Sumqayıtın yüksəlişi
və inkişafı Milli Qurtuluşun real nəticəsidir
Gənclər şəhəri
intibahının yeni dövrünü yaşayır
28 il öncə - iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. Çünki Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsindən qurtuldu, dövlətçiliyimiz bütün bəlalardan xilas oldu. Ulu Öndər Azərbaycanı qorudu, dövlətimizə və xalqımıza qarşı yönəlmiş bütün təhlükələri qətiyyətlə dəf etdi, hüquqi dövlət quruculuğunu həyata keçirdi, bütün sahələrdə tənəzzülü dayandırdı və ölkəmizi inkişaf yoluna çıxartdı. Bu gün Azərbaycanın bütün uğurlarının təməlində Milli Qurtuluşla başlanan inkişaf və yüksəliş kursu dayanır.
Ulu Öndər Sumqayıta xüsusi diqqətlə yanaşırdı
Azərbaycanın inkişafını respublikamızın bütün bölgələrinin nümunəsində, o cümlədən keçmiş şöhrətini bərpa edən, Qafqazın ən qabaqcıl sənaye mərkəzinə çevrilən Sumqayıtın timsalında aydın görmək mümkündür. Hələ sovet dövründə Azərbaycanın əsas sənaye mərkəzi statusuna sahib olmuş Sumqayıt bu şərəfli adı indi də layiqincə daşıyır. Prezident İlham Əliyevin inkişaf strategiyasının nəticəsi olaraq şəhərdə yeni istehsal müəssisələrinin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması, aparılan möhtəşəm abadlıq və quruculuq işləri bunu təsdiq edir. Bu mənada Sumqayıt bir çox istiqamətlər üzrə qazandığı nailiyyətlərlə fərqlənir.
Xatırladaq ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin yüksək diqqəti nəticəsində böyük inkişaf yolu keçən Sumqayıtda istehsal olunan məhsullar keçmiş ittifaqın 700 şəhərinə ixrac olunurdu. Lakin Sovet İttifaqı dağıldıqdan sonra iqtisadi əlaqələrin qırılması, xammal və satış bazarının olmaması, eləcə də zavod və fabriklərdəki avadanlıqların fiziki və mənəvi cəhətdən köhnəlməsi səbəbindən demək olar ki, əksər zavod və fabriklər fəaliyyətini dayandırmış və ya az güclə işləməyə başlamışdı. Bu proses əhalinin sosial durumunun aşağı düşməsinə gətirib çıxarmışdı.
Ancaq Heydər Əliyevin 1993-cı ildə hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi, Sumqayıt da özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndər sovet illərində olduğu kimi, müstəqil Azərbaycana rəhbərliyi dövründə də Sumqayıta diqqət və qayğısını əsirgəmədi. Bu qayğının nəticəsində Sumqayıt yenidən özünün dirçəliş dövrünə qədəm qoydu. 1993-cü il dekabrın 18-də Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi ilk dəfə Sumqayıta gəldi, şəhərdə quraşdırılmış yeni telefon stansiyasının açılışında iştirak etdi, Tarix muzeyinə baxdı, “Şəhidlər xiyabanı” kompleksini ziyarət etdi, şəhər icra hakimiyyətinin işçiləri ilə görüşərək tapşırıq və tövsiyələrini verdi.
Müstəqillik illərində Heydər Əliyev bir neçə dəfə Sumqayıtda olmuş, müxtəlif tədbirlərdə iştirak etmiş, şəhər ictimaiyyəti ilə görüşmüşdür. Bu, Ulu Öndərin Sumqayıta və sumqayıtlılara xüsusi diqqətinin təzahürü idi. Bu səfərlər zamanı Ulu Öndərin verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi inkişafına böyük təkan vermişdi. Ümummilli Liderin şəhərlə bağlı qarşıya qoyduğu vəzifə belə idi ki, Sumqayıt yenidən ənənəvi sənaye kompleksi kimi bərpa edilməli, müasir müəssisələr açılmalıdır. Ən vacibi isə Sumqayıtda insanların rahat yaşamaları üçün müvafiq şərait yaradılmalı və yeni iş yerləri açılmalı, bununla da Sumqayıt yenidən iqtisadi potensialı ilə seçilən bir şəhərə çevrilməlidir.
Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universitetinin, Politexnik Texnikumunun bazasında isə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının yaradılması şəhər təhsilinin həyatında əlamətdar hadisə oldu.
İlham ƏLİYEV: “Sumqayıt müasir sənaye mərkəzidir”
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar isə son 18 ildə Sumqayıtın sürətli inkişafı ilə bağlı yeni-yeni uğurların əldə olunmasını təmin edib. Şəhərin tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən və dövrün tələbinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir. Bu gün Sumqayıt Prezident İlham Əliyevin daim diqqət və qayğısını duyur və hiss edir. Bunu Prezident İlham Əliyevin son 18 ildə Sumqayıta 29 dəfə səfər etməsi də göstərir. Dövlət başçısının hər səfəri şəhərin yüksəlişində yeni mərhələnin əsasını qoyub, yeni inkişaf planlarının həyata keçirilməsinə təkan verib.
Məlum olduğu kimi, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bu sahədə Prezident İlham Əliyevin iqtisadi siyasətinin nəticəsi olaraq yaranan Sumqayıt Kimya Sənaye Parkının da böyük xidmətləri var.
Prezident İlham Əliyev bu il yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlinin qoyulmasında, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışında iştirak edib. Qeyd edək ki, bu, dövlət başçısının 18 ildə Sumqayıta etdiyi 29-cu səfər idi.
Həmin gün Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev Sumqayıtı müasir sənaye mərkəzi adlandıraraq dedi: “Bu müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının çox böyük əhəmiyyəti var, ilk növbədə, Sumqayıt şəhərinin inkişafı üçün. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Eyni zamanda son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəllər Sumqayıt ekoloji fəlakət zonası idi. Biz isə Sumqayıtı müasir sənaye mərkəzinə çevirərək, ilk növbədə, insanların sağlamlığını nəzərə almışıq”.
Son illərdə Sumqayıtda gücü 525 MVt olan Elektrik Stansiyası, “Sumqayıt-3” yarımstansiyası tikilmiş, “Azərkimya” İB-nin müəssisələri yenidən qurulmuş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azgüntex” Zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı, Texnoil MMC mühərrik yağları istehsalı müəssisələri yaradılmış, Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, pestisid və aqro-kimyəvi məhsulları, xortum və fitinq birləşmələri, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Məlumatların Emalı Mərkəzi, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodlar, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları Aqrokimya Azərbaycan” MMC tərəfindən pestisidlər istehsalı zavodu istifadəyə verilmişdir.
Cəmi iki il əvvəl isə Kimya Sənaye Parkında inşa olunmuş və ildə 650-660 min ton karbamid və 1 milyon ton ammonyak istehsal etmək gücünə malik olan “SOCAR karbamid” zavodunun və “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışı olmuşdur. Hazırda ölkədə qeyri-neft sektorunda ən böyük layihələr olan bu müəssisələrin ümumi dəyəri təxminən 1 milyard 200 milyon avro təşkil edir. Zavodlarda 900 nəfər daimi işlə təmin edilmişdir. İstehsal həcminin 70 faizinin ixrac üçün nəzərdə tutulduğu müəssisələrin fəaliyyəti ölkəyə hər il 200 milyon dollar məbləğində vəsaitin daxil olmasına imkan yaradır. Ümumiyyətlə isə bu zavodların fəaliyyətə başlaması Sumqayıtın sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər respublikada gedən inkişaf proseslərinə layiqli töhfələr verir.
Xatırladaq ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə böyük layihədir.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən aldığımız məlumata görə, hazırda şəhərdə 150-yə yaxın sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunlarda da il ərzində təqribən 2 milyard manata yaxın məhsul istehsal olunur.
