Qurd ürəkli İBAD

 

 

Bu əhvalat düz yarım əsr əvvəl baş vermişdi...

Bozaran qış günəşi ağacların qara kölgələrini arxasınca sürüyərək uzaqlaşır, bu fürsətdən istifadə edən zülmətsə amansızca meşəyə hücum çəkirdi...

Küləyin qaldırdığı çovğunun vıyıltısı ilə səs-səsə verən yalquzaqlar ayı görmək ümidi ilə üzlərini göyə tutub ulayırdılar...

Şaxtalı, ayazlı bu zimistan gecəsində xocavəndli ovçu Mövsüm kişi bayaqdan bəri diz boyu olan qarı yara-yara irəliləyirdi. Neçə vaxt idi ki, kənd-kəsəyin qoyun-quzusuna dadanmış bir canavarın izini sürürdü və hiss edirdi ki, aradığı çox da uzaqda deyil...

 

 

 

Ana bətnində qurd ürəyi yedi...

 

 

 

Dar cığırla irəliləyərkən birdən sanki qeybdən qarşısında iki yanar alov peyda oldu... Bundan sonra isə bir-birinə meydan oxuyan iki cüt qəzəbli göz toqquşaraq şimşək kimi qaranlığa işıq saçdı. Həmin an hər ikisinə də əyan idi ki, yolun sonuna gəliblər. Bundan sonra daha cəsarətli, daha qətiyyətli olan bu ölüm-dirim savaşından qalib ayrılacaq...

Biri ovçu olacaq, digəri şikar...

Həmin qış gecəsinin səhəri ala-qaranlıqda duraraq mal-qaranı alaflayan Kifayət talvarın altına yığdıqları odunlardan qucağına yığaraq evə gətirdi. Artıq sönmək üzrə olan sobadakı közərən kösövləri maşa ilə irəli çəkib odunları onların üzərinə qoyaraq üfürdü ki alışsınlar...

Elə bu zaman həyətdə at kişnədi... Tanış səsi eşidən uşaqlar, Eyvaz, İlyas, Əbülfət sevinərək ovdan qayıdan atalarının qabağına qaçdılar...

Hay-küylə içəri girən Mövsüm kişi həmişəki kimi əlidolu gəlmişdi, amma budəfəki ovu bir az fərqli idi...

O, ov bıçağı ilə əlində tutduğu ət parçasını bir neçə yerə bölərək çırtaçırtla yanan sobanın üstünə qoyub bişirdi və uşaqlara verdi... Böyük bir tikəni isə Kifayətə uzadıb dedi ki, “bunu ye, ceyran ürəyidir”...

Mövsüm kişi verdiyi tikəni həyat yoldaşının tamamilə yediyinə əmin olduqdan sonra isə gülə-gülə, “Kifayət, biləsən ki, o ceyran yox, qurd ürəyi idi...”, söylədi...

Həmin zaman ailə növbəti övladının dünyaya gəlişini gözləyirdi, İbad anasının bətnində idi...

 

 

 

“Tülkü” ovu...

 

 

 

Həmin ovdan illər keçmişdi və 1993-cü ilin 12 iyunu idi...

İndi artıq ovçu Mövsümün qaraşın, itibaxışlı, hündürboylu, cüssəli “od-alov” gənc oğlu İbad özü peşəkar ovçu idi...

O da atası kimi, elinə-obasına qarşı haramzadalıq edən bir ovun izini sürmüşdü...

O da həmin ovla qarşı-qarşıya gəlmişdi, o da həmin ovdan qalib tərəf kimi ayrılmışdı...

Amma bu ov, illər əvvəlki ovdan iki məqama görə tamamilə fərqlənirdi...

Budəfəki ovun hədəfi qurd yox, tülkü idi...

Qorxaq tülkülərin isə ürəyi heç kimə lazım olmur...

Elə buna görə də 1993-cü ilin 12 iyununda həmin tülkü başını Qarabağda itirmişdi...

 

 

 

“İbadı ölümə də göndərsəm, sağ qayıdıb gələcək...”

