Namusum, qeyrətim,
vicdanım Şuşa!
Azərbaycanla
Türkiyə əbədiyyətədək birlikdə
olacaqlar
…2001-ci ildə beynəlxalq qurumların vasitəçiliyi ilə Tiflisdə azərbaycanlı və ermənistanlı jurnalistlərin görüşü keçirilirdi. Görüşə bizim tərəfdən beş kişi, o tərəfdən isə beş qadın gəlmişdi. Ermənilər bir nəfər kimi dəridən-qabıqdan çıxırdılar ki, barışmaq lazımdır, bu müharibədən biz xeyir görmədik. Özlərini elə aparırdılar ki, guya müharibədə udan biz, uduzan tərəf onlardır. Onlara dedik ki, yaxşı yadınızda saxlayın, Şuşanın işğal altında olması bizim üçün qan sızan, sağalmaz yaradır. Heç kim, heç vaxt sizinlə barışmayacaq. Bilin, nə qədər ki Şuşa sizdədir, özümüzü heç vaxt rahat hiss edə bilmərik. Suşa namusumuz, qeyrətimizdir…
Vicdanı, qeyrəti olan heç bir Azərbaycan vətəndaşı millətindən, dinindən asılı olmayaraq, ötən illər ərzində Şuşanın və bütün Qarabağın işğalı ilə barışmadı.
Məhz buna görə hamımız Prezident, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna münnətdarıq ki, Şuşa ilə birlikdə şərəf və ləyaqətimizi, qürurumuzu, mənliyimizi bizə qaytardırlar! İndi övladlarımızın, nəvələrimizin üzünə qürurla baxa bilirik. Torpaqlarımız işğaldan azad edildi, erməni hərbi maşınının tozu göyə sovruldu. Erməni faşistlərinin 30 il viran qoyduğu şəhər və kəndlərimiz, dağıtdığı evlər, şumladıqları qəbiristanlıqlar, donuz saxladıqları məscidlər düşmənin insan təfəkkürünə sığmayan tərzdə qəddar, amansız və qatil olduğunu üzə çıxardı.
İşğalçı 30 il ərzində bir kəndi belə ayağa qaldıra bilmədi. Erməni diasporu nə Ermənistana, nə də işğal edilmiş ərazilərə gəldi. Bu günün özündə də imkanı olan istənilən erməni öz ölkəsindən qaçır. Deyilənlərə görə, bu ölkədə ermənilərin sayı ancaq bir milyon olar, ya olmaz. Belə çıxır ki, “böyük Ermənistan” ideyasının əsl mahiyyəti iki dəniz arasında dövlət qurmaq yox, Qafqazda sonu bitməyən müharibələri körükləməklə böyük güclərin maraqlarına vassallıq etməkdən ibarətdir.
Bu günlərdə Ermənistan tərəfi Ağdam rayonunda basdırılan minaların xəritələrini verdi. 100 minə yaxın mina basdırıblarmış! Budur, onların yaratdıqları, qurduqları “dövlət”. Bilirmişlər ki, buralarda duruş gətirməyəcəklər. Ona görə də kəndləri qaldırmaqla yox, mina əkib, istehkam qurmaqla məşğul olublar. Xofdan, vahimədən, acizlikdən atılan addımlardır. Hesablamaq çətin deyil ki, əgər bir rayona 97 min mina basdırılıbsa, işğal olunan ərazilərdəki minaların sayı yəqin milyondan artıqdır. Budur erməni nasistlərinin iç üzü, budur onların bacardıqları!
