80 illik ibrət dərsi

 

 

 

22 iyun 1941-ci il...

 

Bizi bu tarixdən düz 80 il ayırır. Əgər 80 il əvvəl baş verənlər olmasaydı, bəlkə də, 22 iyun təqvimdə adi günlərdən biri kimi ötüb keçəcəkdi. Amma tarix şərt və gümanlarla danışmağı sevmir.

 

80 il əvvəlin məhz bu günündən etibarən həyatımızda ağır bir sınaq başladı. Milyonlarla insan həyatını itirdi. Bəşəriyyət görünməmiş vəhşiliklərlə üzləşdi. Dünya inkişaf axarından neçə onilliklər geri düşdü. Ömrün ən gözəl vədələrində müharibəyə yollanan insanların qısa müddətdən sonra qara kağızları gəldi. Döyüşlərdə itkin düşmüş yüz minlərin taleyindən indiyə qədər bir xəbər yoxdur. Cəbhədə itkin düşmüş nakam övladının yolunu ömrünün sonuna qədər gözləyən yaşlıların ümidintizar dolu baxışlarını heç birimiz unutmamışıq.

 

Bu sınaq yüz milyonlarla ailəyə, nəsillərə elə ağır yaralar vurdu ki, onun təsirləri indiyə qədər özünü hiss etdirməkdədir. Faşizmə qarşı mübarizədə və qələbənin əldə edilməsində böyük rol oynamış Azərbaycanda da elə bir ailə tapılmaz ki, bu fəlakətin, müharibənin dəhşətlərinin acılarını yaşamamış olsun.

 

 

 

“Barbarossa” planı

 

 

 

22 iyun 1941-ci il Hitler Almaniyasının SSRİ-yə hücum etdiyi gündür. Hitlerçilərin “Barbarossa” əməliyyatı adlandırdıqları bu ildırımsürətli müharibə planı üçün Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın adı seçilmişdi. Əməliyyat 1940-cı il iyulun 21-dən etibarən general Fridrix Paulusun rəhbərliyi altında hazırlanmış, həmin ilin 18 dekabrında Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiqlənmişdi. Plana əsasən, 3 ay ərzində SSRİ-nin Avropa hissəsi faşitslərin nəzarətinə keçməli idi.

 

Əməliyyatı 1941-ci ilin 22 iyun günü 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə və SSRİ-nin 2 900 kilometrlik sərhədi boyunca icra etməyə başlamışdılar. Bu hadisə dünyanın hərb tarixinə ən böyük hücum əməliyyatı kimi daxil olmuşdu. Əməliyyata 60 000 texnika, 750 000 at cəlb edilmişdi. Belə nəhəng hücum planı ilə hitlerçilər sovet qoşunlarını dövrəyə alıb sıradan çıxarmaq, qışa qədər ölkənin içərilərinə doğru irəliləyərək Arxangelsk-Həştərxan xəttinə çıxmaq istəyirdilər.

 

Hücum qəfil başlanmışdı. Amma ümumən ötən əsrin 30-cu illərində beynəlxalq münasibətlər sistemində baş verənlər İkinci Dünya müharibəsinin olacağını və Almaniyanın SSRİ-yə hücumunu addım-addım yaxınlaşdırmışdı.

 

 

 

Səbəblər, niyyətlər

 

 

 

Almaniyanın məğlub olduğu Birinci Dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton sistemi almanlara çox sərt və alçaldıcı gəlirdi. Buna görə Almaniyada qisasçılıq və militarizm ideyası güclənirdi. Hitler “reyx”inin irqçilik, “dəyərsiz xalqları” əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına nail olmaq iddiaları kütləyə cəlbedici görünürdü. Qərb dövlətləri, xüsusən İngiltərə və Fransa nasizmin bəşəriyyət üçün təhlükəli mahiyyətini dərk etmirdilər. Hətta onu şirnikləndirmək siyasəti aparırdılar. İri dövlətlər, o cümlədən ABŞ proseslərə “qarışmamaq” mövqeyi tutmuşdu. Üstəlik, ABŞ başda olmaqla böyük dövlətlər Almaniyanın iqtisadi-hərbi cəhətdən dirçəlməsinə yardım göstərirdilər. Sosializmə nifrət edən ölkələr SSRİ ilə birlikdə faşizmə qarşı alternativ ittifaq yaratmaq marağında deyildilər. Digər tərəfdən, SSRİ də müharibəni özündən uzaqlaşdırmaq üçün Almaniyaya müəyyən güzəştlər edirdi. Hətta onunla iqtisadi əlaqələr yaradırdı. 1930-cu illərin axırlarında Avropada və Şərqdə hərbi-sənaye kompleksləri də genişlənmişdi. Bütün bunlar irimiqyaslı müharibənin addım səsləri sayıla bilərdi.

