Çörək varsa...

 

 

 

Hazırda taxılçılıqda mühüm dövrdür. Kənd adamlarının aylardan bəri gözlədikləri vaxt gəlib çatmışdır. “Səhra gəmiləri” adlandırılan taxılbiçən kombaynlar zəmilərin bol məhsulunu yığmağa başlamışdır.

Biləsuvar Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin aqronomu Mikayıl İmanovla taxıl biçən fermerlərdən biri ilə görüşməyi qərara alırıq. Yola düşməzdən əvvəl rayonda kənd təsərrüfatı işlərinin, o cümlədən taxıl biçininin gedişi ilə maraqlanırıq.

Öyrənirik ki, cari ilin məhsulu üçün keçən ilin payızında 34 min 845 hektarda taxıl əkilmişdir. Bunun 21 min 119 hektarı arpa, qalan 13 min 726 hektarı buğdadır. “İndi hər kəs istəyir ki, əkdiyi yerdən daha çox məhsul götürsün. Ona görə də aqrotexniki tədbirləri vaxtında, keyfiyyətlə həyata keçirməyə, yeni texnologiyadan istifadə etməyə üstünlük verir. Məsələn, fermerlərimiz artıq bir neçə ildir ki, əkin zamanı torpağa ammofos gübrəsi verirlər. Bu da öz xeyirini göstərir. Bitki torpaqdan baş qaldırarkən həmin mineralı kökü ilə mənimsəyir, nəticədə bu da onun inkişafına və daha məhsuldar olmasına kömək edir. Vegetasiya dövründə digər tədbirlər tətbiq olunur. Səmərəsi də göz qabağındadır. Arpa sahələrində biçin başa çatmaq üzrədir. Hər hektardan 32 sentnerə yaxın məhsul götürülür. Bu da keçən ildəkindən xeyli artıqdır. Buğda zəmilərində biçinə təzə başlanılıb. Min hektarın məhsulu yığılıb. Məhsuldarlıq hələlik 32,5 sentnerdir. Nəzərə alsaq ki, əvvəl nisbətən zəif sahələr biçilir, deməli, nəticə daha yüksək olacaq” - deyə M.İmanov bildirir. Sonra da saatına baxır: “11-ə işləyir. Biz sahəyə çatana kimi, yəqin günün istisi bir az da artacaq. Hava isti olanda kombayn taxılı daha yaxşı biçir axı”, - deyir.

Rayon mərkəzindən çıxıb İran İslam Respublikası sərhəd-keçid məntəqəsi istiqamətində uzanıb gedən şose yolu ilə “Şəhriyar düzü” deyilən əraziyə - fermer Rafiq Bədəlovun taxıl biçilən sahələrinə gedirik. Təxminən

15 kilometrdən sonra sağa dönüb torpaq yolla uzaqda görünən kombaynların yanına istiqamət götürürük. Yolun hər iki tərəfi taxil, pambıq, yonca sahələridir.

Çox çəkmir ki, R. Bədəlovun sahəsinə çatırıq. “Nev Holland” markalı kombayn sahənin o biri başından bizə tərəf gəlir. Burada isə yükünüözüboşaldan “ZİL” markalı maşının sürücüsündən başqa heç kəs görünmür. Bir az keçəndən sonra aqronom M.İmanovdan fermerin niyə gözə dəymədiyini soruşuram. Yol yoldaşım cavabında: “Fermer R.Bədəlov həm də yaxşı mexanizatordur. Ona görə də nəinki öz sahəsinin, digər mülkiyyətçilərin də zəmisini biçməkdə onların köməyinə çatır”, - deyir.

Elə bu vaxt bunkeri dolduğundan kombaynın işığı yanıb-sönür. “ZİL”in sürücüsü motoru işə salıb kombaynın yanına gedir. Biz də biçilən zəminin içi ilə onların yanına yollanırıq. Kombaynın bunkerindən buğda su kimi axıb maşının kuzovuna tökülür. Proses başa çatır.

Fermer-mexanizator kombaynın kabinəsindən düşüb bizə yaxınlaşır. “Məhsulunuz bol, işiniz avand olsun!”, - deyib onunla tanış oluruq. Yanındakı cüssəli oğlanın öz oğlu - bütün işlərində, o cümlədən taxıl biçinində ən yaxın köməkçisi, sağ əli olduğunu bildirir. Vaxtını çox almayıb, ona bir neçə sual veririk. Bildirir ki, Bəydili kəndindəndir. Bu il 70 hektarda taxıl yetişdirib. Onun 24 hektarı arpa,

46 hektarı buğdadır. Arpa biçinini artıq başa çatdırıb. Hər hektardan 55 sentner məhsul götürüb. Buğdadan isə 55-60 sentner gözləyir. Mexanizatorluğuna gəldikdə, hələ sovetlər birliyi zamanındaNivakombaynı sürüb. Kredit yolu ilə iki il bundan öncə yeni kombayn alıb. Dediyinə görə, çox keyfiyyətli maşındır. İşləməyinə söz ola bilməz. Muğan şəraitində hər gün 15 hektar sahənin məhsulunu heç bir itkyə yol vermədən biçir. Rahatlığı da öz yerində. Kondisionerəcən var. qədər isti olursa-olsun, tərləməyə qoymur. Yeganə oğlu - Samir Bədəlbəyli atasının yolunu davam etdirir.

Onlarla sağollaşıb geri qayıdırıq. Yolboyu digər sahələrdə taxıl biçilr. Bir daha əmin oluruq ki, çörək bütün nemətlərin tacıdır. Tanrı heç kimin çörəyini kəsməsin.

 

 

Seyran CAVADOV

Azərbaycan.-2021.- 20 iyun.- S.1;8.