Yeni çəkilən
yollarla üzü Şuşaya...
Yağıdan qurtulan
Qarabağın torpağı çiçək
açır, çeşmələri qaynayır,obaları nura qərq olur
Qarabağın uzun illər yağı tapdağında qalan torpağı artıq azad nəfəs alaraq gül-çiçək açır. Qarabağ ellərinə işıq gəlir, yeni rahat yollar çəkilir, şəhərlər, kəndlər yenidən qurulur.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə hər səfəri zamanı bərpa olunmuş, yaxud təzə qurulmuş bir infrastruktur istismara verilir. Eləcə də yeni layihələrin təməli qoyulur.
Bu il iyunun 14-də işğaldan azad edilmiş ərazilərə növbəti səfəri zamanı dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa yolunda və “Zəfər” yolunda görülən işlərlə tanış oldu. Prezidentə avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verildi. Xatırladaq ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81, “Zəfər” yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində tunel inşa ediləcək. Prezident İlham Əliyev Şuşaya səfəri çərçivəsində bu tunelin də təməlini qoydu. Burada hər biri iki zolaqdan ibarət iki tunel tikiləcək. Tunellərin digər texniki göstəriciləri də eyni, yəni hərəsinin uzunluğu 530, eni 12 metr olacaq.
Elə həmin gün Prezident “Zəfər” yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə də tanış oldu. İşğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara verilənədək körpü də hazır olacaq. Quruçay üzərindən salınan bu üçaşırımlı körpünün uzunluğu 86 metr təşkil edəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında da olublar. İşğaldan azad edilmiş ərazilərimizdəki digər su mənbələri kimi Köndələnçay su anbarı da artıq öz əlimizdədir. Məlum olduğu kimi, 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra bu su anbarından istifadə etməyimiz mümkün olmayıb. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən erməni vandalları əkin-biçinin suvarmaya ehtiyacı olduğu zaman suyun qarşısını kəsmiş, daşqınlarda və təsərrüfatlara su lazım olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaratmışlar. Bir sözlə, mənfur düşmən bizi sudan bəhrələnməkdən məhrum etmişdi. Sərsəng və Suqovuşan su anbarları işğalçının əlində olduğundan 100 min hektar torpaq susuz qalmışdı. Nəticədə bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərlə subartezian quyusunun qazılması zərurəti yaranmışdı. Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan istifadə edə bilmirdi. Vətən müharibəsindəki qələbəmizlə həmin sərvətlərimiz də özümüzə qayıtdı.
Köndələnçay su anbarında olarkən dövlət başçısı bu barədə demişdir: “Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanmışdır. Köndələnçay su anbarına mən bir müddət bundan əvvəl bir heyət göndərmişdim. Bu anbarın vəziyyəti araşdırıldı və həyat bu bölgəyə qayıdandan sonra əlbəttə ki, biz bu sudan istifadə edəcəyik... Mənə bu yaxınlarda verilən məlumata görə, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır. Eyni zamanda Ağdam rayonunda Xaçınçay su anbarı da bizim nəzarətimizdədir, işğaldan azad edilib və o su anbarı bu su anbarından həcm baxımından daha böyükdür. Bir daha demək istəyirəm ki, bizim bütün su ehtiyatlarımız araşdırılır, təhlil edilir və gələcəkdə bizə böyük üstünlük verəcəkdir”.
Xatırladaq ki, Köndələnçay su anbarı Ulu Öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdi. Onun istifadəyə verilməsinin əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi idi. Ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 6200 hektar sahəni suvarmağa imkan verirdi. Vətən müharibəsindən sonra Köndələnçay su anbarı nəzarətimizdədir və Prezident artıq onun gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verib.
Bəli, yeni salınan yollarla üzümüz Qarabağadır. Düşmən əlindən qurtulan su çeşmələrimiz də qaynayır. İşğaldan azad edilmiş bölgələrin işığı da getdikcə daha gur yanır. Burada qısa müddətdə artıq neçə elektrik yarımstansiyası istifadəyə verilib. İyunun 14-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak etdilər. Prezident yarımstansiyanı işə saldı.
110/35/10 kilovoltluq bu yarımstansiya dövlət başçısının işğaldan azad edilən ərazilərin ən az vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Bu enerji obyekti, o cümlədən yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub və komplektləşdirilib. İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşlar üçün hərtərəfli iş və istirahət şəraiti yaradılıb. Yarımstansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji”yə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub.
İşğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyası da genişləndirilərək yenidən qurulub. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb. Yenidən qurulan 110/35/10 kilovoltluq bu yarımstansiyanın da məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə açılışını Prezident İlham Əliyev etdi.
İşğaldan azad edilən digər rayonlarda tikiləcək yarımstansiyaların Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyasına İmişli yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq xətt çəkilib. “Şükürbəyli” yarımstansiyasından isə Şuşaya 75 kilometrlik ikidövrəli 110 kilovoltluq xətt çəkilib və bu xətt Füzuli şəhərində yeni tikilən 110 kilovoltluq yarımstansiya ilə əlaqələndirilib. Paralel olaraq hazırda “Şükürbəyli” yarımstansiyasından Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni tikilən yarımstansiyalara yüksək gərginlikli elektrik veriliş xətti çəkilir. Bu bölgələrin yurd həsrətliləri yeni tikilən ev-eşiklərinə işıqlı yollarla dönəcəklər.
Flora SADIQLI
Azərbaycan.-2021.-
19 iyun.- S.1;6.