"Köndələnçay
su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə
olacaq"
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Füzuli rayonuna səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı
Aşağı Köndələnçay su anbarında
olublar.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin
başçısına su anbarının texniki göstəriciləri
barədə məlumat verildi.
Bildirildi ki, ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 62 min hektar sahəni suvarmağa imkan verirdi. 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.
Prezident İlham Əliyev dedi:
-Bura Köndələnçay
su anbarıdır. Uzun
illər düşmənin əlində idi.
Uzun illər
biz bu sudan
məhrum idik. İkinci Qarabağ müharibəsindən
sonra artıq bizim əlimizdədir və bundan sonra Azərbaycan xalqının maraqlarına
xidmət edəcək.
Bu su anbarı
ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə
1980-ci illərin əvvəllərində
inşa edilmişdir.
Bunun əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının
inkişafı idi və minlərlə hektar torpaq bu
anbar vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən
sonra həm Suqovuşan su anbarını nəzarətə
götürdük, həm
də Köndələnçay
su anbarı bizim əlimizdədir.
Artıq
bu anbarların gələcək istismarı
ilə bağlı müvafiq göstərişlər
verildi.
Azad edilmiş bütün
torpaqların su mənbələrinin xəritəsi
hazırlanır. Bizim bütün su
ehtiyatlarımız, çaylarımız,
göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir.
Bu sudan səmərəli
şəkildə istifadə
etmək üçün
yeni kanalların çəkilməsi və
köhnə kanalların
bərpası məqsədilə
artıq vəsait də ayrılıb, müvafiq göstərişlər
verildi və geniş proqram icra edilməyə başlanmışdır.
Köndələnçay su anbarına mən bir müddət
bundan əvvəl bir heyət göndərmişdim. Bu anbarın vəziyyəti araşdırıldı
və həyat bu bölgəyə qayıdandan sonra əlbəttə ki, biz bu sudan
istifadə edəcəyik.
İşğal dövründə
mənfur düşmən
bizi sudan
məhrum etmişdi. Sərsəng su anbarı,
Suqovuşan su anbarı düşmənin
əlində olduğuna
görə 100 min hektar
torpaq susuz qalmışdı və bir neçə rayonda su təminatını
yaxşılaşdırmaq üçün yüzlərlə
subartezian quyusu qazılmışdır. Ağdam,
Tərtər, Bərdə,
Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın
suyundan məhrum edilmişdi. Mənə bu yaxınlarda
verilən məlumata görə, Vətən müharibəsindən sonra
30 min hektardan çox
sahəyə Suqovuşan
su anbarından su verilməyə başlanmışdır. Eyni zamanda, Ağdam rayonunda Xaçınçay
su anbarı da bizim nəzarətimizdədir,
işğaldan azad edilib və o su anbarı bu su anbarından
həcm baxımından
daha böyükdür.
Bir daha demək istəyirəm ki, bizim bütün su ehtiyatlarımız araşdırılır, təhlil
edilir və gələcəkdə bizə
böyük üstünlük
verəcəkdir.
Biz doğma torpaqlarımıza
qayıtmışıq, Füzuliyə
qayıtmışıq, Köndələnçay
su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq.
Azərbaycan.-2021.- 15 iyun.- S.2-3.