 

 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan baş çavuşu, Azərbaycanın Milli Qəhrəmanı, “Azərbaycan bayrağı” ordenli İbad Mövsüm oğlu Hüseynovdur həmsöhbətimiz...

 

Cəsur qəhrəmanımızı hamımız tanıyırıq, igidlikləri haqqında çox eşitmişik... Həyatına həsr edilən “Əsgər”, “Kəşfiyyatçı” sənədli filmləri və “Qorxulu yuxuların qəhrəmanı”, “Xüsusi təyinatlı İbad”, “Xüsusi Təyinatlı İbad - 2” filmləri lentə alınıb. Ağcabədi və Abşeron ərazisindəki, eyni zamanda Türkiyənin Ankara şəhərində və Kırşəhər vilayətindəki küçələrə, Qaziantep şəhərində parka adı verilib.

 

Amma 44 günlük müharibədən sonra, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Qarabağı azad etdiyi və zəfər qüruru yaşadığımız bu günlərdə əfsanəvi qəhrəmanımız İbad Hüseynovla danışmaq, yaşadığı qələbə sevincini paylaşmaq da bir başqa tarixi andır...

 

Hər nə qədər qəhrəmanımız desə ki, həyatından, keçdiyi döyüş yolundan özü danışmağı sevmir, - lakin uşaq İbadı, gənc İbadı da hamıdan yaxşı elə İbad Hüseynovun özü tanıyır...

 

- Qarabağda, Xocavəndin Muğanlı kəndində zəhmətkeş bir ailədə doğulub böyümüşəm. 5 qardaş, 3 bacı olmuşuq. Atam Mövsüm ovçu idi, həm də Xocavənddəki dəyirmanı işlədirdi. “Qağam” (atamı belə çağırırdıq) çox mərhəmətli, elinə, obasına daim əl tutan biri idi... Uşaq idim, yadımdadır, dəyirmandan gələndə özü ilə gətirdiyi buğdanı, unu kəndin imkansız ailələrinə paylayardı, özü isə evə əliboş gələrdi...

 

Anam Kifayəti qəhrəman qadın adlandırardım. Hökmlü, qoçaq, qorxmaz qadın idi. Uşaq vaxtı qardaşlarıma da, mənə də hər zaman tapşırırdı ki, əgər kiməsə döyülüb gəlsəniz, sizi evə qoymayacam...

 

Onu da deyim ki, böyük uşaqlar idik, amma anam hələ də bizi laylay, zümzümə ilə yatızdırırdı...

 

İndi düşünürəm ki, elə anamın o laylaları, zümzümələri qəlbimizə hoparaq zərrə-zərrə ruhumuza vətənpərvərlik hissini aşılayırmış...

 

Bu yaşımda dönüb ötən illərə baxanda görürəm ki, çox qorxmaz bir uşaqlıq, gənclik keçirmişəm. 12-13 yaşımda gecə-gündüz demədən heyvanları qatırdım qabağıma, aparıb dağda otarırdım. Anam həmişə qağama deyirdi ki, “ay Mövsüm, qoyma bu uşağı gecə vaxtı getsin, dağda qurd-quş basıb yeyəcək...” Qağam isə deyirdi ki, “heç nə olmaz, o özü qurddur elə...”

 

Qağam hər zaman mənə güvənir, ürək rahatlığı ilə ən çətin işlərin arxasınca göndərirdi. Kiçik yaşlarımdan motosikletini verirdi ki, get filan yerə gəl. O həm də artezianların elektriklərinə nəzarət edirdi. Baxmayaraq ki, orada elektrik gərginliyi çox yüksək olurdu, mənə deyirdi ki, arteizan xarabdır, get onu düzəlt gəl. Mən də gedib düzəldib qayıdırdım. Tüfəngini də mənə verirdi, dağlara gedib dovşan, quş vururdum...

 

Bir dəfə qonşumuz Cəfər kişi bizə gəlmişdi. O mənim ipə-sapa yatmaz, qorxusuz uşaq olmağımla bağlı qağama nəsə dedi. O zaman qağam Cəfər əmiyə danışdı ki, mən anamın qoynunda olarkən, anama ceyran ürəyi adı ilə ovladığı qurdun ürəyini yedirib. Deyirdi ki, İbad qurd ürəyi yediyi üçün belə qorxmazdır.