Sumqayıtda müasir sənaye infrastrukturunun yaradılması, yeni müəssisələrin fəaliyyətə başlaması nəticəsində ölkənin makroiqtisadi göstəricilərində şəhərin xüsusi çəkisi yüksəlib. Yeni sənaye sahələrinin yaradılması həm də ölkəmizdə sənaye məhsullarına olan tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artırıb.
Sumqayıtın sənaye şəhəri kimi inkişafı, bu sahədə əldə olunan uğurlar onun ümumi yüksəlişinə mühüm təkan verməkdədir. Bu inkişaf statistik rəqəmlərdə də özünü aydın şəkildə göstərir. Məsələn, 2003-ci ildən sonra Sumqayıtda ümumi məhsul buraxılışı təxminən 12,5 dəfə artıb.
Sumqayıtlılar torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşdülər
Ötən il Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın dövlətçilik tarixinin ən böyük hadisəsi oldu. 44 gün davam edən Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, Ali Baş Komandan kimi rəhbərlik etdiyi ordunun qüdrətini və hansı müasir döyüş imkanlarına malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Beləliklə, artıq Cənubi Qafqazda yeni siyasi reallıq və dövr yarandı. Bu reallığın müəllifi torpaqlarımızı azad edən Azərbaycanı qalib dövlətə çevirən İlham Əliyevdir. Yeni dövrün aparıcı qüvvəsi regionda söz sahibi kimi statusunu və mövqelərini qat-qat gücləndirən Azərbaycandır.
Vətən müharibəsi ilk gündən sumqayıtlıların da işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə əzminin, vətənpərvərliyinin təsdiqi oldu. Hələ ötən ilin iyul ayında Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra yüzlərlə vətəndaş könüllü olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində qeydiyyata düşmüşdü.
Sentyabrın 27-dən sonra isə könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən sumqayıtlıların sayı daha da artdı. Sumqayıt ictimaiyyəti həmin günlərdə döyüşə gedənləri alqış sədaları ilə yola salırdılar. Bu döyüşlərdə neçə-neçə sumqayıtlı qəhrəmanlıq nümunəsi yaratdı. Onlardan 6 nəfəri (3 nəfər ölümündən sonra) Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, bir qismi isə yüksək orden və medallarla təltif olunub.
Sumqayıtda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş şəhər sakinlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Şəhərin küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.
Eyni zamanda döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də diqqət mərkəzində saxlanılır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərlə bağlı işçi qrup fəaliyyət göstərir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları mütəmadi olaraq Vətən müharibəsində yaralanmış qazilərimizin evlərində olur, onların qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanır, qazi ailələrinə ərzaq və maddi yardımlar çatdırırlar.
Sakinlərin vaksinasiyası sürətlə davam edir
Son dövrdə Azərbaycanın məruz qaldığı sınaqlardan biri də koronavirus pandemiyası oldu. Həyata keçirilən səmərəli tədbirlər nəticəsində Azərbaycan koronavirusla mübarizədə ən uğurlu nəticələr əldə edən dövlətlərdən biridir. Koronavirus infeksiyası ölkəmizdə qeydə alınan gündən ölkə ictimaiyyəti Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın problemə çevik və həssas münasibətini gördü. Prezident İlham Əliyev virusla mübarizə tədbirlərinin həyata keçirilməsində əsl liderlik nümunəsi ortaya qoydu, atdığı addımlarla, verdiyi bütün qərarlarla, ilk növbədə, dövlət üçün vətəndaşların sağlamlığının prioritet olduğunu göstərdi. Respublikamızda virusun yayılmasının qarşısının alınması yönündə görülən işlər haqlı olaraq beynəlxalq miqyasda təqdir edildi.
Respublikamızda virusun qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər kəmiyyət və keyfiyyət baxımından kifayət qədər yüksəkdir. Hazırda istər virusa yoluxma, həmçinin sağalan vətəndaşlarımızın sayı baxımından vəziyyət qənaətbəxşdir və vaksinasiya prosesi sürətlə davam edir.
