İnnovativ idarəçilik
güclü dövlətin təməlidir
Dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin təşkili ölkənin önləyici inkişafını, indiki və gələcək nəsillərin rifahını və təhlükəsizliyini təmin edən həlledici amillərdir. Azərbaycan Respublikasının örnəyi bunun parlaq təzahürüdür.
Beynəlxalq təşkilatların məlumatlarına görə, müstəqilliyinin bərpasından keçən qısa müddətdə ölkə iqtisadi, sosial, humanitar inkişaf və təhlükəsizlik sahələrində yüksək nəticələr əldə etmişdir. Bu, Azərbaycan Respublikasında innovativ dövlət idarəçiliyi texnologiyalarının tətbiqi və çevik dövlət qulluğu sisteminin təşkili, həmçinin səmərəli fəaliyyət göstərən kadr potensialının formalaşdırılması nəticəsində mümkün olmuşdur.
Dünyada bütövlükdə dövlət qulluğu sisteminin təşkilinin, dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsinə müxtəlif yanaşmalar mövcuddur. Azərbaycan Respublikasında bu prosesin təşkilinə daha müasir yanaşma ortaya qoyulub. Burada dövlət qulluğu sistemi, dövlət qulluqçularının fəaliyyət səmərəliliyi ölkənin iqtisadi, sosial və humanitar, həmçinin təhlükəsizliyinin təmini sahələrində əldə etdiyi son nəticələrə görə dəyərləndirilir.
Azərbaycan Respublikasında müasir dövlət idarəçiliyi sisteminin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqilliyinin ilk illərində səriştəsiz, məsuliyyətsiz, bəzən isə cinayətkarcasına idarəçilik nəticəsində ölkənin mövcudluğu üçün yaranmış kritik durumda Ulu Öndər Azərbaycanı siyasi, iqtisadi və sosial böhrandan çıxara bildi, iqtisadi və sosial inkişaf proqramlarının icrasına, ölkənin dünya birliyinə inteqrasiyasına müvəffəq oldu. Bu prosesin kadrlarla təminatı məqsədilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını yaratdı və ona kadrların hazırlanması və yenidən hazırlanması, daimi dəyişikliklər şəraitində dövlət idarəçiliyi sisteminin modernləşdirilməsinə dair tövsiyələrin işlənməsi sahəsində aparıcı elm, təhsil və informasiya mərkəzi statusu verildi. Prezident İlham Əliyevin 2014-cü və 2017-ci illərə aid sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ölkənin bu sahədə aparıcı təhsil, elmi-analitik və informasiya mərkəzi kimi statusu xeyli genişləndirildi.
Dövlət qulluğu sisteminin qurulması və təkmilləşdirilməsi prosesi 2003-cü ildən sonra xüsusi vüsət aldı. Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sisteminin təşkili və idarə olunmasının yeni texnologiyaları işləndi və tətbiq edildi. Bu da beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycanı iqtisadi, sosial və humanitar inkişaf və təhlükəsizliyin təmini naminə maddi və insan resurslarından ən səmərəli istifadə sahəsində dünya liderinə çevirdi. Prezident İlham Əliyev tərəfindən işlənib hazırlanan və tətbiq edilən dövlət idarəçiliyinin innovativ sistem və texnologiyalarının yüksək səmərəliliyi parlaq Vətən müharibəsi dönəmində də öz təsdiqini tapdı. 2020-ci ilin payızında Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri 44 gün ərzində azad edildi və bununla da BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılmasını tələb edən qətnamələri yerinə yetirildi. Bu tarixi qələbə dövlət idarəçiliyində innovativ texnologiyaların tətbiqinin nəticəsi idi. Dünya kütləvi informasiya vasitələrinin qiymətləndirmələrinə görə, Azərbaycan Respublikası ölkənin ərazi bütövlüyünün bərpası gedişində XXI əsrin hərbi texnologiyalarını dünyaya nümayiş etdirdi. Bu təcrübə hazırda bir çox ölkənin, o cümlədən hərbi sahədə dünya liderləri sayılan dövlətlərin mütəxəssisləri və müvafiq qurumları tərəfindən öyrənilir. Prezident İlham Əliyevin milli təhlükəsizlik strategiyasının başlıca fərqləndirici xüsusiyyəti hərbi quruculuğun ölkənin ərazi bütövlüyünün bərpası prosesinə informasiya dəstəyi və diplomatik səylərlə paralel aparılmasında idi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin hərbi yolla icrasının həm diplomatik, həm də informasiya dəstəyi şəxsən Prezident İlham Əliyev tərəfindən həyata keçirildi. Onun mahir diplomat və parlaq intellektual kimi istedadı diplomatik və informasiya cəbhələrində də qələbəni təmin etməklə hazırda ölkə və bütövlükdə bölgənin davamlı inklüziv inkişafı üçün yeni şərait yaradır.