Murovdağın fatehi
Şəhid mayor
Rahib Babayevin
“alınmaz qala”- “Canavar”
postunda son kəlməsi
belə olub: “Çətin günlər gəldi-gedərdir,
Murovun o üzü də bizim Vətəndir!”
...Murovdağdan söz düşəndə 28 il öncə kəlbəcərlilərin minbir zülmlə aşıb gəldiyi günlər gəlir göz önünə. Murovdağdan o üz Kəlbəcərdi. 28 il idi ki, doğmalarının yolunu gözləyən bu yurdda indi kəlbəcərlilər (hələlik rəsmi idarələrin işçiləri olsa da) ocaq qalayır, çörək bişirirlər. Kəlbəcərin keşiyini Azərbaycan əsgəri çəkir...
Ötən ilin sentyabrında başlayan Vətən müharibəsində cəngavər igidlərimiz Murovdağın azad edilməsi uğrunda canlarından keçdilər. Belə igidlərimizdən biri də Kəlbəcərdə doğulmayan, lakin kəlbəcərlilər kimi o zirvənin alınmasında canından keçən mayor Rahib Babayev idi...
Üzü dağlara-dağlara...
Babayev Rahib Bəxtiyar oğlu 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdu. Əvvəlcə Külüsdə oxumuş, sonra isə Naxçıvan şəhər 14 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2002-2006-cı illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərb sənətinə yiyələnmişdi.
Sumqayıtda, Qazaxda, daha sonra isə Murovdağ silsiləsində xidmət edən, mayor rütbəsinə qədər yüksələn Rahib Babayev 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə vuruşurdu. Sentyabrın 30-da başçılıq etdiyi taborla birlikdə bir neçə düşmən postunu ələ keçirmiş, misilsiz şücaətlər göstərmişdir. Sentyabrın 30-da şəhidlik zirvəsinə ucalmış Rahib Babayev oktyabrın 2-də Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90, 95 və 100 illik yubiley, eləcə də “Qüsursuz xidmətə görə” 3-cü və 2-ci dərəcəli medalları, “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılmış və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Qəhrəmanlar can verir Vətəni
yaşatmaq üçün
Rahib Babayevin taboru Kəlbəcər rayonunun
işğalından sonra
27 sentyabr döyüşlərinə
qədər Murovdağ
silsiləsində Ömər
aşırımı - Yanşaq-Kəlbəcər
istiqamətində yerləşən
düşmən qüvvələri
ilə qarşı-qarşıya
müdafiədə dayanıb...
Komandiri
haqqında ürəklə
söz açan qazi Sərxan Abbasəliyev deyir: “Rahib Babayev xidmətinin
8 ilini Murovdağda keçirmişdi. Taqım komandirliyindən
tabor komandirliyinə kimi
yüksəlmişdi. Həmin taborun xidmət
ərazisi Kəlbəcər-Göygöl-Daşkəsən
birləşmələrindən başlayır və Göygöl-Ağdərə-Kəlbəcərə
qədər əraziləri
əhatə edirdi.
Xüsusi qeyd etmək istəyirəm ki, düşmən quvvələri tərəfindən
1994-cü ildən möhkəmləndirilən
və xüsusi əhəmiyət kəsb
edən Ömər zirvəsi (3395 m) və Ömər aşırımında
(düşmən bu ərazidə 3 ayrı postda bir tabora
qədər canlı quvvə cəmləmişdi)
yerləşən, bizim
üçün təhlükəli
hesab edilən, şərti adı “Elşən zirvəsi” olan (3381 m), strateji əhəmiyyətli “Canavar-sol”
və “ Canavar-sağ”
zirvələri, düşmənin
bir bölüyə qədər quvvəsi olan 3223 m yüksəkliyi
(bölük dayaq məntəqəsi) və
digər adlarını
qeyd etmədiyimiz quvvələr taborumuzun müdafiə xəttinin qarşısında yerləşirdi.
Ərazinin relyefini bilənlər
anlayır ki, düşmən bizim taborun qarşısında
çox yaxşı və əlverişli hakim
yüksəkliklərdə möhkəmlənmişdi. Bir neçə mövqeyimiz düşmən postlarının
altında, müdafiə
xəttində dayanırdı.
Düşmənin Ömər
zirvəsi və aşırımı, Güzgü,
adsız və “Elşən zastavası”nın əhatəsində
olan “Təbriz” (3159 m)
çətinliyi ilə
Murov istiqamətində
seçilən postlardan
idi. Bu posta
hansı yolla gedirdiksə, düşmən
bizi açıq-aşkar
müşahidə edirdi.
Ona görə də bu posta ancaq
gecə qaranlığında
və dumanlı hava şəraitində, çox ağır şərtlərlə, 4 km yol
qət edərək gedə bilirdik. 1-ci taborun hər mövqeyinin öz çətinliyi var idi, nə qədər
yazsam da azdır...”
