Azərbaycan ipəyinin dünyanı yenidən fəth etməsinə çox qalmayıb

 

Kümçülər hər il qəbul məntəqələrinə daha çox məhsul verirlər

 

 

Azərbaycanda ipəkçilik qədim tarixə malikdir. Bizim ipəklər hələ keçmiş  zamanlardan Avropa bazarlarında satılırdı. Alıcılar bu məhsulları həm keyfiyyətinə, həm milli naxışlarına görə yüksək qiymətləndirirdi. Tarixi İpək yolunun Azərbaycandan keçməsi təbii ki, bu baxımdan təsadüf deyil.

Ötən əsrin 70-ci illərində Azərbaycanda baramaçılıq ipəkçilik sürətlə inkişaf etmişdi. 3 mart 1971-ci il tarixliAzərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqındaqərardan sonra görülən işlər sayəsində bu sahənin maddi-texniki bazası, sənaye potensialı gücləndirilmiş, barama istehsalı tədarükü xeyli artmışdı. Həmçinin baramaçılığın yem bazasını artırmaq üçün müvafiq torpaq sahələri ayrılmış, o cümlədən yol kənarlarında tut tingləri əkilmişdi.

Təəssüf ki, müstəqilliyin ilk illərində bütün sahələrdə olduğu kimi, baramaçılıqda da ciddi geriləmə baş vermişdi. Yaş barama istehsalı 1970-ci ildə 3,7 min, 1975-ci ildə 4,4 min, 1980-ci ildə 5 min, 1985-ci ildə 5,5 min ton olduğu halda, 1992-ci ildən kəskin şəkildə azalmağa başlayaraq 2015-ci ildə 236 kiloqrama düşmüşdü.

Bu isə o demək idi ki, Azərbaycanda ipəkçiliyin bərpası üçün dövlət dəstəyinə ciddi ehtiyac yaranmışdı. Elə Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 15-də imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” sərəncam da bu ehtiyacdan irəli gəlirdi. Sərəncamın  icrası ölkədə ənənəvi  kənd  təsərrüfatı sahələrindən olan baramaçılığın inkişafı ilə yanaşı, əhalinin məşğulluğuna və sosial rifahının yüksəlməsinə də müsbət təsir etdi. Amma bu da hələ hamısı deyil. 2017-ci il noyabrın 27-də dövlət başçısı tərəfindən imzalanan sərəncamla “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” qəbul olundu. Yeri gəlmişkən qeyd edək ki, hazırda dünya bazarında ipəyə olan tələbat yüksək, qiymət isə bahadır. Məsələn, indi  1 ton xam ipəyin qiyməti təqribən 20 ton pambıq mahlıcının qiymətinə bərabərdir. Bu baxımdan Prezidentin imzaladığı hər iki sənədin əhəmiyyətini dəyərləndirməmək mümkün deyil.

İndi ölkəmizdə baramanın yığılması və tədarükü mövsümüdur. Şəkidə yaş barama istehsalının ötən illə müqayisədə 17 tonadək artırılaraq 50 tona çatdırılacağı proqnozlaşdırılır. Barama yetişdirmək üçün 325 kümçü ilə müqavilə bağlanıb və onlara Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 1250 qutu, yəni 23 kiloqram 750 qram ipəkqurdu paylanıb.  Ailə təsərrüfatlarında ipəkqurdunun yemlənməsi prosesi uğurla  gedir.

Xocavənd kümçüləri isə 2 tondan çox yaş barama istehsal etməyi qarşıya məqsəd qoyublar. Keçən il baramaçılıqdan yaxşı gəlir əldə edən Xocavənd kümçüləri bu il daha çox məhsul təhvil verməyi hədəfləyiblər.

Cari il barama yetişdirilməsi üçün onlara 50 qutu (950 qram) ipəkqurdu toxumu paylanıb. Hazırda 15 kümçü tərəfindən ipəkqurdlarının bəslənməsi davam edir. Bu il də məhsulun yaxşı olacağı gözlənilir. Onu da qeyd edək ki, bu rayonun kümçüləri üçün son beş ildə yerli və Çindən gətirilmiş 43 min tut tingi əkilib.

Ağsu kümçüləri yetişdirdikləri məhsulu yeni işə düşən barama emalı məntəqəsinə təhvil verirlər. Baramaçılıq bu rayonda da ənənəvi təsərrüfat sahələrindəndir. Cari il rayonda 62 kümçü tərəfindən 120 qutu ipəkqurdu toxumu bəslənilib və bol məhsul yetişdirilib. Yetişdirilən məhsul “Azəripək” MMC tərəfindən qəbul olunur. Mütəxəssislər cari mövsüm rayonda 5 ton barama yetişdiriləcəyini proqnozlaşdırırlar.

İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, ötən il bəzi çətinliklərə baxmayaraq, rayon üzrə 7 ton 728 kiloqram məhsul tədarük olunmuşdu. Cari ildə isə hədəf 10 tondur. Son 5 ildə  Çindən gətirilərək əkilmiş    artıq  böyümüş  tut tingləri regionda baramaçılığın inkişafına müsbət təsir göstərir. Belə ki, ümumilikdə rayonun müxtəlif ərazilərində 67 min tut tingi əkilmişdir. İndi artıq onlardan yem üçün istifadə edilir.

Tərtər rayonunda da barama tədarükünə başlanıb. Bu il rayon kümçülərinə 350 qutu ipəkqurdu toxumu paylanıb. Kümçülər ipəkqurdlarının bəslənməsində çətinlik çəkməyiblər. Yemləmə zamanı həm mövcud, həm də yeni əkilən tut ağacları kümçülərin karına gəlib. Bu il rayon üzrə 15 tondan çox barama istehsalı proqnozlaşdırılır.

Ağcabədi rayonunda da barama tədarükü həmçinin mütəşəkkil davam edir. Artıq kümçülərin yetişdirdikləri 26 min tondan çox məhsul rayonda “Azəripək” MMC tərəfindən qəbul olunub. Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən ağcabədili kümçülər bu il də yüksək məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.

Bütün bunlar aqrar sahədə aparılan islahatların bəhrə verdiyini, bir çox digər kənd təsərrüfatı sahələri ilə yanaşı, baramaçılığın da bərpa olunduğunu və uğurlu  nəticələr qazanıldığını  göstərir.

 

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2021.- 18 iyun.- S.1;13.