 

Yadımdan heç zaman çıxmaz, bir də qağam hər zaman deyirdi ki, “bilirəm ki, İbadı ölümə də göndərsəm o, sağ qayıdacaq...”

 

 

 

Qanlı 20 Yanvar hadisələrinə etiraz

 

 

 

Beləcə, uşaqlıq, yeniyetməlik dövrü keçir, illər İbadı sürətlə ömrünün ən dəli-dolu çağlarına, gəncliyə yaxınlaşdırırdı...

 

Artıq İbadın doğma Xocavəndini, Muğanlısını tərk etmək, əsgərliyə yollanmaq zamanı çatmışdı və elə bu məqamdan sonrakı həyatında onu böyük sınaqların gözlədiyini bilmədən həvəslə hərbi xidmətə yola düşmüşdü.

 

1988-ci il, Qarabağda azərbaycanlıların ən çətin sınaqlarla üz-üzə qaldığı o məşum zaman idi...

 

- Sovet ordusunda qulluq etmək üçün Rusiyanın Amur şəhərində yerləşən hərbi hissəyə yola düşdüm. Ciddi rejimli piyada döyüş hərbi hissəsinə düşmüşdüm. Elə bil, məni hansısa fövqəlqüvvə yönəltmişdi ki, döyüş üçün xüsusi hazırlaşım. Əsgər yoldaşlarım təlimdən gəlirdi yorulurdu, mən yorulmazdım, yuxu nədir bilməzdim.

 

Hərbi hissədə müvəffəqiyyətləri göstərən lövhə var idi, orada bütün sahələr üzrə birinci yerdə idim. Qaçmaqda, turnikdə, atıcılıqda, qumbara atmaqda...

 

Hər şeydə birinci olmaq istəyirdim, bu mənim qanımda idi, uşaqlıqda da belə idim. Qırğız millətindən olan bir briqada komandirimiz var idi, polkovnik Esen Topoyev (sonradan o Qırğızıstanın müdafiə naziri oldu), həmişə məni sıranın qarşısına çıxarıb nümunə çəkərdi. Deyirdi, baxın, lap gecə saat 4-də də olsa görürəm ki, Hüseynov təlimdədir, məşq edir, qaçır, turnikdədir...

 

Yeniyetməliyimdən Bruse Leenin heyranı idim. Bruse Leenin ruhunda təlim keçirdim, çalışırdım onun kimi olum. Hərbi hissəmizdəki “Lenin otağı” məşq otağına çevirib divarlarına da Bruse Leenin və öz şəkillərimi vurmuşdum. Hətta Leninin heykəlini də yavaş-yavaş söküb atmışdım. Düzdür, buna görə hərbi hissənin rəhbərliyi mənə 7 “sutka” “qubbax” vermişdi...

 

1990-cı ilin 22 yanvarı idi. Dəhlizdəki televizora baxanda gözlərimə inana bilmədim, gördüm ki, Bakı qan içindədir, orada qırğın törədilib. Həmin vaxt törədilən dəhşətə etiraz olaraq qonşu hərbi hissələrdə də nə qədər azərbaycanlı əsgər var idisə, yığışaraq oturaq aksiyaya başladıq. Vətənə göndərilməyimizi tələb edirdik. Nə qədər etsələr də, aksiyamızı dayandırmadıq. Axırda bizi bölüb başqa şəhərlərdəki hərbi hissələrə göndərdilər. Yenə də etirazlarımı davam etdirdim, nə qədər məni döydülər, “qubbağa” saldılar... Böyük davalar düşdü...

 

O zaman Topoyev məni otağına çağırdı. O, vaxtilə Gəncədə hərbi xidmət keçmişdi və Azərbaycan dilində bir az bilirdi. Qarşısındakı düyməni göstərdi və dedi ki, mən bu düyməni basaram və səni 3 il həbs etdirərəm. Amma azərbaycanlısan deyə bunu etmirəm. Əlavə etdi ki, bizim iki yolumuz var. Ya səni öldürməliyik, ya da buraxmalıyıq. Daha sonra hökm və hirslə dedi ki, “get xidmət et...” Əsgərliyimin bitməsinə isə 4 ay qalmışdı. Elə həmin gecə iki zabit gəldi və məni “Zil” maşını ilə tanımadığım bir qəsəbəyə gətirdilər. O zaman düşündüm ki, məni öldürməyə aparırlar, amma onlar hərbi biletimi verdilər və dedilər ki, “get, bir də buralara qayıtma...”

