Qars
müqaviləsindən Şuşa Bəyannaməsinədək...
Qarabağ Zəfəri
Azərbaycan-Türkiyə müttəfiqliyinin təntənəsi
oldu
Şuşa son 8 ayda hərbi, siyasi və mədəni aləmdə 3-cü möhtəşəm tarixini, böyük qələbəsini yaşayır.
30 ilə yaxın erməni işğalçılarının tapdağı altında əzilən Şuşa ötən il noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və Milli Ordumuzun rəşadəti ilə böyük zəfərə, şanlı qələbəyə yetişdi. Dövlət başçısının sərəncamı ilə ölkənin mədəniyyət paytaxtı elan edilən qədim Şuşa “Xarıbülbül” musiqi festivalına layiqli evsahibliyi etməklə növbəti tarixə imza atdı.
İyunun 15-də isə Şuşa Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalandığı tarixi məkana çevrildi. Artıq bu dəfə dünyaya ötürülən əzmli və qətiyyətli mesajlar regionun iki nüfuzlu lideri - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dilindən çatdırıldı. Bu qətiyyətli mesajlar Paşinyanın cəmi iki il əvvəl əzəli torpağımız Şuşada ikrahedici rəqsi ilə hər kəsə nümayiş etdirmək istədiyi xəstə təfəkkürlü mesajlarının cılızlığını bir daha ortaya qoydu.
Qarabağın yüksəkliyindən dünyaya çatdırılan mesajlar Azərbaycan və Türkiyə qardaşlığının bariz nümunəsi olaraq, sarsılmaz dostluğu, əzmkarlığı, güclü sevgini və heç zaman parçalanmayacaq böyük vəhdəti nümayiş etdirdi. Ən əsası, bu mesajlar təhdidlər deyildi, onlar hər kəsi sülhə, inkişafa, tərəqqiyə çağırdı. Qədim məkanımız Şuşadan səslənən bu gözəl mesajlar ölkəmizin möhtəşəm tarixinə yazılacaq, şanlı səhifələrində yer alacaq neçə-neçə zəfərin carçısıdır.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər kəs regiondakı yeni reallıqları, inkişafı, sülhün tam təminatını səbirsizlikə gözləyir.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirəcək
Şuşa Bəyannaməsi 100 il əvvəl - 1921-ci il 13 oktyabrda imzalanmış Qars müqaviləsindən sonra Türkiyənin Azərbaycana dəstəyini ən güclü formada nümayiş etdirən rəsmi sənəd oldu. Qars müqaviləsinə istinad edilən Bəyannamə öz formatına görə ondan daha əhatəli sənəddir. Bu sənəddə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi, iqtisadiyyat, təhsil, müasir texnologiyalar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi, Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, iki ölkənin silahlı qüvvələrinin fəaliyyət qabiliyyətinin birlikdə artırılması və digər tədbirlər nəzərdə tutulur.
Bəyannamə Ermənistanın Azərbaycan torpaqlarına qarşı irəli sürdüyü iddialara da son qoyur. Sənəddə qeyd edilir ki, tərəflərdən hər hansı birinin ərazi bütövlüyünə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edilərsə, onun aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçiriləcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstəriləcək.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədovun sözlərinə görə, Şuşa Bəyannaməsinin imzalanması, hər iki ölkə liderinin verdiyi bəyanatlar iki dost, qardaş ölkə arasında əlaqələrin inkişafına öz ciddi töhfəsini verəcək. Ölkələr arasındakı qarşılıqlı əlaqələr daha da genişlənəcək: “Bu Bəyannamə ötən əsrdə imzalanan Qars müqaviləsi qədər böyük əhəmiyyətə malikdir. Bəyannamə iki ölkənin müxtəlif sahələr üzrə olan əməkdaşlığını daha da sürətləndirəcək. Türkiyə hər zaman olduğu kimi, gələcəkdə də öz mənəvi dəstəyini Azərbaycandan əsirgəməyəcək”.
