Azərbaycan Respublikası vətəndaşlarının
2021-ci il iyulun 1-dən
30-dək müddətli həqiqi hərbi xidmətə
çağırılması və müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularının ehtiyata
buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər
tutaraq, “Hərbi vəzifə və hərbi
xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə
əsasən və Azərbaycan Respublikasının Silahlı
Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək
məqsədilə qərara alıram:
1.
2003-cü ildə doğulmuş və
çağırış gününədək (həmin
gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə
1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək
olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində
müddətli həqiqi hərbi xidmət keçməmiş,
müddətli həqiqi hərbi xidmətə
çağırışdan möhlət hüququ olmayan və
ya müddətli həqiqi hərbi xidmətə
çağırışdan azad edilməmiş Azərbaycan
Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən
30-dək müddətli həqiqi hərbi xidmətə
çağırılsınlar.
2. “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə
tutulmuş xidmət müddətini keçmiş müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci
il iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamın
icrası üçün qanunvericilikdə nəzərdə
tutulmuş tədbirləri görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun
2021-ci il
Azərbaycan.-2021.-
18 iyun.- S.1.