Azərbaycan neftinin və qazının dünyaya yolu Türkiyədən keçir

 

 

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrində neft-qaz sektoru önəmli rola malikdir. Həm də bu sahədəki əməkdaşlıq çoxşaxəli xarakter daşıyır. Türkiyənin tanınmış şirkətləri Azərbaycanın ən iri neft-qaz layihələrində iştirak edir. Eləcə də Azərbaycan qardaş ölkədə bir sıra əhəmiyyətli müəssisələrin yaradılmasına sərmayə yatırıb.

 

Azərbaycan netfinin və qazının dünyaya yolu Türkiyədən keçir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə də bu sahədəki əməkdaşlığın davam etdirilməsi məsələsi özünə mühüm yer alır.

 

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrindən söhbət gedəndə, ilk növbədə, müəllifi Ulu Öndər Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri yada düşür. 2006-cı ildə tam sistem kimi istifadəyə veriləndən bəri bu kəmər 1768 kilometr məsafə keçərək Azərbaycan neftini Bakı yaxınlığındakı Səngəçal terminalından Türkiyənin Ceyhan limanınadək nəql edir. Oradan isə neftin dünya bazarlarına yolu başlanır.

 

BTC-dən az sonra istifadəyə verilən Bakı-Tbilisi Ərzurum kəməri isə Azərbaycan qazını ixrac edir. Məhz bu kəmər ölkəmizin həm də qaz diyarı olduğunu dünyaya bəyan etdionu mavi yanacaq ixracatçısı kimi tanıtdı. Əslində, Bakı-Tbilisi-Ərzurum kəməri sonralar reallaşan “Cənub qaz dəhlizi”nin bünövrəsini təşkil etdi. Belə ki, 2011-ci il dekabrın 24-də TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) ilə bağlı Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu imzalandı. 2012-ci il iyunun 26-da İstanbulda boru kəməri sisteminə dair sazişə də imza atıldı və sənəd hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqləndi. Bununla da Azərbaycan və Türkiyə siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP-ın tikintisi ilə bağlı razılıq əldə edildi. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyuldu. İstifadəyə verildiyi vaxtdan təxminən il yarım sonra - 2019-cu il noyabrın 30-da TANAP-ın qazı Avropa sərhədinədək çatdıran ikinci fazasının çəkilişi yekunlaşdı.

 

TANAP Azərbaycanın və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən unikal layihə olduğuna görə onların birliyini və qardaşlığını bir daha nümayiş etdirir. Prezident İlham Əliyev kəmərin əhəmiyyəti barədə belə demişdir: “TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür”.

 

Xatırladaq ki, TANAP “Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən ikincisiböyüyüdür. O, Türkiyənin ərazisində 1850 kilometrdən çox məsafə qət edir. Bir tərəfdən CQBK-ya (Cənubi Qafqaz Boru Kəməri), digər tərəfdən TAP-a ( Trans-Adriatik Qaz Boru Kəməri) bağlandığı üçün TANAP-ı “Cənub qaz dəhlizi”nin “birləşdirici halqası” da adlandırırlar.

 

Şuşa Bəyannaməsində tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunu bir daha vurğulamışlar. Bildirmişlər ki, “Cənub qaz dəhlizi”nin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər.

 

Uzun illərdir bir sıra Türkiyə şirkətləri Azərbaycanın ən iri neft, qazixrac layihələrində iştirak edirlər. Başda TPAO - “Türkiyə Petrolları” olmaqla, onlar özlərini etibarlı tərəfdaş kimi təsdiqləmişlər. TPAO “Azəri-Çiraq-Günəşli” layihəsində 5,73 faizlik payla iştirak edir. BTC-nin 11 səhmdarından biri olan bu şirkətin layihədəki iştirak payı 6,53 faizdir. TPAO, eləcə də, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrində tərəfdaşlıq edən 7 dünya şöhrətli şirkət arasında özünə yer alıb. Hər iki layihədə 19 faiz iştirak payına malikdir.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsi imzalandıqdan sonra mətbuata bəyanatında bu barədə demişdir: ““Türkiyə Petrolları” başda olmaqla, bir çox şirkətimizin Azərbaycanda mühüm investisiyaları var. Eyni qaydada, SOCAR başda olmaqla, Azərbaycan şirkətlərinin Türkiyədəki sərmayələri bizi məmnun edir. Təkcə Türkiyədə deyil, lazım gələrsə, SOCAR ilə “Türkiyə Petrolları”nın üçüncü ölkələrdə də investisiya qoymaq məsələsini qardaşımla birlikdə müzakirə etdik. İnşallah, bunun üzərində də işləyirik və işləyəcəyik”.

 

SOCAR-ın qardaş ölkədəki layihələrinə gəldikdə isə, bir neçə ildir İzmir şəhərinin Əliağa bölgəsində uğurla fəaliyyət göstərən STAR Neft Emalı Zavodunun adını çəkmək kifayətdir. STAR zavodu SOCAR-ın Azərbaycandan kənarda inşa etdiyi ilk neft emalı zavodudur. Bu, şirkətin biznes portfelini şaxələndirmək məqsədilə xaricdə həyata keçirdiyi layihələrdən biridir. STAR həm Azərbaycanın, həm də Türkiyənin iqtisadiyyatına gəlir gətirən və gələcəkdə töhfələrini daha da artırmağı hədəfləyən bir müəssisədir.

 

Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik”, - dedi Azərbaycan Prezidenti İlham Əliyev. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyan etdi ki, əməkdaşlığımızı bundan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza da davam edəcəyik.

 

Beləliklə, qarşıdakı dövrdə Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının miqyası daha da genişləndiriləcək. Bu, hər iki dövlət başçısının qərarı, hər iki ölkənin vətəndaşlarının mənafeyinə xidmət edən məramdır.

 

 

 

Flora SADIQLI

Azərbaycan.-2021.- 22 iyun.- S.3.