“Azərbaycanın mədəniyyət
paytaxtı - Şuşa şəhəri haqqında”
Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 10-cu, 11-ci, 12-ci və 13-cü bəndlərinə
uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7
may tarixli 2632 nömrəli Sərəncamı ilə Azərbaycanın
mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin
qorunmasının, bərpasının, öyrənilməsinin,
inkişafının və təbliğinin hüquqi və təşkilati
əsaslarını müəyyən edir.
Maddə 1. Şuşa Şəhəri Dövlət Qoruğu
1.1. Azərbaycanın
mədəniyyət paytaxtı Şuşa
şəhərinin inzibati sərhədləri daxilində
Şuşa Şəhəri Dövlət Qoruğu
yaradılır.
1.2. Şuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən idarə edilir.
Maddə 2. Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisi
2.1.
Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini
Şuşa şəhərinin inzibati sərhədləri
daxilində yerləşən torpaq sahələri təşkil
edir.
2.2.
Şuşa şəhərinin inzibati sərhədlərinə
bitişik yerləşən və onunla təbii-landşaft,
sosial, tarixi, mədəni və ya təsərrüfat
bağlılığı olan və ya Şuşa
Şəhəri Dövlət Qoruğunun mühafizəsi,
qorunması və ya inkişafı üçün əhəmiyyətə
malik olan ərazilərdə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
mühafizə zonasının sərhədləri müəyyən
edilir.
Maddə 3. Şuşa şəhərində dövlət siyasətinin
əsas istiqamətləri
3.1. Şuşa şəhərində dövlət siyasətinin əsas
istiqamətləri aşağıdakılardır:
3.1.1. Şuşa şəhərinin bərpasını, yenidən
qurulmasını, öyrənilməsini, inkişafını
və təbliğini təmin etmək;
3.1.2. Şuşa şəhərində yerləşən tarix və mədəniyyət
abidələrinin (bundan sonra - abidələr) həcm-planlaşdırma
quruluşunun qorunmasını və
toxunulmazlığını, habelə bərpasını,
öyrənilməsini, məqsədyönlü istifadəsini
təmin etmək;
3.1.3. Şuşa şəhərində effektiv dövlət idarəetməsinin
təşkili və tətbiqini təmin etmək, şəhər
həyatının bütün sahələrində innovativ həllərdən
istifadəni dəstəkləmək;
3.1.4. Şuşa şəhərinin tarixi, mədəni, turizm və
istirahət (rekreasiya) potensialından tam yararlanmaq
üçün əlverişli şərait yaratmaq;
3.1.5. Şuşa şəhərinin ərazisində sahibkarlıq fəaliyyətinin
canlanmasını və inkişafını təmin etmək;
3.1.6. Şuşa şəhərinin ərazisində elmi-tədqiqat, ənənəvi
sənətkarlıq və digər məşğuliyyət
növlərinin inkişaf və nümayiş etdirilməsi
üçün tədbirlər görmək;
3.1.7. Şuşa şəhərində mədəniyyət fəaliyyətini
və mədəniyyət xidmətlərini təşviq etmək;
3.1.8. Şuşa şəhərinin beynəlxalq mədəni əlaqələrinin
inkişafını təmin etmək, habelə şəhərin
dünya tarixi-mədəni irsinin incilərindən biri kimi
nüfuzunu möhkəmləndirmək.
Maddə 4. Şuşa şəhərinin ərazisində və
onun mühafizə zonasında hüquqi tənzimləmə
4.1. Şuşa şəhərinin ərazisində bu Qanunla və Azərbaycan
Respublikasının digər normativ hüquqi aktları ilə
müəyyən edilən hüquqi tənzimləmə tətbiq
edilir.
4.2. Şuşa şəhərinin ərazisində hüquqi tənzimləmənin
sahələri aşağıdakılardır:
4.2.1. abidələrin bərpası, qorunması,
öyrənilməsi, istifadəsi və təbliği;
4.2.2. ətraf mühitin mühafizəsi;
4.2.3. tikinti, memarlıq və şəhərsalma fəaliyyəti;
4.2.4. sahibkarlıq fəaliyyəti;
4.2.5. turizm (rekreasiya) fəaliyyəti, habelə yerli,
ölkə və beynəlxalq səviyyəli tədbirlərin
keçirilməsi;
4.2.6. reklam fəaliyyəti;
4.2.7. nəqliyyatın təşkili, o cümlədən
Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisinə
giriş-çıxışın tənzimlənməsi;
4.2.8. mənzil fondunun idarə edilməsi;
4.2.9.
Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisində
dövlət idarəetməsinin təşkili və Şuşa Şəhəri Dövlət
Qoruğunun maliyyələşdirilməsi.