 

 

 

Beş qardaş, beş döyüşçü...

 

 

 

Vətəndə isə İbadı daha ağır, çətin sınaqlar gözləyirdi...

 

Qarabağda qızğın döyüşlər gedirdi və Mövsüm kişinin oğlanlarının hamısı bu döyüşlərin ön cəbhəsində idi. Muğanlıda ailənin böyük oğlu Eyvaz Hüseynovun rəhbərliyi altında könüllü özünümüdafiə dəstələri yaradılmışdı. Ailənin digər oğulları İlyasla Əbülfət də o zaman yaşadıqları Ukraynadan Azərbaycana dönərək doğma yurd yerlərinin, bütövlükdə Vətən torpaqlarının müdafiəsinə qalxmışdılar.

 

İlyas döyüşçülərimizi şəxsi vəsaiti hesabına aldığı silah-sursatla təmin edirdi. 1992-ci ilin yanvar ayında Muğanlı kəndinin müdafiəsi üçün ilk rəsmi bölük yaradılmışdı və komandiri İlyas Hüseynov təyin edilmişdi. Kənddə yaradılan özünümüdafiə dəstəsinin yüksək döyüş ruhunda olması və fiziki cəhətdən yaxşı hazırlanması üçün idmançı Əbülfət Hüseynov gecə-gündüz səylə çalışırdı. Ailənin sonbeşik oğlu Füzuli isə hərbi xidmətə elə qardaşlarının yaratdığı özünümüdafiə dəstəsinin tərkibində başlamışdı...

 

Əsgərlikdən yenicə qayıdan İbad da hərbi formasını əynindən çıxarmağa macal tapmadan müharibənin od-alovu içinə düşmüşdü.

 

Döyüş yolu könüllü batalyondan başlayan İbad Hüseynov tezliklə kəşfiyyat bölüyünün komandiri kimi yaxın-uzaq ətrafa öz qəhrəmanlığı ilə səs saldı. Onun gətirdiyi əməliyyat məlumatları düşmən arxasında gerçəkləşdirdiyi əmrlər, göstərdiyi rəşadət artıq düşməni əməlli-başlı narahat etməyə başlamışdı. Hərbi sursat və texnika olmadığından İbad Hüseynov ermənilərin çox sayda silah və təchizatını ələ keçirərək dəstənin silahlanmasında böyük rol oynamışdı...

 

- 1992-ci ilin əvvəlləri idi. Muğanlıdan Xocavəndə hücuma keçmək istəyirdik, amma ora girə bilmirdik. Xocavənddəki, vaxtilə atamın işlətdiyi dəyirmanın hər iki çardağından bizə atəş açırdılar. Əmim oğlu Müşviqi də götürüb gizlincə dəyirmanın arxasına gəldim və əlimdəki qumbaranı içəri atdım. Dəyirman dağıldı, düşmənin atəş nöqtəsi susdu... O zaman kiçik bir dəstə ilə Xocavəndi yarıya kimi almışdıq...

 

 

 

Hədəf “ən böyük erməni vətənpərvər”i idi

 

 

 

İbadın kəşfiyyat zamanı və döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar bir yazıya sığmayacaq qədər saysız-hesabsızdır. Amma 1993-cü ilin iyun ayında İbad və kəşfiyyatçılarının öhdəsindən gəldikləri ən taleyüklü tapşırıq qəhrəmanlıq salnaməmizdə özünəməxsus yer tutub...

 

Hələ may ayından Ağdam DTX-nın rəisi İbada məlumat vermişdi ki, Ağdamdan Xocavənd bölgəsinə xaricdən gəlmə Avo adlı erməni keçib. Onu izləyin. İbadgil isə bu müddət ərzində sarı UAZ-da gəzən Avonun haradan gəlib, hara getdiyini diqqətlə izləyirdilər...

