Şuşa Bəyannaməsi - müttəfiqliyin qızıl dövrü başlayır

 

 

Tarix - 15 iyun 2021-ci il, məkan - Şuşa şəhəri...

Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd edilən bayram günündə ölkəmizin, eləcə də Cənubi Qafqazın tarixndə yeni səhifə açıldı. Qarabağın tacı olan qədim qala şəhərimizdə Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi ilə iki ölkənin qardaşlıq münasibətləri, alternativsiz müttəfiqlik qızıl dövrünə qədəm qoydu. Mövcud əlaqələr möhkəm bağlarla daha da gücləndi.

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Şuşadan Ermənistana, onun havadarlarına və dünya birliyinə mühüm mesajlar ünvanladılar.

 

 

 

Qars müqaviləsindən yüz il sonra

 

 

Öncə xüsusi olaraq vurğulamalıyıq ki, adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazdıran qalib Baş Sərkərdə kimi İlham Əliyev uzun illər işğal altında olan Azərbaycan torpaqlarını əsarətdən qurtardıqdan sonra Milli Qurtuluş Gününü ilk dəfə Şuşada, Cıdır düzündə qeyd etdi. Özü də tək deyil, Vətən müharibəsi dövründə Azərbaycana böyük siyasi və mənəvi dəstək verən qardaş ölkənin Prezidenti ilə birlikdə...

Prezidentlərin Şuşa görüşü ilk növbədə regionda yeni qüvvələr nisbətinin, 44 günlük Vətən müharibəsindən sonra yaranmış status-kvonun nümayişi idi. İmzalanan sənəd isə müttəfiqliyin yeni yol xəritəsi idi.

Tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Bəyannamənin müstəsna siyasitarixi əhəmiyyəti var. 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra - 2021-ci ildə Şuşa Bəyannaməsi ilə bu dəfə Qarabağın təhlükəsizliyinin qarantı oldu. Belə demək mümkünsə, bir növ bununla Türkiyə ümumilikdə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrildi. Bu müttəfiqlik əlbəttə ki, həm də qardaş ölkə ilə münasibətlərin daha da yaxınlaşması baxımından xüsusilə önəmlidir.

İlk növbədə bu bəyannamə ilə iki ölkənin münasibətləri yüksələrək zirvə mərhələsinə qədəm qoydu. Bəyannamədə göstərilən müddəalar onu deməyə əsas verir ki, qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Bu məsələ bəyanatda belə göstərilir:

- Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Bu Bənannamədə göstərilən müddəalar İlham Əliyevin söylədiyi kimi, iki qardaş ölkənin gələcək işbirliyinin təminatıdır. Tarixi sənəd Azərbaycan və Türkiyənin ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin beynəlxalq rolunu, çəkisini daha da artıracaq.

Şuşa Bəyannaməsində digər bir müddəa Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsinə aiddir. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır. Buraya həmçinin hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.

Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün yeni dövrün astanasıdır. Fəxarətlə deyə bilərik ki, Qarabağdabütün bölgədə güc balansı indi bütövlükdə Bakının xeyrinə dəyişdi. Çünki hər zaman Qarabağın əraziləri ilə bağlı məsələlərə yerli-yersiz qarışan ölkələr də öz hesablarını götürdülər.

 

 

 

Zəngəzur dəhlizi Azərbaycanla Türkiyəni birləşdirəcək

 

 

Bəyannaməyə görə həmçinin ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylər artırılacaq, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər görüləcək. “Cənub qaz dəhlizi”nin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylər əlaqələndirilmiş şəkildə davam etdiriləcək.

İntellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının inkişaf etdirilməsi də sənəddə öz əksini tapıb. Yəni Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin daha da şaxələnməsini şərtləndirəcək. Bununla da Azərbaycanla Türkiyə birləşəcək.

Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycanla Türkiyənin Zəngəzur dəhlizi vasitəsi ilə birləşməsi İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir: “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə mətbuata bəyanatında qeyd etdi ki, bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir: “Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq”.

Bəyannamənin digər bəndlərinə əsasən iki ölkə arasında media, diaspor, xarici siyasətdə birgə hərəkətetmə, təhsil, iqtisadiyyat, müasir texnologiyalar, birgə investisiya planları və s. sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur. Bu da iki qardaş ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni üfüqlərin açılacağını söyləməyə əsas verir.

Beləliklə, Şuşa Bəyannaməsi iki dövlət arasında strateji müttəfiqlik münasibətlərinə təhlükəsizlik və işbirliyi kontekstində yeni keyfiyyət qazandıracaq. Bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul ediləcək və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradacaq.

 

 

 

Prezident Ərdoğan Milli Məclisdən dünya birliyinə mühüm mesajlar ünvanladı

 

 

Ümumiyyətlə, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, torpaqların işğaldan azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Rəcəb Tayyib Ərdoğanın Milli Qurtuluş Günündə Azərbaycana səfəri, Füzuliyə, oradan da Şuşaya yollanması, birmənalı bəyanatlar səsləndirərək Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman ölkəmizin yanında dayandığını bildirməsi ölkəmizin gücünə güc qatdı.