4.3. Bu
Qanunun 4.2-ci maddəsində nəzərdə tutulan sahələr
üzrə Şuşa şəhərində
tənzimləmə ilə bağlı əlavə tələblər
müəyyən edilə bilər.
4.4. Şuşa şəhərinin mühafizə zonasında müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilən
mühafizə rejimi tətbiq edilir.
Maddə 5. Şuşa şəhərinin ərazisində abidələrin
bərpası, qorunması, öyrənilməsi, istifadəsi
və təbliği
5.1. Şuşa şəhərinin ərazisində yerləşən
abidələrin dövlət mühafizəsinin və
qorunmasının təşkili müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
təmin edilir.
5.2. Şuşa şəhərinin ərazisində abidələrin
tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi,
abidələrin uçurulması və ya onlar
üçün təhlükə yarada biləcək hər
hansı fəaliyyətin həyata keçirilməsi
qadağandır.
5.3.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) vəzifəli şəxslərə, fiziki və
hüquqi şəxslərə Şuşa
şəhərinin ərazisində yerləşən abidələrə
təhlükə yaradan işlərin məhdudlaşdırılması
və ya dayandırılması ilə bağlı
yazılı göstərişlər verə bilər. Yazılı göstərişin məzmunu, habelə
təhlükənin aradan qaldırılması tədbirləri,
onların həyata keçirilməsi qaydası və müddəti
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
5.4.
Yazılı göstərişə əməl edilmədikdə,
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) göstərişdə nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsini təmin
edir və çəkilmiş xərcləri, habelə dəymiş
zərərin əvəzini göstərişi icra etməmiş
şəxslərdən tələb edir.
5.5. Şuşa şəhərinin ərazisində abidələrin
öyrənilməsi və arxeoloji qazıntıların
aparılması müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun)
razılığı ilə həyata keçirilir. Belə razılıq verilərkən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) rəyi nəzərə alınır.
5.6. Şuşa şəhərinin ərazisində arxeoloji
qazıntılar müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) nəzarəti ilə
aparılır. Arxeoloji qazıntılar abidələrə
zərər yetirilmədən aparılmalıdır. Arxeoloji qazıntılar zamanı aşkar edilən
abidə, əşya və ya başqa tapıntının
koordinatları və vəziyyəti qazıntı işlərinin
təşkilatçısı tərəfindən qeyd edilməli,
fotosu və ya videosu çəkilməlidir. Bu işlərin gedişində aşkar edilən
arxeoloji materiallar dövlət mülkiyyəti hesab olunur.
5.7.
Dünya əhəmiyyətli abidələr istisna olmaqla,
dövlət mülkiyyətində olan digər abidələr
və ya onların hissələri Şuşa şəhərinin
Baş planına uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən,
xüsusi mülkiyyətdə olan abidələr və ya
onların hissələri isə elmi, mədəni, dini, xidmət
və turizm məqsədləri üçün onların
istifadə məqsədlərini və xüsusiyyətlərini
müəyyənləşdirən istifadə proqramı,
uyğunlaşdırma və bərpa layihələri
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra icarəyə
(istifadəyə) verilə bilər. Mülkiyyətində
abidələr olan hüquqi və fiziki şəxslər abidələri
və ya onların hissələrini digər məqsədlər
üçün icarəyə (istifadəyə) verdikdə bu
barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) məlumat verməlidirlər.
5.8. Şuşa şəhərinin ərazisində yerləşən
abidələri və ya onların ayrı-ayrı hissələrini
icarəyə (istifadəyə) götürən fiziki və
ya hüquqi şəxslər onların həcm
kompozisiyasını, xarici görünüşünü,
konstruktiv elementlərini dəyişdirməməli, istismar
zamanı abidələrə zərər vurmamalı və təsərrüfat
işləri zamanı arxeoloji abidələrdə mədəni
təbəqənin korlanmasına yol verməməlidirlər.
5.9.
Şuşa şəhərinin ərazisində “Mədəniyyət
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, dünya təbii və mədəni irs siyahısına
daxil edilmiş, həmçinin milli mədəni və təbii
irsə aid dövlət mülkiyyətində olan abidələrin
özəlləşdirilməsinə yol verilmir. Yerli əhəmiyyətli abidələrin özəlləşdirilməsinə
yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) razılığı əsasında
“Dövlət əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq yol verilir.
5.10.
Xüsusi mülkiyyətdə olan abidələr
satıldıqda dövlət onları almaqda üstün
hüquqa malikdir.
5.11.
Dövlət mülkiyyətində olan abidələrin
konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və
regenerasiyası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında
həyata keçirilir. Dövlət mülkiyyətində
olmayan abidələr ilə əlaqədar bu işlər
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) razılığı ilə
mülkiyyətçi (icarəçi və ya istifadəçi)
tərəfindən və onun hesabına aparılır.