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət idarəçiliyi strategiyasının əsasında insan potensialının inkişafı, iqtisadiyyatda isə bu potensialın insan kapitalına transformasiyası dayanır. İlk dəfə Prezident İlham Əliyevin 2003-cü ildə Cenevrədə dünyanın 175 ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilən ümumdünya sammitində açıqladığı bu konsepsiya iqtisadiyyatda qazanılan nailiyyətlərin insan inkişafı sahəsindəki uğurlara transformasiyasını ehtiva edirdi. Bu strategiya ardıcıl olaraq həyata keçirilməkdədir. İqtisadi sahədə uğurlu fəaliyyət ölkədə elm, təhsil, mədəniyyət, idman və səhiyyənin inkişafı vasitəsilə müasir rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılmasına imkan yaratmışdır. Bu proqramın həyata keçirilməsində məhdud imkanlara malik şəxslərin təhsil və sağlamlıq proqramlarına əlyetərliyini təmin etməklə insan potensialının formalaşdırılması prosesinə inklüziv xarakter qazandıran ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu var. Eyni zamanda Heydər Əliyev Fondu könüllüləri cəlb etməklə milli məsələlərin həllində əhalinin geniş təbəqələrinin iştirakının genişləndirilməsinə yönəlik siyasət reallaşdırmağa başlayıb. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, ölkədə Birinci vitse-prezident institutunun formalaşması, xanım Mehriban Əliyevanın bu mövqedə uğurlu fəaliyyəti davamlı inkişaf və inklüziv cəmiyyətin qurulmasına yönəlik vəzifələri böyük səmərəliliklə həll etməyə qadir yeni nəsil peşəkar idarəçi və dövlət qulluqçularının hazırlanmasında ən vacib amil kimi dəyərləndirilməlidir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada azad edilmiş ərazilərin bərpası və reabilitasiyası üzrə işlər, beynəlxalq və milli tədbirlərin çox yüksək səviyyədə təşkili Heydər Əliyev Fondunun fəaliyyətinin mühüm göstəriciləridir.
Bu, dövlət inkişafı proseslərinin idarə edilməsində sinergetik texnologiyalardan istifadə nümunələrindən biridir. Komplementar və kompensasyon texnologiyalarla birgə ilk dəfə Prezident İlham Əliyev tərəfindən işlənmiş dövlət inkişafı proseslərinin idarə olunmasının bu innovativ texnologiyaları dövlət qurumları, vətəndaş cəmiyyəti, ilk növbədə Heydər Əliyev Fondunun, könüllülər hərəkatı və özəl sektorun birgə fəaliyyəti sayəsində yüksək səmərəliliyi təmin edir.
İlk dəfə Prezident İlham Əliyev tərəfindən işlənən yeni dövlət idarəçiliyi texnologiyalarının uğurlu tətbiqi yalnız dövlət inkişafının idarəedilməsi sahəsində yüksəkixtisaslı dövlət qulluqçularının mövcudluğu ilə məhdudlaşmır. Eyni zamanda ölkədə davamlı inkişaf və inklüziv cəmiyyətin qurulması sahəsində bu yeni yanaşma və texnologiyaları qəbul etməyə və həyata keçirməyə hazır bir mühitin formalaşdırılması vacib şərtdir. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli qərarlarına uyğun olaraq, göstərilən istiqamətlər 2030-cu ilədək ən vacib prioritetlər kimi müəyyən edilmişdir. Bu hədəflərə çatmaq üçün Prezident Administrasiyasının qərarlarına müvafiq qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası həm dövlət qulluqçularının hazırlanması və yenidən hazırlanmasını, həm də innovativ inkişaf mühitinin formalaşdırılmasını həyata keçirir (şəkil 1).
Şəkil 1. Azərbaycan Respublikasında dövlət qulluqçularının hazırlanması sistemi və innovativ inkişaf mühitinin formalaşdırılması
Bu proqram çərçivəsində 2021-ci il yanvarın əvvəlindən iyun ayınadək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 1600-dən çox dövlət qulluqçusu təlim və yenidən hazırlıq keçmişdir. Qlobal pandemiya şəraitində bu fəaliyyət distant formada gerçəkləşdirilib. 2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən regional inkişaf üçün kadrların hazırlanması və yenidən hazırlanması proqramlarını xüsusi qeyd etmək lazımdır. Bu proqramlar çərçivəsində distant kurslara respublikanın 75 şəhər və rayonundan eyni vaxtda təlimlərdə iştirak imkanı qazanan 141 gənc dövlət qulluqçusu cəlb olunub.