 

Amma o zaman İbadgil bilmirdi ki, düşmən birləşmələrinə rəhbərlik edən Xocavənd rayonundakı hərbi qarnizonun komandiri Avonun əsl adı Monte Melkonyandır.

 

ABŞ-da doğulan Monte professional terrorçu idi. O, terror təşkilatı ASALA-ya daxil olub, sonradan onun hərbi qanadını yaradıb. Dünyanın bir çox bölgələrində, o cümlədən Livanda, Yunanıstanda, İtaliyada törədilən terror aktlarında yaxından iştirak edib və terror hədəfinə çevirdiyi şəxslər sırasında türk mənşəlilər xüsusi yer alıb. 1985-ci ildə Parisdə həbs cəzasına məhkum olunub, lakin erməni lobbisinin və digər himayədarlarının təsiri ilə vaxtından əvvəl həbsdən azad olunaraq Cənubi Yəmənə göndərilib.

 

Daha sonra Qarabağ döyüşlərinə qatılan Melkonyanın əli günahsız azərbaycanlıların qanına bulaşıb. Qaradağlı faciəsinin əsas müəlliflərindən biri məhz Melkonyandır və bu zaman azərbaycanlılara amansız işgəncələrin verilməsində şəxsən iştirak edib. O, Xocalı soyqırımında da günahsız insanları ən ağlasığmaz vəhşiliklə qətlə yetirən ermənilər arasında olub. Ermənistanda mifikləşdirilən bu amansız qatili “ən böyük erməni vətənpərvər”i hesab edirdilər...

 

Və ləqəbi də “dağ tülküsü” idi...

 

Hətta plan var idi ki, Azərbaycanı Muğan bölgəsinə qədər işğal etdikdən sonra Melkonyan Prezident olsun...

 

 

 

“Dağ tülküsü”nün izində...

 

 

 

- İyun ayının 10-u idi. Ermənilər Ağcabədinin Qiyaməddinli kəndinə girmişdilər. Onların qarşısını almağa isə heç bir qüvvəmiz yox idi. Hərbi hissədə yığışan komandirlər mənə dedi ki, indi nəsə elə bir hadisə törətmək lazımdır ki, onların qarşısına çıxmaq üçün güc toplayaq...

 

Həmin gün kəşfiyyat qərargahına gələrək döyüşçülərimi sıraya düzdüm və ilk dəfə orada könüllü sözü işlətdim. Dedim ki, bu sonuncu gedişdir, ölümə kim getmək istəyir, qabağa çıxsın. 12 nəfər kəşfiyyatçım irəli çıxdı (onlardan ikisi şəhid olub, digərlərinin hamısı yaşayır...)

 

Həmin gecə səhərə qədər yatmadım, bütün gecəni əməliyyat planı cızdım...

 

Səhər saat 7-də yola düşdük. Çox çətin idi irəliləmək, minalı yolları, çayı keçmək lazım idi. Amma biz bunu bacardıq və təxminən 20 kilometr məsafədə ermənilərin ərazisinə girdik...

 

Doğulduğum Muğanlı kəndində idik. İyunun 11-i gözlədik, sakitlik idi, amma 12-si səhər saat 10-da Seyid çağırdığımız kəşfiyyatçım, əsl adı Cəsarət idi, qaçıb gəldi ki, sarı UAZ Xocavəndə gəlib dağın arasına girdi. Demə, onların qərargahı da elə burada imiş. 2 nəfər götürdüm, gizlincə dağın başına çıxdıq və oradan ermənilərin qərargahına baxdıq. Qərargahın ağzı döyüşçülər, tanklar, maşınlarla dolu idi. Həmin qərargahın yerini xəritəmə işlədim və qayıtdım uşaqların yanına. Biz gözləməyə başladıq. Bir müddətdən sonra sarı UAZ gəlib yanımızdan keçib getdi səngərlərinə.

