İlham Əliyevin
yaradacağı Ağdam daha möhtəşəm, daha
qüdrətli olacaq
...O gün mavi ənginliklərdəki ağ buludlar birdən-birə qara paltar geyindi. Səmadan quşlar da yox oldu, həyat əlaməti olan nə vardısa, dayandı. O gün düşmən Çörək muzeyini də yandırdı. Bərəkət rəmzi məscidin minbərindən qalxan ilahi naləyə qoşulub göylərə doğru yol aldı...O yol 28 il çəkdi...
“Qarabağ söhbətləri”nin budəfəki qonağı Prezident İlham Əliyevin Ağdamda şəhərin təməl daşının qoyulması mərasimində iştirak edən Hafiz Əliyevdir. Ağdam Çörək Muzeyinin keçmiş direktoru ilə ağdamlı günlərindən, çörək muzeyindəki fəaliyyətindən danaşacayıq.
Hafiz Əliyev 1963-cü ildə Ağdamda dünyaya gəlib.
1 nömrəli orta məktəbdə təhsil
alıb. Bakıda
ovaxtkı Lenin adına APİ-nin (Pedaqoji
Universitetin) Tarix fakültəsini bitirib. 1984-cü
ildə təyinatla Ağdamın Xındırıstan kənd
orta məktəbində müəllim işləməyə
başlayıb.
1986-cı ildə Ağdam Çörək Muzeyində
elmi işçi kimi işə qəbul edilib. Bir il
sonra, 1987-ci ildə həmin muzeyin direktoru təyin olunub.
1992-ci ilin avqustuna qədər...
Hazırda
18 ildir Asəf Zeynallı adına Musiqi
Kollecində direktor müavinidir.
30
yaşımda tərk etdim, 58 yaşımda qayıtdım
- Dədə-baba
yurdunu işğaldan azad edilmiş görmək, gedib orda yenidən
təməlqoymanın şahidi olmaq xoşbəxtliyi sözlə
ifadə ediləsi deyil.
Ağdamla
məni bütöv bir nəsil bağı bağlayır,
uşaqlığım, əslim-köküm... Atam
sənətkar idi. Orta məktəbi
yaxşı oxumuşam, həmişə şəklim şərəf
lövhəsində olub. Dayılarım,
xalalarım hamısı oxumuş, ziyalı adamlar idi,
onların mühitində böyümüşəm. Dayım Şahin Quliyev uzun müddət mətbuatda
çalışıb.
Ağdam Qarabağın mədəniyyət, ticarət mərkəzidir. Mayın 28-də
Ağdamda təməlqoyma mərasimində iştirak etdim.
Təhsil aldığım 1 nömrəli məktəbin
təməli qoyuldu. Onu da deyim ki, o məktəb
Azərbaycana çox böyük ziyalılar bəxş edib.
Xudu Məmmədov, Rafiq Əliyev bu məktəbin məzunlarıdır.
Təməlqoyma mərasimində Ağdam Arxitektura idarəsinin
əməkdaşı dedi ki, Ağdam dünyanın
azsaylı şəhərlərindəndir ki, Romada olduğu
kimi, bütün küçələr planlı şəkildə
paralel salınmışdı. Doğrudan da elə
idi.
Ağdamda yaşayanda o qədər fikir verməmişdim,
bu, sən demə, çox gözəl imiş. Ətrafına
sarılan dağlar necə əzəmətlidir. Hamısını qarış-qarış gəzmişəm,
amma bilməmişəm, duymamışam, bəlkə,
uşaq olduğum üçün anlaya bilməmişəm.
İndi şəhər mənə çox
maraqlı gəldi. Həsrət bunu bizə
anlatdı. Ağdamdan çıxanda 30
yaşım vardı, 58 yaşımda qayıtdım ora.
Elə bil yenidən həyata gəldim.
Ağdam
Çörək Muzeyi unikal məkan idi
- Uzun illər
Ağdam Çörək Muzeyində işləmişəm.
