Mariya Peyçinoviç Buriç:
Mina xəritələrinin verilməsi
insanların öz evlərinə
qayıtmasını sürətləndirəcək
Azərbaycan ilə Ermənistan arasında 15 erməninin mina xəritələri müqabilində dəyişdirilməsini yüksək qiymətləndiririk. Münaqişə bölgəsindən olan bir şəxs kimi deyə bilərəm ki, minaların fəsadları 50 il, bəzən daha uzun davam edir, uşaqların, günahsız insanların həyatına son qoyur. Əlbəttə, saxlanılan şəxslərin taleyi hər kəs üçün narahatlıq doğurur. Amma biz mina xəritələrini də unutmamalıyıq. Bu xəritələrin verilməsi və minaların təmizlənməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək. Buna görə də mən tərəflər arasında həyata keçirilmiş bu razılaşmanı dəstəkləyirəm və gələcəkdə də bu cür razılaşmaların olacağına ümid edirəm.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament
Assambleyasının sessiyası çərçivəsində
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç
Buriç Azərbaycanın qurumdakı nümayəndə heyətinin
rəhbəri Səməd Seyidovun sualına cavabında ifadə
edib.
Azərbaycan
nümayəndə heyətinin rəhbəri Baş katibə
sualla müraciət edərək soruşub: “2020-ci il
noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın
baş naziri tərəfindən imzalanmış üçtərəfli
Bəyanat Ermənistan ilə Azərbaycan arasındakı
münaqişəyə son qoyaraq, bölgəmizdə
davamlı sülh üçün nadir fürsət oldu. İndi hər
iki ölkənin suverenliyinə, ərazi
bütövlüyünə və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığı prinsiplərinə
qarşılıqlı hörmət əsasında beynəlxalq
aktorların Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşmasına və etimadın qurulmasına dəstək
verməsi vacibdir. Bu
baxımdan, Avropa Şurasının iki üzv dövlət
arasında barışığın təşviqi üçün hansı addımlar
atacağını bilmək istərdim”.
Azərbaycan.-2021.- 23 iyun.- S.5.