“Bal” deməklə ağız
şirin olmur
Dərdlərin dərmanı
özü də “dərd”siz deyil
Azərbaycanda son dövrlər dirçəldilən ənənəvi kənd təsərrüfatı sahələrindən biri də arıçılıqdır. Prezident bunun üçün 2018-ci il martın 5-də “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” sərəncam da imzalamışdır. Nazirlər Kabineti isə həmin sərəncama uyğun olaraq “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nı təsdiq etmişdir.
Arıçılığın dövlət tərəfindən stimullaşdırılması onun inkişafında yeni bir dönəmin başlanmasına imkan vermişdir. Bölgələrdə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin sayı artmış, əvvəldən arı saxlayanlar isə təsərrüfatlarını genişləndirmişlər.
Dövlətin dəstəyi sayəsində, o cümlədən verilən güzəştli kreditlər hesabına arı ailələrinin sayı artmaqla yanaşı, məhsuldarlıq da yüksəldilir. Arıçılıq üzrə damazlıq təsərrüfatlarının və tədarük məntəqələrinin yaradılması, habelə mütəmadi bal satışı yarmarkalarının keçirilməsi, məhsulların qablaşdırılması və satışa çıxarılması arıçılar qarşısında geniş imkanlar açır.
Dövlət Statistika Komitəsi tərəfindən aparılan statistik müşahidələrin nəticələrinə görə, 2018-ci ildə ölkə üzrə 30474 təsərrüfatda mövcud olan 501 min arı ailəsindən 4993,9 ton bal, 98,6 ton mum, 9,9 ton vərəmum, 7,7 ton güləm və 400,8 kiloqram arı südü əldə edilmişdir. Həmin dövrdə balın hər kiloqramının satış qiyməti orta hesabla 20,6, minimum 14,2 manat olmuşdur. Bir kiloqram vərəmum 118,4, güləm 71,1, bir qram arı südü orta hesabla 4,6 manata satılmışdır.
Azərbaycan arıçılığı - qədimdə və indi
Azərbaycanda olan arı növlərinin istehsal etdiyi bal həmişə yüksək keyfiyyəti ilə fərqlənib. Buna görə də ötən əsrin əvvəllərində Azərbaycanın arı növləri damazlıq üçün Amerikaya aparılırdı. Məlumat üçün bildirək ki, hazırda ABŞ dünyada bal istehsalına görə lider ölkələrdəndir.
Tarixi mənbələrdən məlumdur ki, hələ eramızdan əvvəl VIII-IX əsrlərdə Cənubi Qafqazda arıçılıqla məşğul olmuşlar. Azərbaycanda da arıçılıq qədim tarixə malikdir. X-XII əsrlərdə burada arıçılıq daha da inkişaf etmişdir. Hətta həmin dövrdə Azərbaycandan xarici ölkələrə arıçılıq məhsulları (bal, mum) ixrac olunmuşdur.
Qədim zamanlarda arılar ağac oyuqlarında, kötük təknələrdə, səbətlərdə saxlanılırdı. Belə bir vəziyyətdə arılara qulluq etmək və onları artırmaq çətinlik törədirdi. Tədricən dünyada olduğu kimi, Azərbaycanda da arıçılığın inkişafında mütərəqqi üsullardan istifadə edildi, bu sahədə zəngin bilik və təcrübə qazanıldı, balın kəmiyyət və keyfiyyəti artdı, ondan məişətdə daha çox istifadə olunmağa başlandı.
Azərbaycanda arıçılığın inkişafına sovetlər dönəmində diqqət daha da artırıldı. Bu məqsədlə həmin dövrdə mövcud kiçik dağınıq arıçılıq təsərrüfatları kolxoz və sovxozlarda, sonralar isə ixtisaslaşdırılmış iri arıçılıq təsərrüfatlarında birləşdirildi. Hazırda belə təsərrüfatlarda arı ailələri müasir çoxgövdəli və yatıq pətəklərdə saxlanılır. Bu sahə Astara, Şamaxı, Quba, Qusar, Şəki, Zaqatala, Qax, Daşkəsən, Lerik, Lənkəran və digər bölgələrdə daha geniş yayılmışdır.