Çörəyin süfrəyə gəlib
çıxmasına qədərki bütün emal prosesi
muzeydə nümayiş olunurdu. Xış,
vəl, kotan, yabalar, bir sözlə, çörək
hazırlamaq üçün bütün əmək alətlərinin
hamısı vardı bu muzeydə. Yeri
qazıb, buğdanı ora səpməkdən tutmuş
çörəyin süfrəyə nəyin içində gətirilməsinə
qədər bütün proseslər nümayiş etdirilirdi.
Muzeydə dünyanın, o cümlədən
keçmiş SSRİ-nın bütün ölkələrinin
çörək nümunələri sərgilənirdi. Muzeydə təndir
üçün yer ayrılmışdı. Təndirdən istifadə olunurdu, istifadəyə
yararlı eksponat idi. Muzeyi ziyarətə gələn
xarici ölkə vətəndaşları çörəyin
təndirdə, sac üstündə bişirilmə qaydası
ilə yerində tanış olur və həmin
təndir, yuxa çörəklərindən
dadırdılar. Xüsusi işçilərimiz
vardı, onların fəaliyyəti sac asıb yuxa salmaq, təndir
çörəyi bişirməkdən ibarət olardı.
Ağdama gələn qonaq hökmən o muzeyə
gələrdi, çünki çox məşhur idi. Muzey yaradılanda bu qədər məşhur və
geniş aspektli olacağı bəlkə də heç onu
yaradanların ağıllarına da gəlməzdi. Zaman keçdikcə muzey fəaliyyətini genişləndirib
ona olan marağı daha da artırdı.
1983-cü ildə fəaliyyətsiz qalan dəyirman əsasında
yaradılmışdı Çörək Muzeyi. Belə bir
unikal hadisə ətraf rayonlara necə səs-küy
saldısa, eksponatları yığmaqda heç bir çətinlik
yaranmadı. Kimin evində xurcun, palaz, qədim vedrə,
ləyən, teşt, ərsin, sərnic, səhəng,
başqa mis əşyalar vardısa, gətirib verdi
muzeyə. Ona görə də rəsmi
qeydiyyatda 1500 eksponat vardı. Anbarda olan
eksponatlar hələ araşdırılıb kitaba
salınmamışdı. Qeyri-adi muzey idi.
Binanın özünün qədim
arxitekturası vardı. XIX əsrin
ortalarında tikilmişdi. Uzun müddət,
yüz ilə yaxın bu dəyirman Ağdamı və ətraf
rayonları çörəklə təmin etmişdi. Ona görə də ən gözəl eksponat elə
dəyirmanın özü idi. Bu od dəyirmanı
idi, qurğuları Rusiyadan gətirilmişdi, həm də
mazutla işləyirdi. Gündə 8-10 ton dən
üyütmək qabiliyyəti vardı ki, o dövr
üçün çox böyük rəqəmdir.
Dəyirman
öz bildiyin edər...
- Dəyirman
ən çətin günlərdə əhalini aclıqdan
qurtarmışdı. İkinci Dünya
müharibəsində insanların ən çox köməyinə
çatan yer olub. Düzdür, ətraf kəndlərdə
su dəyirmanları vardı. Məsələn,
Seyidli kəndində dəyirman işləyirdi. Ağdamın özündəki dəyirmanın
gücü çox olduğu üçün əsas işi
o görürdü. Yük od dəyirmanın
boynuna düşürdü. Dəyirmançılar
isə çox hörmətli adamlar olub o dövrdə.
Çörəyə təlabat çoxdu, onun da əsası
dəyirmanda hazırlanırdı, yəni buğda
üyüdülüb un halına
salınırdı. Adamlar günlərlə dəyirmanda
növbə gözləyirdilər. Ona
görə də çörəyin hər
loğmasının qiyməti bilinirdi. İndiyə
qədər uşaqlığımda yediyim o çörəyin
ətri burnumdadır. Kənddə nənəmin
təndirdə bişirdiyi çörəyin ətri xeyli ətrafa
yayılırdı. Sonralar çox
axtardıq o ətri, tapa bilmədik. Anam
1991-ci ildə rəhmətə getdi. Onun əli
ilə bişən çörəyin dadını daha
tapmıram.