COVID-19-la mübarizədə Sumqayıt da nümunələr yaradıb. Belə ki, virusun ölkəmizdə qeydə alındığı ilk vaxtlardan şəhərdə virusa qarşı intensiv tədbirlər həyata keçirilib, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına şəhərdə ciddi şəkildə nəzarət həyata keçirilib. Bu məqsədlə şəhərdə mobil qruplar da yaradılıb.
Şəhərdə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən xüsusi ayrılmış kommunal texnikalar mütəmadi olaraq dezinfeksiya proseslərini həyata keçiriblər. Yaşayış məhəllələrində, binaların girişlərində, liftlərdə, ticarət şəbəkələrində, sənaye müəssisələrində gündəlik dezinfeksiya işləri aparılıb. O cümlədən sakinlərin ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri tibbi ləvazimatlarla təmizlənib. Şəhərin mərkəzi hissəsindən başlayaraq kvartal və mikrorayonlara doğru küçə və prospektlər mütəmadi olaraq texnikalar vasitəsilə yuyulub. Təsadüfi deyil ki, şəhərdə COVID-19-a yoluxmada ciddi fəsadlar müşahidə olunmayıb.
Pandemiya dövründə şəhərlə bağlı başqa bir mühüm məqam ondan ibarətdir ki, Çinin Cucou, Myenyan və Sian şəhərləri dostluq əlaqələri saxladıqları Sumqayıta humanitar yardımlar göndəriblər.
Hazırda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə “2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Sumqayıt şəhərində də peyvəndlənmə prosesi uğurla davam etdirilir. İndiyədək 150 minə yaxın şəhər sakini peyvənd olunub. Onların böyük əksəriyyətinə peyvəndin hər iki dozası vurulub.
Sumqayıt həm də tibbi sənayenin mərkəzinə çevrilib
Koronavirus pandemiyasının qeydə alındığı ilk aylarda bütün dünyada tibbi maskalara böyük tələbat yarandı. Respublikamızda da bu məsələ aktuallaşanda məhz Sumqayıtda əvvəlki yaradılmış mükəmməl sənaye potensialı respublikamızın vəziyyətdən uğurla çıxmasını təmin etdi.
Uzunmüddətli sənayeləşmə siyasəti, əldə olunmuş uğurlar, mövcud sənaye potensialı imkan verdi ki, koronavirusla mübarizədə istifadə olunacaq tibbi vasitələrin istehsalı məhz ölkəmizdə həyata keçirilsin.
2020-ci il aprelin 6-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi istifadəyə verildi. Bundan qısa müddət sonra, yəni ötən il mayın 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak etdilər.
Beləliklə, bu müəssisələrin fəaliyyətə başlaması respublikamızın tibbi qoruyucu məhsullar üzrə xarici asılılığının aradan qaldırılmasına böyük töhfələr verdi. Bununla yanaşı, Sumqayıtdakı mövcud potensial respublikamızda sənayenin yeni sahəsinin - tibbi sənayenin inkişafına təkan verdi. Ötən illərdə bu sahədə müəyyən işlər görülsə də, koronavirus infeksiyasının yayılması bu sahənin inkişafını daha da sürətləndirdi.
Prezident İlham Əliyev ilk müəssisənin açılışı zamanı ölkəmizin tibbi maska istehsalına başlamasını əlamətdar hadisə adlandıraraq deyib: “Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək”.
Pandemiya ilə əlaqədar olaraq tələbatı artan məhsullardan biri də tibbi spirt oldu. Artan tələbatı nəzərə alaraq Azərbaycan Dövlət Neft Şirkətinin “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunda dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa olundu.
Sözügedən istehsalatın işə salınması EP - 300 qurğusunda davam edən rekonstruksiya işlərinin tam bitməsindən sonraya planlaşdırılırdı. Qurğuda həyata keçirilmiş fasiləsiz təmir-bərpa işlərindən sonra, ötən il aprelin 5-də texniki, 11-ində isə mütləqləşdirilmiş izopropil spirti istehsalı sahələrı istismara verildi və dərhal məhsulun istehsalına başlanıldı.