Azərbaycanın arı genofondu iki növə bölünür - Bozdağ Qafqaz arısı və Sarı İran arısı. Bozdağ Qafqaz arısının Qabaqtəpə və Şahdağ populyasiyası, Sarı İran arısının isə Lənkəran populyasiyası mövcuddur. Bozdağ Qafqaz arı cinsi öz sakitliyinə və xortumunun uzunluğuna görə Sarı İran arı cinsindən fərqlənir. Ən uzun xortumlu arılardan biri də Qabaqtəpə arı populyasiyası hesab olunur. Bu arı növü elmi cəhətdən ilk dəfə 1906-cı ildə aşkar edilib və bundan sonra hər yerdə məşhurlaşıb.
Bu gün dünyada ən çox bal istehsal edən ölkələrdən biri olan ABŞ-dakı arıların əcdadı da Qabaqtəpə arılarından törəmələrdir. Sovetlər dönəmində Azərbaycanda da Qabaqtəpə arılarının yetişdirilməsi üçün qoruq və stansiyalar yaradılmışdı. Burada yetişdirilən ana arılar dünyanın 40-a yaxın ölkəsinə damazlıq olaraq göndərilirdi.
Bu populyasiyalar özləri də müxtəlif yerlərə bölünür. Onların içərisində yerli “Qızıl arı” xüsusilə fərqlənir. “Qızıl arı” məşhur Bozdağ Qafqaz arısının bütün müsbət xüsusiyyətlərini özündə birləşdirir. “Qızıl arı” sürətlə inkişaf etmək, soyuğa dözümlülük, küləkli iqlim şəraitinə uyğunlaşmaq, eləcə də floramiqrasiya göstəricisi ilə seçilir. Həmin növ arılar yüksək məhsuldarlığa da malikdir. Onlar başqa arılardan fərqli olaraq, gün ərzində nektar ardınca uçuşa tez başlayıb gec qayıdırlar ki, nəticədə həm çox, həm də keyfiyyətli bal toplayırlar.
Ən yaxşı arı cinsi və bal Azərbaycana məxsusdur
Azərbaycan
balı dünyada ən keyfiyyətli bal
hesab olunur. FAO-nun Azərbaycan ofisinin rəhbəri Mələk
Çakmak deyir: “Beynəlxalq ekspertlərin fikrincə, ən
yaxşı arı cinsi və ən yaxşı bal Azərbaycana məxsusdur. Biz də
bu məhsulun daha çox istehsal edilib dünya bazarına
çıxarılmasına dəstək verməyə
çalışırıq”.
Bu gün Azərbaycanda arıçılığın
inkişafı yeni dövrə qədəm qoyub. Aparılan
aqrar islahatlarda arıçılığın
inkişafına xüsusi fikir verilir. Bu sahədə
Prezidentin adını çəkdiyimiz “Azərbaycan
Respublikasında arıçılığın
inkişafının stimullaşdırılması
haqqında” sərəncamı mühüm rol oynayır.
Sərəncamda qeyd edilir ki, ölkəmizdə bal verən 600-ə qədər bitki
növü mövcuddur. Onların da təxminən
200-ü nektar və çiçək tozu mənbəyi kimi
arıçılığın genişləndirilməsi
üçün daha böyük imkanlar yaradır.
Ölkədə arıçılığı
inkişaf etdirmək məqsədilə son illər bir
sıra tədbirlər həyata keçirilib. Kənd Təsərrüfatı
Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində
Arıçılıq Mərkəzi yaradılıb, həmçinin
Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib.
