Qurtuluş dastanı

 

Vətən savaşının tarixi zəfəri 15 iyundan başlayır

 

 

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı gərginlik yalnız erməni işğalçılarının torpaqlarımızı işğal etmək istəyi, Qarabağ münaqişəsi ilə bağlı deyildi.

Azərbaycanda yüz illərlə birgə yaşayan, digər ölkələr üçün daim tolerantlıq nümunəsi olan etnik qruplar arasında kin toxumları səpilirdi, onlar qəsdən bir-birinə qarşı qoyulur, qızışdırılırdı. Ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması ölkədəki xaosu daha da artırırdı. Hakimiyyət hərisliyi, şəxsi maraqlar uğrunda gedən siyasi çəkişmələr vətəndaş müharibəsinə zəmin yaratmışdı, silahlar işə düşmüşdü, maraqlı qüvvələr qardaş qırğınının törədilməsindən ötrü əllərindən gələni edirdilər.

Azərbaycan 1993-cü ildə bir dövlət kimi parçalanmaq, adının tarixdən silinməsi təhlükəsi ilə üz-üzə idi. Müstəqiliyini yeni qazanmış respublikamız ictimai-siyasi böhran içində çapalayırdı, yardım istəyirdi. Ancaq bu yardımı ona göstərən var idimi?!

Nə ölkə daxilində, nə də xaricdəki qüvvələr Azərbaycanı bu bəladan xilas etmək niyyətində deyildilər. Əksinə, onlar Azərbaycanı parçalanmış görmək üçün səy göstərir, onu məhv etmək istəyirdilər.

 

 

 

Heydər Əliyev-xalq birliyi Qurtuluş tarixinin əsasını qoydu

 

 

Ümummilli Lider Heydər Əliyev daxili çəkişmələr içində boğulan Azərbaycanın xilaskarı oldu. Həmin zaman Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyev ölkə rəhbərliyi tərəfindən Bakıya, hakimiyyətə dəvət edildi və Azərbaycan tarixi üçün misilsiz dəyərə malik olan xilaskarlıq missiyasını uğurla həyata keçirdi.

Onun bu uğurunun arxasında ümummilli maraqları üstün tutması, qərarlarını xalqa söykənərək verməsi, yüksək idarəçiliyi, qətiyyəti, dəmir iradəsi ilə xalqı bir araya gətirmək bacarığı dayanırdı.

1993-cü il iyunun 15-də Milli Məclisdə “Bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasiictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq” sözləri ilə xalqa çağırış edən Ulu Öndər əmin-amanlığın bərpası üçün silahdan istifadənin əleyhinə idi. O, ölkədəki gərginliyi yalnız sülh yolu ilə aradan qaldırmaq istəyirdi.

Onun Milli Məclisdəki həmin çıxışı zamanı söylədiyi “Heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma ancaq sülh, barışıq, qarşılıqlı anlaşma, danışıqlar yolu ilə həll olunmalıdır. Güman edirəm ki, bizim xalqımızın müdrikliyi, nüfuzlu adamların, Azərbaycanın ziyalılarının, Azərbaycanın ağsaqqallarının hamısının bir yerdə səyi və bizim hamımızın bir yerdə çalışmamız bunları təmin edə biləcək. Biz Azərbaycanda demokratik müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi bəşəri dəyərlərin hamısından istifadə etməliyik” fikri bir daha sübut edir ki, o, hər zaman xalqın iradəsinə etibar edib, xalqın dəstəyindən güc alaraq, daha da güclənib. Xalq təkcə 1993-cü ildə deyil, sonrakı illərdə də bu liderə inandığı üçün onun ətrafında birləşdi, Heydər Əliyev-xalq birliyi Azərbaycanın Qurtuluş tarixinin əsasını qoydu.

