ƏZMİN GÜCÜ

 

 

 

B qrupu

 

 

 

Rusiya - Danimarka - 1:4

 

Qollar: Damsqaard, 38 (0:1), Poulsen, 59 (0:2), Dzyuba, 69-pen. (1:2), Kristensen, 79 (1:3), Mahle, 82 (1:4)

 

Baş hakim: Klemen Turpin (Fransa)

 

Kopenhagen.Parkenstadionu

 

 

 

Bu qrupda ötən tur Belçika 1/8 finala vəsiqə qazanmışdısa, digər 3 komanda həmin yer uğrunda mübarizəni davam etdirirdi. Danimarka Rusiyaya, Belçika isə Finlandiyaya qalib gəldikdən sonra sözügedən hər 3 komandanın 3 xalı olub. Top fərqindəki üstünlüyə görə Danimarka qrupdan çıxıb. Rusiya turnirlə vidalaşmalı olub. Finlandiyanın isə ən yaxşı 3-cü yerin sahibi kimi 1/8 finala çıxmaq şansı qalır.

 

Futbolda taktika, oyun planı və ustalıq çox vacib məsələlərdəndir. Ancaq əzmkarlıq, ruh yüksəkliyi, qələbə qazanmaq inadkarlığı komandaları qarşılaşmaya daha fərqli motivasiya edir. Məhz Rusiya-Danimarka matçında bunun şahidi olduq. Danimarkalılar meydançanın Rusiyaya aid hissəsində tətbiq etdikləri pressinqlə rusların oyun qurmasına imkan vermədilər.

 

Xüsusilə cinah ötürmələrinə üstünlük verən Skandinaviya təmsilçisi ikili mübarizələrdə də Rusiya futbolçularından daha güclü idi.  Qapıya uzaqdan vurulan zərbələrdən sonra geri qayıdan topların hamısına Danimarka futbolçuları yiyələnirdilər. Bir sözlə, onlar meydançanın bütün zonalarında sona qədər mübarizə apardılar. Bu mübarizlik də Danimarkanı növbəti mərhələyə yüksəltdi.

 

Qeyd edək ki, Danimarka yığması Avropa çempionatına seçmə mərhələnin D qrupunun ikincisi kimi qatılıb. Komanda İsveçrə, İrlandiya, Gürcüstan və Cəbəllütariqlə mübarizədə 8 oyunun 4-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. İsveçrədən cəmi 1 xal geri qalan Danimarka 2-ciliklə kifayətlənib. Amma Danimarka yığması qrupunun ən məhsuldar komandası olub. Rəqib qapılarına 13 qol vurub, 6 top buraxıb.

 

Komanda sayca 8-ci dəfə Avropa çempionatlarının final mərhələsində iştirak edir. Yığma əvvəlki 7 cəhdin yalnız birində çempion olmağı bacarıb. Bu, 1992-ci ildə baş verib. Özü də Danimarkanın çempionluğunun maraqlı hekayəsi var. Həmin zaman yığma Avropa çempionatına vəsiqə qazana bilmir. Yalnız son anda Yuqoslaviyanın dağılması səbəbindən bu ölkənin yığmasının çempionata qatılması mümkün olmur və əvəzində Danimarka dəvət alır. Turnirə günlər qalmış yığılan komanda gözlənilmədən çempion olmağı bacarır.

 

Rusiya yığması isə sayca 11-ci dəfə Avropa çempionatlarının final məhələsində iştirak edirdi. Yığma daha əvvəl 5 dəfə SSRİ, 1 dəfə MDB (1992-ci il), 4 dəfə Rusiya adı ilə qitə birinciliyində yarışıb. Yeganə çempionluq məhz keçmiş SSRİ dövründə qazanılıb. Komanda 1960-cı il çempionatında qalib olub. Yığma SSRİ adı ilə 3 dəfə 2-ci yeri tutub. Rusiya adı altında çıxış etdikləri çempionatlarda isə ən yaxşı nəticə 2008-ci ildə əldə edilib. Ümumiyyətlə, SSRİ dağıldıqdan sonra Rusiya millisi yalnız bir dəfə qrup səddini aşa bilib. 2008-ci ildə yarımfinala kimi irəliləyən komanda sonda Türkiyə ilə birgə bürünc medallara layiq görülüb.

 

***

 

B qrupunun digər matçında isə FinlandiyaBelçika yığmaları üz-üzə gəldilər. Turnirin gizli favoritlərindən biri kimi göstərilən Belçika qarşılaşmanın ilk hissəsində qol vurmaqda çətinlik çəkdi. Qısa ötürmələrlə oyunu meydançanın rəqibə aid olan hissəsində keçirən belçikalılar itirilən hər topdan sonra demək olar ki, finlərə boş zona buraxmadılar.

 

Daha çox müdafiə olunmaqla vaxt keçirən Finlandiya futbolçuları əks hücumlarda qol vurmaq planı qururdular. Heç-heçə ilə qrupu 2-ci pillədə başa vuraraq növbəti mərhələyə yüksəlmək ümidi 74-cü dəqiqədə Hradekinin avtoqolu sayəsində puç oldu. Qoldan 7 dəqiqə sonra Lukaku Belçikanın hesabda üstünlüyünü artırdı. Amma 0:2 hesabı ilə uduzan Finlandiya yığmasının ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələyə yüksəlmək şansı hələ də qaldı.

 

Qeyd edək ki, Belçika yığması  sayca 6-cı dəfə Avropa çempionatlarının final mərhələsində iştirak edir. Yığma ən yaxşı nəticəsini 1980-ci ildə qazanıb. Yalnız finalda İtaliyaya uduzan Belçika turniri 2-ci yerdə başa vurub. Yığma 5 il öncə Fransada keçirilən qitə çempionatında isə dörddəbir finalda dayanıb.

 

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 23 iyun.- S.1;10.