Sumqayıtın pandemiya ilə mübarizəyə başqa bir sənaye töhfəsi isə ölkəmizdə ilk dəfə olaraq elektron dezinfeksiya tunelinin istehsalına başlanılması oldu. Sumqayıt Texnologiyalar Parkında “Elsmart” brendi altında istehsal olunan elektron dezinfeksiya tuneli imkan verir ki, insanın üzəri heç bir toxunma olmadan tam dezinfeksiya edilsin. Dezinfeksiya məhlulu buxar şəklində püskürdüldüyü üçün insan və geyimə heç bir təhlükə törətmir. Buxar formasında olmasına baxmayaraq, geyimlərdəki bakteriya və virusları təmizləyə bilir. Dezinfeksiya tunellərindən yalnız pandemiya dövrü üçün deyil, həmçinin mövsümi bakteriya və virusların profilaktikası, habelə gələcəkdə yaranacaq yoluxucu xəstəliklərin qarşısını almaq üçün də istifadə oluna bilər.
Beləliklə, Sumqayıt Azərbaycanda tibb sənayesinin inkişafına da öz töhfəsini verir və bütün Cənubi Qafqazda həm də tibbi sənayenin mərkəzinə çevrilir. Sözsüz ki, şəhərin sənaye müəssisələri bununla kifayətlənməyəcək və tibbi sənayenin inkişafı ilə bağlı mövcud potensial dəyərləndirilərək yeni istehsal sahələrinin yaradılması üçün də addımlar atılacaq. Çünki qısa müddət ərzində atılmış addımlar və əldə edilmiş uğurlar göstərdi ki, tibbi sənayenin inkişafı üçün xüsusilə Sumqayıtda böyük potensial mövcuddur.
Möhtəşəm quruculuğun ünvanı
Sumqayıt son illərdə sanki yenidən tikilib. Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə şəhərdə görülən kompleks abadlıq və quruculuq işləri, yeni və möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər təsərrüfatının yenidən qurulması burada tamamilə yeni bir ab-hava yaradıb. Xüsusən 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən həyata keçirilən layihələrin nəticəsində Sumqayıtın görkəmi tamamilə dəyişib, şəhərdə yeni infrastruktur yaradılıb. Hansı ki, bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək.
Əzəmətli Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının inzibati binası, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, Sumqayıtın yeni və möhtəşəm ünvanlarıdırlar. Bununla yanaşı, şəhərdə sosialyönümlü bir sıra infrastruktur layihələri də həyata keçirilmiş, o cümlədən Olimpiya və Paralimpiya İdman kompleksləri, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa edilmiş, 1 nömrəli Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, 3 nömrəli Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binaları əsaslı təmir olunmuş, “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır.
Son illərdə şəhərin əksər tibb müəssisələri də əsaslı təmir olunub. 1 nömrəli doğum evi, 1,2 nömrəli qadın məsləhətxanaları, 1,4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunmuşdur. 1 nömrəli uşaq poliklinikası, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılmışdır. 1,2 nömrəli doğum evlərinin reanimasiya şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Artıq 1 nömrəli doğum evi 2018-ci ildən III səviyyəli Perinatal Mərkəz kimi fəaliyyət göstərir.
Sumqayıtın başqa bir möhtəşəm ünvanı isə dənizkənarı bulvardır. Şəhər dəniz sahilində yerləşsə də, burada heç vaxt bulvar olmayıb. Şəhərdə son illərdə reallaşan ən möhtəşəm layihələrdən biri Xəzərin sahilində uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün şərait yaradılan, müasir tələblərə cavab verən Dənizkənarı Bulvardır. Bir neçə il əvvəl Madriddə keçirilən “Global Trade Leaders Club”un XXIV Beynəlxalq üstünlük və liderlik forumunda Sumqayıtın yeni salınmış bulvarı “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülmüşdür. Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.
2016-cı il sentyabrın 27-də Sumqayıtda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev yeni yaradılmış bulvar barədə demişdi: “Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir. Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilmişdi. Hər zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat verilirdi ki, orada çətinlik, burada çətinlik var. Ancaq bu gün Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq”.
