdilər. Bu təhsil ocağı 1927-1928-ci dərs ilindən yeddiillik məktəbə, 1933-34-cü dərs ilindən isə 1 nömrəli şəhər orta məktəbinə çevrildi.
191 yaşlı əzəmətli tarixə malik bu məktəb Azərbaycanda bütün sahələr üzrə öz sözünü demiş xeyli məşhur insan yetişdirib: Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Mir Möhsün Nəvvab, Süleyman Ələsgərov, Səfərəli bəy Vəlibəyov, Cabbar Qaryağdıoğlu, Əhməd Ağoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov və daha kimlər, kimlər...
1982-ci ildə Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə imzaladığı sərəncam əsasında zəngin tarixi, pedaqoji ənənələri ilə fərqlənən, respublikanın elm, təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrinə layiqli töhfələr verən bu məktəbin 150 illik yubileyi təntənəli şəkildə qeyd olunub.
1 nömrəli orta məktəb yarandığı vaxtdan 1992-ci ilin may ayınadək Şuşada fəaliyyətini davam etdirib. Şəhərin erməni qəsbkarları tərəfindən işğal edilməsindən sonra məktəb Bakının Yasamal rayonundakı 38 nömrəli orta məktəbin binasında, onun maddi-texniki bazasından istifadə etməklə ikinci növbədə 2015-2016-cı tədris ilinə qədər fəaliyyət göstərib.
Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama uyğun olaraq Şuşa şəhər 1 nömrəli tam orta məktəbi 2015-2016-cı tədris ilindən etibarən yeni inşa edilən binada bütün təhsil infrastrukturu ilə şagirdlərin və müəllimlərin istifadəsinə verilib.
2021-ci ilin 12 mayında isə Prezident İlham Əliyev 28 ildir qəriblikdə fəaliyyət göstərən Şuşa 1 saylı tam orta məktəbin intizarına son qoydu. Şuşada qədim məktəbin yeni təməlini atdı...
Ağdam təhsilinə bayram ərməğanı
Respublika günündə Prezident İlham Əliyev Qarabağ, ümumiyyətlə, bütün Azərbaycan təhsil ictimaiyyətinin sevincinə səbəb olan daha bir qədim təhsil müəssisəsinin, erməni vandalları tərəfindən dağıdılan Ağdam şəhər 1 saylı orta məktəbin yeni binasının təməlini qoydu.
1883-cü ildə Əsgər bəy Eyvazov tərəfindən açılan Ağdam 1 nömrəli məktəb müxtəlif ünvanlarda fəaliyyət göstərib, 1904-cü ildən isə sonralar tədris istehsalat kombinatının yerləşdiyi binaya köçüb və 1949-cu ilə qədər burada fəaliyyət göstərib. 1909-1929-cu illər ərazində məktəbin direktoru, Ağdamın Gülablı kəndindən olan Abbas İsmayılovun mütərəqqi səyləri nəticəsində təhsil müəssisəsi əvvəlcə ikiillik, beşillik, sonra yeddiillik, nəhayət orta məktəb səviyyəsinə çatdırılıb.
Akademik Cəmil Quliyev, AMEA-nın müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, texnika elmləri doktoru Rafiq Əliyev, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədov, keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, akademik, tibb elmləri doktoru Adilə Namazova, biologiya elmləri doktoru Tofiq Mikayılov, fəlsəfə elmləri doktoru Cahid Quliyev, akademik Dilqəm Tağıyev və onlarca başqa elm xadimi məhz Ağdam şəhər 1 saylı orta məktəbin fəxarətli məzunlarıdır.
1948-1949-cu dərs ilindən sonra 1 nömrəli orta məktəb şəhər tədris istehsalat kombinatının binasından sonuncu fəaliyyət göstərdiyi binaya köçüb və 1993-cü ildə erməni qəsbkarlarının işğalına qədər fəaliyyət göstərib. Daha sonra isə fəaliyyətini köçkün məktəb kimi davam etdirib...
Bütün məktəblərdə Qələbə lövhələri asılacaq...
Mayın 28-də Prezident İlham Əliyevin Ağdam şəhər 1 saylı orta məktəbin yeni binasının təməlini qoyması ilə Qarabağın bu qədim təhsil ocağı da yeni nəfəs aldı... Layihədə məktəb üçün üçmərtəbəli bina və plana uyğun olaraq, inzibati hissə, tədris korpusları, idman meydançası, texniki zona təşkil olunması nəzərdə tutulub. 960 nəfər şagird üçün nəzərdə tutulan məktəbdə 18 sinif otağı, 37 fənn kabineti, kimya, fizika, biologiya laboratoriyaları yaradılacaq. Məktəbdə təhsil üçün hər cür şərait, bütün texniki imkanlar olacaq.
Ali Baş Komandan İlham Əliyevin Qarabağı azadlığa qovuşdurması, Qarabağın qədim ənənələrə malik məktəblərinin təməlini qoyması məcburi köçkün müəllim və şagirdlərə bayram əhvalı yaşatdı...
Daha heç vaxt məcburi köçkünlük həyatı yaşayan məktəblərimiz, şagirdlərimiz, müəllimlərimiz olmayacaq...
Bundan
sonra bütün məktəblərdə, sinif otaqlarında
işğal təqvimini göstərən qara lövhələr
yığışdırılaraq yerində Xocalının,
Şuşanın, Ağdamın, Laçının, Kəlbəcərin,
Zəngilanın, Qubadlının, Cəbrayılın...
düşmən tapdağından azad edildiyi günlərin
al-qırmızı Qələbə lövhəsi
asılacaq...
Yasəmən MUSAYEVA
Azərbaycan.-2021.- 12 iyun.- S.1;4.