Hazırda kadrların hazırlanması və səfərbər edilməsi də daxil olmaqla, dövlət idarəçiliyi sisteminin fəaliyyət səmərəliliyinin təhlilinin ən real üsulu bu fəaliyyətin nəticələrini ölkənin iqtisadi, sosial və humanitar inkişafı baxımından qiymətləndirməkdir. Bir qayda olaraq, bu qiymətləndirmələr tanınmış beynəlxalq təşkilatların məlumatlarına əsaslanır. Dünya Bankının bilgilərinə görə, 2020-ci ilin ilk aylarında ölkədə adambaşına düşən ÜDM (ümumi daxili məhsul, alıcılıq qabiliyyəti pariteti nəzərə alınaraq ABŞ dolları) əsrin əvvəli ilə müqayisədə 4.9 dəfə artmışdır. Bu, dünyanın ən yüksək göstəricilərindən biridir. Bununla birlikdə, Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, iqtisadi artım məqsəd deyil, yalnız insanların rifahının yüksəldilməsi və ölkənin təhlükəsizliyinin təmin edilməsi vasitəsidir. Bu siyasətin Azərbaycan Respublikasında səmərəliliyini 2-ci şəkildə aydın görmək olar.
Şəkil 2. Azərbaycan Respublikası və iqtisadi cəhətdən yüksək inkişafa nail olmuş ölkələrdə Cini indeksi. İndeksin göstəricilərinin aşağı olması ölkədə sosial siyasətin yüksək səviyyəsindən xəbər verir. İnformasiya mənbəyi: Dünya İqtisadi Forumu, Davos, 2018, 2019.
Şəkildə dünyanın müxtəlif ölkələrində sosial siyasətin göstəricisi olan və əhali arasında gəlir bölgüsünü xarakterizə edən Cini indeksinə dair bilgilər əksini tapıb. Cini indeksi nə qədər aşağı olarsa, ölkənin sosial siyasəti o qədər uğurlu sayılır. 2-ci şəkildəki məlumatlardan da göründüyü kimi, Azərbaycan Respublikasının sosial siyasəti çox uğurludur və beynəlxalq təşkilatların hesabatlarına görə, bu sahədə tanınmış dünya liderləri - Çexiya, Norveç, İsveç, Finlandiya kimi ölkələrin oxşar göstəriciləri ilə müqayisə edilə bilər. Təbii ki, belə bir nəticə yalnız səmərəli fəaliyyət göstərən dövlət idarəçiliyi və dövlət qulluğu sistemi sayəsində qazanıla bilər.
Prezident İlham Əliyev tərəfindən işlənilən və tətbiq olunan yeni dövlət idarəçiliyi texnologiyaları, bu innovasiyalara uyğun formalaşdırılan dövlət qulluğu sistemi Azərbaycan Respublikasının sosial siyasətin reallaşdırılması və insanların rifahının təmin olunması naminə iqtisadi imkanlardan səmərəli istifadə sahəsində dünya lideri kimi tanınmasına yol açıb. Bu fakt Davosda Dünya İqtisadi Forumunun qurucusu və daimi prezidenti, professor Klaus Şvab tərəfindən 2018-ci və 2019-cu illərdə hazırlanıb yayımlanan xüsusi qlobal hesabatlarda da əks olunub. Ümumi həcmi 1000 səhifədən çox olan bu hesabatlarda dünya ölkələrinin iqtisadi imkanları və bu imkanlardan əhalinin rifahının təmini üçün sosial siyasətdə necə istifadə olunduğu təhlil edilmişdir. Ümumilikdə, bu məsələ dünyanın 146 ölkəsində araşdırılmışdır. Bunlardan Azərbaycan Respublikası da daxil olmaqla, dünyanın yeddi ölkəsindəki vəziyyət xüsusi təhlilə cəlb edilmişdir. Əhalinin sosial rifahı üçün iqtisadi imkanlardan istifadənin müxtəlif səmərəliliyinin nümunələri kimi təqdim edilən təhlilin nəticələri 3-cü şəkildə verilmişdir.
Şəkil 3. Sosial siyasətin reallaşdırılması üçün iqtisadi imkanlardan müxtəlif səmərəliliklə istifadə edən ölkələr. İnformasiya mənbəyi: Dünya İqtisadi Forumu, Davos, 2018, 2019.
