Azərbaycan-Türkiyə: dostluğun, qardaşlığın, birliyin təntənəsi

 

Türkiyə Azərbaycanın yanında yer almaqda davam edəcək

 

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə olub.

AZƏRTAC xəbər verir ki, ali qonağı Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.

Əvvəlcə təkbətək görüş keçirilib.

Təkbətək görüşdən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxış edib.

 

Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı

 

 

- Azərbaycan Milli Məclisinin hörmətli sədri.

 

Əziz millət vəkilləri, xanımlar və cənablar.

Sizləri – müzəffər ölkənin parlamentinin bütün üzvlərini Türkiyədəki 84 milyon qardaşınızın adından bir millət, iki dövlət anlayışı ilə sevgi və bəxtiyarlıqla salamlayıram. Xoşbəxtəm, çünki Can Azərbaycandayam. Xoşbəxtəm, çünki Qarabağı azad etmiş qardaş Azərbaycanın Milli Məclisində sizlərlə birlikdəyəm. Xoşbəxtəm, çünki müstəqilliyinin otuzuncu ilinə çatan Azərbaycandayam. Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir.

Bu Zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülhsabitlik üçün böyük fürsət yaranmışdır. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişafı, rifahın yüksəlməsi, sabitliyin möhkəmlənməsi üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq.

Geridə qoyduğumuz otuz ildə - Qarabağda yaşanan böhranlı dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin bu işdən qazanclı çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bilinir. Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər ancaq Qarabağda yaşayan insanlardır. Asan deyil, otuz il. Mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən təəssüf ki, otuz ildir köçkün düşüblər. O torpaqlar işğal altında idi. İşğal altındakı həmin torpaqlar otuz il sonra, çox şükür, yenidən sahiblərinə qovuşdu.

Qarabağda otuz ildir davam edən münaqişənin həll olunmamasına müşahidəçi qalanlar, daha doğrusu, münaqişənin davam etməsi üçün səy göstərənlər daim qazananın tərəfində olublar. Davamlı sülhə gedən yolun bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimada əsaslanaraq inkişaf etdirəcəkləri əməkdaşlıqdan keçdiyinə inanırıq.

Böyük bir liderlik göstərərək bu Zəfəri və sülhü Azərbaycana qazandıran Azərbaycan Ordusunun Ali Baş Komandanı və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Liderlərinin arxası ilə Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqını təbrik edirəm. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm.

Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu günbütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, bizbu gün və gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir.

Hörmətli qardaşlarım, Nuru Paşanın Qafqaza gəldiyi dövrdə ermənilər 12 mindən çox türkü, müsəlmanı qətlə yetirmişdilər. Qafqazda tarixin qara səhifələrinə yazılacaq bir qətliam yaşanmışdır. Türk millətinə hər cür iftira atanlar, əvvəlcə, buralara, Qafqaza, Azərbaycana baxmalıdırlar. Həm də təkcə yüz il əvvələ deyil, otuz il bundan əvvəl Qarabağda yaşananlara, Xocalıda yaşananlara baxmalıdırlar. Sonra vicdanları imkan verərsə, bizə yönəltdikləri ittihamları oturub onlarla ayrıca danışarıq. Amma onların gözləri var, görməz, qulaqları var, eşitməz. Ürəkləri onsuz da duyğularını itirib. Qarabağı, Azərbaycanın işğal altındakı torpaqlarını otuz il ərzində yaxıb-yıxanları, gedərkən də geridə qalan hər şeyi yandıranları görməyənlər azadlıq mübarizəsinə mane olmaq üçün səfərbər oldular. İndi gəlsinlər, Füzulini görsünlər. Bu yerlərin hər tərəfi dağıdılmış, yandırılmış, tar-mar edilmişdir. Gəlsinlər, Qarabağı görsünlər. Hər şey ortadadır. Dünən yol boyunca buraların halını gördük. Oraları nə hala salıblar. Buraları necə bombalayıb, yandırıb gediblər. Onlar gələrkən işğalçı, gedərkən isə tarmaredici idilər.

Təkcə bu davranış belə Qarabağın kimin Vətəni olduğunu göstərmək üçün kifayətdir. Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz. Amma Qarabağ onların Vətəni olmadığı üçün hər şeyi yandıraraq, dağıdaraq getdilər. Onların yandırdıqları kəndləri, dağıtdıqları şəhərləri Azərbaycan indi yenidən inşa edirİnşallah, buraları birlikdə inşa edəcəyik və yeni bir Qarabağ meydana gətirəcəyik.

