Gələcək nəsillərə
yol göstərən bəyannamə
Bu tarixi sənədi iki qardaş ölkənin liderləri Şuşada imzaladılar
Böyük tarixi günlərin şahidiyik. 28 il əvvəl Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdaraq dövlətimizi zamanın ağır təlatümlərindən xilas etdiyi 15 İyun ikiqat əlamətdarlıq qazandı. Həmin gün iki qardaş ölkənin dövlət rəhbərləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Şuşada Müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imza atdılar. Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 İyun bundan sonra bizim üçün həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi əlamətdardır.
Həmin günün əhəmiyyəti bir də ondadır ki, ilk dəfə Azərbaycan qardaş ölkənin dövlət rəhbərini azad Qarabağda qarşılayırdı. Yüksək səviyyədə rəsmi qarşılanma mərasimi təşkil olunmuşdu. Şuşa Bəyannaməsinin imzalanması ilə bağlı tədbirin hər anı isə böyük bir tarix idi və mühüm rəmzi məna daşıyırdı. Bəyannamənin imzalandığı məkan da təsadüfi seçilməmişdi. Dövlət rəhbərlərinin əyləşdiyi yerin arxa fonunda Şuşanın simvollarından olan Xurşidbanu Natəvanın dağıdılmış evi görünürdü. Şuşanın sonuncu xanı Mehdiqulu xanın qızının imarəti bir vaxtlar bu gözəl məkanın abadlıqla, inkişafla, xeyirxah əməllərlə döyünən ürəyi idi. Bu binada vaxtilə Azərbaycanda yaradılmış ilk uşaq musiqi məktəbi - Şuşa Musiqi Məktəbi fəaliyyət göstərirdi. İndi isə erməni vəhşiliyinin nümunəsi kimi bütün dünyaya təcavüzkarın vandal xislətini nümayiş etdirirdi.
Bölgə üçün mühüm tarixi əhəmiyyət daşıyan bəyannamənin imzalandığı o anlarda demək olar ki, bütün dünyanın nəzərləri Şuşada ikən bu fon erməni hərbi-siyasi rəhbərliyinin işğal altında saxladığı əraziləri 30 il ərzində necə xarabalığa çevirdiyini bir daha göstərdi. Azərbaycan və Türkiyə prezidentləri erməni vandalizmi və vəhşiliyinin sarsıdıcı sübutlarından olan Füzuli şəhərinin xarabalığı önündə də fotolar çəkdirmiş və bu şəkil dünya mediasında geniş yayılmışdı. Beləliklə, bütün dünyaya bir daha sübut edildi ki, ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə ələ keçirdikləri bu torpaqlarda illərlə ancaq dağıtmaqla məşğul olublar. Əllərinə keçəni, gözlərinə görünəni uçurub, dağıdıb, satıb-sovublar. Bu da onu göstərir ki, ermənilər işğal dövründə Azərbaycan torpaqlarında müvəqqəti olduqlarını və günlərin birində bu yurdun əsl sahibləri tərəfindən qovulacaqlarını yaxşı biliblər. Ona görə də əllərində imkan varkən vandallıq etməyə çalışıblar. Bu, ilk növbədə təbiətə, əsrlərdən gələn milli-mədəni dəyərlərimizə, tarixi abidələrimizə qarşı terror aktı idi.
Nəsillər üçün bələdçi
Şuşa Bəyannaməsinin imzalanma mərasimində bir daha şahid olduq ki, hərbi əməliyyatları uğurla başa çatdıran, dəmir yumruqla düşmən başını əzən, işğalçı ölkənin ordusunu sıradan çıxaran Azərbaycan dövləti bu dəfə döyüşləri eyni qalibiyyətlə diplomatik meydanda davam etdirir. Şanlı qələbəmizi daha da möhkəmləndirir. Havadarlarının dəstəyi ilə əsrlərlə başımızın bəlasına çevrilmiş ermənilərin bir daha bizim torpaqlara baxmağa belə cəsarət etməməsi üçün dövlətimiz tarixi-siyasi, diplomatik zəmin hazırlayır.
Azərbaycan Prezidenti İlham Əliyev cənab Rəcəb Tayyib Ərdoğanın Qarabağa bu səfərinin, imzalanan bəyanatın mühüm tarixi əhəmiyyət daşıdığını xüsusi vurğuladı və dedi: “Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.
Azərbaycan və Türkiyə arasındakı münasibətləri yeni mərhələyə yüksəldən bu bəyannamə böyük tarixi təmələ əsaslanır. Burada Türkiyə və Azərbaycanın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. Bu kəlamları Prezident İlham Əliyev də öz bəyanatında bir daha xatırlatdı: “XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
Yeni reallıqlara yol açan əməkdaşlıq
Azərbaycan Prezidenti Şuşa Bəyannaməsində əks olunan məsələlər sırasında iki məqama xüsusi diqqət yönəltdi. Bunlardan birincisi, müdafiə sahəsində əməkdaşlıq, işbirliyidir. Sənəddə müdafiə sənayesi və qarşılıqlı hərbi yardım məsələləri geniş şəkildə öz əksini tapır. Cənab İlham Əliyev bunu tarixi nailiyyət adlandırdı: “Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”.