 

 

 

“Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan dövləti olmayacaqdı”

 

 

 

Həmin dövrdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı işləmiş, Milli Məclisin deputatı Elman Məmmədovun sözlərinə görə, özlərinin qısamüddətli hakimiyyətləri dövründə ölkədə anarxiya yaranmasına səbəb olan o dövrkü rəhbərliyin səriştəsizliyi nəticəsində qarşıdurmalar baş verirdi, ölüm-itim var idi, Gəncə hadisələri törədilmişdi: Bu proseslər Azərbaycan dövlətini məhvə aparırdı. Xalq bu vəziyyətdə çıxış yolunu yüksək idarəetmə, rəhbərlik bacarığı, siyasi aləmdə nüfuzu olan bir şəxsiyyətin hakimiyyətə gəlməsində görürdü. Bu şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. Nə qədər düşmənçilik bəsləsə də, o dövrkü prezident Əbülfəz Elçibəy Azərbaycanı bu vəziyyətdən çıxarmaq üçün Heydər Əliyevi Bakıya hakimiyyətə dəvət etməklə çox düzgün qərar vermişdi”.

Elman Məmmədov Heydər Əliyevin hakimiyyətə gəlişi nəticəsində Azərbaycan xalqının çox böyük bəlalardan qurtulduğunu, Azərbaycan dövlətçiliyinin xilas olduğunu söyləyir: “İndi bəziləri sual verirlər ki, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nə baş verə bilərdi. Bunun birmənalı cavabı budur: Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan dövləti, bugünkü Azərbaycan olmayacaqdı. Heydər Əliyev bu milləti məhv olmaqdan, qardaş qırğınından qurtardı”.

 

 

 

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərini itirə bilərdi”

 

 

 

Qısa zaman ərzində böyük fədakarlığı sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyi tədricən təmin edən Heydər Əliyev çoxsaylı danışıqlardan sonra -1994-cü ildə cəbhə xəttində atəşkəsin elan edilməsinə nail oldu. Bu, həmin zaman ölkəmizin iqtisadiyyatı inkşaf etdirmək, ordumuzu gücləndirmək, torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işlərinin aparılması baxımından çox vacib idi. Atəşkəs təşəbbüsü ilə çıxış edib onu gerçəkləşdirməsinə baxmayaraq, torpaqlarımızın erməni işğalından azad edilməsi Heydər Əliyev siyasətinin hər zaman başlıca hədəfi olub.

Torpaqlarımızın işğalına həmin dövrlərdə hakimiyyətdə olanların bacarıqsızlığının səbəb olduğunu deyən Elman Məmmədov bildirir ki, 1993-cü ildə 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğu Azərbaycanın siyasi hakimiyyətində çox ciddi böhran, hətta demək olar ki, hakimiyyətsizlik qabarıq şəkildə müşahidə edilirdi. İqtisadiyyat sıfır səviyyəsinə enmişdi, büdcə demək olar ki, boşalmışdı, hərbi sahədə vahid komandanlıq yox idi: “O zaman hərbi sahədə hərənin bir batalyonu, dəstəsi var idi. Müdafiə Nazirliyinin adı olsa da, komandanı gündə bir adam verirdi. Düşmən də belə bir vəziyyətdən məharətlə istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini bir-birinin ardınca işğal etdi. Siyasiiqtisadi böhran nəticəsində orduda vahid komandanlığın, hərbi və fiziki hazırlığın, təminatın olmaması ermənilərə bu işğalı davam etdirməyə imkan verirdi”.

Deputat hesab edir ki, 1994-cü ildə atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərini itirə bilərdi. Çünki ərazilərimizi müdafiə etmək üçün güc tükənmişdi.

Elman Məmmədov Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra siyasi böhranın, qarşıdurmaların aradan qalxmasına nail olmağa başladığını söyləyir. Onun sözlərinə görə, Heydər Əliyev tədricən dövlətçiliyin, eyni zamanda iqtisadi dirçəlişin bünönrəsini qoyaraq hərbi sahədə islahatların aparılmasına, vahid komandanlığın yaradılmasına çalışdı.

