Azərbaycanı inkişaf yoluna çıxaran tarixi hadisə
XX əsrdə ikinci
dəfə müstəqillik
əldə edən Azərbaycan xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik
təcrübəsi sayəsində
xaos və tənəzzüldən xilas
olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin ölkəmizə
rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə
Ümummilli Liderin layiqli davamçısı
olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
siyasət nəticəsində
ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər
sırasında öz
mövqeyini daha da möhkəmləndirib.
Qurtuluş günü Azərbaycan
tarixində dönüş
nöqtəsi idi
Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir
və müstəqil dövlət kimi mövcudluğu, inkişafı
XX əsrdə ikinci dəfə qazandığımız
müstəqilliyin ikinci
ilinə təsadüf
edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi:
“Qurtuluş Günü
Azərbaycan tarixində
dönüş nöqtəsi
idi”.
Sirr deyil ki, müstəqilliyin ilk illərində Azərbaycan
böhran və tənəzzül ilə qarşı-qarşıya idi. Həmin
dövrdə hakimiyyəti
qəsb etmiş AXC-Müsavat cütlüyü
Azərbaycanı, sözün
əsl mənasında,
ayrı-ayrı xarici qüvvələrin “döyüş
meydanı”na çevirmiş, ölkədə
xaos və anarxiya idarəolunmaz həddə çatmışdı.
Belə şəraitdə separatizm
meyilləri baş qaldırmağa başlamışdı.
Artıq
ölkənin bir sıra ərazilərində
- Gəncədə, Lənkəranda,
Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü
iddialarla çıxış
edərək mərkəzi
hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
Məhz 1993-cü ilin
4 iyun hadisələri
də belə bir şəraitdə baş verdi.
Beləliklə, Azərbaycan vətəndaş
müharibəsinin və
parçalanmaq təhlükəsinin
astanasında idi.
Belə bir situasiyada xalqımız 1993-cü ildə
müstəqilliyini itirmək
təhlükəsi ilə
üzləşən Azərbaycan
dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik”
edən qüvvələr
də Azərbaycanı
məruz qoyduqları təhlükədən xilas
etmək üçün
Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış
yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan
Bakıya gəlişi
Azərbaycanın taleyi
ilə bağlı narahatlıqlara son qoydu.
Bu qayıdış xalqımızı fəlakətdən
xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri
xalq tərəfindən
sevinclə qarşılandı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Azərbaycanda davam edən
gərginlik və qarşıdurma səngidi,
respublikamız vətəndaş
müharibəsindən və
parçalanma təhlükəsindən
xilas oldu. Beləliklə, bu mühüm
tarixi gün xalqımızın yaddaşına
Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun
15-də keçirilən iclasındakı
çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin
gələcək inkişaf
strategiyasını elan
etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ
onu qoruyub saxlamaq idi və
bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa
çevrildi. Ulu Öndər
Heydər Əliyev milli dövlətçiliyimizin
konsepsiyasını yaratdı.
Qısa müddətdə ölkədə
ictimai-siyasi sabitlik bərpa olundu, Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Heydər
Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə
qayıdışı dövlətçilik
tariximizin şanlı
qürur səhifəsini
təşkil edir. Bu tarixi gün,
eyni zamanda, Azərbaycanın tənəzzüldən
xilas olaraq tərəqqi yoluna çıxması, dünya
miqyasında müstəqil
siyasət həyata keçirən dövlət
kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın
real müstəqilliyini təmin
edib
1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev milli maraqlara xidmət edən qərarları və addımları ilə ölkədə milli həmrəyliyi, sabitliyi və inkişafı təmin etdi. Xüsusi ilə qeyd etmək yerinə düşər ki, bu seçkilər ölkədə keçirilmiş ilk demokratik prezident seçkiləri idi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə bildirmişdi. Məhz bu cür də oldu, Ümummilli Lider xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və ölkəmizi xaosdan, hərc-mərclikdən, hətta müstəqilliyini itirmək təhlükəsindən xilas etməsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Ona görə də əminliklə qeyd edirik ki, Ümummilli Liderimiz Azərbaycanın real müstəqilliyini təmin edib.
Beləliklə, Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı. Nəticədə ötən dövrə nəzər saldıqda bir daha aydın olur ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir.
Heydər Əliyev siyasəti qüdrətli Azərbaycanı yeni zirvələrə daşıyır
Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.
Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması isə zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir. Tarixi ədalətin bərpa olunmasından sonra həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər yaranıb. Prezident İlham Əliyev ölkəmizin gələcəklə bağlı aydın baxışları olduğunu qeyd edib. Qarşıdakı dövrdə Azərbaycan, ilk növbədə, regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Digər tərəfdən, münaqişənin həlli bölgəyə, o cümlədən Azərbaycana yeni iqtisadi canlanma, rifah və inkişaf vəd edir.
Heç şübhəsiz, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkəmizin İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən dövlət başçısı var. Ən əsası, Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyir, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi hökm sürür.
Siyavuş NOVRUZOV,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Azərbaycan.-2021.- 15 iyun.- S.10.