Türkiyəli müxbir
Fulya Öztürk Tərtər
rayonunda olub
“Fulya” adlı sənədli filmin çəkilişi ilə əlaqədar filmin qəhrəmanı, Vətən müharibəsi zamanı operativliyi və dəqiqliyi ilə Azərbaycan xalqının rəğbətini qazanan türkiyəli müxbir Fulya Öztürk Tərtər rayonunda olub.
Fulya Öztürk Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Görüşdə 44 günlük Vətən müharibəsinin ən çətin anlarında Fulya xanımın tərtərlilərlə bir yerdə olduğu, Azərbaycan həqiqətlərini, o cümlədən Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda törətdikləri terror hadisələrini dünya ictimaiyyətinə operativ çatdırdığı minnətdarlıqla xatırlanılıb.
“Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dado” Produksionun çəkiliş qrupu tərəfindən hazırlanan sənədli filmdə Fulya Öztürkün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın digər şəhər və rayonları kimi Tərtərdə də dinc əhaliyə qarşı törətdiyi terror zamanı təqdim etdiyi reportajların filmdə yer alması və çəkilişlərin bir hissəsinin Tərtərdə aparılması nəzərdə tutulub.
Fulya Öztürk səmimi görüşə görə təşəkkür edib. Yenidən Tərtər rayonunda olduğundan sevinc hissi keçirdiyini bildirib, müharibə zamanı baş verən dəhşətli hadisələrin bir daha təkrarlanmamasını arzulayıb.
Sonra 44 günlük Vətən
müharibəsində Azərbaycan həqiqətlərinin, o
cümlədən Ermənistan silahlı qüvvələrinin
Tərtər rayonunda törətdikləri terror hadisələrinin
dünya ictimaiyyətinə çatdırılmasında
göstərdiyi xidmətlərə görə Fulya
Öztürk Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı tərəfindən təşəkkürnamə
ilə təltif edilib, ona xatirə hədiyyəsi təqdim
olunub.
Lazım QULİYEV
Azərbaycan.-2021.- 23 iyun.- S.8.