 

 

 

Heydər Əliyev gücü

 

 

Sözsüz ki, Heydər Əliyevin xidmətləri sayəsində yaranan möhtəşəm tarix yalnız Qurtuluş Günü deyil. Məhz Heydər Əliyevin xidmətləri sayəsində 1969-1982-ci illər sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq dövrü kimi daxil olmuşdu. Tarix təkrarlandı və 1993-cü ildən sonra güclənmiş Azərbaycanın davamlı inkişafının əsasında yenə də Heydər Əliyev amili, gücü dayandı.

1993-cü ildən sonra məhz Ulu Öndərin güclü iradəsi, nüfuzu sayəsində dünyanın müxtəlif dövlətlərinin geoiqtisadi maraqlarını tarazlaşdırmaqla beynəlxalq müqavilələr imzalandı. Bütün bunlar ölkədə iqtisadi inkişafın təmininə, Azərbaycanın tərəqqi yoluna qədəm qoymasına, onun beynəlxalq aləmdəki nüfuzunun artmasına imkan verdi.

Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucun fikrincə, Heydər Əliyev sovet hakimiyyətinin olduğu dövrlərdə də Azərbaycanın dünyəvi dövlətçilik yönündə parlaq quruculuğuna təminat verən minlərlə uğurlu təqvim günləri yaradıb. Bütün bunlar bugünkü müstəqil dövlətimizin təməlləri hesab oluna bilər.

 

 

 

Uğurumuza qənim kəsilən hər kəs Heydər Əliyevə kin bəsləyib”

 

 

 

Azərbaycanın məhz Heydər Əliyevin əli ilə Qurtuluş Günündə xilas olduğunu vurğulayan deputat deyir ki, Ulu Öndər bir milyona yaxın qaçqın və məcburi köçkünü yerbeyer edənədək, dövlət çevrilişlərini dayandırana qədər “15 iyun xilaskarlığı”nı davam etdirdi.

Zahid Orucun fikrincə, dahi liderin Bakıya qayıdışı təkcə 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycanı deyil, 1918-ci ildəki cümhuriyyətimizi, üçrəngli bayrağımızı da xilas etdi: “Biz sovet dövründə nəinki keçmiş siyasi liderlərdən, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin varlığından xəbərsiz böyümüşdük. Lakin Heydər Əliyev siyasi tariximizə obyektiv nəzərlə baxdı, düzgün dövlətçilik dərsləri verdi. Heydər Əliyev istəsəydi, nüfuzunun ən yüksək çağında yeni bayraq, himngerbin layihəsini cızardı. Lakin o, fenomen tarixi şəxsiyyət kimi əsrin əvvəli və sonunu varislik yolu ilə birləşdirdi, dövlətçilik tariximizi sarsılmaz bağlarla bütövləşdirdi və müstəqil dövlət qurdu”.

Zahid Oruc Ulu Öndərə yüksək münasibəti obyektiv tarixi gerçəklik sayır: “Dövlətə, millətə, azadlığımıza, uğurumuza qənim kəsilən hər kəs Heydər Əliyevə qarşı kin-küdurət bəsləyib. Qətiyyən təəccüblü deyildi ki, onun ölümdən qurtardığı adamların bir çoxu şəxsi düşmənləri yox, dövlətə qarşı silahla silahsız savaşanlar idi. O isə rəqiblərinin hamısını bağışladı, çünki Əliyev dözümünlideriydi”.

 

 

 

Qələbəyə gedən yol 15 iyundan başlayıb

 

 

Zahid Oruc bu fikirdədir ki, 44 günlük Vətən müharibəsindəki Qələbəmizin əsası da 1993-cü ilin 15 iyun tarixindən başlanılır. Onun qənaətinə görə, Milli Qurtuluş olmasaydı, 10 noyabrın tariximizə möhtəşəm qələbə tarixi kimi düşməsini də təsəvvürə gətirmək qeyri-mümkün idi.

