Mədəniyyət
paytaxtına çevrilən Şuşa əsl
ilham çeşməsidir
Vətən müharibəsindəki parlaq Qələbə sozalan ümidlərimizi alovlandırdı, qaysaq bağlamayan yaralarımıza ən yaxşı məlhəm oldu, ürəyimizdəki nisgil əriyib getdi, yerini sevincə, fərəhə, qürura verdi. Qürurlandıq, iftixar hissi keçirdik ki, azərbaycanlıyıq. Qələbənin dadı başqa heç nə ilə müqayisə edilməyəcək dərəcədə şirindir. Bu şirinlik həyatımıza yeni tam verdi. Könüllərin yaşamaq eşqi, qurub-yaratmaq, düşmənin 30 il işğalda saxlayıb viran qoyduğu kəndlərimizi, şəhərlərimizi yenidən cənnətə döndərmək istəyi günümüzün həyat ritminə çevrilib.
Bu gün bütün ölkəmizin, bütöv türk dünyasının ürəyi Şuşada döyünür desək, heç də mübaliğə olmaz. Dünyanın siyasi liderləri sırasında bənzərsiz ağır çəki sahibi, Türkiyənin Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın NATO-nun zirvə toplantısından dərhal sonra Şuşaya səfər etməsi çox mətləblərə aydınlıq gətirdi. Bu səfər bir millət iki dövlət - Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz təntənəsini iki siyasi liderin - Ərdoğan və İlham qardaşlığının timsalında bütün dünyaya bir daha parlaq şəkildə nümayiş etdirdi. Qəhrəman oğullarımızın canı, qanı bahasına başındakı dumanları birdəfəlik dağılan Şuşa bu gün Azərbaycanın mədəniyyət paytaxtı funksiyasını uğurla həyata keçirir. Bu yaxınlarda Cıdır düzündə Heydər Əliyev Fondunun, mədəniyyətimizin böyük hamisi olan respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerşəkləşən “Xarıbülbül” musiqi festivalı öz orijinallığı və möhtəşəmliyi ilə Şuşanın yeni tarixində ən parlaq səhifə oldu. Musiqi bayramından qaynaqlanan sevincli günlər yaşadığımız bir zamanda çağdaş Türk dünyasının lideri R.T.Ərdoğanın işgüzar Şuşa səfəri Qarabağın təhlükəsizliyinin etibarlı təminatı istiqamətində atılan inamlı addım, Ermənistanda revanşistlərə havadarlıq edən bəzi dünya dövlətlərinə ciddi mesaj oldu.
Nə xoş ki mədəniyyət payaxtımıza çevrilən Şuşa bu gün başdan-başa böyük inşaat meydanına çevrilib. Faşist xislətli ermənilərin dağıtdığı, xarabaya çevirdiyi şəhər tamamilə yenidən qurulur.
Bizlər mədəniyyət işçiləri olaraq yeni paytaxtımız olan Şuşada gedən proseslərdən, burada həyata keçirilən mədəni-kütləvi tədbirlərdən, daşlara-qayalara yazılan qəhrəmanlıq dastanından ilham alırıq. Bütün gücümüzü, qüvvəmizi səfərbər edərək çalışırıq ki, fəaliyyətimizi yeni dövrün yeni tələblərinə uyğun quraq, mədəniyyətimizi bacarıqla təbliğ edək, tarixi-mədəni abidələrimizi vətəndaş mövqeyindən qoruyaraq, musiqimizin, incəsənətimizin inkişafına yeni töhfələr verək.
Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir və Yevlax şəhərlərini, Bərdə və Tərtər rayonlarını əhatə edir. Nazirliyin tapşırıq və tövsiyələri əsasında fəaliyyətimizin əsas istiqamətlərini müəyyən edir, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Pandemiya şəraitində işləmək müəyyən çətinliklər yaratsa da, reallığı ciddi surətdə nəzərə alır. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi əməl edirik. Mədəni-kütləvi tədbirlərin böyük əksəriyyəti onlayn formatda həyata keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan olunmuşdur. Biz regional mədəniyyət idarəsi olaraq bütün qüvvələrimizi səfərbər edərək çalışırıq ki, sərəncamda qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin edək. Bu məqsədlə regionda fəaliyyət göstərən bütün mədəniyyət müəssisələrində xususi tədbirlər planı hazırlanmış və onun icrası nəzarətə götürülmüşdür. Nizami Gəncəvi dünya şöhrətli filosof şairdir. Onun yaradıcılığı elə bir zəngin xəzinədir ki, ona hər müraciət edəndə yeni hikmətlər aşkar edirsən. Biz videoformatda şairin “İsgəndərnamə”sinin, “Leyli və Məcnun”un, “Sirlər xəzinəsi”nin və “Xəmsə”yə daxil olan digər əsərlərinin dəfələrlə bədii müzakirəsini təşkil etmişik. Təbii ki, bu istiqamətdə maraqlı tədbirləri, ədəbi-bədii kompozisiyaları bundan sonra da davam etdirəcəyik.