Son gedişdən qalan izlər və yollara dikilən gözlər
Döyüşçü Sərxan daha sonra deyir ki, Rahib Babayevin komandir olduğu taborlar belə çətin vəziyyətdən onun başçılığı ilə Vətən müharibəsindən üzüağ çıxmağı bacardı, həm də az itki ilə: “Taborumuz 44 günlük döyüşlərdə cəmi 4 şəhid verdi: Mayor Rahib Bəxtiyar oğlu Babayev - tabor komandiri, kapitan Rövşən Mahmud oğlu Pənahov - bölük komandiri, leytenant Sərvan Mehman oğlu Göyüşov - taqım komandiri və əsgər Behbud Rubail oğlu Behbudlu - qumbaraatan.
“Koroğlu” zirvəsinin bölük komandirinin döyüşlərin idarə edilməsində çox böyük qəhrəmanlıqları olmuşdur. Onun idarəçiliyi ilə ilk günlərdə çox yaxşı nailiyyətlər əldə edirdik. Xüsusən də tabor komandiri Rahib Babayevin “Canavar postu”nun əldə saxlanılmasında çəkdiyi əziyyətləri, 8 illik qüsursuz xidməti yəqin ki, nəzərə alınacaq və layiq olduğu qəhrəman adı ona veriləcək. O, əsl Vətən qəhrəmanıdır...”
Komandir Rahib Babayev Aygün xanımla 2008-ci ildə ailə qurub. Mələk, İbrahim və Əli adlı 3 övladları var. 13 illik evliliyin bəhrəsi olan bu uşaqlar da istedadlı olmaları ilə seçilirlər. Aygün Babayeva deyir ki, tələbəlik illərində tanış olmuşdular Rahiblə: “İlkimiz Mələkdir, 11 yaşı var, 4-cü sinifdə oxuyur, əlaçıdır. Əlinin 6, İbrahimin isə 2 yaşı var. Tale məsələsidir. Ailəmiz sevgi üzərində qurulub. Rahib Naxçıvandan, mən isə Masallıdanam. Hərbçi ailəsi olduğumuz üçün səbirliydik. Aylarla evə gələ bilmirdi, gələndə isə mənə hər işdə köməyi olurdu. Ata-anam Masallıda yaşayırlar, ali təhsilli müəllimdirlər. Rahibin atası dünyasını dəyişib. Anası, bacısı, qardaşı Naxçıvanda yaşayır...”.
Vətənpərvər komandir, qohumcanlı elsevər...
Ömür-gün yoldaşı Rahib haqqında keçmiş zamanda danışmağa öyrəşməyib, amma buna məcburdur: “... Müharibə başlamamışdan öncə, sentyabrın 13-də elə bil ki, bizimlə vidalaşmağa gəlmişdi. Öz işi haqqında heç nə soruşmurduq, çünki demirdi. Buna alışmışdıq. Evə gələndə ancaq evin, ailənin, xüsusən də uşaqların qayğıları ilə məşğul olardı. 8 il idi Murovdağda xidmət edirdi. Ötən ilin iyununda 10 günlük məzuniyyətə gəlmişdi. Biz də rayondaydıq, Masallıda, atamgildə. Ona görə də Masallıya gəlmişdi. Uşaqlarla axşama kimi həyətdə oynadı: heç bilmirdi ki, hansını qucağına götürsün...”
Murovdağın Kəlbəcər istiqamətində “Canavar sol” deyilən postda idi son günlərində. Orada da şəhid oldu. Rahib böyük qəhrəmanlıqla, şücaətlə götürmüşdü o postu. Müharibə başlayanda ermənilərdən alınan ilk post idi.
İntiqam Quliyev (qaynatası): “35 yaşı ötən ilin yayında tamam oldu. O, hər zaman Ali Baş Komandanın əmrini gözləyirdi. Deyirdi ki, axı bu əmr nə vaxt veriləcək ki, biz 30 il əsarətdə qalan torpaqlarımızı düşmən tapdağından xilas edək?! O, şərəfli bir ömür yolu keçdi. Müharibə başlayan kimi, sentyabrın 27-də öz taborunun igidləri ilə döyüş meydanına atıldı. Çox qısa zamanda düşmənin bir neçə postunu götürdü. Rahib şəhid oldu, amma indi biz onunla qürur duyuruq. Çünki bu, gələcək nəsillər üçün bir vətənpərvərlik dərsidir... Vətən torpağını qorumaq namuslu, şərəfli bir işdir. Ailəsinin də, döyüş yoldaşlarının da bircə arzusu var: mayor Rahib Babayev “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülsün. Onun buna haqqı çatır. Murovdağ zirvəsinin əldə olunmasında Rahibin xidmətləri bunu göstərir!”
Rahibin qızı Mələk deyir ki, atamla hər zaman qürur duyurdum. İndi bu hiss məndə daha çoxdur. Mənim atam qəhrəmandır!”
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2021.- 23 iyun.- S.9.