Sənəd gələcək nəsillərin firavan yaşamasında böyük rol oynayacaq
Mövzu ilə bağlı açıqlamasında Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramin Məmmədov deyir ki, Bəyannamə regional siyasətə təsir etmək baxımından çox əhəmiyyətlidir. Bu sənəd bölgədə təhlükəsizliyin təmin olunmasına töhfə verməklə gələcək nəsillərin firavan yaşamasında böyük rol oynayacaq: “Bu tarixi sənədlə Azərbaycan-Türkiyə qardaşlığı müttəfiqliklə möhkəmləndirildi. Prezident İlham Əliyev həmin Bəyannaməni həm keçmiş tariximizə verilən qiymət, həm də gələcək nəsillərə ötürdüyümüz miras kimi dəyərləndirdi. Bu, bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə prezidentləri qlobal çağırışlarla dolu bir zamanda hər iki ölkənin inkişafı istiqamətində çox mühüm və kifayət qədər əsaslı bir sənədə imza atıblar. Sənədin preambulasına diqqətlə baxdıqda çox aydın şəkildə görürük ki, iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək, 9 fevral 1994-cü il tarixdə imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni rəhbər tutaraq imzalanmış Bəyannamə Azərbaycan və Türkiyə arasındakı münasibətlərə böyük töhfə verəcək, həmçinin hər iki ölkədə cəmiyyətin inkişafına müsbət təsir edəcək”.
Bəyannamə üçüncü tərəfə qarşı yönəlməyib
Ramin Məmmədov hesab edir ki, Bəyannamə hər hansı üçüncü tərəfə qarşı yönələn bir müqavilə deyil: “Şuşa Bəyannaməsi beynəlxalq hüququn prinsip və normalarına, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq, qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsi üçün mühüm rol oynayacaq. Qarabağın inkişafına yönəlmiş addımlar, Azərbaycanın Cənubi Qafqazda, ümumiyyətlə, genişlənən coğrafiyada rolunun artması, bu coğrafiyada Türkiyənin qlobal güc kimi rolunun güclənməsini nəzərə alaraq deyə bilərik ki, ölkələrimiz arasında bu müstəvidə müttəfiqlik gələcəkdə də davam etdiriləcək. Düşünürəm ki, bu da xalqlarımızın mütərəqqi inkişaf prosesinin davam etməsinə kifayət qədər münbit zəmin yaradacaq”.
Qarabağın təhlükəsizliyi Türkiyənin təminatı altına alındı
“Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, “Bir millət, iki dövlət” reallığının, siyasi-hərbi və iqtisadi müttəfiqliyinin məntiqi davamı, irəliyə doğru atılan növbəti addımıdır”. Bunu isə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sadiq Qurbanov bildirdi. Qeyd etdi ki, bu sənədin, imzalanması eyni zamanda qardaşlığın yeni səhifələrini açacaq fövqəladə bir hadisədir: “Xüsusi ilə bildirim ki, 15 iyun 2021-ci tarixi ən yeni dövr tariximizin, Qafqaz tarixinin, Türk dünyası tarixinin yeni mərhələsinin əsasını qoydu. Tarixə əsaslanan Bəyannamədə Ulu öndərlərimiz Heydər Əliyev və Mustafa Kamal Atatürkün kəlamlarının yer alması keçmişimizin sağlam və təmiz, gələcəyimizin isə parlaq olacağına bir işarədir”.
Şuşa Bəyannaməsində iki qardaş ölkənin bütün həyati əhəmiyyətli məsələləri və sahələri ilə bağlı müddəaların əksini tapdığını deyən Sadiq Qurbanovun sözlərinə görə, sənəd regional təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyənin təminatı altına almış oldu. Bu, erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Qarabağın istənilən məntəqəsinə hücum edib işğal etmək istəyən qüvvə bundan sonra Azərbaycanla yanaşı, qarşısında Türkiyəni də görəcək.