Prezidentlərin Şuşadan verdikləri bəyanatlar isə həm qardaşlığın əzəmətini, həm də əsl müttəfiqlik konsepsiyasının ölməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

İyunun 16-da Türkiyə Prezidenti Milli Məclisdəki tarixi çıxışı ilə bir daha dünyanın diqqətini Azərbaycana yönəltdi. Prezident Ərdoğan parlamentdə bir çox mühüm məsələyə toxundu və birmənalı şəkildə  dünyaya çatdırdı ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

Azərbaycan xalqının möhtəşəm Zəfərinin bölgədə daimi sülh və əmin-amanlıq üçün böyük bir fürsət yaratdığını söyləyən Prezident Ərdoğan dedi ki, Cənubi Qafqazdakı sülh və əmin-amanlıqdan yalnız Azərbaycan deyil, Ermənistan da daxil olmaq üzrə bütün bölgə ölkələri, hətta bütün dünya qazanclı çıxacaq.

İşğaldan azad olunmuş bölgənin inkişafı, burada rifahın artırılması, əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdə Türkiyənin yaxından iştirak edəcəyini bildirən Rəcəb Tayyib Ərdoğan 44 günlük Vətən müharibəsində böyük liderlik göstərərək bu Zəfəri ölkəmizə qazandıran Ali Baş Komandan İlham Əliyevə bir daha təbriklərini çatdırdı. Onun fikrincə, Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir. Bu zəfərlə Qafqazda qanayan bir yara qapanıb, bölgədə davamlı sülhsabitlik üçün böyük fürsət yaranıb.

Tarixi bağlara toxunan cənab Ərdoğan bir sıra çətin dönəmlərdə, dar günlərdə iki qardaş xalqın nümayəndələrinin çiyin-çiyinə mübarizə apardığını, bir-birini dəstəklədiyini, şəhadətə yürüyərək qələbə çaldığını qeyd etdi və vurğuladı ki, Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir.

Türkiyə Prezidenti dünya birliyinə, xüsusən də Azərbaycana qarşı hər zaman ikili standartlarla çıxış edən siyasətçiləri bu torpaqlarda işğalçının törətdiyi dağıntıları, vandallığı görməyə dəvət etdi. Bəyan etdi ki, gələrkən işğalçı, gedərkən tar-mar edici olanların davranışı Qarabağın kimin vətəni olduğunu aydın göstərir. Azərbaycanın işğal altına düşmüş 7 rayonunda törədilmiş vəhşilikləri, dağıntıları vandalizm adlandıran Türkiyə Prezidenti mədəniyyətlə vandallıq arasındakı fərqi görmək üçün bu ərazilərə, Qarabağda iki dövr arasındakı fərqə baxmağın yetərli olduğunu vurğuladı. Türkiyə Prezidenti işğaldan azad olunmuş ərazilərin bərpasında da ölkəsinin Azərbaycanın yanında olmağa davam edəcəyini söylədi.

Prezident Rəcəb Tayyib Ərdoğan bir gün öncə Şuşada şahidi olduğu mənzərədən də söz açaraq dedi ki, qədim şəhərimizdə, azad Qarabağ torpağında Azərbaycan bayrağının qürurla dalğalandığını görməkdən bəxtiyarlıq duyğuları yaşayıb. Şuşanın qurucusu Pənahəli xanın dövründən etibarən buranın musiqi, ədəbiyyat, şeir-sənət sahələrində əsl incəsənət akademiyası kimi formalaşdığını qeyd edib.

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsini, Cıdır düzündə təşkil olunmuş “Xarıbülbül” festivalını dünyaya verilmiş önəmli mesajlar kimi yüksək qiymətləndirən ali qonaq gələn il Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən məmnunluq duyacaqlarını diqqətə çatdırdı.

Zaman keçdikcə Qarabağ zəfərinin Azərbaycana, Qafqazadünyaya gətirəcəyi faydaların daha yaxşı anlaşılacağına əminlik ifadə edən Prezident Ərdoğan bu qələbənin quruculuğun, ədalətin, sülhün Zəfəri olduğunu vurğuladı.

Rəcəb Tayyib Ərdoğan bölgənin dirçəlişi üçün təklif olunmuş altılı platforma (Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın daxil olduğu platforma), Zəngəzur dəhlizinin açılması sayəsində meydana çıxacaq perspektiv imkanlar, NATO zirvəsi və digər məsələlər barədə də danışdı və qətiyyətlə bəyan etdi ki, Türkiyə bütün qəlbi və imkanları ilə dünən də Azərbaycanın yanında olub, bu gün də yanındadır və sabah da yanında olacaq.

Beləliklə, iyunun 15-16-da Azərbaycan tarixində yeni səhifə açıldı. Bu tarixi səfərdə bir sıra ilklər qeydə alındı. İşğaldan azad edildikdən sonra Qarabağa ilk səfər edən xarici dövlətin başçısı Türkiyə Prezidenti oldu. Azərbaycan və Türkiyənin növbəti mərhələdə siyasi, iqtisadi və hərbi sektorda əməkdaşlığına dair bəyannamə Bakıda deyil, Qarabağda imzalandı. Böyük müqavilənin məhz Şuşada, bölgənin açarı olan şəhərdə imzalanması da Bakı və Ankaranın Qarabağda ciddi proseslərə hazırlaşdığını bəyan etdi.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2021.- 18 iyun.- S.1;3.