Vahid hədəf,
bir məqsəd
Yeni mərhələyə
qədəm qoyan Azərbaycan-Türkiyə
müttəfiqliyi müharibə üçün
deyil, sülhə səy göstərir
Azərbaycan-Türkiyə birliyini, tərəflərinin bir-birinə verdiyi güclü dəstəyi dünya yalnız Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük iqtisadi layihələrin reallaşması, Vətən müharibəsi zamanı görməyib. Bu dəstək tarixin bütün dönəmlərində, hər zaman, hər sahədə hiss edilib. İki qardaş ölkə mənəvi, siyasi baxımdan bir-birlərinin yanlarında olduqlarını daim nümayiş etdiriblər.
Mustafa Kamal Atatürkün bu gün dillər əzbəri olan “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” bəyanatı, Ümummilli Lider Heydər Əliyevin “biz bir millət-iki dövlətik” kəlamı, Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” cavabını verməsi, dünya ölkələrinin erməni işğalına reaksiya vermədiyi dövrlərdə Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” sözləri qarşılıqlı dəstəyin ən bariz nümunələridir.
Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə çıxış edən Rəcəb Tayyib Ərdoğan “Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdisə, biz də bu gün və gələcədə bərabər olacağıq.
Azərbaycanın sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir” deməklə dünya birliyinə bir daha bu dostluğun tarixi köklərinin olduğunu xatırladaraq onun daimi olacağını bəyan etdi.
Rəcəb Tayyib Ərdoğanın çıxışında bütün dünyaya çağırış vardı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev hesab edir ki, Ərdoğanın Azərbaycan parlamentində hər kəsin ürəyindən xəbər verən məzmunlu çıxışını Şuşa Bəyannaməsinin təqdimatı kimi də qiymətləndirmək olar. Çünki Ərdoğanın çıxışının əsas hissəsi məhz həmin Bəyannamədə əksini tapan məqamlarla bağlıydı. Türkiyə Prezidenti Azərbaycan parlamenti qarşısında çıxış etsə də, onun çıxışında bu auditoriyadan daha çox region dövlətlərinə, xalqlarına və bütün dünyaya çağırış vardı. Bu, həm də yalnız Türkiyənin deyil, regionda güc mərkəzi formalaşdırmağı bacarmış iki qardaş dövlətin çağırışı idi. Bu, ilk növbədə, sülh və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq çağırışı idi ki, onun da əhatə etdiyi niyyətin reallaşdırılmasına bizim güc potensialımız yetir. Əgər bu çağırış adekvat qiymətləndirilsə, Ermənistan da daxil olmaqla, regionda hər kəs, regiondan kənarda da bir çoxları əməkdaşlıqdan fayda götürəcək. Nəzəri dildə desək, Türkiyə Prezidentinin çıxışının “loqos hissə”si məhz bundan ibarət idi.
Deputat ümid edir ki, ermənilər də, havadarlıq adı altında onlardan geosiyasi niyyətləri üçün faydalananlar da bu çıxışdan düzgün nəticə çıxarmalıdırlar: “Biz torpağımızı tar-mar edən, onun altını üstünə çevirən, daş üstə daş qoymayanlara əməkdaşlıq təklif edirik. Elə bir əməkdaşlıq ki, onlar bunun hesabına indiki kimi it damına bənzər daxmalarda yaşamaqdan, ona-buna əl açmaqdan qurtara bilərlər. Bunu da bizə düşmənçilik edənlərə böyük sevgi bəslədiyimiz üçün etmirik. İstəmirik ki, kimlərsə yenə onlardan təsir aləti kimi faydalanaraq burada qarşıdurma atmosferi formalaşdırsınlar. Bizə dayanıqlı sülh lazımdır, çünki bu halda inkişafımız daha da sürətlənəcək”.
Dünya gücləri münaqişənin bitməsinə razıdırlar
Sahib Alıyevin fikrincə, Rəcəb Tayyib Ərdoğan çıxışında Şuşaya NATO sammitində iştirakdan, orada bir sıra müsbət görüşləri keçirdikdən sonra gəldiyini elə-belə xatırlatmadı.
