Azərbaycan daha işıqlı olur

 

Dünyanı işığa qovuşduran elektrik stansiyalarının Azərbaycana aid olan tarixi 124 ilə söykənir. Həmin tarix 1897-ci ildə Nobel qardaşlarının təşəbbüsü ilə Bakıda ilk elektrik stansiyasının əsasının qoyulması ilə  başlanıb . Lakin istər bu, istərsə də sonrakı dövrdə Azərbaycan elə də işıqlı diyar olmayıb.

Sovet İttifaqının tərkibində olarkən də  respublikanın elektrik təchizatı daxili imkanlarla tam təmin edilə bilmirdi. “Nur şəhəri” adlanan Mingəçevirdə belə, həmin dövrdə işıqla təminatın vaxt sistemi ilə həyata keçirilməsi elektrik enerjisinin məhdudluğundan xəbər verirdi. Odur ki, Azərbaycanın bu gün özünün bu sahədəki tələbatını ödəməkdən savayı, bir sıra ölkələrə enerji  ixrac etməsi böyük uğurdur. Amma bu da asan başa gəlməmişdir. Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra Ulu Öndər Heydər Əliyev tərəfindən enerji istehsalı sahəsində vacib addımlar atılmışdır. Prezident İlham Əliyev tərəfindən gerçəkləşdirilən layihələr isə ölkəmizi elektrik enerjisi ilə təminat sahəsində müstəqil etmişdir. Nəticədə Azərbaycan öz elektrik təminatını tamamilə ödəyə bilən azsaylı ölkələr sırasında qərarlaşmışdır.

Hazırda Azərbaycan qonşu ölkələr olan İran, Rusiya, Türkiyə, Gürcüstana da elektrik enerjisi ixrac edir. Məsələn, bu ilin yanvar-aprel ayları ərzində ölkədə ümumi enerji istehsalının həcmi ötən illə müqayisədə artaraq 8947,8 milyon kilovat-saata çatıb. Elektrik enerjisinin ixracı 554,5 milyon kilovat-saat olduğu halda, idxal bundan qat-qat az -  47,2 milyon kilovat-saat təşkil edib. İrana 10,8 milyon, Türkiyəyə 12,7 milyon, Rusiyaya 31,2 milyon, Gürcüstana isə 499,8 milyon kilovat-saat elektrik enerjisi ixrac olunub. İdxal prosesi isə İran, Rusiya, Gürcüstan ölkələri ilə aparılıb.

Azərbaycan İES bu gün Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasıdır. 1981-ci ildən bir blokla fəaliyyətə başlayan stansiya hazırda  ümumi gücü 2400 meqavat olan 8 blokdan ibarətdir. Azərbaycan İES respublikanın işıq təminatında ən önəmli yeri tutur.

 Yeni istismara verilən istilik elektrik stansiyalarından biri - “Şimal-2” ES 2019-cu ildən “Şimal-1” elektrik stansiyasının gücünü artıraraq 800 meqavata qədər yüksəltdi. Yüksək mexanizminə malik bu istilik elektrik stansiyaları hazırda ölkə üzrə işıq istehsalının 20, Bakı və Abşeron üzrə isə 40-50 faizini verir.

Su elektrik stansiyaları içərisində böyükmiqyaslı enerji təminatını öz üzərinə götürən Mingəçevir və Şəmkir SES-lərin də günümüzdəki əhəmiyyəti inkaredilməzdir. 1955-ci ildə istismara verilən Mingəçevir SES-də yenidənqurma işləri 2018-ci ildə tamamlanmış, stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənmişdir. Ümumi gücü 380 meqavat Şəmkir SES isə 1983-cü ildən Azərbaycanın enerji təminatında iştirak edir.

 İndi qarşıda duran ən mühüm məsələlərdən biri   bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük verməkdir. Odur ki, bu istiqamətdə ardıcıl addımlar atılır. İlk növbədə Günəş və külək elektrik stansiyalarının fəaliyyətini artırıb təkmilləşdirmək üçün tədbirlər görülür. Bu ilin may ayında Naxçıvanda yeni istifadəyə verilən Şərur GES muxtar respublikanın  alternativ enerji ilə  təminatına yeni töhfə verdi. Külək enerjisinin istehsalı istiqamətində isə yeni layihələr hazırlanmaqda davam edir. Prezident İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, gücü 240 meqavat olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsinə cari ilin əvvəlindən başlanıb. Yeri gəlmişkən qeyd edək ki, yanvar-aprel ayları ərzində mövcud külək elektrik stansiyaları 31,12 milyon, Günəş elektrik stansiyaları  14,2 milyon kilovat-saat enerji istehsal edib.

  Qarabağın isə, ümumiyyətlə, “yaşıl enerji” zonasına çevrilməsi qərara alınıb. İşğaldan  əvvəl Qarabağ regionunun 10 rayonunda (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) 20 elektrik yarımstansiyası mövcud idi. Amma işğal nəticəsində viran qoyulan ərazilərimizdəki həmin infrastrukturdan əsər-əlamət qalmamışdı. Bu səbəbdən torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra həyata keçirilən bərpa-quruculuq işləri sırasında enerji təminatı ön plana çəkildi. Artıq Şuşa  fasiləsiz elektrik enerji  ilə təmin olunur. Laçının Güləbird kəndində isə su elektrik stansiyası istismara verilib. Bu, qısa zamanda - Laçının azad olunmasından sonra cəmi iki aya yaxın müddətdə işğaldan qurtarılan torpaqlarımızda fəaliyyətə başlayan ilk SES-dir.

Qarabağda bərpa-quruculuq işləri sürətlə davam edir. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikilməsi, azad edilmiş ərazilərdə, o cümlədən Laçında, Kəlbəcərdə dağıdılan elektrik stansiyalarının bərpası yaxın zamanlarda həyata keçiriləcək planların bir hissəsidir. Şübhə yoxdur ki, Qarabağ bölgəsinin əlverişli təbii şəraitinin bu ərazilərdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə imkan verməsi nəticəsində “yaşıl enerji” zonasının yaradılması zaman etibarı ilə elə də çox çəkməyəcək.

 

 

 

Aydan XƏLİLOVA

Azərbaycan.-2021.- 12 iyun.- S.6.