Qardaşlarım, mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın. Qarabağ coğrafi baxımdan dünyanın ən gözəl bölgələrindən biri olmaqla yanaşı, mədəniyyət baxımından da ən zəngin yerlərindən biri idi. İnşallah, yenə elə olacaq. Türkiyə olaraq, İnşallah, bu prosesdə də qardaş Azərbaycanın yanında yer almaqda davam edəcəyik.

Əziz qardaşlarım, dünən qardaşım İlham Əliyev və heyətlərimizlə birlikdə Şuşada idik, azad Qarabağ torpaqlarında Azərbaycan bayrağının qürurla dalğalandığını görməyin sevincini bilavasitə yaşadıq. Şuşa Qarabağ xanlığının banisi Pənahəli xan dövründən bəri adətən təbii bir İncəsənət Akademiyası kimi, musiqinin, ədəbiyyatın, incəsənətin ən yüksək səviyyədə yaşadığı və yaşadıldığı şəhər olmuşdur. Pənahəli xanın, xüsusilə şeirləri bu gün də sevilərək oxunan vəziri Molla Pənah Vaqifdən başlayaraq, Şuşa ədəbiyyatın mərkəzi xarakterini qorumuşdur. Qartal yuvası kimi qayaların üstündə səmaya yaxın qurulması ilə əlaqədar Şuşada mədəniyyətin, incəsənətin, ədəbiyyatın ilhamı daim bol olub. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Rəşid Behbudovundaha neçə-neçə incəsənət xadimlərinin, şairlərin yurdudur. Əhməd bəy Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyə və türk dünyasında da fikirləri ilə söz sahibi olmuş mütəfəkkirlərin yurdu Şuşa bu gün bir daha mədəniyyətlə, - heç narahat olmayın, - dirçəlir.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və geridə qoyduğumuz günlərdə Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bu baxımdan dünyaya verilən açıq bir mesajdır. Vaqif poeziya festivalının da hazırlıqlarının davam etdiyini eşitməkdən məmnunam. Bu il Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanı gələn il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən məmnunluq duyarıq. Türk dünyasının hər tərəfindən gələcək mədəniyyət və incəsənət əhlinin bu gözəl şəhərdə görüşməsi, Şuşanın qədim tarixinə verilən ən gözəl salam olacaqdır.

Əlbəttə, təkcə Şuşaya Qarabağ deyil, Azərbaycanın və türk dünyasının hər yeri böyük şairlər və incəsənət xadimləri yetişdirmişdir. Məsələn, bu il Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümüdür. Əsrlər boyu şairlər onunla yarışmağa və ona çatmağa çalışıblar. “Avni” təxəllüsü ilə şeirlər yazan Fateh Sultan Mehmet xanın bu əsərində də eyni hissiyyata rast gəlinir:

 

Bu kelam ile Nizami işidürse sözüni

İlteler sana hased Sa‘di Selman bu gice.

 

Bu il ayrıca Ahi Evranın anadan olmasının 850-ci, Əlişir Nəvainin anadan olmasının 580-ci, Hacı Bektaşi Vəlinin vəfatının 750-ci, Yunus Əmrənin vəfatının 700-cü ildönümüdür. Keçən il Fərabinin anadan olmasının 1300-cü ili idi. Dünyada bu qədər zəngin yüksək mədəni dəyərləri olan millətlərin sayı çox azdır. Biz bu dəyərlərimizi həm yeni nəsillərimizə, həm bütün dünyaya izah etməliyik. Hamısını da rəhmətlə yad edərək burada saydığım saya bilmədiyim bütün şəxslər mədəniyyətimizin sütunları olduğu kimi, dünya mədəniyyətinin dəyərləridir.

İnsanlıq onların əsərlərindəki hikmətlərin sirrinə vaqif olduqca dünyamızdakı məsələləri həll etmək asanlaşacaqdır. Keçmişdən gələcəyə quracağımız körpü ilə mədəniyyətimizi yenidən yüksəltmək, layiq olduğu yerə çatdırmaq bizim əlimizdədir. Birliyimizi, bərabərliyimizi, dostluğumuzu, qardaşlığımızı qədər gücləndirsək, bir-birimizə qədər möhkəm sarılsaq, bu hədəfə o qədər tez nail olarıq.