Çünki Vətən müharibəsində qələbənin təməl daşlarının qoyulduğu 1990-cı illər atəşkəsdən, müxtəlif dövlət çevrilişlərini dəf etməkdən və siyasi savaşlardan keçdi: “Azərbaycan xalqı 10 noyabr 2020-ci il qələbəsinə gətirən yola 15 iyun 1993-cü ildə çıxdı! Ozamankı qurtuluş üstündən 27 il keçdikdən sonra bir millətin qollarını buxovlayan işğal bəndlərinin qırılmasına və torpaqların əsarətdən qurtulmasına yol açdı. Hər iki Qurtuluş vahid bir mahiyyətdə və məqsəddə birləşir”.

 

 

 

Müstəqilliyin ilk şərtləri

 

 

 

Cəmi 23 aylıq ömrü olmuş Azərbaycan Xalq Cümhuriyyəti tarixə adını Şərqdə yaradılan ilk parlamentli respublika kimi yazsa da, uzun müddət yaşaya bilmədi. Azərbaycan elə özünün acı təcrübəsindən bunu görür ki, dövlət müstəqilliyini elan etsə də, onu uzun müddət yaşatmaya bilər. Bir millətin millət kimi özünü yaşatması üçün onun ana dilinin, ənənələrinin itməməsi, özünüdərki qoruyub saxlaması çox vacibdir. Məhz belə millət özünün müstəqil dövlətini yaradaraq onu uzun müddət yaşada və gücləndirə bilər. Sovet imperiyası dövründə rus dili SSRİ-nin vahid dövlət dili idi. Bu şəraitdə Azərbaycan dilinin arxa plana keçməsi xalqımızın ana dilinin itməsinə səbəb ola bilərdi.

Heydər Əliyevin gərgin mübarizəsi, onun bu günümüzə hesablanmış uzaqgörən siyasəti nəticəsində 1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin VII növbədənkənar sessiyasında Azərbaycan dili dövlət dili elan olundu. Ulu Öndər bununla kifayətlənməyərək xalqımızın milli oyanış hissinin ölməməsi üçün onun ziyalılarını qorudu, onlara dəstəyini daim nümayiş etdirdi.

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə bildirir ki, bolşeviklər Azərbaycanı işğal edəndə, ilk növbədə, milli oyanışın qarşısının alınması üçün milli özünüdərki təmin edəcək ziyalı elitanın, milli ideyaların məhvinə çalışdılar və buna demək olar ki, nail oldular. Ümummilli Lider hələ dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə milli özünüdərkin qaytarılması zərurətinin müstəqillik üçün ilk şərt olduğunu müəyyənləşdirmişdi. Azərbaycanlı kimliyi ilə qürur duymanın təkcə quru təşviqçilik yolu ilə deyil, yazılan bədii əsərlər, çəkilən filmlər vasitəsilə də təşviqinə nail oldu. XX əsrin 70-ci illərində çəkilən “Nəsimi”, “Babək” kimi filmlərdə azərbaycanlı kimliyi ilə qürur duymaq, yadellilərə qarşı mübarizə aparmaq gücü təlqin olunurdu.

Tarixçi alim əlavə edir ki, fenomenal şəxsiyyət yaşadığı dövrün siyasi quruluşunun sərt qadağalarına baxmayaraq, 1978-ci ildə Azərbaycan dilini ölkəmizin Konstitusiyasına dövlət dili kimi daxil etdirməyə nail olmuşdu. Görkəmli dövlət xadimi Heydər Əliyev sovetlər ölkəsi ilə münasibətləri tərs gələn milli istiqlalçıları -akademik Ziya Bünyadovu, Xalq yazıçısı Mirzə İbrahimovu, alim Abbas Zamanovu, Xalq şairi Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı və başqalarını qorudu. Deməli, Heydər Əliyev həm də Azərbaycan tarixini, təhsilini, ədəbiyyatını Azərbaycana qaytardı.

Elnur Kəlbizadə deyir ki, Sovetlər Birliyi dönəmində milli tarixi, mədəniyyəti qoruyan, ana dilinin dövlət dili kimi təsbitinə nail olan Ulu Öndər XX əsrin 90-cı illərində əsas milli dövlətçilik atributunun - üçrəngli aylı-ulduzlu bayrağımızın qaytarılmasına da nail oldu. 1990-cı il noyabrın 17-də 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasında Azərbaycanın milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağı bərpa edildi. 1993-cü ildən sonrakı dövrdə Azərbaycan bayrağı dünyanın ən müxtəlif təşkilatlarının ali tribunalarından daha qürurla, daha əzəmətlə dalğalanmağa başladı.