Amma təəssüf ki, dünya yenə də erməni faşizmini nəinki bir təhlükə kimi qəbul edir, əksinə, onu görməməzliyə vurur, yeri gələndə Fransa Prezidenti Makron kimi başına sığal çəkib tumarlayır. 30 il idi bizi mümkün olmayan kompromislərə çağırırdılar, güzəştlərə sövq edirdilər. Erməni prezidentlərinin bu 30 ildə nümayiş etdirdikləri qalib pozaları xatırlayın! Elə dayanırdılar, elə poza verirdilər ki, heç Makedoniyalı İsgəndər də belə etməzdi. Hətta faşistlərin belini qıran Stalinin duruşu da bunlardan dəfələrlə təvazökar idi. Erməni fürerləri bir az Mussolino kimi idilər, bir az da Hitleri yamsılayırdılar. Duruşları elə idi ki, guya hamıdan ağıllı, hamıdan döyüşkəndirlər. Ataların belə bir məsəli var ki, “it yatıb qaya kölgəsində, elə bilir öz kölgəsidir.” Erməni fürerləri də elə şəstlə sinələrini köpdürüb qabağa verirdilər ki, güya kiminsə qoltuğunun altında yox, öz kölgələrində şellənirlər. Hətta onların baş naziri Paşinyan da Qarabağda “yallı gedəndə” elə bilirdi ki, Cıdır düzü buna dədəsindən miras qalıb. Arvadı da Qarabağda az qala muğam konserti keçirəcəkdi.
Lakin bizim Ali Baş Komandan onlar üçün elə bir “konsert” keçirtdi ki, başlarını götürüb qaçdılar. Bu gün 10 min fərarisi olan, bir o qədər də canlı qüvvəsi ölü və yaralı qismində sıradan çıxan erməni nasistləri hansı yana qısqırtsalar, o yana da hürmək üçün yiyə axtarırlar. Ermənistanda hakimiyyət uğrunda savaş getmir, bu gün Yerevanda siyasi mübarizə yalnız hakimiyyətin kimə, hansı dövlətə təslim edilməsi uğrunda gedir. Erməni xalqını sayan, fikirləşən və ondan soruşan yoxdur ki, zavallı millət, sən nə istəyirsən?
Erməni rəhbərlərindən soruşmaq gərəkdir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində sizi qane etməyən nədir? Bəlkə bu ifadə xoşunuza gəlmir: “Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər”.
Bu 30 il ərzində sizin hansı lideriniz sülhə, əmin-amanlığa aid bir cümlə, fikir işlədib? Yoxsa sizi bu cümlə qorxudur: “Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər”. Axı bu sizin də xeyrinizədir. Azərbaycan və Türkiyənin sizdən fərqli olaraq ərazi iddiaları yoxdur!
Bəyannamə regional və beynəlxalq miqyasda sabitliyə, sülhə, dostluq və mehriban qonşuluğa çağırır. Bunun nəyi Ermənistan üçün təhdiddir? Sənəddə aydın göstərilir ki, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir. Bu bəyannamə tərəfləri milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsinə, birgə istehsalın qurulmasına, investisiya əməkdaşlığına dəvət edir, regionun və Avropanın enerji təhlükəsizliyinə töhfəni önə çəkir, “Cənub qaz dəhlizi”nin səmərəli şəkildə istifadəsini və inkişaf etdirilməsini, regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsinin zəruriliyini vurğulayır.
Zəngəzur dəhlizinin açılmasından, Naxçıvan-Qars dəmir yolunun tikintisindən ermənilər hamıdan çox faydalanacaqlar. Bəyannamənin ana xəttini sabitliyə, sülhə xidmət etmək, müxtəlif təhdid və çağırışların, terrorçuluğun qarşısını almaq təşkil edir.
Tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər. Əslində bu fikir erməni xalqının sülhdə yaşaması üçün həddən ziyadə vacibdir.
Hər iki dövlət başçısı mətbuata birgə bəyanatlarında müqavilənin bütün region üçün önəmli olmasını qeyd ediblər. Ermənistan bu şansını da itirsə, sülhə yaxınlaşmasa, gərək özündən küssün.
Amma gördüyümüz odur ki, ermənilər boş hay-küy qaldırır, hətta Rusiyada erməni maraqarına xidmət edən şərhçilər bu müqavilənin Rusiyanın mənafeyinə toxunduğunu şişirtməyə çalışırlar. Prezident Rəcəb Tayyib Ərdoğan bəyanatında bu məsələyə də aydınlıq gətirmişdir: “Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək”.
Bunlar
bir daha onu deməyə əsas verir ki, Azərbaycan və
Türkiyə dövlətləri Ermənistandan fərqli
olaraq regionda qarşıdurmalara və müharibələrə
yox, qarşılıqlı əməkdaşlığa və
sülhə çağırış edirlər.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2021.- 18 iyun.- S.7.