 

Günorta saat 2 olardı, UAZ qayıdıb gələndə Xonaşen çayının içində qaldı, keçə bilmədi. Binoklla baxdım ki, maşından saqqallı, yekəpər bir erməni düşdü. O, arxasınca gələn 2 əsgəri qaytardı geri, (əl ilə işarəsindən təxmin etdim ki, UAZ-ı çıxarmalarını istəyirdi) özü isə kəndə tərəf gəlməyə başladı...

 

 

 

İbadın kəsdiyi cəza Ermənistanda matəmə çevrildi

 

 

 

Avonun hərəkət istiqamətini kəşfiyyatçı dəqiqliyi ilə hesablayan İbad öz oxuduğu doğma məktəbin qarşısında birdən-birə bu yekəpər erməninin qarşısını kəsir. Ani görüş Avonu çaşdırır və o heç cür inana bilmir ki, günün günorta çağı azərbaycanlı kəşfiyyatçı onun qarşısına haradan çıxdı...

 

Bu qəfil qarşılaşmada İbadın silahı hazır, düşmənə tuşlanmış, Avonun silahı isə əlində ağzıaşağı vəziyyətdə idi. Aralarında təxminən 25 metr məsafə olardı. Birdən Avo cəld avtomatını qaldırıb İbada tuşlayır, amma silahın qoruyucusunu endirmək istəyəndə özü atəşə məruz qalır. Birinci güllə qarnından dəyir, o fırlanıb qoruyucunu endirir və çevrilib İbadı vurmaq istəyəndə böyründən daha bir güllə dəyir və ağzı üstə yerə yıxılır, silahı isə özündən xeyli irəli düşür. İki güllə dəysə də, Avo pişik cəldliyi ilə silahın dalınca cumur, amma qaçaraq ona çatan İbadın sifətinə vurduğu qüvvətli təpik zərbəsi ilə arxası üstə düşür və bir daha ayağa qalxa bilmir...

 

Dərhal tülkü xislətinə bürünərək təmiz türk ləhcəsi ilə yalvarmağa, İbada vədlər verməyə başlayır... Deyir, sənin üçün başqa dövlətlər vasitəsilə nə istəsən “yapacam”, burax məni...

 

Aradan bir müddət keçəndən sonra isə bütün Xocavəndi “Avo”, “Avo” deyə bağıra-bağıra gəzən ermənilərin təşvişli hay-küyü bürüyür...

 

Hələ bilmirdilər ki, əlləri günahsız azərbaycanlıların qanına batan “qəhrəman”larının indi öz başsız cəsədi qanlar içində, başı isə 22 yaşlı cəngavərimiz İbadın ayağı altındadır...

 

Bütün Ermənistan qəhrəman saydığı terrorçunun xatirəsinə 3 gün rəsmi matəm saxladı, mənfur lobbi isə bütün dünya boyu ermənilər üçün bir ay yas elan etdi...

 

 

 

Hospitalda üç aydan sonra ayıldım...

 

 

 

- Avonun başını, qolunu, sənədlərini, vəsiqəsini götürdüm...

 

Amma mənim ələ keçirdiyim əsas qiymətli məlumat ermənilərin qərargahları haqqında plan idi. Biz buna əsasən o yeri vurduq və dağıtdıq, demək olar ki, onunla da müharibənin gedişi dəyişdi...

 

Xocavəndin bir hissəsi bizdədir, bax ora bizim şücaətimiz sayəsində bizdə qalıb. Ermənilər tərəfdə kəşfiyyatda olan zaman özümüz tərəfə baxdım və onlara yaxın bir yerdə səngər yaratmaq üçün münasib yüksəklik olduğunu gördüm. O zaman bizim səngərlər, erməni səngərlərindən  kilometrlərlə arxada idi. Hər biri cəngavər, döyüş ruhlu 36 kəşfiyyatçım var idi. Biz gecə ilə gəldik və ermənilərin 300 metrliyində səngərləri qazdıq. Səhər saat 6-da ermənilər durub gördü ki, düz qarşılarında səngər qazıb durmuşuq. Bütün qüvvələrini bura yığdılar. Cəmi 4 qumbaraatanımız, 14 mərmimiz var idi.