Hazırda damazlıq arıçılıq təcrübəsinin
genişləndirilməsi, genofond arıxanaların
yaradılması, arıçılıq məhsullarının
keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi,
sərgi-satış yarmarkalarının təşkili və
s. istiqamətlərdə məqsədyönlü tədbirlər
görülür. Bu tədbirlərin nəticəsi olaraq
arı ailələrinin sayında, bal və
digər arıçılıq məhsullarının istehsalında,
eləcə də ixracında əhəmiyyətli artım
müşahidə edilir.
Sözügedən sərəncama əsasən,
arıçılıqla məşğul olan fiziki və
hüquqi şəxslərə saxladıqları hər
arı ailəsinə (pətəyə) görə subsidiya verilməklə
yanaşı, dövlət büdcəsindən yüksək
məhsuldar bal arılarının yetişdirilməsi və
arıçılıq məhsullarının
istehsalının artırılması məqsədilə
seleksiya və damazlıq işlərinin
yaxşılaşdırılması üçün də vəsait
ayrılır.
Məhsuldarlığın
aşağı düşməsinə səbəb nədir
Bal
istehsalının artması, keyfiyyətinin yüksəlməsi
onun ixrac imkanlarını da genişləndirir. Azərbaycan təkcə
2018-ci ildə 71,5 min dollar dəyərində
8,3 ton və ya 2017-ci illə müqayisədə 1,8 ton
çox bal ixrac etmişdir. İxrac olunan balın 96,4 faizi Yaponiya tərəfindən
alınmışdır. Amma bu nəticə birdən-birə
əldə edilməmişdir.
Məlumdur ki, dünyada
arıçılığın inkişafında yeni texnika və
texnologiyalar tətbiq edilərək yüksək məhsuldarlığa
nail olmaq üçün çox işlər
görülür. Bu əvəzsiz qidanın kəmiyyət
və keyfiyyətini artırmaq məqsədilə elmi
araşdırmalar aparılır, arı ailələrini
çoxaltmaq üçün yeni üsullardan istifadə
edilir. Azərbaycanda isə uzun illər bu
sahədə heç bir müasir texnika və texnologiyalar,
elmin son nailiyyətləri tətbiq olunmamışdı.
Necə deyərlər, arıçılıq
dədə-baba yolu ilə inkişaf etmişdi. Buna görə də yüksək məhsuldarlıqdan
söhbət gedə bilməzdi.
İndi isə ölkəmiz dünyanın qabaqcıl təcrübəsini
öyrənir, yeni texnika və texnologiyalardan istifadə edir. Arıçılıq
sahəsində məhsuldarlığın
artırılması layihəsi həm iqtisadi, həm də
sosial xarakter daşıyır. Layihənin məqsədlərindən
biri ölkəmizdə Qafqaz bal
arılarının məhsuldarlığının
artırılması ilə kənd əhalisinin
yaşayış səviyyəsini
yaxşılaşdırmaqdır. Dəyəri
200 min dollar olan layihə çərçivəsində
türkiyəli mütəxəssislər yerli
arıçılara onların müvafiq biliklərinin
artırılması, ana arıların seçilməsi,
istehsalı və marketinq üzrə təlimlər
keçirlər. Eyni zamanda
arıçılıqda son dövrlər qazanılan elmi nəticələrlə,
texnika və texnologiya ilə yerli arıçıları
maarifləndirərək onların peşəkarlığını
artırırlar.
Zaqatala
Arıçılar Birliyinin sədri, peşəkar
arıçı Mövluddin Qurbanəliyev deyir ki,
arıçılıq gəlirli sahə olduğu
üçün son illər rayonda buna maraq xeyli artıb: “Bir
neçə il əvvəl rayonda 180 arıçılıq
təsərrüfatı olduğu halda, indi 400-dək ailə
bu işlə məşğuldur. Yəni bir
neçə min rayon sakini dolanışığını
arıçılıqdan çıxarır. Arı ailələrinin sayına gəldikdə
rayonda 2005-ci ildə 11 minə yaxın arı ailəsi var idi.