Yuxarıdakı şəkildən də göründüyü kimi, ABŞ, Almaniya, Danimarka, Braziliya və Cənubi Afrika Respublikası da daxil olmaqla, bir sıra ölkələrdə sosial siyasət mövcud iqtisadi imkanlardan xeyli zəifdir. Onlar şəkildə mənfi işarəsi ilə göstərilmişdir, yəni bu ölkələrdə sosial siyasət onların iqtisadi imkanlarının altındadır və işarədən sonrakı rəqəm bu fərqlərin dərəcəsini göstərir. Bu beynəlxalq quruma görə, Azərbaycan Respublikası (+31) qlobal miqyasda davamlı inklüziv cəmiyyətin qurulması üçün iqtisadi imkanlardan ən səmərəli istifadə edən ölkədir.
Sosial siyasətin reallaşdırılması sahəsində Azərbaycan Respublikasının qazandığı uğurlar Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyində yeni sinergetik, komplementar və kompensasyon texnologiyalar kompleksinin tətbiq edilməsinin nəticəsidir. Ölkədə Birinci vitse-prezident institutunun formalaşdırılması, Mehriban xanım Əliyevanın bu vəzifədə, həmçinin Heydər Əliyev Fondunun Prezidenti kimi fəaliyyəti ölkənin dünyada hazırkı və gələcək nəsillərin rifahı naminə madii resurslar və insan potensialından səmərəli istifadə üzrə şəksiz liderə çevrilməsinə şərait yaradıb.
Azərbaycan Respublikasında dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yüksək səmərəliliyi digər beynəlxalq müqayisələrdən də aydın olur. Məsələn, bu il Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası, hazırda Avropa Birliyinə üzv olan Baltikyanı dövlətlər də daxil olmaqla, keçmiş SSRİ respublikalarının 30 illik iqtisadi, sosial və humanitar inkişafının nəticələrini təhlil edən “Post-Sovet Ölkələrində Dövlət İdarəçiliyinin Təkamülü 1991-2021” toplusunu nəşr etdirib. Araşdırmada dövlət idarəçiliyi və dövlət qulluğunun təşkili səmərəliliyi ölkənin inklüziv inkişaf səviyyəsi və inklüziv inkişaf indeksinin hər bir vahidinin neçəyə başa gəlməsi ilə də müəyyən edilmişdir. Bu seçim təsadüfi deyil, çünki inklüziv inkişaf indeksi sosial və iqtisadi inkişaf səviyyəsinin ən informativ göstəricisidir. Onun dəyərləndirilməsi zamanı iqtisadiyyatın və cəmiyyətin müasir vəziyyəti (məşğulluq, gəlirlər, onların dəyişmə dinamikası, gəlir bölgüsünün ədalətliliyi, sağlamlıq, uzunömürlülük və s.) və həmçinin gələcəkdə davamlı inklüziv inkişaf dinamikasının qorunması perspektivləri (dövlət borcunun miqdarı, əhalinin əmanətlərinin həcmi, əhalinin demoqrafik quruluşu, qlobal iqlim dəyişikliklərinə təsir və s.) nəzərə alınır. Bundan əlavə, inklüziv inkişaf indeksi 2018-ci ildə dünya ölkələri üçün qlobal miqyasda ilk dəfə hesablanan ən müasir göstəricidir. Azərbaycan Respublikasının dövlət idarəçilik sisteminin innovativliyinin növbəti təsdiqi Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamına uyğun olaraq 2030-cu ilədək davamlı inklüziv cəmiyyət quruculuğunun prioritet olaraq qəbul edilməsidir.
Şəkil 4. Keçmiş SSRİ ölkələrində inklüziv inkişaf indeksinin hər vahidinə görə adambaşına düşən xərclər (alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla min ABŞ dolları). İnformasiya mənbəyi: Dünya Bankı, 2020; Dünya İqtisadi Forumu, Davos, 2018.
4-cü şəkildə keçmiş SSRİ ölkələrində yeni müstəqil dövlətlərdə davamlı inklüziv cəmiyyətin qurulması üçün vəsaitlərin nə dərəcədə səmərəli istifadə edildiyini xarakterizə edən məlumatlar təqdim olunub. Məlumatları 4-cü şəkildə əksini tapan keçmiş SSRİ ölkələri arasında bəzi dövlətlər üçün beynəlxalq təşkilatlar tərəfindən inklüziv inkişaf indeksləri hesablanmışdır. Şəkildən göründüyü kimi və beynəlxalq qurumların məlumatlarına görə, Azərbaycan Respublikası alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla inklüziv inkişaf indeksinin hər bir vahidinə adambaşına 4040 ABŞ dolları xərcləyir. Şəkildə yer alan digər ölkələr, hazırda Avropa Birliyinin üzvləri də daxil olmaqla, eyni hədəflərə çatmaq üçün 1,5 - 1,9 qat daha çox vəsait xərcləyirlər ki, bu da adambaşına düşən pul nisbətində, alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla, 6480 ilə 7570 ABŞ dolları arasındadır.
