BİR XALLIQ TUR

 

 

D qrupu

 

 

 

İngiltərə - Şotlandiya - 0:0

 

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

 

London. “Uemblistadionu

 

 

 

“Avro-2020”nin ev sahibərindən biri olan İngiltərə yığması doğma arenada Şotlandiya yığmasını qəbul etdi.

 

Matça sürətli başlayan ingilislər daha çox cinahlardan hücumların qurulmasına üstünlük verdilər. Belə ki, müdafiənin mərkəzində daha sayıq görünən şotlandlar cinahlarda heç uğurlu deyildilər.

 

Çünki sağ ya sol cinah müdafiəçiləri hücuma qoşularkən itirilən toplardan sonra geriyə qayıtmada ciddi problem yaşayırdılar. Nəticədə hücumda çoxalarkən, müdafiə olunmaqda say baxımından geri qalan Şotlandiya matçın ilk dəqiqələrində qapısı qarşısında təhlükəli epizodlar yaşadı.

 

Bütün bunlara baxmayaraq, İngiltərə millisinin nümayiş etdirdiyi futbol azarkeşlərin ürəyincə olmadı. Adətən sürətli, davamlı pressinq tətbiq edərək rəqibinin müdafiədən oyun qurmasına imkan verməyən İngiltərə millisindən sanki əsər-əlamət yox idi. Qarşılaşmanın ilk dəqiqəsindən çox maraqsız keçən matçın yekununda qapılara top vurulmadı.

 

Qeyd edək ki, İngiltərə yığması Avropa çempionatına seçmə mərhələnin A qrupunun lideri kimi yollanıb. Britaniyalılar Çexiya, Kosovo, Bolqarıstan və Monteneqro ilə mübarizədə 8 oyunun 7-də qalib gəlib, 1 matçda məğlub olub. Komanda yeganə məğlubiyyətini səfərdə Çexiya ilə oyunda alıb. Beləliklə, 8 matçda 21 xal toplayan ingilislər qrup lideri olub. Komanda ən yaxın izləyicisi Çexiyanı 6 xal qabaqlayıb.

 

İngiltərə həmçinin seçmə mərhələnin ən məhsuldar komandalarından idi. 37 qol vuran yığma qapısında 6 top görmüşdü. İngilislərin ən məhsuldar oyunçusu 12 qolla Harri Keyn olub. O, ümumən seçmə mərhələnin bombardiri adını qazanıb.

 

İngiltərə “Avro-2020”nin ev sahiblərindəndi. Sayca 10-cu dəfə Avropa çempionatında yarışan futbolun yaradıcıları indiyə qədər qitə birincisi olmağı bacarmayıb. Yığma iki dəfə yarımfinala qədər irəliləyə bilib. Bunlar ötən əsrdə - 1968-ci və 1996-cı illərin çempionatlarında baş verib. Yığma 2016-cı ildə dörddəbir finalda mübarizəni dayandırıb.

 

***

 

D qrupunun digər matçında isə XorvatiyaÇexiya yığmaları üz-üzə gəldilər. Düzdür, ilk hissədə mübarizə meydançanın daha çox mərkəzində getsə də, çexlərin qurduqları hücumlar daha kəsərli idi. Oyunun əvvəlindən üstünlüyü ələ keçirən Çexiya yığması meydançanın rəqibə aid hissəsində pressinq tətbiq edərək xorvatların oyun qurmasına mane olurdu. Xorvatiya bundan əvvəlki turnirlərə nisbətən zəif çıxışı ilə hər kəsi təəccübləndirməkdədir. Komanda bu matçda da yaranan əks hücumlarda müdafiənin arxasına atılan toplarla qol epizodu yaratmağa çalışırdı.

Nəhayət, Çexiya millisinin ardıcıl qurduğu hücumlar öz nəticəsini verdi. 37-ci dəqiqədə Patrik Şik penaltidən vurduğu qolla görüşdə hesabı açdı. Qoldan sonra tədricən ötürmələrə üstünlük verən xorvatlar 48-ci dəqiqədə Perişiçin vurduğu qolla hesabda tarazlığı bərpa etdilər. Bundan sonra hər iki komandanın qol vurmaq üçün şansları olsa da, onlardan yararlana bilmədilər.

Qeyd edək ki, Xorvatiya yığması Avropa çempionatına seçmə mərhələnin E qrupunun lideri kimi yollanıb. Seçmə mərhələdə 17 qol vuran komanda qapısında 7 top görüb. Xorvatların ən məhsuldar oyunçusu Bruno Petkoviç idi - 4 qol. O, ümumən E qrupunun bombardiri oldu. İvan Perişiçlə Nikola Vlaşiç 3, Luka Modriç 2 dəfə fərqləndisə, 3 futbolçu adını 1 dəfə tabloya yazdıra bildi.

Xorvatiya müstəqillik dövründə 5 dəfə Avropa çempionatında iştirak edib. Yığma yalnız 2000-ci il qitə birinciliyində oynamaq hüququ qazanmayıb. Komandanın ən yaxşı nəticəsi dörddəbir finala kimi yüksəlməkdi. Milli 1996-cı və 2008-ci illərdə buna nail olub. 2016-cı il çempionatında komanda 1/8 finalda mübarizəni dayandırıb.

Çexiya yığması isə  Avropa çempionatına seçmə mərhələnin A qrupunun ikincisi kimi qatılıb. Komanda İngiltərə, Kosovo, Bolqarıstan və Monteneqro ilə mübarizədə 8 matçın 5-də qələbə qazanıb, 3 dəfə məğlub olub. Yaroslav Şilqaviyin rəhbərlik etdiyi kollektiv 8 matçda 13 qol vurub, öz qapısında 11 top görüb. Yığmanın ən yaxşı bombardiri 4 qolla Patrik Şik olub.

Çexiya Slovakiyadan ayrılandan sonra bütün Avropa çempionatlarının final mərhələsinin iştirakçısı olub. Yığma ən yaxşı nəticəsini “Avro-1996”da qazanıb. Həmin vaxt finala qədər irəliləyən komanda həlledici matçda Almaniyaya məğlub olaraq gümüş medalları qazanıb. 2004-cü il çempionatında isə Çexiya yarımfinala qədər irəliləməyi bacarıb. Yığma 2016-cı ildə keçirilmiş son qitə birinciliyində qrup səddini aşa bilməyib.

 

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 20 iyun.- S.1;6.