Tarixçinin qənaətinə görə, Heydər Əliyev Azərbaycana milli özünüdərki, davamlı iqtisadi yüksəlişi, müstəqil dövlətçilik atributlarını, müstəqil ordunu, sabitliyi və gerçək müstəqilliyi qaytardı.

 

 

 

Azərbaycanın xarici qüvvələrin oyuncağına çevrilməsinə imkan vermədi

 

 

Tarix göstərir ki, ölkələrin əlverişli coğrafi mövqedə yerləşməsi, kifayət qədər yetərli təbii resurslara malik olması onu digər dövlətlər üçün daim maraq dairəsinə çevirir. Böyük gücə malik dövlətlərin kiçik ölkələrin ərazisindən müxtəlif məqsədlər üçün istifadə etmək, onun sərvətlərini talamaq niyyətləri çox zaman zəif dövlətlərin süqutu ilə nəticələnir. Bu nəticə ilə özünü hələ möhkəmlətməmiş, kənardan güclü dəstək almayan gənc dövlətlər daha tez üzləşə bilərlər.

Böyük iqtisadi resurslara, əlverişli geostrateji mövqeyə malik olan gənc, kiçik Azərbaycanın da öz müstəqiliyini qoruyub saxlaması asan başa gəlməyib. Ölkəmiz müstəqilliyinin ilk illərində bir sıra təxribatlar, dövlət çevrilişinə cəhdlərlə qarşılaşıb. Müstəqil dövlətçiliyimiz üçün çox ciddi sınaqlardan sayılan 1994-cü ilin oktyabr, 1995-ci ilin mart ayındakı dövlət çevrilişinə silahlı cəhdlər Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində alındı.

Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, dövlətin təhlükəsizliyinin təmini üçün düzgün müəyyən edilmiş vahid siyasət həyata keçirməsi ölkəni daxilixarici düşmənlərdən qorumağa imkan verdi.

AMEA Şərqşünaslıq İnstitutunun direktoru Akademik Gövhər Baxşəliyeva bildirir ki, Heydər Əliyevin daxili sabitliyi təmin etmək, xarici təzyiqlərin qarşısını almaq və beləliklə, dövlət müstəqilliyimizi qoruyub saxlamaq istiqamətində apardığı böyük işlər bu gün öz bəhrəsini verir:Biz o günlərin canlı şahidləri olsaq da, həmin dövrdə baş vermiş proseslərin mahiyyətinə daha dərindən varmaq ehtiyacı duyuruq. Heydər Əliyevin Ali Sovetin Sədri seçilərkən etdiyi çıxışın mətni xüsusi diqqət çəkir. Həmin çıxışa nəzər saldıqda görürük ki, Ulu Öndərin bütün sonrakı fəaliyyəti o tarixi çıxışdakı müddəaların addım-addım gerçəkləşdirilməsindən ibarətdir. Millət və dövlət qarşısında götürülmüş öhdəliklərə sədaqətin bundan böyük nümunəsini təsəvvür etmək çətindir. Ulu Öndər müstəqilliyimiz üçün təhlükə törədən amilləri aradan qaldıraraq onu, öz təbirincə desək, dönməz və əbədi edib. Yeni əsrin zirvəsindən yaxın keçmişə - 1993-cü ildə baş vermiş proseslərə və həmin proseslərin mərkəzində dayanan Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə nəzər saldıqda o dövrün tariximizdəki müstəsna yerini və əhəmiyyətini daha dərindən dərk edirik”.