 

1938-ci ilin sentyabrında əldə olunmuş Münhen sövdələşməsi Mərkəzi Avropada vəziyyəti kökündən dəyişdi. Hitler Almaniyasının mövqeyi xeyli gücləndi. Böyük BritaniyaFransa kimi böyük dövlətlər Münhen sövdələşməsi kimi taktiki gedişlərlə Hitler Almaniyasına şərait yaratmaqla sovetlərə qarşı plan qururdular. Faşist Almaniyasının tezliklə SSRİ ilə toqquşacağını zənn edirdilər. Amma hadisələrin sonrakı gedişi göstərdi ki, bu güman əsassızmış. Çünki hitlerçilər, ilk növbədə, daha zəif rəqibləri sıradan çıxarmağı üstün tutdular.

 

 

 

İldırımsürətli hücum

 

 

 

Əvvəlcə Qərbi Polşa viran qoyuldu. Sazişə uyğun olaraq Polşanın şərq yarısı, Estoniya, LatviyaLitva SSRİ-nin nəzarətinə keçdi. 1940-cı ilin aprelmay aylarında faşistlər qəflətən Norveçi, Danimarkanı və Niderlandı işğal edib Belçikaya hücuma başladılar. 1940-cı ilin mayında isə Fransa cəmi 6 həftəlik əməliyyatdan sonra hitlerçilərə təslim oldu.

 

Qərbdə faşist Almaniyası ilə üz-üzə qalan yeganə qüvvə Böyük Britaniya idi. Bu ölkə mühüm dayaq nöqtələrini, kommunikasiya xətlərini əlində saxlamaqla müqaviməti davam etdirsə də, Fransanın təslim olmasından sonra Hitler qərbdə öz məqsədlərinə çatdığını güman edirdi. Ona görə də 1940-1941-ci illərin qışında almanlar hücumlarının ağırlığını şərqə tərəf döndərməyə başladılar. Fürer qərara almışdı ki, Böyük Britaniya ilə məsələni tamamlamazdan qabaq SSRİ məsələsini həll etməlidir. Bu da səbəbsiz deyildi. 1939-cu ilin 23 avqustunda SSRİ ilə Almaniya arasında imzalanmış və tarixə “Molotov-Ribbentrop” paktı kimi düşmüş müqavilənin məxfi protokoluna əsasən, Stalin ona vəd edilən ərazilərin, demək olar ki, hamısını almışdı. Bununla belə, Stalinin Balkan yarımadasına və Qara dəniz boğazlarına olan iddiaları Hitleri ciddi şəkildə narahat edirdi. “Barbarossa planı”nın əsas məqsədi də SSRİ ilə məsələni tez bitirmək idi.

 

 

 

Moskva ətrafında döyüşlər

 

 

 

SSRİ-nin bir çox təcrübəli ordu komandirləri “Barbarossa hücumu” ərəfəsində repressiyanın qurbanı olmuşdular. Qərb sərhədlərindəki hərbi hissələr hələ tam komplektləşdirilməmişdi. Faşistlər isə əksinə, bu əməliyyata ciddi şəkildə hazırlaşmışdılar. Daha yaxşı silahlanmışdılar, müasir döyüş təcrübəsinə malik idilər. Ona görə də sovet hərbi birləşmələri hücumun ilk mərhələsində alman qoşunlarının güclü hücumuna tab gətirə bilmədi. Böyük itkilər verərək ölkənin içərilərinə doğru sürətlə geri çəkildi. Hitlerçilər müharibənin elə birinci həftəsində Leninqrad (Sankt-Peterburq) və Kiyevə yaxınlaşdılar, Smolenski ələ keçirdilər. Sentyabrda alman ordusu Kiyevi tutdu, Leninqradı mühasirəyə aldı və Moskva üzərinə güclü hücuma keçdi. Amma sovet ordusu tezliklə təşəbbüsü ələ aldı. Alman qoşunları Moskva döyüşündə darmadağın edilərək geri oturduldu. Beləliklə, “Barbarossa” planı iflasa uğradı. Hitlerin ildırımsürətli müharibə planı puç oldu.