Azərbaycan Prezidentinin xüsusilə nəzərə çatdırdığı digər məqam isə nəqliyyat məsələsi ilə bağlı oldu. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır” dedi dövlət rəhbərimiz.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da müasir dünya siyasətinin əsas istiqamətlərini müəyyən edən və Azərbaycana da NATO sammitində keçirilən önəmli görüşlərdən birbaşa gələn aparıcı lider kimi Şuşadan beynəlxalq ictimaiyyətə çox əhəmiyyətli mesajlar verdi. Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət etdi. Vurğuladı ki, atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycan bu əməkdaşlıq imkanlarından hər kəsin faydalanmasını istəyir: “Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Altılıq platforması” haqqında danışaraq qeyd etdi ki, regionda yeni əməkdaşlıq formatı kimi nəzərdə tutulan bu platformada Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. “Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun”. Türkiyənin dövlət başçısı bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsi nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə çağırdı. “Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq”.
Hər kəsə mühüm xəbərdarlıq
Şuşa Bəyannaməsinin ən vacib müddəalarından biri hərbi sahədə əməkdaşlıq və müttəfiqlik məsələləri xüsusundadır. Bəyannamədə yazılır: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Bu müddəa hazırda Ermənistanda revanşist şüarlarla hakimiyyətə gəlib öz xalqını yenidən fəlakətlərə sürükləmək istəyən naşı və quldur qüvvələrdən tutmuş onların himayədarlarına qədər hər kəsə mühüm xəbərdarlıqdır. Hazırda dünyanın ən güclü ordularından birinə sahib olan Türkiyə Şuşa Bəyannaməsi ilə açıq şəkildə bildirir ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi təqdirində ordusu ilə ölkəmizin yanında yer alacaq. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidirlər ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylər göstərəcək. Müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlər həyata keçirəcək. İki ölkənin silahlı qüvvələrinin fəaliyyət qabiliyyətini birlikdə artıracaq. Müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlıq ediləcək. Bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyəti təmin olunacaq. Hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinə dair razılığın əldə olunması da prinsipial məqamlardandır.
Zəngəzur dəhlizi
İqtisadi-nəqliyyat məsələləri də bəyannamənin məzmununda xüsusi yer tutur. Sənəddə qədim türk torpağı olan Zəngəzur dəhlizinin adının hallandırılması tarixi gerçəkliyi və böyük milli strateji hədəfləri göstərir. “Zəngəzur dəhlizi” ifadəsinin Şuşa Bəyannaməsinə daxil edilməsi mühüm strateji məna daşıyır. Yada salaq ki, Azərbaycan Prezidenti bu ilin 6 martında buna qədər cəmiyyətdə daha çox “Naxçıvan dəhlizi” kimi sözü gedən, Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyasını “Zəngəzur dəhlizi” elan etdi. May ayında Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunu qəbul edərkən də bu kommunikasiya xəttinin beynəlxalq müstəvidə “Zəngəzur dəhlizi” kimi təsbit edildiyini açıqladı. Şuşa Bəyannaməsində isə Zəngəzur dəhlizi ifadəsi ilk dəfə rəsmi sənəddə öz əksini tapmış oldu. Bu, Zəngəzura qayıdış strategiyasında çox əhəmiyyətli məqam sayılmalıdır. Çünki bununla “Zəngəzur dəhlizi” ifadəsi geosiyasi leksikona daxil edilir. Zəngəzurun Azərbaycanın tarixi torpağı olması faktı beynəlxalq müstəvidə aktuallaşır. Geosiyasi leksikonda “Zəngəzur dəhlizi” ifadəsinin səslənməsi Zəngəzurun, həm də onun tarixinin dünyanın gündəmində qalmasına imkan yaradır. Azərbaycan bu yolla tarixi torpaqlarımız olan Zəngəzura qayıdışımızı da beynəlxalq müstəvidə legitimləşdirmək imkanı qazanır.
Məsələni şərh edən siyasi ekspertlərin də qiymətləndirdiyi kimi, Zəngəzur dəhlizinin açılması ermənilərin əsrlərdir bölgədə apardıqları anti-Turan təbliğatına mühüm zərbədir.
Bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, “Cənub qaz dəhlizi”nin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı məsələləri də öz əksini tapıb. Eyni zamanda “Zəngəzur dəhlizi”nin açılmasının davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası da nəzərdə tutulur. Bəyannamənin imzalanması ilə Azərbaycan və Türkiyə həm də bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, malların sərbəst hərəkətinin təşkilinə nail olacaqlar.
Yada salaq ki, bir müddət əvvəl həm də Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında razılaşma əldə edilib. Şuşa Bəyannaməsindən sonra iki ölkə arasında turizm, ticarət əlaqələri sahəsində də yeni bir səhifə açılacaq. Bir millət, iki dövlət arasındakı sərhədlər formal xüsusiyyət daşımağa başlayacaq.
İmkanları nailiyyətlərə çevirən Lider
Şuşa Bəyannaməsinin ən əsas məqamlarından biri isə burada Qars müqaviləsinə istinad edilməsidir. Bakı və Ankara bununla 100 illik müqaviləni yeniləmiş oldu. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Günü - 15 İyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi xüsusi simvolik məna daşıyır. Bu məqama Azərbaycan Prezidenti
İlham Əlyev də toxundu: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir”.
***
Tarixə nəzər salsaq yenə də Qafqazlarda 100 il əvvəlkinə bənzər proseslərin getdiyini görərik. Dünyanın böyük dövlətləri bir əsr əvvəldə olduğu kimi, yenə də bölgəni öz nüfuz dairəsinə salmağa çalışır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və milli maraqlarına uyğun cərəyan edir. Zəmanəsinin ən parlaq liderlərindən olan Prezident İlham Əliyev isə hər kiçik fürsəti Azərbaycan üçün böyük nailiyyətə çevirməyi bacarır və bununla özü də Vətənin tarixində əbədiləşir.
İradə
ƏLİYEVA
Azərbaycan.-2021.- 20 iyun.- S.1;3.