Akademik qeyd edir ki, böyük siyasi iradəyə və təcrübəyə malik şəxsiyyət olan Heydər Əliyev xalqın mütləq əksəriyyətinin, hakimiyyət nümayəndələrinin təkidli tələbi ilə Bakıya gəlib Ali Sovetin Sədri, daha sonra ölkə Prezidenti seçildikdən sonra müstəqilliyimizə qarşı yönəlmiş ənənəvi ssenarini pozdu. O, Azərbaycanın hansısa xarici qüvvələrin əlində oyuncağa çevrilməsinə imkan vermədi.

 

 

 

Azərbaycan Şərqlə Qərb arasında körpü oldu

 

 

 

Heydər Əliyev Azərbaycanın dünya dövlətləri arasında layiqli, möhkəm yer tutması üçün müdrik xarici siyasət həyata keçirdi. Ulu Öndər öz xarici siyasətində Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və s. sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışdı.

Gövhər Baxşəliyevanın sözlərinə görə, Heydər Əliyevin xarici siyasətində, Şərqə, o cümlədən qonşu ölkələrlə, xüsusilə Türkiyə, İrans. ölkələrlə münasibətlərdə daha uzaqgörən davranış nümayiş etdirməsi həmişə duyulurdu. Onun hakimiyyətə gəlişindən sonra dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələri ilə bərabərhüquqlu münasibətlər quruldu, regionda yerləşən bütün dövlətlərlə mehriban qonşuluq əlaqələri saxlanıldı, bu əlaqələr inkişaf etdirilərək möhkəmləndirilirdi. Bu siyasət indiyədək də uğurla davam etdirilir. Burada, əsasən, dünyada geostrateji əhəmiyyətə malik olan, eyni zamanda, region problemləri ilə hər hansı bir əlaqəsi olan, bizə coğrafisiyasi cəhətdən yaxın olan ölkələrlə münasibətlərə daha çox diqqət yetirildi. Belə ölkələrə birinci növbədə Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistans. aiddir. Buİslam Konfransı Təşkilatına daxil olan digər ölkələrin Azərbaycana dəstəyi, mənəvi yardımı gənc dövlətimiz üçün çox vacib idi. Bütün bu amilləri nəzərə alan Heydər Əliyevin apardığı siyasət nəticəsində bu sahədə böyük uğurlar qazanılıb və qazanılmaqdadır.

Akademik əlavə etdi ki, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi dövründə əldə olunan nailiyyətlər, iqtisadi uğurlar Azərbaycanı həyatın müxtəlif sferalarında dünya miqyasında aparıcı mövqelərə çıxartdı. Məhz Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti sayəsində Azərbaycan iqtisadi inkişaf tempinə görə ən yüksək yeri tutdu, bütün dünyanı iqtisadi böhran bürüdüyü bir dövrdə həmin böhranı, demək olar ki, hiss etmədən adladı və iqtisadi inkişafını davam etdirdi.

 

 

 

Xalqa əsl həqiqətlər lazımdır

 

 

Fransız yazıçısı Antuan Rivarol deyir ki, xalqa mücərrəd ideyalar deyil, aydın və gerçək həqiqətlər lazımdır. Azərbaycan xalqı bu həqiqətləri - onun yanında hər zaman kimin olduğunu, çətin günlərdə kimə arxalana biləcəyini 1993-cü ilin iyun hadisələri zamanı bir daha gördü.

Gerçək olanlar budur ki, 1993-cü ilin Azərbaycanını xaosdan yalnız Heydər Əliyev çıxara bildi. Əlində tutduğu böyük məşəllə Azərbaycan xalqına qurtuluş yolunu göstərən Heydər Əliyev bizə 1993-cü ildə itmiş əmin-amanlığımızı, təhlükəsizliyimizi, birləşmə gücümüzü qaytardı. Ölkəmizi onu içdən yeyən düşmənlərdən təmizlədi, parçalanmadan qurtardı. Onu vahid ideologiya əsasında qurulan möhkəm sütunlu bir dövlətə çevirdi, gücləndirdi və dünyada nüfuz sahibi etdi.

 

 

 

 İlhamə İSABALAYEVA

Azərbaycan.-2021.- 15 iyun.- S.1;11.