Gün ərzində kənardan, daxildən o qədər
qonaqlar qəbul edib, yola salırdıq. Çox
qonaq-qaralı yer idi Ağdam, xüsusən də Çörək
Muzeyi.
Muzey kimi fəaliyyət göstərdiyi vaxtlarda dəyirmanı
da işlətdik. Dedik qoy, muzeyin baş eksponatı elə dəyirmanın
özü olsun və işləsin. Ağdamda
böyük Dəzgahqayırma Zavodu vardı. Ordan dostları dəvət etdim, gəldilər,
baxdılar, dedilər bərpa etmək mümkündür.
Bacarıqlı mütəxəssislər idilər.
Rusiyadan gətirilmiş həmin tökmə
hissələri təmir edə bildilər, biz də düyməsini
sıxıb dəyirman işlətdik.
Qarabağın ağır günlərində yenə əhalinin
köməyinə çatdı bu dəyirman. Bir dəfə muzeydə
işçi gəlib dedi ki, müəllim, Cəbrayıldan
bir maşın buğda gətiriblər, orda vəziyyət
ağırdır, bunu üyütmək lazımdır. Artıq müharibə gedirdi, hamımız eyni vəziyyətdəydik.
Dedim borcumuzdur, üyüdərik. Dəni
üyütdük, yüklədik maşına, getdilər.
Dəyirmanı Aslan kişi işlədirdi,
sənətinin ustası idi. Atamla bir yerdə
orta məktəbdə oxumuşdular, müharibə veteranı
idi. Bir işi yox idi, xəstə
düşmüşdü. Görəndə
ki, dəyirmanı bərpa edilir, ona ikinci nəfəs gəldi,
işə başladı. Təəssüflər olsun
ki, 1992-ci ildə dəyirmanı raketlə vurdular, ondan əvvəl
bir dəfə də may ayında muzeyə raket
düşmüşdü, amma partlamamışdı. Hərbçiləri çağırdım, zərərsizləşdirdilər.
İkinci dəfə avqustun 12-də Əsgəran tərəfdən
məhz şəhərin mərkəzini vurdular. Muzey də mərkəzdə
yerləşdiyindən raket onu da tutdu, söndürmək
mümkün olmadı, yandı. Binanın əsas
hissələri taxtadan idi, köhnə, qurumuş taxta da
yanğına həssasdır, odur ki, kül oldu hamısı.
O gün 1992-ci ilin avqust ayının 12-si idi.
“Xarıbülbül”
festivalı İmarətdə başlayıb, Şuşada
tamamlanardı
-
1988-1990-cı illərdə Qarabağda, Ağdamda
“Xarıbülbül” festivalı keçirilirdi. Əvvəl Ağdamda olurdu, yekun konserti Cıdır
düzündə təşkil edilirdi. Birinci il SSRİ-dən qonaqlar oldu, ikinci,
üçüncü dəfə isə xarici ölkələrdən
də qonaqlar gəldi. Qonaqların hamısı
da Çörək Muzeyində olub çay içirdilər,
motal pendiri ilə təndir çörəyinin, şorla
yuxanın dadına baxırdılar.
Yəni festival Ağdamın İmarətində
başlayıb, Şuşanın Cıdır düzündə
yekunlaşırdı. Ümumiyyətlə, İmarət təkcə
Qarabağ üçün yox, bütün Azərbaycan
üçün önəmli yerdir. Qarabağın
bünövrəsini qoyan Qarabağ xanlarının
hamısı İmarətdə uyuyur. Şuşada
yaşayırdılar, amma Ağdamda dəfn edilirdilər.
İmarətdə xanlıq dövründən
qalma çınarlar vardı. Bu məkan
tarixin şahidləri idi. O vaxt müharibə gedəndə
“Ağdam” qəzetinə bir yazı yazmışdım, qeyd
edirdim ki, kaş, bu çinarlardan biri olaydım, məni yerimdən
heç bir qüvvə tərpədə bilməyəydi. Bunlar kökləri ilə bizdən daha çox
torpağa bağlıydılar. Hamısını
kəsiblər.