 

Onların 7 tankı gəldi yığıldı, nə qədər atdılar, gördülər ki, cavab vermirik. Çaşdılar, elə bildilər ki, bu nə isə taktikadır. Ratsiya ilə hərbi hissəmizin komandiri Barat Quliyevi (rəhmətə gedib) yığdım. Dedim ki, mən filan yerlərdə səngəri qoyub dayanmışam. O dedi ki, nə danışırsan, orada dayanmaq olmaz... Çox dəli-dolu idim...

 

Hirsləndim, sürücüyə dedim ki, maşını işə sal, gedib onlara sübut edim ki, səngər burada olmalıdır, orada yox...

 

Köhnə UAZ idi, qapısı bağlanmırdı deyə ağacla bağlayırdıq. Maşın sürətlə yola düşəndə ağac sındı, sürücü dedi ki, qoy saxlayım düş, qapını düzəldərik sonra gedərik. Razı olmadım. Qapını qolumla tutdum və elə belə də yuxulamışam...

 

Bir də üç ay sonra ayıldım ki, hospitaldayam... Maşın minaya düşmüşdü...

 

Amma hazırda da Azərbaycan əsgəri o zaman qazdırdığımız səngərlərdə durur...

 

 

 

Bugünkü qələbəmiz Ulu Öndərin qoyduğu sağlam bünövrənin üzərində ucalıb

 

 

 

- Müharibə bitəndən sonra da dayanmadım, hər zaman təbliğat apardım, gəncliyimizin vətənpərvər, döyüş ruhunda yetişməsinə çalışdım. Danışıqlarımda ancaq qəhrəmanlıq, döyüş əzmi, gücü oldu. Deyirdim ki, biz hər zaman ermənilərdən güclü olmuşuq. O zaman torpaqlarımız siyasətə qurban getdi.

 

Bizim əsas gücümüz Gəncədə, Lənkəranda, Bakıda idi. Erməni ilə döyüşən qüvvələr çox az, xırda-xırda qüvvələr idi. Azərbaycanın adı var idi, dövlət yox idi. Ordu yox, silah yox, geyim yox, yemək yox...

 

Yiyəsiz qüvvələr qalıb döyüşürdük, bir komandanlıq altında döyüş getsəydi, erməni heç zaman bizim torpaqlarımızı ala bilməzdi. Hər zaman deyirəm, Ulu Öndər Heydər Əliyev o zaman hakimiyyətə gəlməsə idi, bugünki Azərbaycan mövcud deyildi! Həm çölümüzdə, həm də içimizdə qırğın idi. Heydər Əliyev müharibəni dayandırdı, dövləti qurdu, ordunu formalaşdırdı.

 

Ulu Öndər hər zaman deyirdi ki, biz Qarabağa qayıdacağıq. Bax, bugünkü qələbəmiz Ulu Öndərin qoyduğu sağlam bünövrənin üzərində ucalıb. Bilirəm ki, qələbəni qazandıran rəhbərdir. 44 günlük müharibədə də Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, düzgün siyasəti bizə qələbə qazandırdı. Ali Baş Komandan min ölçdü, bir biçdi, “İrəli” əmrini verdi. Vətənpərvər oğullarımızın canı, qanı bahasına Qarabağ azadlığına qovuşdu.

 

 

 

Heydər Əliyevin məktubu

 

 

 

Müharibə Mövsüm kişinin oğlanlarının, Eyvazın, İlyasın, Əbülfətin, İbadın, Füzulinin həyatında dərin yaralar açdı. Kənddən çıxmış uşaqlar, birdən-birə böyüyüb savaşın içinə düşdülər. 5 igid qardaşın hər birinin ayrı-ayrı qəhrəmanlıqları, yüksək səviyyədə döyüş yolu oldu, hamısı döyüşdə yaralandı.

 

Batalyon komandiri olan qəhrəman İlyas Hüseynov isə müharibə zamanı aldığı yara səbəbindən şəhid olub. Amma bu gün cəsur komandirin ruhu şaddır. Onun həyat və mübarizə yolunun layiqli davamçısı, qızı Nigar Mövsümlü də əmiləri və atası kimi vətənpərvər və Azərbaycanın işıqlı gənclərindəndir. Nigar Mövsümlü ABŞ-ın Harvard Universitetinin fəxarətli magistridir.