5.12. Şuşa şəhərinin ərazisində abidələrin
mülkiyyətçiləri, istifadəçiləri və
icarəçiləri ilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) arasında
abidələrin qorunmasına dair forması müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilən
mühafizə müqavilələri bağlanılır. Abidələrin mülkiyyətçiləri, istifadəçiləri
və icarəçiləri həmin abidələrin
salamatlığına görə qanuna uyğun olaraq məsuliyyət
daşıyırlar.
5.13.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) mülkiyyətində, istifadəsində və
ya icarəsində abidələrin olduğu fiziki və ya
hüquqi şəxslər tərəfindən abidələrin
qorunması və ya mühafizə müqavilələrinin
şərtlərinə əməl edilməsi vəziyyətini
yoxlamaq məqsədilə abidələrdə monitorinq
keçirmək hüququna malikdir. Monitorinqin
keçirilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
5.14. Şuşa şəhərinin ərazisində abidələr ilə
bağlı bu Qanunla tənzimlənməyən məsələlər
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 6. Şuşa şəhərinin ərazisində ətraf
mühitin mühafizəsi
6.1.
Şuşa şəhərinin ərazisində ətraf
mühitin mühafizəsi “Ətraf mühitin mühafizəsi
haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının qanunları ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.
6.2.
Şuşa şəhəri ərazisində ekoloji təmiz
enerji təchizatına, resursların davamlı istifadəsinə,
emal və təkrar emal sahələrinin inkişafına,
atmosfer və ətraf mühitə mənfi təsirlərin
minimuma endirilməsinə, su və torpaq resurslarından səmərəli
istifadəyə, həmçinin bu sahədə bütün
proseslərin informasiya sistemləri vasitəsilə idarə
edilməsinə üstünlük verilir.
Maddə 7. Şuşa şəhərinin ərazisində tikinti,
memarlıq və şəhərsalma fəaliyyəti
7.1. Şuşa şəhərinin ərazi
planlaşdırılması sənədini müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən təsdiq edilən, habelə
özündə müfəssəl həlləri ehtiva edən
şəhərin Baş planı təşkil edir.
7.2. Şuşa şəhərinin ərazisində həyata
keçirilən bütün tikinti-quraşdırma,
abadlıq, təmir, bərpa, konservasiya, rekonstruksiya və
regenerasiya işləri şəhərin Baş planına, ərazinin
memarlıq üslubuna uyğun olmalıdır.
7.3. Şuşa şəhərinin ərazisinin
zonalaşdırılması Baş planda müəyyənləşdirilir.
7.4. Tarixi
və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə
tikinti, bərpa, təmir və təsərrüfat işləri
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı
ilə aparılır və bu zaman həmin ərazi əvvəlcədən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən nəzərdən
keçirilir və abidələrin ilkin tədqiqi təmin
edilir.
7.5. Şuşa şəhərinin ərazisində inşaat, bərpa,
təmir, təmizlik, yaşıllaşdırma,
abadlaşdırma, təsərrüfat və ya hər
hansı başqa işlər aparılarkən arxeoloji abidə
aşkar edildikdə aparılan iş dərhal
dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) məlumat
verilməlidir. Bu halda işlərin davam etdirilməsi
barədə qərar müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
qəbul edilir.
7.6.
Şuşa şəhərinin ərazisində tikinti niyyətinin
həyata keçirilməsi ilə bağlı tikintiyə
icazə və ya məlumatlandırma icraatı məqsədləri
üçün tikinti layihələrinin onların həyata
keçiriləcəkləri müvafiq ərazinin
planlaşdırılması tələblərinə
uyğunluğunun müəyyən edilməsi, belə icazələrin
verilməsindən və uyğunluğun müəyyən
edilməsindən, habelə tikinti fəaliyyətindən irəli
gələn digər məsələlər Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
ilə tənzimlənir.
Maddə 8. Şuşa şəhərinin ərazisində
sahibkarlıq fəaliyyəti
8.1. Şuşa şəhərinin ərazisində onun inkişafına
yönəlmiş infrastrukturun, investisiya qoyuluşu və
investorların fəaliyyəti üçün şəraitin
yaradılması təmin edilir.
8.2. Şuşa şəhərinin ərazisində onun tarixi, mədəni,
elmi, estetik, rekreasiya dəyərlərinə xələl gətirə
bilən, abidələrə və ya təbii landşafta,
ekoloji mühitə təhlükə yarada bilən
sahibkarlıq fəaliyyəti növləri ilə məşğul
olmaq qadağandır.