Bəyannamədə tarixi Qars müqaviləsinə istinadın edilməsi isə sülhə çağırışdır. “Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra imzalanan müttəfiqlik haqqında birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir”, - deyə komitə sədri əlavə edir.
Qars müqaviləsinə qarşı 100 illik mübarizə heç bir nəticə vermədi
Sadiq Qurbanov vurğulayır ki, Şuşa Bəyannaməsi ilə tarixi Qars müqaviləsi artıq yeni bir mərhələyə və regionun sabitliyinin beynəlxalq hüquqi təminatına çevrildi: “Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirib. Ümummilli Lider “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir” deyib”.
Komitə sədri nəzərə çatdırır ki, yüzilliklər boyu dünyanın bir çox güc mərkəzlərindən aldığı güclə “böyük Ermənistan” xəstəliyinə yoluxan erməni xalqının tarixi Azərbaycan torpaqlarına zaman-zaman torpaq iddiaları irəli sürməsinin və gənc nəsillərinə iddialarının guya əsaslı olmasına dair yalanlar aşılamasının şahidiyik: “Qədim Azərbaycan torpağı olan Naxçıvan diyarı da davamlı şəkildə erməni xislətinin hədəfinə çevrilib. Təsadüfi deyil ki, Qars müqaviləsi üçün mənbə rolu oynayan “Moskva müqaviləsi” dostluq və qardaşlıq haqqında sülh müqaviləsi adlanır. SSRİ-nin hələ dünya birliyi qarşısında super gücə çevrilməsi müəmmalı göründüyü bir tarixi şəraitdə məhz bağlanmış müqavilələrə sovet Rusiyası Türkiyə ilə sülh və dostluq prinsipləri ilə yanaşmağa məcbur idi. Qars müqaviləsi tarixin diktəsi idi. Naxçıvan ərazisini ələ keçirməyə çalışan ermənilərə yerli əhalinin müqaviməti böyük idi, ona görə də Naxçıvan Türkiyənin dəstəyi ilə Azərbaycanın tərkibində Muxtar Respublika statusu qazana bildi. Bu muxtariyyətın qorunmasında Qars müqaviləsinin təminat rolu oynaması da artıq tarixdə öz təsdiqini tapmış gerçəklikdir. Lakin ermənilərin müxtəlif siyasi xadimləri, hətta ən yüksək səviyyədə vəzifə daşıyan şəxsləri siyasi kluarlarda Qars müqaviləsinin keçərsiz olduğunu səsləndirməyə çalışırlar”.
Qars müqaviləsinin ləğv edilməsinə yönəlmiş yüzillik “mübarizə”nin heç bir nəticə vermədiyini deyən Sadiq Qurbanovun sözlərinə görə, 100 il sonra məhz Ali Baş Komandan Prezident İlham Əliyev tarixi Şuşa Bəyannaməsində Qars müqaviləsinə sadiqliyini təsdiq etməklə Azərbaycanın Qafqazın lider dövləti, regionda sülhün və sabitliyin əsas qarantının məhz Türkiyənin olduğunu vurğuladı.
Dostluğun və qardaşlığın təntənəsi
Şuşa Bəyannaməsi iki ölkənin güclü dövlət başçısı - İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan birliyinin getdikcə gücləndirdiyi Azərbaycan-Türkiyə münasibətlərini digər ölkələrin həsəd apara biləcəyi qədər zirvələrə yüksəldir, sarsılmaz edir. Bəyannamənin imzalanması möhkəm təməllər üzərində qurulan Azərbaycan-Türkiyə əməkdaşlığında yeni dövrün başlanılması deməkdir. Hər zaman Azərbaycanın yanında olan Türkiyə bu sənədlə ölkəmizə göstərdiyi əvəzsiz dəstəyini daha da gücləndirəcək. Türkiyə-Azərbaycan birliyi iqtisadi əlaqələrin genişlənməsinə, enerji, kommunikasiya layihələrinin səmərəli həyata keçirilməsinə böyük təkan verəcək.
