Pakistan
və Azərbaycan iki qardaş ölkə olaraq əlaqələrini
gücləndirir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də
Pakistan İslam Respublikasının Quru Qoşunları
komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, ordu generalı Qamar Caved Bacvanı salamlayan Prezident İlham Əliyev dedi:
- Sizi görməyə çox şadam. Xoş gəlmisiniz. Ümidvaram ki, ölkəmizə səfəriniz çox səmərəli olacaq və bu, bizim sıx tərəfdaşlıq münasibətlərimizi daha da gücləndirəcək. Biz çox şadıq ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Pakistan və Azərbaycan iki qardaş ölkə olaraq ikitərəfli əlaqələrini gücləndirir. Biz xüsusilə İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq. Müharibənin ilk günlərindən ölkənizin ali rəhbərliyi - Prezident və Baş nazir ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdilər. Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir. Pakistanın digər yüksək rütbəli rəsmiləri, parlament üzvləri və ictimai xadimlər Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük müharibə ərzində bizi dəstəklədilər. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan tərəfindən güc və siyasi yolla həll olundu.
Mən, həmçinin qeyd etmək istərdim ki, Pakistan bizim torpaqlarımızın işğalı səbəbindən Ermənistanı tanımayan və Ermənistanla diplomatik əlaqələr qurmayan az sayda ölkələrdən biridir. Bu, ölkələrimiz arasında qardaşlıq əlaqələrimizin daha bir nümayişidir. Azərbaycan xalqı bunu bilir. Biz hər zaman Azərbaycanı kimin dəstəklədiyi və müharibə zamanı bizi kimin dəstəklədiyi barədə mesaj veririk. Ona görə də bütün şəhər və ölkə boyu Pakistan bayraqlarının olması təəccüblü deyil, bunun nəticəsində ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq güclənəcək. Bildiyiniz kimi, Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik.
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüquq və ədaləti fəal şəkildə müdafiə edir. Mən Bakıda keçirilən sammitdə şəxsən iştirak etdiyinə və Qoşulmama Hərəkatı çərçivəsində bizim təşəbbüsləri dəstəklədiyinə görə Pakistanın Prezidentinə çox minnətdaram. Əməkdaşlığımız uğurla inkişaf edir. Biz müdafiə və müdafiə sənayesi sahələrində çox yüksək səviyyəli tərəfdaşlıq nümayiş etdiririk. Sizin bizim ölkəmizə səfəriniz bunun daha bir göstəricisidir. Biz Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq. Bildiyiniz kimi, biz bu məhsulları alırıq, bu da bizim hərbi potensialımızı gücləndirir. Düşünürəm ki, qarşıdakı illərdə biz hərbi əməkdaşlığımızı genişləndirməli və tərəfdaşlığımızı gücləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıyıq. Əminəm ki, bu və bir çox başqa məsələlər həmkarlarınızla müzakirə mövzuları kimi sizin gündəliyinizdə olacaq. Sizə yaxşı vaxt keçirməyi arzulayıram. Bir daha xoş gəlmisiniz.
X X X
Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvan Pakistanın Baş naziri İmran Xanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Pakistanın Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İmran Xana çatdırmağı xahiş etdi.
X X X
Ordu generalı Qamar Caved Bacvan dedi.
– Cənab Prezident. İlk növbədə, Sizinlə
görüşmək mənim
üçün böyük
şərəfdir. Birincisi, Ermənistanı
məğlub edərək
və ərazilərinizi
geri qaytararaq qazandığınız tarixi
Qələbə münasibətilə
səmimi qəlbdən
təbriklərimi qəbul
etməyinizi xahiş edirəm. Düşünürəm ki, bu, hər bir müsəlman,
hər bir pakistanlı üçün
möhtəşəm hadisədir.
Ölkənizə qarşı qərəzliliyə
baxmayaraq, Siz ərazi bütövlüyünüzü
bərpa etdiniz. Sizi səmimi qəlbdən təbrik edirəm. İkincisi, mən qeyd etmək
istərdim ki,
1993-cü ildə dostlarımdan
biri Azərbaycana gəlmişdi və o zaman çox məyus olmuşdu.
O, ötən il buraya səfər etdi və heyran oldu, dedi ki,
görkəmli şəxsiyyət
olan atanızın və Sizin rəhbərliyinizlə
Azərbaycan son 30 ildə
inkişaf edib. O qeyd etdi ki,
bunu yüksək qiymətləndirir.
Zati-aliləri, Azərbaycan ilə bizim ortaq tərəfdaşlarımızdan
biri də Türkiyədir. Sizin “bir millət, iki dövlət” dediyiniz kimi, Türkiyə bizim də qəlbimizə çox yaxındır. Dünyada ən yaxın əlaqələrimiz Türkiyə
ilədir. Hər üç
ölkə arasında
sıx əlaqələrin
olması əməkdaşlığımız
üçün hədsiz
imkanlar açır.
Bizim Azərbaycanda nəzərdən keçirəcəyimiz
bir çox imkanlar var, iş adamlarımız
buraya səfər edə bilərlər.
X X X
Görüşdə nəqliyyat, logistika, energetika, ticarət dövriyyəsi sahələrində
əməkdaşlıq məsələləri
də müzakirə olundu.
Azərbaycan.-2021.-
22 iyun.- S.1-2.