“Şahdəniz” Azərbaycana həm
də müasir texnologiyalar
gətirir
Üstəlik, bu
layihə əhalinin məşğulluğunun təminatına
dəstək verir
Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatına görə, cari ilin ilk 5 ayında “Şahdəniz” yatağından 62,176 milyon ABŞ dolları həcmində gəlir əldə olunub. Bu, qazın və kondensatın satışından əldə edilən gəlirdir. İlin əvvəlindən iyun ayının 1-dək təkcə kondensatın gəlirləri 57,131 milyon dollar təşkil edib.
“Şahdəniz” 15 ildən çoxdur Azərbaycanın, Gürcüstanın və Türkiyənin qazla təminatına mühüm töhfə verir. Keçən ilin sonundan isə bu yatağın sərvətindən Avropadakı qaz istehlakçıları da bəhrələnirlər. “Şahdəniz”in kondensatı isə 2006-cı ildən tam sistem kimi fəaliyyət göstərən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə vurulur. İki mərhələdə işlənməsi, istismar quyularının sayının artması, əməliyyatlar zamanı ən yeni texnika və texnologiyalardan istifadə edilməsi “Şahdəniz”in hasilatının və nəticədə karbohidrogenlərin satışından gəlirlərin getdikcə çoxalmasına səbəb olur.
Lakin “Şahdəniz”in gətirdiyi fayda bununla məhdudlaşmır. Bu yatağın işlənməsinin xeyri həm də bir çox sahələrdə yerli potensialın və texnoloji imkanların artmasına təkan verməsidir. Məsələn, “Şahdəniz-2” üçün platformaların və sualtı infrastrukturun inşası sayəsində Azərbaycanın əsas tikinti müəssisələrində təkmilləşdirmə işləri aparılmışdır. Bayıl zavodunun platformalar, “BOS Shelf” istehsalat sahəsinin isə yeni sualtı konstruksiyalar inşa etmək imkanları genişləndirilmiş və inkişaf etdirilmişdir. “Şahdəniz-2” dəniz platformalarının istehsalı ilk dəfə tam olaraq yerli səviyyədə Azərbaycanın yerli resursları və imkanlarından istifadə edilərək həyata keçirilmişdir. Eləcə də yerli təchizat strategiyası yerli müəssisələrin daha da inkişaf etməsini stimullaşdıraraq yüzlərlə Azərbaycan şirkətinə neft-qaz sənayesi layihələri üçün təchizatçı olmağa imkan vermişdir.
“Şahdəniz”in operatoru olan BP şirkətinin bu barədə məlumatlarında bildirilir ki, layihə ölkənin dəniz gəmilərindən geniş istifadəyə də şərait yaratmışdır. Məxsusi olaraq “Şahdəniz” üçün inşa edilib istifadəyə verilmiş müasir “Xankəndi” gəmisi hazırda yataqda uğurla fəaliyyət göstərir.
“Şahdəniz” layihəsi hər iki mərhələsində tikinti və istismar əməliyyatları çərçivəsində regionun sakinləri üçün əhəmiyyətli məşğulluq imkanları təmin etmişdir. “Şahdəniz-1”in işə salınmasında 5000 nəfərdən çox insanın məşğulluq problemi həll olunmuşdur. “Şahdəniz-2”nin işlənməsinin pik həddində isə Azərbaycanda və Gürcüstanda 30 mindən çox iş yeri yaradılmış və ümumi iş saatları 180 milyondan çox olmuşdur.
Layihənin tikinti və sonrakı istismar dövründə yerli işçi qüvvəsinin bacarıqlarını inkişaf etdirmək üçün hərtərəfli təlim və təhsil proqramları təmin edilmişdir. “Şahdəniz” həmçinin sosial investisiya layihələri ilə Azərbaycanı iqtisadiyyatını gücləndirməkdə dəstəkləyir.
“Şahdəniz”, eləcə də Xəzərə qabaqcıl texnoloji təcrübə gətirmişdir. Belə ki, yatağının işlənməsi zamanı ortaya bir sıra texniki çətinliklər çıxdı. Bunlar strukturun dərin sularda yerləşməsi və nəhəng coğrafi ərazini əhatə etməsi səbəbindən lay-kollektora girişin mürəkkəbliyi, qazma zamanı baş verən yüksək təzyiqlər və s. idi. Bu və digər çətinliklərin öhdəsindən gəlmək üçün qabaqcıl sualtı və qazma texnologiyaları tətbiq olundu. Onların bəziləri Xəzərdə ilk dəfə istifadə edilirdi.
Məlumdur ki, “Şahdəniz” 10 sualtı manifoldu və 26 sualtı quyunu birləşdirən 500 kilometr axın xəttinə malik dünya səviyyəli bir sualtı hasilat sistemidir. Burada dünyanın ən çətin yüksəktəzyiqli quyularından qaz çıxarmaq üçün yeni qazma və tamamlama üsulları istifadə edilir.
Təzyiqə qarşı yüksək etibarlığa malik qoruyucu klapan Xəzər dənizində ilk dəfə istifadə olunan daha bir yenilikdir. Manifold təzyiqi əvvəlcədən təyin olunmuş səviyyəni aşdıqda bu klapan cəmi 15 saniyədə bağlana bilir və bununla ən yüksək təhlükəsizlik standartlarına nail olunur.
Birbaşa elektrik isitmə də müasir texnologiyalardandır. Bundan dənizin 500 metr dərinliyində yüzlərlə kilometr boru kəməri ilə axan neft və qazın soyumasının, parafinləşməsinin və sürətlə yığılaraq tıxanmaya səbəb olan, hidrat adlandırılan buz parçalarının əmələ gəlməsinin qarşısını almaq üçün istifadə edilir.
“Şahdəniz”də ilk dəfə olaraq nasos-kompressor boruları üçün asqı da işlədildi. Diametri cəmi 7 düym olan bu xırda avadanlıq quyudakı boruları sualtı sistemlə birləşdirərək axın sürətini artırmağa kömək edir.
Genişləndirilə bilən bərk boru elementləri də mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir. Çünki bu elementlər daha dərin lülə intervallarının nisbətən böyük ölçüdə qazılmasına və qoruyucu kəmər quraşdırılmasına imkan verir.
Səngəçal terminalında istiliyin utilizasiyası qurğuları fiziki olaraq terminaldakı kompressorların qaz turbinlərinə bərkidilmişdir. Onlar qaz turbinindən çıxan işlənmiş qazı tutaraq terminal boyu istilik təmin etmək üçün istifadə olunur. Bu istilik dəyişdiriciləri emissiyaların azaldılmasına kömək göstərir.
“Şahdəniz” yatağı hələ uzun illər öz sərvətləri ilə Azərbaycandakı, regiondakı və Avropadakı istehsalçılara xidmət edəcək. Layihə uğurla davam etdikcə xalqımıza birbaşa və dolayısı ilə fayda, xeyir-bərəkət gətirəcək.
Flora SADIQLI
Azərbaycan.-2021.- 15 iyun.- S.11.