8.3. Şuşa şəhərinin ərazisində qadağan olunmuş
sahibkarlıq fəaliyyəti növlərinin
siyahısını müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən
edir.
Maddə 9. Şuşa şəhərinin ərazisində turizm
(rekreasiya) fəaliyyəti, habelə yerli, ölkə və ya
beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi
9.1. Şuşa şəhərinin ərazisində abidələrə
xələl gətirmədən turizm (rekreasiya) infrastrukturunun
yaradılması təmin edilir, habelə maddi və qeyri-maddi
mədəni irsin qorunmasına və təbliğinə dair məlumat
mərkəzləri təşkil edilir.
9.2. Şuşa şəhərinin ərazisində yerli, ölkə və
ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən
idman yarışlarının, konsert və musiqi
festivallarının, sərgi və ekskursiyaların
keçirilməsi, sənədli və bədii filmlərin,
televiziya verilişlərinin və reklam çarxlarının
çəkilişi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) ilə əvvəlcədən
razılaşdırılmalıdır.
Maddə 10. Şuşa şəhərinin ərazisində reklam fəaliyyəti
10.1. Şuşa şəhərinin ərazisində siyahısı
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş abidələrin üzərində və onların
mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi
qadağandır.
10.2.
Şuşa şəhərinin ərazisində Şuşa
şəhərinin mədəniyyət paytaxtı kimi təşviqinə
dəstək olan reklamların yerləşdirilməsinə
üstünlük verilir.
10.3. Şuşa şəhərinin ərazisində şəhərin
tarixi-mədəni irsinə, mədəniyyətinə və
şöhrətinə xələl gətirə bilən
reklam yerləşdirilməsi qadağandır.
10.4.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) “Reklam haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq Şuşa şəhərinin
ərazisində açıq məkanda reklam fəaliyyətinə
nəzarəti həyata keçirir, o cümlədən reklam
yerləşdirilməsinə icazə verir, Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə
əsasən açıq məkanda reklam
qurğularının tikintisinə,
quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər
edilməsinə, istismarına icazə verir, tikintisinə icazə
tələb olunmayan reklam qurğularının
quraşdırılması və sökülməsi ilə əlaqədar
müvafiq tədbirlər görür, habelə şəhərin
mühafizə zonasında reklam yerləşdirilməsinə
razılıq verir.
10.5. Şuşa şəhərinin ərazisində reklam fəaliyyəti
ilə bağlı bu Qanunda tənzimlənməyən məsələlər
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsi və “Reklam haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 11. Şuşa şəhərinin ərazisində nəqliyyatın
təşkili
11.1. Şuşa şəhərinin ərazisində nəqliyyat
infrastrukturunun, o cümlədən şəhərin hissələrinə
giriş-çıxışın təşkili müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən həyata keçirilir.
11.2. Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat
vasitələrinə üstünlük verilir və onlardan
istifadə təşviq edilir.
11.3. Şuşa şəhərinin ərazisində mövcud olan yollarda
və ya şəhərin mühafizə zonasından keçən
yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti
abidələrin qorunması üçün təhlükə
yaradarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən həmin yollarda nəqliyyat
vasitələrindən istifadəyə məhdudiyyət tətbiq
edilə və ya bu cür istifadə qadağan edilə bilər.
Maddə 12. Şuşa şəhərinin ərazisində mənzil
fondunun idarə
edilməsi
12.1. Şuşa şəhərinin ərazisində dövlət mənzil fondu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə edilir.
12.2. Şuşa şəhərinin ərazisində mənzil hüququnun həyata keçirilməsi, habelə əhalinin əmlak hüquqları ilə bağlı bu Qanunda tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və digər qanunları ilə tənzimlənir.
Maddə 13. Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisində dövlət idarəetməsinin təşkili və Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi
13.1. Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisində dövlət orqanları (qurumları) tərəfindən fiziki və hüquqi şəxslərə göstərilən xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) və ya elektron qaydada təşkil edilir.
13.2. Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.
13.3. Şuşa Şəhəri Dövlət Qoruğunun qorunması, bərpası, yenidən qurulması, öyrənilməsi və inkişafı sahəsində işlərə dəstək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi fond yaradılır.
13.4. Fondun vəsaiti fiziki və hüquqi şəxslərin yardımları (ianələri), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
13.5. Fondun vəsaitlərinin formalaşması və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 14. Şuşa şəhərinin ərazisində vergilər və digər məcburi ödənişlər
Şuşa şəhərinin ərazisində tətbiq edilən vergilər və digər məcburi ödənişlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Azərbaycan Respublikasının digər qanunlarına uyğun olaraq müəyyən edilir.
Maddə 15. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 31 may 2021-ci
il
Azərbaycan.-2021.-
23 iyun.- S.2.