 

İbad Hüseynov fikrə dalır: “Anam İlyasın dərdinə dözə bilmədi, o qədər sinəsinə döydü ki, qaraciyəri partladı. Qardaşımın 40-ı çıxmamış 62 yaşlı anamı da itirdik. Qağam da 65 yaşında vəfat etdi. Asan deyildi, 5 oğul göndərmişdilər döyüşə, hər anları narahat, səksəkəli idi. Atam da, anam da elə bizim dərdimizi çəkə-çəkə bu dünyayla vidalaşdılar...”

 

Amma bu ağır, çətin zamanlar içərisində İbad Hüseynovun əlamətdar, qürurverici anları da çox olmuşdu. Həmin yaddançıxmaz günlərdən biri isə 1999-cu ilin 13 noyabrında yaşanmışdı.

 

Toy günündə Şəhidlər xiyabanını ziyarət edən İbada zəng gəlmişdi... Danışan Ulu Öndər Heydər Əliyev idi! İbadı ailə həyatı qurması münasibətilə təbrik edir, onun igidliyini yüksək qiymətləndirir və qəhrəmanların qəhrəmanı adlandırırdı. Ulu Öndər qəhrəman döyüşçüyə toyu münasibətilə dəyərli hədiyyələr göndərmiş, şəxsi imzası ilə məktub da ünvanlamışdı...

 

“Hörmətli İbad Hüseynov! Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyin igidlik və şücaətə görə mən öz fərmanımla səni “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişəm. Sənin kimi şanlı döyüş yolu keçmiş bir gəncin ailə qurmasına, əlbəttə, sevinirəm. Sevib-seçdiyin gözəl azərbaycanlı qızı ilə birlikdə səni ürəkdən təbrik edir, sizə xoşbəxt həyat, ailə səadəti arzulayıram. Bu şad gününüzdə hər ikinizin valideynlərinə, qohum-əqrəbalarına gözaydınlığı verir, onları səmimi-qəlbdən təbrik edirəm. Arzu edirəm ki, gənclərimizin belə xoş günləri çox, qəm-qüssələri az olsun.

 

Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti”.

 

 

 

Bütün döyüşlərin qalibi

 

 

 

Müharibədə sanki İlahi qüvvə qoruyurdu İbadı. Heç zaman erməninin qarşısında gizlənmir, həmişə ayaq üstdə döyüşürdü. Ona güllə dəyəndə də yıxılmayıb, dik durmuşdu düşmən qarşısında. Qəhrəman döyüşçü deyir ki, döyüşlərdə məndən 10-12 metr arxada gələn çox əsgərlərimiz şəhid oldu, amma mən sağ qaldım, elə bil güllə məndən qaçırdı...

 

- Həyatda insan üçün qələbədən böyük qürur, fərəh yoxdur. Mən də xoşbəxt insanam ki, heç zaman uduzmamışam, nə əlbəyaxa döyüşlərdə, nə də müharibədə.

 

Bütün həyatım başdan-başa qələbə olub. Qarabağı azad etdiyimiz 44 günlük müharibədə də günüm ordunun içində keçib, bütün bölgələri gəzmişəm... Şanlı ordumuzun qələbələri ilə qürurlanmışam...

 

Yenə illər əvvəldəyik, yenə Mövsüm kişi ovdan qayıdır, yenə Kifayət ana övladlarına laylay çalır...

 

Budur, Xocavənddə, Muğanlıdakı evlərinin doqqazında dayanan Mövsüm kişi ilə Kifayət ana 5 igid oğulu - Eyvazı, İlyası, Əbülfəti, İbadı, Füzulini döyüşə yola salır...

 

Oğullar döyüşür, oğullar vuruşur, müharibənin odu-alovu içində addımlayır, hücuma keçir, savaşır, yaralanır, ölümlə burun-buruna gəlir, şəhid olurlar, amma nəhayətində bütün döyüşlərdə namərd düşməni şikara çevirirlər...

 

Bütün döyüşlərin qalibi olurlar...

 

İbad kimi...

 

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 19 iyun.- S.1;8.