Qarabağın cins atlarının şöhrəti
bütün dünyaya yayılıb. O qədim kişilər, xan
babalarımız yetişdirmişdilər onları. Bu gün elm, texnika nə qədər inkişaf edib,
amma elə bir cins yetişdirmək olmur. Atçılıq
zavodu yaradılmışdı, o da didərgin
düşdü. Qarabağ atları yenə
öz yurdlarına qayıdacaqlar. İngiltərə
kraliçasına bağışlanan “Şimşək”
adlı atı İngiltərədə hər axşam
çıxardıb London küçələrində gəzdirirmişlər,
camaat yığışıb atın gözəlliyinə
baxırmış. Təəssüf ki, o
mühitdə yaşaya bilməmiş, atın ürəyi
partlamışdı. At belə bizdən vəfalı
çıxdı, Qarabağsız yaşamadı, biz 30 ilə
yaxın Qarabağsız necə yaşadıq, bilmirəm...
Ağdam
bazarı adla deyilirdi
-
Ağdam özünəməxsus rayondur. O vaxtlar Ağdamda
olan gözəl evlər başqa rayonlarda yox idi. Bəlkə də var idi, amma Ağdamdakı kimi
deyildi. Ağdamın küçələri,
xiyabanları, parkları, havası, suyu, torpağı bir
başqa aləm idi. Çox yerlərdə
olmuşam, amma Ağdam kimi şəhər görməmişəm.
Süfrə açmaq mədəniyyəti,
qonaqpərvərlik Azərbaycanda yüksək səviyyədədir,
Ağdamda da gözəl idi.
Ağdam bazarı adla deyilirdi. Quş südü, can
dərmanı vardı bu bazarda. Ən
gözəl maşın ustaları Ağdamda idi. Usta Sərdar
var, indi də yaşayır, Allah ömür versin, bütün respublika maşınının rəngini
dəyişdirməyə onun yanına gəlirdi. Gözüylə baxıb istənilən rəngi
alırdı. İndi o işi kompüter
görür. Bazarda bir dəmirçixana
vardı. Yanından keçəndə
miskərlərin taqqıltısı, çəkiclərinin
səsi adama musiqi kimi gəlirdi. Elə bil
ki, xüsusi ritmlə səslənirdi, olduğu kimi qalıb
qulaqlarımda.
Ağdam bazarına gələn boş qayıtmazdı. Oğlan evləndirən,
qız köçürən, ev tikən,
bağ salan-hamı bu bazada özünə lazım olanı
tapardı.
Kötəlinin
suyu
- Ağdam məscidi Azərbaycanın ən gözəl memarlıq binalarından idi. Əvvəl bir minarəli olub, sonra Seyidli kəndindən bir imkanlı şəxs ikinci minarəni inşa etdirib. Sovet dövründə məscidlərin söküldüyü vaxtlarda Ağdam məscidi işləyirdi. Məhərrəmlikdə ayinlər yerinə yetirilirdi. Qarabağ müharibəsində orda nə qədər şəhid kəfənləndi, məzara verildi...
Xocalı faciəsinin şahidlərindəndir.
Nə qədər insanı, yaralını, şəhidi yola
salıb. Yerlə göy birləşmişdi o gün,
dünyanın sonu idi. Ağdamda məscid çox idi.
Ağdamın “Çay evi” də adla deyilərdi. Xudu Məmmədovun
təşəbbüsü ilə inşa edilmişdi. Gözəl
bir məkan idi. Çin memarlığı üslubunda
tikilmiş dördmərtəbəli bina idi. Mən Xudu Məmmədovu
da şəhid hesab edirəm. O da Qarabağ yolunda şəhid
oldu, çox böyük ziyalı idi. Ümumiyyətlə,
bilmirəm, Kötəlinin suyundan idi, yoxsa nə idisə.