Regional Mədəniyyət İdarəsi yeniyetmə və gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədilə bir sıra layihələrin icrasında da fəal iştirak edir. Uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin ölkə daxilində və xaricdə keçirilən müxtəlif müsabiqələrdə, festivallarda iştirakına böyük önəm veririk. Bu istiqamətdə görülən tədbirlərin nəticəsi yetərincə fərəhlidir. Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin qazandığı uğur xüsusilə sevindiricidir. Məktəbin şagirdi Aytac Dadaşova İtaliyada keçirilən IV “Future Stars” Beynəlxalq onlayn müsabiqədə fəal iştirak edərək 13-14 yaş qrupunda instrumental ifaçılıq üzrə birinci dərəcəli laureat diplomu ilə təltif olunmuşdur. Dünyanın musiqi beşiyi sayılan İtaliyada keçirilən müsabiqədə birincilik qazanmaq böyük uğur sayılmalıdır. Biz gənc ifaçının qələbəsinə böyük dəyər verərək onun oxuduğu məktəbdə maraqlı bir görüş keçirdik. Görüşdə qalibin valideynləri, oxuduğu məktəbin şagird və müəllim kollektivi, regional idarənin aparat işçiləri, Qarabağ müharibəsinin veteranları iştirak edirdilər. Beynəlxalq tədbirlərdə yüksək şagird hazırlığına görə Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin müəllimi Nigar Sultanovaya və İtaliyada keçirilən “Future Stars” beynəlxalq onlayn müsabiqəsində qazandığı uğura görə məktəbin şagirdi Aytac Dadaşovaya fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.
Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən beynəlxalq Qrand Musiqi Festivalında da gənc ifaçılarımız II və III dərəcəli diplomlarla təltif olunmuşdular.
Mingəçevir şəhəri ilə qardaşlaşan Belarusiya Respublikasının Polosk şəhərinin 1159-cu ildönümü münasibətilə Poloskda “Müqqədəs Sofiya torpağında” adlı beynəlxalq festivalda Mingəçevir təmsilçiləri Elçin İsmayılov və Cavid Əliyev “Vətən haqqında mahnı” aksiyasında uğurla çıxış etmiş, festivalın təşkilat komitəsinin təşəkkür məktubu ilə təltif olunmuşlar.
Türkiyədə onlayn şəkildə keçirilən “Uluslararası Sanol Solo Folkdans Yarışması”nda mingəçevirli yeniyetmələr və “Banu” rəqs kollektivi böyük uğura imza atmışlar.
Milli dəyərlərimizin təbliği məqsədilə Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin təşəbbüsü ilə beş ölkədə yaşayan azərbaycanlıların birgə hazırladığı “Sarı gəlin” musiqi əsərinin canlı ifası təqdim edilmiş, Türkiyənin məhşur Bengü Türk kanalında məktəbin fəaliyyəti haqqında maraqlı veriliş hazırlanmış və onlayn Zoom proqramı vasitəsilə xalq çalğı alətləri orkestrinin konserti yayımlanmışdır.
Hər birimiz üçün qürurvericidir ki, əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qoyduğu dövlət mədəniyyət siyasəti respublika Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün xüsusiyyətlərinə uyğun yaradıcılıqla davam etdirilir. Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticələri sevindiricidir. Mədəniyyətimizin inkişafında, mədəni irsimizin qorunmasında və dünyaya təqdim olunmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti hər bir ölkə vətəndaşında məmnunluq doğurur.
Musiqi, incəsənət hər bir xalqın vizit kartıdır. Bərdə Regional Mədəniyyət İdarəsinin hər bir əməkdaşı öz gündəlik fəaliyyətində bu məntiqdən doğan məsuliyyəti yüksək dəyərləndirir.
İlyas HACIYEV,
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi
Azərbaycan.-2021.- 20 iyun.- S.3.