Azərbaycan Prezidentinin növbəti diplomatik uğuru
Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə
97 min minanı özündə
əks etdirən xəritələri Azərbaycana
təqdim etdi
İkinci Qarabağ müharibəsində
tarixi Qələbəyə
imza atan Azərbaycan Ordusu torpaqlarımızı işğaldan
azad etmək üçün başlatdığı
əks-hücum əməliyyatlarını
çox çətin
şəraitlərdə həyata
keçirməli olmuşdu.
Çünki Ermənistan 30 ilə yaxın müddətdə
cəbhə xəttində
neçə mərhələdən
ibarət gücləndirilmiş
müdafiə istehkamları
yaratmışdı. Lakin onların
heç biri Azərbaycan Ordusunun hücumlarını əngəlləyə
bilmədi və döyüşən bölmələrimiz
ilk saatlardan düşmənin
ön cəbhə xəttindəki bütün
səngərlərini ələ
keçirmişdilər.
İşğaldan azad olunmuş ərazilərdə mina partlaması
nəticəsində 27 nəfər
həlak olub
Düşmənin müdafiə səddinin
əsas təhlükəli
hissələrindən biri
də piyada və tank əleyhinə
mina sahələri idi. Ermənistan tərəfi işğal
dövründə cəbhə
xəttində xeyli ərazini minalamışdı.
Amma bununla kifayətlənməmişdi.
Günlərin birində Azərbaycanın
öz ərazilərini
azad edəcəyini dərk edən işğalçılar 30 illik
işğal müddətində
bütün Qarabağda,
Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
ərazilərində məqsədli
şəkildə minalar
yerləşdirmişdilər.
Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geriyəçəkilmə mərhələsində də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər daha çox ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün məqsədli şəkildə həmin ərazilərdə kütləvi şəkildə minalar yerləşdirib. Bunun nəticəsidir ki, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan və Ermənistan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bəri işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində 27 nəfər həlak olub, 100-dən artıq vətəndaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son olaraq bu il iyun ayının 4-də xidməti vəzifələrinin icrası ilə əlaqədar Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin olduğu sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi Ermənistanın terror dövləti olduğunu bütün dünyaya nümayiş etdirdi. Ermənistanın bu davranışı bir daha onun bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq üçün ciddi bir maneə olaraq qalmaqda davam etdiyini göstərdi.
Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşüb. Ərazilərin kütləvi minalanması Azərbaycan hökumətinin başlatdığı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur. Ən əsası isə bu, yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq kimi hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir.
Ermənistan xəritələri verməyə məcbur edilib
Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan son günlərədək bundan imtina edib. Lakin aparılan məqsədyönlü fəaliyyət öz bəhrəsini verib və əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təqdim edib.
Mina xəritələrinin Azərbaycana verilməsi, ilk növbədə, onu göstərdi ki, Prezident İlham Əliyevin Ermənistanı buna məcbur etmək üçün yürütdüyü prinsipial və məqsədyönlü siyasət öz uğurlu nəticəsini verməkdədir.
Bu baxımdan Ermənistanın mina xəritələrini Azərbaycan tərəfinə təqdim etməsi, ilk növbədə, Prezident İlham Əliyevin qətiyyətli iradəsinin nəticəsi, ölkəmizin diplomatik uğurudur. Eyni zamanda minalanmış ərazilərin xəritəsinin alınması 30 il işğal altında saxlanılan Qarabağın azad olunması ilə nəticələnmiş Zəfərdən sonra Azərbaycan Prezidentinin növbəti qələbəsidir.
Ermənistanın Ağdam üzrə mina xəritəsini təqdim etməsi həm də ondan xəbər verdi ki, Azərbaycanın bununla bağlı dünyaya çağırışları və mina xəritələrinin mövcudluğu ilə bağlı iddiaları əbəs deyilmiş. Əgər Ağdam üzrə xəritə varsa, deməli, digər istiqamətlərdə də minalanmış ərazilərin xəritələri mövcuddur. Qeyd edək ki, indiyə qədər Ermənistan minalanmış ərazilərin qeydiyyatının aparılmadığını iddia edirdi. Amma bununla Ermənistanın mina xəritələrinin olmaması ilə bağlı iddialarına birdəfəlik son qoyuldu.
Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək. Bu hadisə Prezident İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini daha da sürətləndirəcək.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2021.- 20 iyun.- S.1;4.