 

Noyabrın 15-də alman qoşunları böyük qüvvə ilə SSRİ paytaxtı üzərinə ikinci dəfə hücuma keçdilər. Bəzi yerlərdə Moskvaya hətta 5 km-ə qədər yaxınlaşa bildilər. Amma sovet qoşunları alman ordusunu müdafiə döyüşləri ilə yordulartam taqətdən saldılar. 1941-ci ilin 5 və 6 dekabrında isə hitlerçilər üzərinə əks-hücum başlandı. Almanlar 100-250 km-ə qədər geriyə çəkilməli oldular.

 

Bu, Hitler ordusunun İkinci Dünya müharibəsindəki ən böyük məğlubiyyəti idi.

 

 

 

Azərbaycanlıların hünəri

 

 

 

Moskva ətrafındakı döyüşlərdə başqa xalqların nümayəndələri ilə birgə minlərlə azərbaycanlı əsgər və zabitdöyüşürdü. Ümumən, 1941-1945-ci illərdə faşizmə qarşı mübarizədə 641 mindən çox azərbaycanlı iştirak edirdi. Onların 10 mindən çoxu qadın idi. Azərbaycanın cəmi 3,4 milyon əhalisi vardı. Cəbhə xətti üçün Azərbaycanda 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı. Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə, 5 piyada dəstələri yaradılmışdı. Qızıl Ordunun 8 diviziyasının əksər hissəsini azərbaycanlılar təşkil edirdi.

 

Azərbaycandan olan əsgər və zabitlər, əsasən, Brest qalası, Leninqrad, Moskva, Stalinqrad, Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etmiş, Kursk, Berlin uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdilər. Ukraynada, Krım yarımadasında vuruşan, Pribaltikanı, Şərqi Avropanı azad edən hərbi birləşmələrin tərkibində də xeyli sayda azərbaycanlı vardı. Fransada, İtaliyada, Krımda, Belarusda azərbaycanlıların rəhbərlik etdiyi partizan dəstələri yaradılmışdı. Məsələn, Fransadakı azərbaycanlı partizan dəstəsinə Hüseynrza Məmmədov, İtaliyadakı azərbaycanlı partizan dəstəsinə Cavad Həkimli, Krımdakı Azərbaycan partizan dəstəsinə Məmməd Əliyev, Belarusda fəaliyyət göstərən partizan dəstəsinə Məmməd İsayev rəhbərlik edirdi. O dövrdə Fransanın azadlığı uğrunda vuruşaraq böyük hünər göstərmiş Azərbaycan partizanlarından “Xarqo” ləqəbli Əhmədiyyə Cəbrayılovun qəhrəmanlığı dillər əzbəridir. 1941-1945-ci illərdə ölkəmizdən döyüşlərə yollanan 300 min vətəndaşımız həlak olmuşdu. İkinci Dünya müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və şücaətə görə Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdı. Onlardan 42 nəfəri milliyyətcə azərbaycanlı idi. Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı leytenant İsrafil Məmmədov olmuşdu. 42 nəfərdən 14 nəfəri ölümündən sonra bu ada layiq görülmüşdü. General Həzi Aslanov daxil olmaqla, 3 nəfər həmyerlimizə Sovet İttifaqı Qəhrəmanı adı iki dəfə verilmişdi.

 

1945-ci il mayın 2-də səhər saatlarında döyüşçülər Məmmədov, Əhmədzadə, BerejnoyAndreyevin leytenant A.Məcidovun rəhbərliyi altında Brandenburq qapısı üzərində qalibiyyət bayrağını qaldırması da Azərbaycan xalqının faşizmə qarşı mübarizəsinə yüksək dəyərin ifadəsi idi.

 

 

 

Bakı nefti ilə qazanılan qələbə

 

 

 

Müharibə zamanı Bakı nefti Hitler üçün ən əhəmiyyətli məsələlərdən sayılırdı. Qafqaz uğrundakı döyüşlərdə almanlar əsas hədəf kimi Bakını və paytaxtımızın neft-qaz sənayesini nəzarətə götürməyi qarşılarına başlıca hədəf qoymuşdular. Bu da səbəbsiz deyildi. Bakı Sovet iqtisadiyyatının əsas neft mənbəyi sayılırdı. SSRİ neftinin 80 faizi Azərbaycanda çıxarılırdı. Bakı neftçiləri gecə-gündüz çalışaraq cəbhə xəttində faşist ordusuna qarşı vuruşan texnikanı, məhsul istehsal edən zavod və fabrikləri yanacaqla təmin edirdilər. Böyük Vətən müharibəsi dövründə hərbi ehtiyaclar üçün, ümumilikdə, 75 milyon ton neft göndərilmişdi. Sovet ordusunun əsas rəhbərlərindən olan marşal Georgi Jukov Bakı neftçilərinin düşmən üzərində tez qələbə çalmaq üçün  cəbhəyə və ölkəyə lazım olan qədər yanacaq verdiklərini rəğbət hissi ilə xüsusi qeyd edirdi.