Bu barədə danışan Sadiq Qurbanov deyir ki, Azərbaycan və Türkiyə arasında qarşılıqlı əlaqələrinin, hərbi və müdafiə sənayesi, elm, siyasi, iqtisadi və digər sahələr üzrə dinamik artımla davam etməsində, bütün bu nailiyyətlərin əldə olunmasında dövlət başçılarımızın siyasi iradələri, qardaşlıq münasibəti xüsusi rol oynayır: “Dünyanın heç bir dövlət və liderində olmayan belə siyasi iradəni və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi bir neçə hadisəni xatırlatmaq istəyirəm. Azərbaycan Prezidenti
İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin beş illiyinə həsr olunmuş plenar iclasında təcavüzkar Ermənistan dövlətinin prezidenti Serj Sarkisyanın sammitdə Türkiyə təmsilçisinin iştirak etməməsindən istifadə edərək növbəti spekulyasiyasına, rəsmi Ankaranın ünvanına böhtan və iftira söyləməsinə və qondarma “soyqırımı” məsələsini qabardaraq heç bir tarixi fakta əsaslanmayan iddialar səsləndirməsinə dərhal reaksiya verdi. “Türkiyə nümayəndəsi toplantıda yoxdur, amma mən burdayam” deyərək, erməni rəhbərini yerində oturtdu.
Bundan başqa, 2016-cı ilin ilk aylarında Türkiyədə törədilən amansız terror aktları səbəbindən həmin il Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərinin baş tutmaması səbəbindən iki dəfə təxirə salındı. Belə bir şəraitdə Azərbaycan Prezidenti
İlham Əliyev qardaş Türkiyəyə jest edərək Ankaraya getmək barədə qərar qəbul etdi. Beləliklə, Azərbaycan dövlətinin başçısı Türkiyəyə səfər etdi və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Bakıda yox, Ankarada keçirildi. Hər iki beynəlxalq səviyyəli siyasi hadisə günlərlə dünya gündəmini zəbt etdi”.
Sadiq Qurbanov bildirdi ki, hər günü şanlı tarixə çevrilmiş 44 günlük müharibə günlərində də bu qardaşlıq öz sarsılmazlığını sübut etdi. Türkiyə hər zaman olduğu kimi, Vətən müharibəsində də türk millətini qürurlandıracaq münasibət sərgilədi. Qardaş Türkiyənin böyük nümayəndə heyəti ilə dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında iştirakı və Prezident İlham Əliyevin paraddakı çıxışı dediklərimizin təsdiqidir: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir” deməklə cənab Prezidentimiz xalqımızın təşəkkürünü ifadə etdi.
Azərbaycanla Turkiyənin mövqeləri üst-üstə düşür
“Azərbaycanla Türkiyə arasındakı əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər”. Bunu isə deputat Ceyhun Məmmədov deyir. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra bu istiqamətdə mühüm addımlar atıldı: “Heydər Əliyev Azərbaycan xalqına müraciətində “Türkiyəyə münasibətdə xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəfdaşıdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir”, - deyə bildirmişdi.
Prezident İlham Əliyev isə iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır” .
Ceyhun Məmmədov hesab edir ki, Azərbaycanla Turkiyənin mövqeləri beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər üzrə üst-üstə düşür. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə ölkəmizin Silahlı Qüvvələrinin formalaşmasına yardım göstərib, kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşması işində böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirlər.
Türkiyənin Azərbaycana daim dəstək göstərdiyini deyən Ceyhun Məmmədov xatırladır ki, qardaş ölkə Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəl daim Azərbaycanın yanında olub, dövlətimizə həm siyasi, həm də mənəvi yardım göstərib: “Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmaycaq”.