Onun sözlərinə görə, son vaxtlara qədər NATO-nun əksər zirvə görüşlərində keçmiş Dağlıq Qarabağ münaqişəsinin mövcud Minsk formatı çərçivəsində həllinin vacibliyi vurğulanırdı: “Artıq vurğulanmır, demək, dünya gücləri də İlham Əliyevin münaqişənin bitməsi fikriylə razıdırlar. Yeri gəlmişkən, Bayden-Putin görüşündə də bununla bağlı hər hansı bir açıqlamanın olmaması bizim üçün önəmlidir”.
Sahib Alıyev nəzərə çatdırır ki, Ərdoğan parlamentdəki çıxışında 44 günlük savaşdakı qələbəmizdən danışarkən burada birinci Müzəffər Ali Baş Komandanımızın, sonra xalqımızın, ordumuzun rol oynadığını vurğuladı.
Onun fikrincə, bu ardıcıllığın arxasında baş verənlərin dəqiq qiymətləndirilməsi dayanır. Aydındır ki, məhz Prezident İlham Əliyev bu xalqı “Dəmir yumruğa” çevirərək düşmənin belini sındırdı. Hər kəsə o da məlumdur ki, xalq vətəninə bağlıdır, himnində vurğulandığı kimi, onun üçün canından keçməyə hazır olmasa, onun ordusu 44 günlük savaşdakı kimi şücaət, peşəkarlıq və fədakarlıq göstərə bilməzdi.
Şuşa Bəyannaməsi xoşmahiyyətlidir
Ərdoğanın Azərbaycana son səfəri zamanı tarixə düşən mühüm hadisə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması oldu. Bu sənəd iki ölkə arasındakı əməkdaşlığın ən pik səviyyəsi hesab oluna bilər. Yalnız iki ölkənin mənafeyinə xidmət etməyən Şuşa Bəyannaməsi regionun inkişafına yönəlməklə yanaşı, onun təhlükəsizliyinə qarşı təhdid olarsa, qarşısının alınmasına hədəflənib.
Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışarkən, ilk növbədə, onun adına diqqət yetirməyi vacib sayan Sahib Alıyev də sənədin niyyətinin xoşmahiyyətli olduğunu açıqlayır: “Sirr deyil ki, Şuşa təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm strateji əhəmiyyəti olan yüksəklikdir. Bax bu yüksəklikdən iki qardaş dövlət bir güc mərkəzi kimi çıxış edərək həmin Bəyannamə ilə öz məram və niyyətlərini ortaya qoydular. Bu niyyət bütün region üçün xoşmahiyyətlidir, çünki burada sülh təşviq edilir, qarşılıqlı faydaya dayanan əməkdaşlıq təklif olunur”.
Fors-major
anlarda “bir millət, bir Silahlı Qüvvə” prinsipindən çıxış
ediləcək
Sahib Alıyev hesab
edir ki, Azərbaycan-Türkiyə müttəfiqliyi
hər hansı bir üçüncü tərəfin əleyhinə
yönəlməyib. Amma bununla
yanaşı, orada vurğulanan niyyətlərin
reallaşdırılmasına maneçilik törətməyə,
regionda yenidən qarşıdurma yaratmağa,
bulanıq suda balıq tutmağa cəhd edilərsə, onda bu məkrli
davranışın arxasında
olanlar öz qarşılarında iki ölkənin Silahlı Qüvvələrini görəcəklər.
Bəyannamədə iki ölkənin
hərbi-siyasi və hərbi-texniki əməkdaşlıqla
bağlı ortaya qoyduqları mövqe məhz o deməkdir ki, fors-major anlarda “bir millət,
bir Silahlı Qüvvə” prinsipindən
çıxış ediləcək.
Bəyannamədə iki dövlətin
Təhlükəsizlik Şuralarının
milli təhlükəsizlik
məsələləri üzrə
müntəzəm olaraq
birgə iclaslarının
keçiriləcəyi də
təsadüfi vurğulanmır.
