BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Füzuli
rayonunda erməni vəhşiliklərini
görüb
BMT
-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel
Angel Moratinos işğaldan azad olunmuş Füzuli rayonunda
olub.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal zamanı həyata keçirilən vandalizmin, Azərbaycanın
tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri
ilə tanış olmaqdır. BMT-nin Sivilizasiyalar
Alyansının ali nümayəndəsini Azərbaycanın mədəniyyət
naziri Anar Kərimov müşayiət edib.
Səfər
iştirakçıları əvvəlcə Qaraxanbəyli və
Merdinli kəndlərində erməni barbarlığı ilə
tanış olublar. Erməni vandalları 27 il ərzində kəndləri
talayıb, yer üzündən siliblər. Bütün evlər,
sosial obyektlər dağıdılıb, təsərrüfatlar
məhv edilib. Düşmən Qaraxanbəyli kəndindəki
məscidi tamamilə dağıdıb, Merdinli kəndindəki
məsciddən isə mal-qara tövləsi kimi istifadə etməklə,
azərbaycanlılara qarşı öz nifrətlərini
nümayiş etdiriblər. Kənd qəbiristanlığı
da erməni vandalizminə məruz qalıb - məzarlar
dağıdılıb, məzar daşları uçurulub.
BMT-nin
Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel
Moratinos sonra Füzuli şəhərinin xarabalıqları ilə
tanış olub. “Araz” qəzetinin redaksiyasının, Mədəniyyət
Evinin, Məhəmməd Füzulinin heykəlinin, 1879-cu ildə
inşa edilmiş məscidin olduğu əraziyə
baxış keçirilib. Hansı ki, bunların heç
birindən əsər-əlamət qalmayıb, hamısı
ermənilər tərəfindən dağıdılıb.
Migel
Angel Moratinos Füzuli rayonunun Qarğabazarı kəndində
qədim karvansaraya, hamam və XVII əsrə aid məscidin
qalıqlarına da baxıb, ermənilərin törətdikləri
vəhşiliklərin bilavasitə şahidi olub.
Azərbaycan.-2021.- 23 iyun.- S.8.