OLMADI, QARDAŞ!

 

 

Bakıda “Avro-2020” həyəcanı davam edir. Mükəmməl təşkilatçılıqla nümunə göstərən Azərbaycan futbol bayramına da öz töhfəsini verməkdədir. İyunun 16-da A qrupu çərçivəsində Türkiyə - Uels komandaları Bakı Olimpiya Stadionunda qarşılaşdılar.

Matçın başlamasına 7-8 saat qalırdı. Türkiyə yığmasının əsas heyət üzvlərindən Hakan Çalhanoğlunun dəvəti ilə onların məskunlaşdığı hotelə yollandıq. Görüşdə komandanın digər oyunçuları - Kaan Ayxan və Kənan Karaman da iştirak edirdi. Təxminən bir saata yaxın davam edən görüşdə əsas mövzu Tükiyənin “Avro-2020”də çıxışı ilə bağlı idi. Futbolçular İtaliyaya qarşı oynadıqları matçda komanda olaraq çox pis çıxış etdiklərini, məşqçilər korpusunun oyun planından narazılıqlarını diqqətə çatdırdılar. Yəni söhbətdən ümumi belə qənaətə gəlmək olardı ki, Şenol Günəş heyətə uyğun oyun formatı müəyyənləşdirmir.

 

 

A qrupu

 

 

Türkiyə - Uels - 0:2

 

Qollar: Remzi, 42, Roberts, 90+5

 

Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)

 

Qaçırılan penalti: Qaret Beyl, 61 (Uels)

 

Bakı Olimpiya Stadionu

 

 

Lakin bütün bunlara baxmayaraq Uelslə qarşılaşmaya komanda olaraq çox yaxşı hazırlaşdıqlarını, Azərbaycandakı azarkeşlərin dəstəyi sayəsində matçdan qalib ayrılacaqlarını söylədilər.

Həqiqətən oyun günü Bakıda futbol bayramı yaşanırdı. Paytaxtı Türkiyə, Azərbaycan qardaşlığını tərənnüm edən şərqilər, şüarlar bürümüşdü. Bakı Olimpiya Stadionunda isə əsl izdiham yaşanırdı. Bir sözlə, hamı qələbəyə çox inanırdı.

Lakin azarkeşlərdə olan inamın yarısını təəssüflər olsun ki, Türkiyə futbolçularında görmədik.   Türklər Uelslə qarşılaşmadan qalib ayrılsaydılar, demək olar ki, növbəti mərhələyə yüksəlmək üçün böyük üstünlük qazanacaqdılar.

Hakimin start fitindən sonra İtaliya ilə qarşılaşmadakı ssenari təkrarlandı. Müdafiənin mərkəzində Merih Demiralın yerinə Kaan AyxanÇağlar Söyüncün oynaması, rəqibin meydançanın onlara aid hissəsində edilən təzyiqi nəticəsində yaranan boş zonalara düzgün yayılmamaq Şenol Günəşin komandasına ciddi problemlər yaşatdı.  Türklər hücum qurarkən dayaq yarımmüdafiəçi mövqeyində oynayan Okay Yokuşlunun iki mərkəz müdafiəçinin yanında yer alması və daha çox hücumun qurulmasında iştirak edə bilməməsi oyun planında xətlərarası əlaqənin kəsilməsinə səbəb oldu.

Uels yığmasında yarımmüdafiənin mərkəzində yer alan Remzinin topsuz oyunlarda müdafiənin arxasına qaçışları futbol dərsliklərinə salınmalı epizodlar idi. Ardıcıl bir neçə dəfə təkrarlanan eyni ötürmələr Türkiyə yığmasının məşqçilər korpusuna bir xəbərdarlıq siqnalı olmalı idi. Lakin tribunadakı azarkeşlərdən bir fərqi olmayan Şenol Günəş bu problemi aradan qaldırmaq üçün heç nə etmədi. Nəticədə bir neçə dəfə təkrarlanan epizodlardan birində Remzi hesabı açdı.

Türkiyə yığmasının yarımmüdafiə xəttində yer alan oyunçuların müdafiənin arxasına atılan toplardan istifadə etməməsi oyuna taktiki heç də yaxşı hazırlaşmadıqlarını nümayiş etdirdi. Böyük ümidlər bəslənilən və sürətli keçidləri ilə rəqib müdafiə xəttini çaş-baş salmağı gözlədiyimiz Cengiz Ündər də ona bəslənilən ümidləri boşa çıxardı. Yarımmüdafiənin sol cinahından oynayan Kənan Karaman isə ikili mübarizələrdə çox geridə qalır, boş zonalara atılan toplara çatmaq üçün atletik fiziki bacarığa malik deyildi.  İtaliya ilə qarşılaşmada olduğu kimi, Türkiyə millisi komanda şəklində pressinq tətbiq edə bilmədi və geri atılan ötürmələr rəqib komandanın daha rahat mövqe seçiminə şərait yaratdı.

Qeyd edək ki, qrupun son iki qarşılaşmasında taktiki səhvlər çox ola, oyunçu performansları yaxşı olmaya bilər, amma bu qədər istəksiz, məğlubiyyəti qəbul edən Türkiyə yığmasını son illərdə heç xatırlamırıq.

Necə deyərlər, olmadı, qardaş!

 

 Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 18 iyun.- S.1;12.