Qardaşlarım, Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza dünyaya gətirəcəyi faydalarının dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərdən heç kim narahat olmasın. Çünki bu, fəlakətin deyil, inşanın, zülmün deyil, ədalətin, kobudluğun deyil, zərifliyin, müharibənin deyil, sülhün, qanın deyil, qəlbin Zəfəridir. Həqiqətən bu Qələbədən sonra görülən görüləcək işlərə baxdıqda yaratdığımız mənzərənin necə canlanacağı görünəcək. Hər şeydən əvvəl Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq ümid hakim olub. Evlərindən, yurdlarından otuz ildir ayrı düşən azərbaycanlı qardaşlarımıza evlərinə qayıtmaq yolu açılmışdır. İnşallah, sonrakı gəlişimizdə bu torpaqların insanlarının evlərinə yerləşdiyini görməyin sevincini yaşayacağıq. Onlara indidən bu müraciəti Azərbaycan parlamentindən mən edirəm. Bir an əvvəl, İnşallah, evləriniz inşa edilir, ediləcək oralara yerləşməyinizi biz həsrətlə gözləyirik.

İşğalın səbəb olduğu davamlı münaqişə vəziyyətindən qaynaqlanan yorucu gərginlik ortadan qalxıb. İndi yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları bir tərəfdən qurulur, bir tərəfdən açılır. Bunları gözlərimlə gördüm, ona görə söyləyirəm. Bir tərəfdən infrastruktur obyektləri tikilir. Biz , inşallah, TOKİ-mizlə bölgədə məktəb, xəstəxana buna bənzər bir çox əsərləri inşa etməyə çalışacağıq.

Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın zənginliyin tərifi mümkün deyil. Bölgəmizdə və bütün dünyada zalımın zülmünün əbədi olmadığı, bir gün mütləq haqqın, ədalətin bərqərar olacağı hər kəsə məlumdur. Qarabağ, eyni zamanda, dünyanı öz siyasiiqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Üstəlik, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçünyeni bir dövrün başlanğıcıdır. Məsələn, Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvayabütün dünyaya çıxa biləcəklər və beləliklə özləri də özlərini saldıqları blokadadan xilas ola biləcəklər.

Qardaşımla birlikdə təklifimizi etdik. Nə idi təklifimiz? Gəlin, altı ölkə bir platforma formalaşdıraq: Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platforma ilə birlikdə artıq bölgədə bir sabitlik meydana gəlsin, bölgədə düşmənçiliklər ortadan qalxsın. Burada demək olar ki, təkcə Gürcüstanın bəzi özünəməxsus sualları var idi. Son Türkiyə səfərində cənab Baş nazirlə də bu məsələləri bir daha müzakirə etdim. Dedim, bu, Gürcüstanın da lehinə olacaq, bu addımı ataq. Bax, biz Ermənistan ilə aramızdakı narahatlıqları bilirik. Amma biz bütün bunlara baxmayaraq, azərbaycanlı qardaşlarımızın narahatlıqlarının da aradan qaldırılmasını istəyirik. Eyni qaydada sizinRusiya ilə problemlərinizin həllinə bu platforma töhfə verəcək. “Çalışaram” dedi. “Yaxşı olardedik.

Çünki bu bölgənin sülhə ehtiyacı var. Buna nail olmalıyıq. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz. Bu Zəfəri hər kəsin ortaq zəfərinə çevirmək bizim əlimizdədir. Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri hamımız birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “Dünya beşdən böyükdür” deyərək qlobal səviyyədə də aparırıq.

Mən buraya NATO-nun Zirvə toplantısından gəldim. NATO-nun Zirvə toplantısında da məhz bu məsələləri müzakirə etdik, bunları dəyərləndirdik. Çox şükür, səmərəli görüşlərlə buraya gəldik. Amma dünyanın problemləri bitmir, dünyada həll ediləcək hələ çox problemlər var. Amma dik dursaq, möhkəm dursaq, bir olsaq, bərabər olsaq, Allahın izni ilə bunları həll edərik. İnşallah, mədəniyyət günəşimizi yenidən ən yüksək zirvəyə qaldıraraq, sülhü ədaləti bölgəmizdə dünyada hakim edəcəyimiz günlər yaxındır. Çıxışımı böyük şair Bəxtiyar Vahabzadənin bu misraları ilə bitirmək istəyirəm:

 

Bir ananın iki oğlu,

 

Bir ağacın iki qolu,

 

O da ulu, bu da ulu,

 

Azərbaycan, Türkiyə.

 

Dinimiz bir, dilimiz bir,

 

Ayımız bir, ilimiz bir,

 

Eşqimiz bir, yolumuz bir,

 

Azərbaycan, Türkiyə.

 

Hamınızı sevgi ilə, məhəbbətlə salamlayıram. Salamat qalın.

 

 

Azərbaycan.-2021.- 17 iyun.- S.1;10.