Prezident İlham Əliyevin Sumqayıta sayca 24-cü səfəri zamanı isə dövlət başçısının iştirakı ilə Muğam Mərkəzi və “Nizami” kinoteatrının yeni binası istifadəyə verildi.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə görülən işlər barədə deyir: “Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində həyata keçirilən bu abadlıq, quruculuq və tikinti işləri sumqayıtlılara xoş ovqat və sakit həyat tərzi bəxş edib. Eyni zamanda həyata keçirilən genişmiqyaslı uğurlu layihələr şəhərimizin simasını tamamilə dəyişib”.
Son illərdə Sumqayıt şəhərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Şəhərdə mənzil fonduna aid olan 1361 yaşayış binasından 1200-ə yaxınının dam örtüyü dəyişdirilib. O cümlədən lift təsərrüfatının yenidən qurulması sahəsində müəyyən işlər görülüb. Sumqayıtda 500-dən çox istismar müddəti bitmiş liftlər yeniləri ilə əvəz olunub. 80-ə yaxın lift əsaslı təmir edilib.
Bundan başqa, cəmi bir neçə il ərzində şəhərdə 450 binanın fasadı yenidən qurularaq təmir olunub. Prezident İlham Əliyev ötən illərdə bir neçə dəfə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, avtomobil yollarının əsaslı təmiri işlərinin, abadlıq və quruculuğun davam etdirilməsi üçün sərəncamlar imzalayıb. Bütün bunlar dövlət başçısının Sumqayıta yüksək diqqət və qayğısının bariz nümunələridir.
Qısa müddət ərzində şəhər ərazisində 60-dan çox küçə əsaslı təmir olunub, mikrorayon və məhəllədaxili ərazilərə, ətraf qəsəbələrə yeni asfalt döşənib. Ümumilikdə, son dövr ərzində şəhər ərazisinə 3,5 milyon kvadratmetr yeni asfalt döşənib. Hazırda şəhərdə quruculuq işləri davam edir. 20 saylı və 1 saylı orta məktəblər üçün yeni binalar tikilir.
Əhalisinin sayı 350 min nəfərə çatan Sumqayıt üçün vacib olan məsələlərdən biri də müasir nəqliyyat infrastrukturunun yaradılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, sərnişin daşınması sahəsində rahatlığın təmin olunmasıdır. Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə 2015-ci il dekabrın 7-də Prezident İlham Əliyev “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzaladı.
Fərmanla Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradıldı. Sumqayıt şəhərinin inzibati ərazisində “Pilot layihə” çərçivəsində sərnişin daşınmasının inkişafı ilə bağlı işlərin icrasına başlanıldı.
Təbii ki, müasir tələblərə cavab verən nəqliyyat vasitələri olmadan yuxarıda qeyd etdiyimiz məsələlərin həllinə nail olmaq mümkün deyildi. Ötən dövr ərzində Sumqayıtda 200-dən çox Türkiyə istehsalı olan, müasir tələblərə cavab verən avtobuslar şəhərimizə gətirilərək marşrut xətlərinə buraxılıb. Ölkə rəhbərinin qayğısı sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədilə xırdatutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri xətlərdən çıxarılıb. Beləliklə, şəhər sakinlərini gündəlik narahat edən problemlərdən biri də həll olunub.
Bir neçə il əvvəl sumqayıtlıların yaddaşına həkk olunan əsas əlamətdar hadisələrdən biri də Bakı-Sumqayıt sürət qatarının istifadəyə verilməsi oldu. Vağzal binası yararsız halda olduğu üçün sökülərək yerində müasir tələblərə cavab verən Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksi tikildi. Prezident İlham Əliyev 16 noyabr 2018-ci il tarixində Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak etdi. Beləliklə, şəhər sakinlərinin daha bir arzusu gerçəkləşdi.
