Prezident İlham Əliyev “Füzuli”
yarımstansiyasının açılışını edib
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Füzuli rayonuna səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verildi.
Qeyd edək ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Bildirilib ki, yarımstansiya, o cümlədən yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub və komplektləşdirilib. İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Dövlətimizin başçısı “Füzuli” yarımstansiyasını işə saldı.
Yarımstansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub.
Sonra Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyasının da məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə açılışını etdi.
Bildirildi ki, işğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilib. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.
Diqqətə
çatdırılıb ki, işğaldan azad edilən digər
rayonlarda tikiləcək yarımstansiyaların Azərbaycanın
ümumi enerji sisteminə qoşulması üçün
yenidən qurularaq genişləndirilən “Şükürbəyli”
yarımstansiyasına İmişli yarımstansiyasından 51
kilometr məsafədə 110 kilovoltluq xətt çəkilib.
Eyni zamanda,
“Şükürbəyli” yarımstansiyasından Şuşaya 75 kilometrlik
ikidövrəli 110 kilovoltluq xətt
çəkilib və həmin xətt Füzuli
şəhərində yeni tikilən 110 kilovoltluq yarımstansiya ilə əlaqələndirilib.
Paralel olaraq hazırda
“Şükürbəyli” yarımstansiyasından Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında yeni
tikilən 110/35/10 kilovoltluq
yarımstansiyalara ikidövrəli 110 kilovoltluq
yüksək gərginlikli elektrik veriliş xətti çəkilir.
Azərbaycan.-2021.- 15 iyun.- S.4.