Ermənistan nəticə çıxarmalıdır
Rəcəb Tayyib Ərdoğanın son səfərinin əhəmiyyətini xüsusilə vurğulayan Ceyhun Məmmədov Türkiyə Prezidentinin öz çıxışında Ermənistana və havadarlarına ciddi mesajlar verdiyini də nəzərə çarpdırdı. O bildirir ki, Ermənistan baş verənlərdən ciddi nəticə çıxarmalıdır: “Bu ölkənin bir yolu var. O da bölgə ölkələri ilə əməkdaşlıq etməkdir. Ermənilər bunu yubanmadan anlamalıdırlar. Əgər Ermənistan tərəfi kiçik təxribata belə cəhd etsə, onun qarşısı qətiyyətlə alınacaq. Digər tərəfdən, həm Azərbaycan, həm də Türkiyə Naxçıvan dəhlizinə xüsusi önəm verir. Rusiyanın da bu layihənin həyata keçirilməsində xüsusi marağı var. Bu layihənin reallaşması bütövlükdə regionda təhlükəsizliyin təmin olunmasına, sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfələr verəcək. Həmçinin Azərbaycanı loqistika mərkəzinə çevirmək üçün yeni imkanlar yaradacaq. Artıq proses sürətlə gedir və bu layihələrin qarşısını heç kim ala bilməz. Bunu Ermənistan tərəfi də ciddi nəzərə almalıdır. Populist və revanşist bəyanatlar Ermənistanı uçuruma daha da yaxınlaşdırır. Bu isə onun iqtisadiyyatının çöküşünə, siyasi böhranın daha da dərinləşməsinə aparıb çıxaracaq”.
Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladığı birgə Bəyannamə regionda sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib. Azərbaycan-Türkiyə birliyinin dəstəyi ilə regionda yeni əməkdaşlıq formatının reallaşması imkanları yaranıb. Regiondakı bütün ölkələrin maraqlarına xidmət edəcək bu əməkdaşlıq onların hər birinə iqtisadi dividendlər gətirə bilər.
Ermənistan Azərbaycan-Türkiyə əməkdaşlığının yaratdığı unikal imkanlardan yararlanmaqla özünün çox zəif iqtisadiyyatını inkişaf etdirmək şansı əldə etsə də, o, bundan yenə də müxtəlif bəhanələrlə boyun qaçırır. Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini və Şuşa Bəyannaməsinin imzalanmasını həmişəki kimi qısqanclıqla qarşılayan Ermənistan özünün çirkin niyyətindən əl çəkmir. Ermənistanın xarici işlər nazirliyi Azərbaycan və Türkiyə liderləri tərəfindən onlara təklif edilən regional əməkdaşlıq platformasını “erməni xalqına qarşı təhlükə” və “bölgə üçün təhdid” kimi qəbul etdiklərini açıqlayıb. Təklif olunan humanizm qarşılığında belə münasibət sərgiləməkdən utanmayan Ermənistan ona təklif edilən potensial inkişaf perspektivlərini sevinclə dəyərləndirməli olduğu halda, yenə də özünü əməkdaşlıq platformalarından təcrid etməyə üstünlük verir.
Əslində, sülh, əməkdaşlıq meyillərindən daim uzaq olan Ermənistan bu cür mövqeyi ilk dəfə nümayiş etdirmir. Ancaq bütün bunlara baxmayaraq, gələcək perspektivləri Ermənistandan fərqli olaraq daha düzgün qiymətləndirən Azərbaycan Türkiyənin dəstəyi ilə yeni əməkdaşlıq platformalarının ortaya qoyulması üçün bütün səylərini göstərir. Azərbaycan XİN açıqlayıb ki, əməkdaşlıqdan faydalanmaq və ya bunun əksi artıq Ermənistanın verəcəyi qərardır. Azərbaycan və Türkiyə isə Şuşa Bəyannaməsində də ehtiva olunduğu kimi, beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərini davam etdirəcəklər.
Sözsüz ki, bu səylər hər zaman olduğu kimi, yenə də uğurla nəticələnəcək. Çünki türk xalqının birliyi bundan qeyrisinə yol vermir və verməyəcək!
İlhamə
İSABALAYEVA
Azərbaycan.-2021.- 22 iyun.- S.1;4.