 

O illərdə hərbi hissələri və müəssisələri yanacaqla təmin edən xüsusi təyinatlı qərargahı idarə etmiş Bakı sakini Nikolay Konstantinoviç Baybakov isə yazırdı ki, sovet döyüş maşınlarının 75-80 faizi bakılıların əməyi sayəsində hərəkət edirdi. Müharibənin taleyi onların işindən asılı idi. Ön cəbhədə olmadan, Azərbaycanın paytaxtı neft arteriyaları vasitəsilə sovet ordusunun əməliyyat qrupu ilə əlaqədə idilər.

 

 

 

“Hər şey cəbhə üçün! Hər şey qələbə üçün

 

 

 

Müharibənin ilk günlərindən Azərbaycan əhalisi “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ilə çalışırdı. Bütün sahələr cəbhənin tələbatına xidmət edirdi. İstehsal sahələri hərbi təchizat, qida və digər məhsulların tədarükunə keçmişdi. Ordunun təminatı üçün Azərbaycanda əvvəllər istehsal olunmayan böyük miqdarda ərzaq, geyim, ayaqqabı və digər mallar hazırlanırdı. Əmək qabiliyyətli kişilərin çoxu cəbhəyə getmişdi. Qadınlar, yeniyetmələr, qocalar, uşaqlar zavod və fabriklərdə, tarlalarda onların da yerinə çalışırdılar. Hər kəs qələbəyə bacardığı töhfəni verməyi qarşısına məqsəd qoymuşdu. Qız-gəlinlər, ana-bacılar ağır günündən sonra gecə lampa işığında toxuduqları corablardan, əlcəklərdən nişan üzüklərinə, cehizlik yorğan-döşəklərinin yununa qədər orduya göndərir, uzaq cəbhələrdə faşizmə qarşı qanlı döyüşlərdə iştirak edən doğmalarına faydalı olmağa can atırdılar. Təkcə bir faktı yada salaq ki, Azərbaycan sakinlərinin şəxsi ehtiyatlarından müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 mln. rubl verilmişdi. Böyük Vətən müharibəsi dövründə Bakıda və ölkə daxilində onlarca hərbi xəstəxana fəaliyyət göstərmişdi. Minlərlə həmvətənimiz macal tapan kimi bu xəstəxanalara gəlir, bacardıqları işlərdə tibb işçilərinə kömək göstərməyə çalışmışdı. Rəsmi məlumatlara görə, Azərbaycandakı xəstəxanalarında yarım milyon sovet əsgəri müalicə edilmişdi. Onların çoxu müharibədən sonra Azərbaycanda qalmış, həyatını xilas etmiş bu günəşli ölkəni özünə Vətən seçmişdi.

 

Ağır sınaq, böyük bir bəlanı birlikdə dəf etmək ehtiyacı onda xalqı yumruq kimi birləşdirmişdi. Bu birliyin, vəhdətin qələbə üçün nə qədər böyük anlam kəsb etdiyini 44 günlük Vətən müharibəsində də hər birimiz gördük. 80 il əvvəl müsəlləh əsgər kimi səfərbər olaraq önarxa cəbhədə faşizmə qarşı gecə-gündüz döyüşən, qələbə qazanan Azərbaycan xalqı birliyinin gücü ilə erməni faşizminin də başını “Dəmir yumruq”la əzdi. Müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin sərkərdə qüdrəti ilə böyük bir tarix yazdı. Faşizmin necə dəhşətli bəla olduğunuonun müəyyən simptomlarının təfəkkürlərdə indiyə qədər qaldığını erməni faşistlərinin işğal altındakı torpaqlarımızda törətdikləri dağıntılar, vandalizm aktları fonunda bütün dünyaya göstərdi. Faşizm həqiqətən bəşəriyyət üçün böyük təhlükədir və onun ən kiçik əlamətlərinə qarşı bütün dünya öz səylərini birləşdirməlidir. Bu xəstəliyə yoluxan toplumların sağalmasına hamı çalışmalıdır. Yoxsa nəticə çox dəhşətli olar.