Söhbət Müdafiə Nazirliyi,
Ordu rəhbərliyinin
birgə iclaslarından
deyil, başında Prezidentlərin durduğu Təhlükəsizlik Şuralarının
toplantılarından, davamlı
olaraq keçiriləcək
iclaslardan gedir: “Beynəlxalq Bəyannamələrdən
fərqli olaraq, iki dövlət arasındakı bəyannamədə
tərəflər üzərlərinə
öhdəlik götürmür,
məram və niyyətlərini ifadə
edirlər, yəni bu, müqavilə deyil. Fəqət birincisi, onu
deməliyik ki, indiyədək rəsmi sənədlərdə vurğulanan
elə bir niyyət və məramımız olmayıb
ki, o reallaşdırılmasın.
İkincisi, burada hazırda yaranmış reallıq fonunda bizim üçün ən mühüm olan hərbi müttəfiqlik yönündə
indiyədək çox
önəmli addımlar
atılıb, həmin
addımların əsaslandığı
müqavilə də
var. Xatırladım ki,
2010-cu ilin 16 avqustunda
“Azərbaycan Respublikası
və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq
və qarşılıqlı
yardım haqqında Müqavilə” imzalandı.
Həmən ilin dekabrında
Azərbaycan, 2011-ci ilin
fevralında isə Türkiyə parlamentində
ratifikasiya olundu.
O müqavilə onillik
idi və əgər tərəflərdən
hansısa biri etiraz etməsə, onun növbəti 10 ildə də qüvvədə qalması
nəzərdə tutulurdu.
On il keçdi
və göründüyü
kimi həmin müqavilədə təhlükəsizlik
və müdafiə ilə bağlı qarşılıqlı öhdəliklərin
(23 maddədən ibarət
müqavilənin 9 maddəsi
məhz həmin sahələri əhatə
edir) Şuşa Bəyannaməsində daha
da genişləndirilməsi
və dərinləşdirilməsi
nəzərdə tutulur”.
Sahib Alıyev qeyd etdi ki, sözügedən
sənəddə çağdaş
hərbi texnologiyaların
birgə tədqiqat və istehsalı, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində
daxili və beynəlxalq bazarlarda əməkdaşlıq, kibertəhlükəsizliklə
bağlı birgə elmi tədqiqat işləri, mütəxəssis
hazırlığı, qarşılıqlı
texniki dəstək kimi bəndlər var. Bütün bunlar isə təhlükəsizlik və
müdafiə məsələlərində
dərin inteqrasiya deməkdir.
Rusiya ilə Ermənistan münasibətləri bərabərtərəfli əməkdaşlıq deyil
Deputatın sözlərinə görə, bəziləri Rusiya ilə Ermənistan arasında hərbi müttəfiqliyin daha dərin olduğunu qabartmağa çalışırlar. Amma onlar unudurlar ki, Azərbaycan-Türkiyə münasibətləri iki müstəqil, qardaş dövlətin münasibətləridir. Ermənistan isə vassal asılılığında olduğu gücün rəsmilərinin dilindən də dövlət yox, forpost ölkə adlandırılır. Ümumiyyətlə isə, vassalla süveren ölkə arasında müttəfiqlik olmur, birincinin ikinciyə tabeçiliyi olur.