Sumqayıtın təqdirəlayiq uğurlarından biri də “Acı dərə” kanalının yaratdığı problemin həll olunmasıdır. “Acı dərə” kanalına yeraltı və kanalizasiya suyu axıdıldığı və üzəri açıq olduğu üçün ətrafı dözülməz üfunət iyi bürüyürdü. Yağış yağdıqda isə vəziyyət daha acınacaqlı hal alır, kanalın çirkab suyu, həyətyanı sahələrə və yaşayış evlərinin zirzəmilərinə daxil olmaqla, əlavə çətinliklər yaradırdı. Burada həyata keçirilən layihəyə əsasən, kanalın şəhərin içərisindən keçən hissəsi ləğv edilərək qapalı sistemə salındı.
“Ağıllı şəhər”
Prezident İlham Əliyevin 27 fevral 2020-ci ildə imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi öz əksini tapıb. Dövlət başçısının “Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında” 2 iyun 2020-ci il tarixli sərəncamı ilə qarşıya qoyulan vəzifələr isə “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı atılması nəzərdə tutulan ilk addımlar oldu.
Sərəncamda qeyd olunur ki, son illərdə uğurla həyata keçirilən dövlət proqramlarının icrası nəticəsində paytaxtda və regionlarda, eləcə də Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almışdır. Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də əhalinin elektrik enerjisi ilə təminatında, habelə küçə və prospektlərin işıqlandırılmasında idarəetmə, nəzarət, ölçmə və hesabatlılıq, habelə enerji sərfiyyatına və xidmət xərclərinə qənaət kimi üstünlükləri olan, işıqlandırma səviyyəsini proqramlaşdırmağa imkan verən və intellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin quraşdırılması diqqət mərkəzində saxlanılacaq aktual məsələlərdəndir. Sərəncama əsasən, Sumqayıtda müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün 6 milyon manat ayrılıb.
Yeni və müasir işıqlandırma sistemləri funksionallığı ilə yanaşı, şəhərin estetik görünüşünü də dəyişərək onun simasını müasir çalarlarla daha da zənginləşdirəcək. Sumqayıtda intellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı atılacaq addımlar “Ağıllı şəhər” konsepsiyasının digər komponentlərinin də tətbiqinə təkan vermiş olacaq.
Amma Sumqayıtın “Ağıllı şəhər” təcrübəsi də var. Belə ki, Sumqayıtda lift xidmətinin intellektual idarəetmə sistemi yaradılıb. Regionda ilk dəfə olaraq Sumqayıtda 2018-ci ilin fevral ayından etibarən “Lift-Servis” Birliyində intellektual idarəetmə sistemi fəaliyyətə başlayıb ki, bu sistem mərkəzləşdirilmiş dispetçer xidməti vasitəsilə onlayn rejimdə idarə olunur. Bu sistem sadəcə liftlə bağlı problemləri deyil, həm də problemlərin səbəbini müəyyənləşdirir, onların təhlilini aparır və həlli yollarını göstərir. Sözügedən sistem vətəndaşlara daha keyfiyyətli xidmət göstərməyə, onların təhlükəsizliyini etibarlı şəkildə təmin etməyə əsas verir.
Sumqayıtın bu sahədəki təcrübəsi digər şəhərlər tərəfindən də öyrənilir. Bu təcrübə eyni zamanda şəhər ərazisində digər sahələrdə də intelektual idarəetmə sistemlərinin tətbiqinə müəyyən imkanlar yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi altında Sumqayıt şəhərinin Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə çevrilməsi, burada fəaliyyət göstərən müəssisələrdə müasir texnoloji avadanlıqların hazırlanması, şəhərin müasir texnologiyaların tətbiqi sahəsində müəyyən potensiala malik olması “Ağıllı şəhər” konsepsiyasının Sumqayıtda uğurla, yüksək səviyyədə keçiriləcəyinə tam əminlik yaradır.
Bu gün Sumqayıt öz inkişafının yeni mərhələsindədir. İndi Sumqayıt inkişaf etmiş sənaye mərkəzi olmaqla yanaşı, həm də ekoloji baxımdan təmiz, yaşıl şəhərdir. Sumqayıtın yüksəlişi isə sürətli və davamlıdır. Hər ötən ay və il şəhərin həyatında mühüm yeniliklərlə yadda qalır.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2021.- 18 iyun.- S.4-5.