 

Tarixin ən qanlı müharibəsi kimi tanınan İkinci Dünya savaşının qurbanlarının dəqiq sayı bu günə qədər məlum deyil. Dünyanın 70-ə yaxın dövlətinin cəlb olunduğu bu müharibədə həlak olanların sayının əksər mənbələrdə 70 milyona yaxın olduğu yazılır. Müharibədə həyatını itirənlərin təxminən 25 milyonu hərbçi, qalanı dinc əhali olub. Müharibə qurbanlarının təqribi 23 milyonu keçmiş SSRİ ölkələrinin payına düşür. İndi bunlar adama quru, adi statistika kimi görünür. Amma bu rəqəmlərin hər birinin arxasında ailələrin, bütöv nəsillərin faciəsi, ağrı-acısı dayanır.

 

Dağıdılmış ölkə, şəhər, kənd və qəsəbələri, milyardlarla insanın düzəni pozulmuş həyatını, müharibənin ölkələrin iqtisadiyyatına, cəmiyyətin sosial-mənəvi həyatına vurduğu ağır yaraları hələ buna aid etmirik.

 

 

 

Birliyin gücü

 

 

 

Müharibənin əvvəlindən sonuna qədər iştirak edən, bir neçə dəfə ağır yaralanan atam xatırlayırdı ki, qələbədən sonra cəmiyyət həyatında böyük problemlər başlanmışdı. Sağ qalan hərbçilərin əksər hissəsi tərxis olunaraq doğma evlərinə qayıtmışdılar. Gündə neçə dəfə ölümlə üz-üzə gələn, odun-alovun içindən sağ-salamat çıxan, psixi sarsıntılar keçirən bu insanları evlərində yeni çətinliklər gözləyirdi. Atam müharibədən il yarım sonra döndü. Berlinin bərpa-quruculuq işlərində də iştirak etmişdi. Vətənə qayıdan kimi ölkə rəhbərliyinin göstərişi ilə Bakıdakı əsas ictimai-iaşə müəssisələrindən birinin rəhbəri təyin olunmuşdu. Cəbhə yoldaşlarının bir neçəsini, hətta keçmiş komandirlərini öz yanında işə götürmüşdü. Sonralar onlar harada çalışmalarından asılı olmayaraq tez-tez evimizdə yığışardılar. Əlamətdar günləri süfrə arxasında birgə qeyd edər, cəbhə xatirələrini bölüşərdilər. Danışardılar ki, ölkə iqtisadiyyatı müharibədən sonrakı ilk illərdə qalib əsgərlərin hamısını işlə təmin edəcək, sosial problemlərini yoluna qoyacaq səviyyədə deyildi. Ona görə də xüsusən 1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərində cəmiyyətdə mənəvi böhran özünü göstərirdi. Quldurluq halları artırdı. Ağır cinayət əməlləri törədən bandaların, cinayətkar qrupların fəaliyyəti hüquq mühafizə orqanları üçün ciddi problemə çevrilmişdi. Müharibədən sonrakı dövrə həsr olunmuş bədii filmlərdə, ayrı-ayrı əsərlərdə də bu elementlərə rast gəlirik. Amma cəmiyyət birliyinin gücü ilə bu problemləri də zamanla yoluna qoydu.

 

Heç bir sosial problem, müvəqqəti çətinlik faşizmdən dəhşətli bəla deyil. Hitler Almaniyasının SSRİ-yə hücumundan ötən 80 il faşizmin dünya üçün nə qədər böyük bir təhlükə olduğunu anlamaqdan ötrü bu böyük bir ibrət dərsidir. Bu dərsdən hər kəs nəticə çıxarmalı və bəşəriyyət tarixinin utanc dolu səhifələrinin yenidən yazılmasına heç zaman imkan verməməlidir. Faşizm dəhşətləri dünyaya acılardan, itkilərdən, dağıntı və böhranlardan başqa heç nə verə bilməz. Bəşəriyyətin xoşbəxtliyi sülhdə, əməkdaşlıqda, inkişaf məqsədlərinə doğru birgə hərəkətdədir.

 

 

 

İradə ƏLİYEVA

Azərbaycan.-2021.- 22 iyun.- S.1;9.