İki il əvvəlin statistikasına
görə, rayonun təsərrüfatlarında 18 mindən
çox arı ailəsi qeydə alınıb. Hazırda
onların sayı daha da artıb. Bu
göstəriciyə görə rayonumuz ölkədə
öncüllər sırasındadır”.
Damazlıq-seleksiya
işinin yüksək səviyyədə
aparılmasının arıçılığın
inkişafında mühüm rol oynadığını
vurğulayan M.Qurbanəliyev bildirir ki, bu bölgədə
tarixən mövcud olan və dünyada ən məhsuldar
arı cinslərindən sayılan “Boz Qafqaz” cinsi artıq
cırlaşıb: “Bu səbəbdən də məhsuldarlıq
ildən-ilə aşağı düşür. Əslində
bölgədə bir arı ailəsinin (bir pətəyin)
normal məhsuldarlığı 15 kiloqram bal
olmalıdır. Lakin son 10 ildir
arıçılarımız bu qədər məhsul əldə
edə bilmirlər. Cırlaşmış arılar bir pətəkdən
yaxşı halda 5-7 kiloqram bal verir. Bundan əlavə, son illər baş verən iqlim dəyişiklikləri,
qlobal istilər də məhsuldarlığa mənfi təsir
göstərir. Ona görə də
arıçılıqda damazlıq işinin təşkili
çox vacib məsələdir. Bilirik ki,
damazlıq arılarının məhsuldarlığı
yüksək olur. Öz təsərrüfatımda
belə arı pətəklərindən iki dəfə
çox məhsul götürürəm. Bütün
arıçılıq təsərrüfatlarının
damazlıq ana arıya ehtiyacı var. Çətinliklə də
olsa, damazlıq ana arı əldə edərək
arıçıların müəyyən ehtiyaclarını
ödəyirik. Lakin bu, indiki halda kifayət
etmir”.
Yeri gəlmişkən qeyd edək ki, hazırda Zaqatalada
və qonşu rayonlarda arıçılıq üzrə
damazlıq təsərrüfatlar yoxdur. Damazlıq təsərrüfatları
olarsa, arıçıların ana arı ilə bağlı
çətinlikləri aradan qalxar. M.Qurbanəliyev
bildirir ki, arıçılıq təsərrüfatları
ekoloji mühitin yaxşılaşdırılmasına da
müsbət təsir göstərir, daha doğrusu,
arıçılıq təsərrüfatları
ekologiyanın qorunmasında böyük rol oynayır. Arı tozlandırması sayəsində Yer
üzünün bitki aləmi inkişaf edir, meyvə
bağlarının, tərəvəz sahələrinin məhsuldarlığı
artır. Arıçılıq məhv olarsa, 10-15 ildən
sonra təbiət də məhv ola bilər.
Quraqlıq
arıçıların “əleyhinə” işləyir
İqtisadiyyatın bütün sahələrinə zərbə
vuran koronavirus pandemiyası nəticəsində kənd təsərrüfatına
da müəyyən ziyan dəyib. Bundan başqa, iqlim dəyişikliyi,
təbiət də kəndli və fermerləri sınağa
çəkib. Quraqlıq həm də
arıçılar üçün müəyyən çətinliklər
yaradır.
Arıçı
Füzuli Verdiyev deyir ki, pandemiya ilə əlaqədar ölkədə
tətbiq olunan xüsusi karantin dövrünün ilk günlərində
arıçıların arıxanalara gediş-gəlişində,
arı ailələrinin müxtəlif yerlərə
daşınmasında, eləcə də ehtiyac duyduğu və
xarici ölkələrdən idxal edilən mum, şan və
digər məhsulların fermerlər üçün əlçatanlığında
müəyyən çətinliklər yaranmışdı.