Ağdam böyük ziyalılar və sənətkarlar
yetişdirib. Kötəl çayı Qarqarın bir qoludur,
Ağdam, Hacılı, Seyidlidən keçirdi. Arif Babayev
deyir ki, o sudan içən hər kəsin məlahətli səsi
olurdu. Bağlarımızı da o su ilə suvarırdıq.
Dağlardan gələn bu su həm içməli idi, həm
də suvarmada istifadə edilirdi. Təbii ki, hava, su ilə bərabər
genetik faktor da var.
Ağdam
haqqında film də yandı
-
Ağdam haqqında 15 dəqiqəlik sənədli film çəkmişdim,
dövlət televiziyasında montaj etdirmişdim. O qədər
heyifsilənirəm ki, Çörək Muzeyi ilə birlikdə
o lent də yandı. İndi keçmiş
Ağdam haqqında ən böyük tarix o film olardı.
Şahbulaq tərəfdə dağın
başında daş karxanasından başlayıb
düşmüşdüm İmarətə, Ağdamı gəzib
gəlmişdim Çörək Muzeyinə. Nə bilim belə olacaq, bir neçə nüsxə
çıxardardım. Bütün
Ağdam vardı o filmdə.
Ağlımıza
gəlməzdi ki, çörəyimizi yeyənlər bu
cür xəyanət edər bizə...
Köhnə Ağdama nə qədər nostalgiyamız,
həsrətimiz olsa da, mən yeni Ağdamı gözləyirəm. Dövlət o
yurdları yenidən quracaq. Dağıdılmış
Ağdamın mərkəzi açıq səma altında
canlı muzey olacaq. Dram teatrının
qarşısında Fərhadın heykəli bərpa ediləcək.
Müasir texnologiya ilə Ağdamın
keçmişi də, dağıdılmış vaxtı da
nümayiş olunacaq. Mən də istəyərdim
ki, köhnə, uşaqlığımın Ağdamı
olsun, amma mümkün deyil.
Kinoteatrın arxasında Ağdamın bulvarı var idi,
hər gün işdən sonra babam məni orda gəzdirərdi. Bulvarda elə
bitkilər, güllər vardı ki, sanki cənnətin
özü idi. Suyundan içdikcə doymaq
olmurdu. Daha o olmayacaq, amma ondan gözəli
olacağına inanıram. Meşə
salınacaq şəhərin kənarında. Çox xoşuma gəldi, dağdağan
ağacları əkiləcək. Möcüzəli
ağacdır. Prezident ilk iki
dağdağan ağacını öz əlləri ilə əkdi.
O ağacın yurdudur Ağdam. Hər evin
xarabalığında bir dağdağan ağacı
qalxıb. Kimsə yaxşı
düşünüb, görüb ki, dağdağan
ağacları özü bitir, deyib ki, bu ağacı burda
artırmaq lazımdır.
Ağdamda təməlqoyma mərasimdə çox
böyük fəxarət hissi yaşadım. Xalqımızla,
Prezidentimizlə fəxr etdim. Qarşı-qarşıya
gəlməyə qalsaq, biz erməniləri tapdayıb
keçərdik. Burda böyük səbir
və siyasət lazım idi, onu da Prezidentimiz bacardı.
Şükürlər olsun, 28 mayda yenidən doğuldum, elə
bil 28 il yaşamamışam.
Yeni Ağdamın təməlini qoyanlardan biri oldum. Həm siyasətdə,
həm mədəniyyətdə əsgərəm. Hansı qismdə olursa olsun, təki Ağdamın
quruculuğunda iştirak edim.
...28 il sonra ağappaq lopa buludlu səmanın ənginliklərində
quş dəstəsi göründü. Onlar doğma yurda
qayıtmış sənətkarların - miskərlərin dəmirlərə
dəyən çəkiclərindən çıxan musiqinin
ahəngi ilə qanad çalır, gah aşağı enir,
gah da ənginliklərə qalxırlar... Obanı
isti təndir çörəyinin ətri bürüyüb.
Haqqın nahaqqa qalib gəldiyi torpaqlarda həyat
ritmi beləcə davam edir.
Ramilə QURBANLI
Azərbaycan.-2021.- 22 iyun.- S.1;6.