Eyni hədəflərə daha az xərclərlə nail olmaq yalnız inkişaf proseslərinin optimal və innovativ idarə olunması, insan potensialının hərtərəfli səfərbər edilməsi və iqtisadiyyatda insan kapitalına çevrilməsi şəraitində mümkündür. Milli səviyyədə bu istiqamətdə yüksək nəticələr yalnız innovativ dövlət idarəçiliyi sisteminin inkişafı və bu tələblərə cavab verən dövlət qulluqçularının səmərəli təlim və səfərbərlik sisteminin formalaşdırılması kontekstində qazanıla bilər. İlk dəfə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işlənilən innovativ dövlət idarəçiliyi texnologiyaları ölkənin davamlı inklüziv inkişaf üçün resurslardan səmərəli istifadə sahəsində dünya tərəfindən tanınan liderə çevrilməsini təmin edib.
Azərbaycan Respublikasının dövlət idarəçiliyi sisteminin yüksək səmərəliliyi dünya ölkələrində davamlı inklüziv inkişafla bağlı vəziyyətə dair qlobal müqayisələrdə də öz əksini tapmışdır (şəkil 5).
Şəkil 5. İnklüziv inkişaf göstəriciləri və bu göstəriciyə görə dünya ölkələrinin reytinqləri. İnformasiya mənbələri: Dünya Bankı, 2020; BMT, 2020; Dünya İqtisadi Forumu, Davos, 2018.
5-ci şəkildə təqdim edilən məlumatlardan aydın olur ki, Azərbaycan Respublikası yalnız regional deyil, həm də davamlı inklüziv inkişafın planlaşdırılması və idarə edilməsində qlobal liderdir. Beynəlxalq təşkilatların hesabatları göstərir ki, Azərbaycan bu göstəriciyə görə ABŞ, Yaponiya, İtaliya, İsrail, İspaniya, Yunanıstan, Polşa, Portuqaliya, Rumıniya və digər ölkələri qabaqlayaraq dünyada 25-ci yerdə qərarlaşıb. Eyni zamanda Azərbaycanın maliyyə imkanları bütün bu ölkələrlə müqayisədə xeyli məhduddur. Dünya Bankı və digər qlobal tədqiqat mərkəzlərinin hesabatlarında təqdim olunan bilgilərə görə, Azərbaycan iqtisadi potensialına görə dünyada 82-ci yerdədir. Bir qayda olaraq, ölkələrin iqtisadiyyat və inklüziv inkişaf sahəsindəki reytinqləri eyni və ya çox yaxındır. Azərbaycan dünyada iqtisadi imkanlarından 57 pillə yüksək inkişaf reytinqinə malik yeganə ölkədir. Bu göstərici baxımından dünyada ikinci və üçüncü mövqeləri Çex Respublikası, Koreya Respublikası, İslandiya və iqtisadi inkişaf reytinqi iqtisadi imkanlarından 8-13 pillə yüksək olan bəzi digər ölkələr tutur.
Beləliklə, təhlillər göstərir ki, dövlətin inkişafı və dövlət qulluğunun təşkili üçün Prezident İlham Əliyev tərəfindən hazırlanmış və tətbiq olunan yeni texnologiyalar, Birinci vitse-prezident institutunun formalaşdırılması və səmərəli fəaliyyəti də daxil olmaqla reallaşdırılan struktur dəyişiklikləri Azərbaycan Respublikasının iqtisadi, sosial və humanitar inkişafın müasir və prioritet sahələrində dünya liderləri sırasında yer almasına şərait yaradıb. Dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin səmərəliliyini Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa olunması və beləliklə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi ilə yekunlaşan 44 günlük parlaq Vətən müharibəsi bir daha təsdiqlədi.
Qeyd edilənlər Azərbaycan Respublikasında yüksək səmərəliliyi ilə fərqlənən dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin formalaşması və fəaliyyətindən xəbər verir. Bu, eyni zamanda ölkənin iqtisadi, sosial və humanitar inkişafının, təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasının zəmanətidir.
Urxan ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının rektoru, akademik
Azərbaycan.-2021.- 23 iyun.- S.1;7.