Aran fermerləri isə havaların qeyri-sabit keçməsinin
işin zərərinə olduğunu söyləyirlər. Deyirlər ki, keçən
il yazın əvvəlində
yağıntılı günlər çox olsa da, yay
aylarında ölkə ərazisində müşahidə edilən
quraqlıq arıçılar üçün də çətinlik
törətdi. Bal süzümünə
başlananda isə yağış yağmağa
başladı. Bu cür hava şəraiti bal
süzümünün vaxtında həyata keçirilməsini
ləngitməklə yanaşı, arıların dərmanlanmasını,
dezinfeksiya işlərini və qışa hazırlıq
prosesini də gecikdirdi.
Baldan da
qiymətli... çiçək tozu
Bal,
çiçək tozu, vələmum, mum, arı südü,
arı zəhəri, bal qaymağı, güləm kimi arı
məhsullarının hər biri sağlamlıq
üçün çox əhəmiyyətlidir. Təbiətin bizə bəxş etdiyi bu əvəzsiz
nemətlərin içərisində tərkibinə və
müalicəvi xüsusiyyətlərinə görə
çiçək tozu digərlərindən fərqlənir.
Vitaminlər, proteinlər, karbohidratlar, makro və mikroelementlər,
amin turşuları ilə zəngin olan çiçək
tozunun fermentləri hüceyrələrdə gedən
mübadilə proseslərini təmin edir, onun bioloji aktivliyini artırır.
Ağcabədili
arıçı Rəfayət Musayev bildirir ki, çiçək
tozu həşəratlarla tozlanan bitkilərin erkək
elementinin arı fermentləri ilə zənginləşdirilməsi
nəticəsində yaranan arı məhsuludur: “Çiçək
tozunu arılar balalarını yemləmək
üçün əsasən mart, aprel, may və iyun
aylarında toplayırlar. Arılar onu arxa
ayaqlarına yapışmış vəziyyətdə
yuvalarına daşıyırlar. Arıların
təbiətdən topladıqları çiçək tozu pətəklərin
girişindəki xüsusi “tələ”lər vasitəsilə
yığılaraq kölgədə və ya xüsusi
qurğu vasitəsilə qurudulur. Onu yaş
halda soyuducuda da saxlamaq olar”.
Bu əvəzsiz nemətin rəngi və tərkibi
toplandığı bitkiyə görə dəyişir. Çiçək
tozunun rəngi əsasən sarı olur. Bəzən
çiçəkdən asılı olaraq qırmızı,
qara, bənövşəyi və çəhrayı da ola bilər. Çiçək
tozu tərkibinə görə baldan dəfələrlə
üstün və faydalıdır. Ondan
müxtəlif xəstəliklərin profilaktikasında və
müalicəsində istifadə edilir. Çiçək
tozunun faydaları toplandığı bitkilərə görə
müxtəlif olur. Məsələn,
söyüdün çiçək tozu aspirini əvəz
edir, soyuqdəymə zamanı çox faydalıdır.
Qanqaldan toplanan çiçək tozu isə qaraciyərin dərmanıdır,
immuniteti
artırır, beyinin
qan dövranını normallaşdırır.
Çiçək tozunun istifadəsinin özünəməxsus
qaydaları var. Onu səhər yeməyindən yarım saat əvvəl
qəbul etmək lazımdır. Arı
südünü bir çay qaşığı olmaqla
sovrulana qədər ağızda saxlamaq məsləhətdir.
Çiçək tozunu balla
qarışdıraraq da istifadə etmək olar. Axşam bir qaşıq çiçək tozunu sərin
su ilə qarışdırıb səhər acqarına qəbul
etmək daha faydalıdır.
Qeyd edək ki, çiçək tozu stressə
qarşı davamlılığı, düşünmə
qabiliyyətini, diqqəti artırır, immun sistemini
stimullaşdırır, beyin yorğunluğunu aradan
qaldırır, zehni gücləndirir. Eləcə də
qaraciyər toxumasının funksiyalarını bərpa edir,
ağciyər və qaraciyər iltihablarının müalicəsində,
soyuqdəymədə müsbət təsir göstərir,
qanın laxtalanmasını və qanda xolesterinin
miqdarını azaldır, qan-damar sisteminin işini, həzm
prosesini normallaşdırır və qanı artırır.