Rusiyanın Ermənistanda hərbi bazasının olması fonunda Türkiyənin də Azərbaycanda belə bir bazasının yaranmasına ehtiyac duyulduğunu deyənlərə gəldikdə, Sahib Alıyevin fikrincə, belə şəxslər görünür ki, regionda nə baş verdiyini ya görmür, ya da gördüklərini dərk etmirlər: “Heç kimə sirr deyil ki, qardaş dövlətin Azərbaycanda hərbçiləri var və onların sayı məhz bizim ehtiyac duyduğumuz qədərdir. Qardaş dövlətin hərbçiləri, ilk növbədə, ona görə Azərbaycandadırlar ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz öz ordumuzu Türkiyə Ordusu modeli üzərində qururuq. Xatırladım ki, İlham Əliyevin 20 iyul 2016-cı il fərmanı ilə Bakının Yasamal rayonundakı “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililər, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsindəki aerodromun bir terminalının binası Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin istifadəsi üçün ayrılıb. Qardaş ölkənin Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzindəki hərbçilərinin varlığının da nə demək olduğunu xatırlatmağa ehtiyac yoxdur. Bir sözlə, türkiyəli hərbçilər ona görə Azərbaycandadır ki, bunu bizim maraqlarımız tələb edir. Rusiyanın Ermənistanda hərbi bazasının olması isə Moskvanın geosiyasi niyyətlərindən doğur, forpost burada subyekt yox, obyekt rolunda çıxış edir”.
Cəmiyyət öz dövlətinin, Prezidentinin yanındadır
Sahib Alıyevin sözlərinə görə, Şuşa Bəyannaməsində iki dövlət arasındakı əməkdaşlığın demək olar ki, bütün sahələrdə dərinləşdirilməsi nəzərdə tutulur. Bunun üçün də müəyyən vaxt çərçivəsində intensiv hazırlıqların aparılması tələb edilir. Məsələn, orada malların sərbəst dövriyyəsi məqamı yer alıb ki, istehsalatda önəmli dəyişikliklər olmadan bu, bir sıra problemlərə yol aça bilər. Bəyannamədə türk dünyasının inteqrasiyası, güclənməsi, türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsi yönündə Azərbaycanla Türkiyənin birgə fəaliyyəti ilə bağlı çox önəmli, geosiyasi çəkisi çox böyük olan məqamlar da var.
Deputat hesab edir ki, buradakı məramın öhdəliyə çevrilməsi üçün vaxt və bütün türk dövlətlərinin liderlərinin İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan kimi dünyada baş verən, eyni zamanda baş verəcək dəyişiklikləri düzgün qiymətləndirmələri, vahid mövqe və iradə ortaya qoymaları lazım gələcək. Təkcə həmin dövlətlərin başçıları yox, cəmiyyət və oradakı siyasi elitalar da reallığı düzgün qiymətləndirməlidirlər: “Bu baxımdan yanaşıldıqda Azərbaycandakı 48 partiyanın Şuşa Bəyannaməsini alqışlaması, dəstək ifadə etməsi bizdə həm çağdaş dövrün tələblərinə uyğun siyasi mədəniyyətin formalaşdığını, həm də bütövlükdə cəmiyyətin öz dövlətinin, Prezident İlham Əliyevin yanında olmasının növbəti göstəricisidir. Unudulmamalıdır ki, o yerdə siyasi mədəniyyət yoxdursa, orada siyasi elita da yoxdur. Çünki obrazlı desək və geniş götürsək, elita ancaq mədəniyyət tarlasında yetişir”.
Şuşa Bəyannaməsi sülhü təşviq edir
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq münasibətlərinin ən pik səviyyəsi hesab edilə bilər. Bu sənəd 100 il əvvəl imzalanmış Qars müqaviləsinə əsaslansa da, ondan daha böyük formatlıdır. İqtisadi layihələr də daxil olmaqla, daha çox məsələlərin öz əksini tapdığı Bəyannamə iki ölkə arasında sıx olan əməkdaşlığı daha da dərinləşdirəcək.
Şuşa Bəyannaməsi iki ölkə arasındakı müttəfiqlik sənədidir. Amma bu sənəd müharibə istəmir, sülhü dəstəkləyir. Bunun üçün sənədi imzalayan hər iki tərəf - həm Azərbaycan, həm də Türkiyə səy göstərməyə hazırdır. Onlar regionun inkişafı, onun çiçəklənməsi, təhlükəsizliyinin təmini üçün birgə çalışmağa hazır olduqlarını da bəyan ediblər.C?f?rli
İlhamə
İSABALAYEVA
Azərbaycan.-2021.- 19 iyun.- S.1;5.