Azərbaycan Respublikası Təhsil
Nazirliyinin tabeliyində Təhsil Tələbə
Krediti Fondunun yaradılması və fəaliyyətinin
təmin edilməsi ilə bağlı bir
sıra tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, əhalinin aztəminatlı
təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını
təmin etmək, təhsil
almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikası
Təhsil Nazirliyinin tabeliyində “Təhsil Tələbə Krediti Fondu” (bundan sonra - Fond) yaradılsın.
2. “Təhsil Tələbə
Krediti Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. Fond təhsil tələbə
kreditlərinin verilməsini
təşkil edən qeyri-kommersiya hüquqi şəxsidir;
3.2. təhsil tələbə
kreditinin məbləğinin
yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda
nəzərdə tutulmuş
ayrı-ayrı ixtisaslar
üzrə ödənişli
əsaslarla
təhsilalana düşən
illik təhsil haqlarının məbləğindən
çox olmamalıdır;
3.3. Fondun fəaliyyətinə
ümumi rəhbərliyi
və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət
göstərən 7 (yeddi)
üzvdən ibarət
Himayəçilik Şurası
yaradılır;
3.4. Fondun fəaliyyətinə
cari rəhbərliyi 3 (üç) üzvdən
- sədr və onun iki
müavinindən ibarət
İdarə Heyəti
həyata keçirir;
3.5. Fondun fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət
büdcəsinin vəsaiti
və qanunla qadağan olunmayan digər mənbələr
hesabına maliyyələşdirilir.
4. Fondda təsisçinin səlahiyyətlərinin həyata
keçirilməsi aşağıdakılara
həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının
Prezidentinə:
4.1.1. Fondun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının
miqdarının müəyyən
edilməsi, onların
dəyişdirilməsi;
4.1.2. Fondun idarəetmə orqanlarının yaradılması;
4.1.3. Fondun yenidən təşkili və ləğvi barədə qərar qəbul edilməsi;
4.2. Azərbaycan Respublikasının
Təhsil Nazirliyinə:
4.2.1. bu Fərmanın
4.1-ci bəndi nəzərə
alınmaqla, Azərbaycan
Respublikasının Mülki
Məcəlləsi ilə
hüquqi şəxsin
təsisçisinin səlahiyyətlərinə
aid edilmiş digər
məsələlərin həlli.
5. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikasının
2021-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş
vəsait hesabına Fondun ilkin nizamnamə
kapitalının formalaşdırılmasını
təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
5.2. Fondun vəsaiti hesabına təhsil tələbə kreditlərinin
verilməsi qaydasını
bir ay müddətində
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
5.3. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
6. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə olunsun ki, Fondun vəsaiti hesabına verilmiş kreditlər üzrə müvəkkil kredit təşkilatlarının aktivlərinin risk qrupunu müəyyən etsin.
7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
7.1. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” altsisteminin yaradılmasını təmin etsin;
7.2. Fondun dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, habelə ali, orta ixtisas və peşə təhsili müəssisələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının Elektron Hökumət İnformasiya Sistemi üzərindən cavablandırılmasını təmin etmək üçün bir ay müddətində zəruri tədbirlər görsünlər.
9. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, bu Fərmanın 8-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını iki ay müddətində təmin etsin.
10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Nizamnamənin 4.1-ci bəndində nəzərdə tutulmuş maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
17 iyun 2021-ci il
Azərbaycan.-2021.- 19 iyun.- S.6.