Ondan sidik yollarında prostat vəzinin
hipertrofiyasının fəsadlarının azalmasında,
böyrək rahatsızlıqlarında da istifadə edilir.
Çiçək tozu uşaqların
iştahının açılmasında və zehinlərinin
inkişafında faydalıdır. Dərini
təravətləndirir və cavanlaşdırır.
Arının ölüsü də faydalıdır
Arılar Yer üzündə yaranan ən qədim
canlılardandır. Bu canlıların yaranışından insanlar onlardan
faydalanıblar. Bir çox qədim kitablarda arı məhsullarından
hazırlanan dərman vasitələrindən bəhs edilir.
Müasir təbabətdə də arı məhsullarından
hazırlanan dərman vasitələrinə geniş yer verilir.
Bu gün istər təbabətdə, istərsə
də kosmetik vasitələrin hazırlanmasında arı məhsullarından
geniş istifadə olunur.
40 milyon il əvvəl
yaranan arılar bir vaxtlar qədim yunanlar və romalılar tərəfindən
“Günəşin qızı”, “Müqəddəs varlıq”
hesab olunub. Arıları istehsal etdiyi dəyərli
təbii məhsullarına görə loğman da sayırlar.
Milyonlarla çiçəkdən topladığı bal kimi, arının ölüsündən də
dərman vasitəsi olaraq istifadə edilir. Qədim
zamanlarda loğmanlar tərəfindən arının
ölüsündən xüsusi dərmanlar
hazırlanırmış.
Arıçı İlqar Həsənov deyir ki, ölü arılardan hazırlanan dərman vasitələri 100-ə qədər xəstəliyin sağalmasında köməkçi vasitədir. Arı südünün, mum güvəsindən hazırlanan məhsulun əks-təsiri ola bilər, ancaq arı ölüsünün heç bir əks-təsiri yoxdur. Yay mövsümündə arı ölüsündən hazırlanan dərmanlar daha xeyirli olur.
Ölü arı toz halına salındıqdan sonra ondan dərman vasitəsi hazırlanır. Arı ölüsündə olan xitozan maddəsi qanda xolesterinin azalmasına, bağırsaqların təmizlənməsinə kömək edir. Böyrək, zob, revmatizm xəstəliklərinə, qan təzyiqinin normallaşmasına müsbət təsir göstərir.
Balverən ağaclar əkək
Xəbər verildiyi kimi, aprelin 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində Samux rayonunda balverən ağacların əkilməsi üzrə kütləvi aksiya keçirilmişdir. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, könüllü gənclərin iştirakı ilə keçirilən aksiya zamanı ağcaqayın, akasiya, pavlovniya və evodia növlərindən olmaqla ümumilikdə 2000 nektar verən ağac əkilmişdir.
“Yaşıl marafon” layihəsi üzrə təşkil edilən aksiya eyni zamanda IDEA İctimai Birliyinin ölkədə ekosahibkarlığın inkişafına dəstək layihəsinə töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Sözügedən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların arealını artırmaqla ölkədə arıçılığın inkişafına dəstək verməkdir.
Məlumdur ki, arı və digər tozlandırıcıların biomüxtəlifliyin mühafizəsində oynadığı vacib rolu nəzərə alaraq, arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz və faydalı növü hesab edilir. Balverən arılar bitkilərin tozlanmasında fəal iştirak edərək onların məhsuldarlığını artırır və davamlılığını yüksəldir. Bitkilər aləminin inkişafı və arıların varlığı bir-birindən asılıdır. Arılar və bəzi başqa həşəratlar bitkiləri tozlandıraraq təkcə bitkilərin fərdi bərpasını yox, həm də müəyyən növlərin inkişafını da təmin edir.
“Yaşıl marafon” layihəsi çərçivəsində ölkəmizin digər rayonlarında da genişmiqyaslı ağacəkmə tədbirləri davam etdiriləcək.
“Balı
satanda and içməyə məcburuq”
Astara
rayonunun Miki kəndindən olan arıçı Vidadi
Hüseynov deyir ki, hazırda bütün
arıçıların əsas problemi minbir zəhmətlə
yetişdirdikləri balın satılmasıdır: “Bunun
birinci səbəbi dövlətin qayğıkeşliyi sayəsində
ölkədə arı məhsulları istehsalının
artmasıdır. İkincisi, koronavirus pandemiyası ilə
bağlı Bakıda bal
yarmarkasının keçirilməməsidir. Həmin
yarmarkalarda satılan bal laboratoriyada
yoxlandığından
alıcıların onun təmizliyinə olan inamı
artır. Bu üzdən biz bal və digər arı məhsullarını
yarmarkada rahat sata bilirik. Ancaq yarmarka keçirilsə
belə məhsul bol olduğundan balın hamısını orada satmaq mümkün olmur. Necə deyərlər, təklif tələbdən
çoxdur. Ona görə də məhsullarımızın
xarici bazara ixrac olunması əsas şərtdir. Bu işdə müvafiq qurumlar bizə kömək
etsə, yaxşı olardı”.
Arıçı
Vidadi bütün arıçıları narahat edən bir məsələyə
də toxundu: “200-dən çox arı ailəsi saxlayıram.
Mövsümdən asılı olaraq hər arı ailəsindən
ildə 25-30 kiloqram bal alıram. Mən və
mənim kimi gecəni-gündüzə qatıb minbir əziyyətlə
bal istehsal edən
arıçılar saxta bal
istehsalçılarının əlində qalıb. Biz saxta bal istehsal edən dələduzların
çirkin əməllərindən halal məhsullarımızı
sata bilmirik. Gör nə günə
qalmışıq ki, satdığımız balın xalis
olduğuna and içməliyik. Bəziləri
bu andımıza da inanmır. Ona görə ki, saxta bal satan dələduzlar da and içirlər. Belə halda alıcı bizə necə inansın?!”
Bal təkcə
ərzaq məhsulu deyil, həm də əvəzedilməz
şəfa mənbəyidir. Bu üzdən hamı balın xalisini
axtarır. Axı saxta balla şəfa tapmaq
mümkün deyil. Bu bəladan
qurtulmağın yolu varmı? Arıçı Vidadi
Hüseynov deyir ki, əslində vəziyyətin bu yerə gəlib
çatmasının səbəbi müvafiq qurumların belə
hallarla mübarizə aparmamasıdır: “Əgər bu işə
məsuliyyət daşıyan qurumlar saxta bal
istehsalçılarına qarşı vaxtında mübarizə
aparsaydı, indiki xoşagəlməz vəziyyət də
yaranmazdı”.
Biz bu gileyləri Kənd Təsərrüfatı
Nazirliyinin müvafiq strukturuna çatdırmaq istədik və
həmin məqsədlə nazirliyin əlimizdə olan telefon
nömrələrinə zəng etdik. Amma deyəsən
nazirlikdə “hamı cəbhəyə getmişdi”.
Əlacsız qalıb
nazirliyin “qaynar xətti”nə zəng vurduq. Cavab verən xanım əməkdaşa
özümüzü təqdim etdik və məqsədimizi
bildirdik. Əvəzində o, bizi xeyli sorğu-suala
çəkdi və sonda dedi ki, sizinlə əlaqə
saxlayacağıq. O vaxtdan nə bizimlə əlaqə saxlayan
var, nə də sorğularımıza cavab verən.
Görünür, mövzunun bal kimi
şirinliyinə arxayın olub fikirləşiblər ki,
yazımıza acı qatmarıq.
Rüstəm KAMAL
Azərbaycan.-2021.- 24 iyun.- S.1;9.