“Difai”dən başlanan qisas
... 44 günlük Vətən
savaşı ilə tam alındı
Zaman 1906-cı il... Azərbaycan tarixində erməni terrorunun tüğyan etdiyi vədə... Məkan isə bu qanlı aktlara ən çox məruz qalan Şuşa şəhəri...
Axşam düşür, səhər ertədən başlayan qızğın iclas isə hələ də sürürdü...
Və nəhayət, Kərim bəy Mehmandarovun başçılığı ilə iclas iştirakçıları yekdilliklə qəti qərar verirlər...
Qafqaz müsəlmanlarının şərəf və ləyaqətinin müdafiəsi yolunda üst-üstə yığılmış xalq qəzəbinə görə ilk qisas aktı həyata keçirilməlidir...
İlk sui-qəsd, ilk çıxış...
Bu taleyüklü tapşırıq cəsarətli, qorxmaz, sirr saxlayan, müsəlmanların qanına susamış ermənilərə və çar hökumətinə sonsuz nifrət bəsləyən qeyrətli birinə - Gülablı kəndindən olan Hüsü Əli oğluna tapşırılır...
Haqqında ölüm hökmü çıxarılan xain və ikiüzlü general isə Qarabağda azərbaycanlılara qarşı qırğınlar törədən erməni terrorçularına dəstək durmuşdu... Əvəzində isə erməni quldurlarından xeyli pul almışdı...
Lakin hiyləgər general özü də bilirdi ki, bu xəyanətlərini ona bağışlamayacaqlar və elə buna görə də fürsət düşən kimi bir gecə yarısı Şuşanı tərk edərək Tiflisə qaçmışdı...
Amma bu qaçış onu əcəlin əlindən ala bilməmişdi və generalın Şuşadan qaçmasından qısa bir müddət sonra qəzetlərə “Difai” imzası ilə Qafqaz müsəlmanlarına ünvanlanmış və ilk sətirlərində “İki güllə yarası almış general Qoloşşapovun mənfur və sizin üçün rəzil həyatı başa çatmışdır...” yazılmış “proklamasiya” - bəyannamə göndərilmişdi...
Proklamasiyada deyilirdi ki, bu, Qafqaz müsəlmanlarının şərəf və ləyaqətinin müdafiəsi yolunda “Difai” nin ilk çıxışı və ilk qisas aktıdır: “İndi minlərlə dərdli ana və bacıların göz yaşı quruyacaqdır. İndi Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının minlərlə müflisləşmiş, evsiz-eşiksiz sərgərdan gəzib dolaşan minlərlə sakini az da olsa rahat nəfəs alacaqdır”.
Azərbaycanın ilk milli hərbi-siyasi partiyası “Difai”yə məxsus bu bəyannamənin yayımlanmasının üzərindən 100 ildən çox zaman keçib, amma hələ də orada vurğulanan məsələlər reallığını itirməyib. Zaman dəyişsə də, daim “böyük qardaş”larının dəstəyi və himayəsi ilə hərəkət edən erməni terrorunun, faşizminin xisləti dəyişməyib. Cilddən-cildə girərək Azərbaycan xalqına qarşı qanlı qətliamlar, soyqırımlar həyata keçirərək bu mənfur əməllərini 21-ci əsrə, ta günümüzə qədər sürdürüblər...
Həm də bu proklamasiya başqa vacib bir mətləbdən xəbər verir. Bu bir həqiqətdir ki, Azərbaycan xalqı bir çox hallarda əzilən, terrora məruz qalan, haqqını müdafiə edə bilməyən biçarə xalq kimi təqdim edilməyə çalışılıb. Amma necə ki müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında şanlı ordumuz cəmi 44 gün ərzində erməni faşizminin başını əzdi, ötən əsrin əvvəllərində də erməni terrorçularına qarşı cəsarətlə döyüşən, onlara qan udduran qəhrəman babalarımız, “Difai” kimi mübariz təşkilatımız olub...
Qanlı
proseslərin önündə daşnaklar gedirdi...
1905-ci il Azərbaycana
qan-qada ilə qədəm qoymuşdu...
“Dənizdən-dənizə
Ermənistan yaratmaq” kimi sərsəm xəyallarını
Türkiyədə yerinə yetirə bilməyən erməni
daşnakları bu məkrli planlarını Qafqaza yönəltmişdilər...
Çar
Rusiyasının ermənilərdən öz geosiyasi məqsədləri
naminə istifadə etmək üçün burada onlara
münbit şərait yaratması, azərbaycanlıların
doğma yurdlarından çıxarılması,
torpaqlarının ermənilərə verilməsi və bir
çox başqa güzəştlərin edilməsi isə
daşnakların Cənubi Qafqazda “dövlət” yaratmaq
iştahlarını daha da qabardır və onları
açıq-aydın yerli əhaliyə - azərbaycanlılara
qarşı qırğınlar törətməyə
sövq edirdi. Erməni quldurları çar hökumətinin
köməyi ilə Bakıda, Naxçıvanda, Gəncədə
müsəlmanlara qarşı amansız qırğınlar
törədirdilər...
1905-ci il fevralın 6-da Bakının mərkəzində
varlı müsəlman Ağarza Babayevin ermənilər tərəfindən
qətlə yetirilməsi isə azərbaycanlılarla ermənilər
arasında qanlı qarşıdurmanın başlanmasına təkan
vermiş, Bakının ardınca bütün Qarabağı,
Naxçıvanı, İrəvanı qanlı hadisələr
bürümüşdü...
Qalanı
qoruyan Mehmandarovdur...
Bu
qırğınların ən qaynar nöqtəsi isə Şuşa idi...
Bir neçə vaxt idi ki, şuşalı ziyalılar
ermənilərin rusların köməyi ilə qalaya
silah-sursat daşıdığından, şəhərin
hündür yerlərində səngərlər
qazdıqlarından, bir sözlə, əl altından davaya
hazırlaşdıqlarından duyuq
düşmüşdülər.
Buna görə də Şuşanın igid oğulları
bir araya gələrək xainlərin qanlı planlarını
darmadağın etmək üçün dərhal hərəkətə
keçirlər. Vaxt itirmədən xeyriyyə cəmiyyəti yaradan
Şuşa ziyalıları bu quruma sədrliyi Azərbaycanın
ən qədim, köklü və tanınan soylarından
sayılan Mehmandarovların təmsilçisi, Leninqrad Tibb Cərrahlıq
Akademiyasının məzunu, tanınmış həkim Kərim
bəy Mirzə Müstafa bəy oğlu Mehmandarova həvalə
edirlər.
İlk təhsilini
atası Mustafa bəydən alan Kərim bəy
sonra Şuşa qəza məktəbində oxuyaraq buranın əlaçı
şagirdi kimi Bakı Realnı Məktəbinə keçir və
1872-ci ildə məktəbi qızıl medalla qurtararaq imtahan
verib Peterburq Tibb Cərrahlıq Akademiyasına qəbul olur. Akademiyada əla qiymətlərlə oxuyan Kərim bəy
1877-ci ildə təyinatla Peterburq Klinik Hospitalına göndərilir.
Bu zaman Rusiya-Türkiyə müharibəsi ilə
əlaqədar Dunayda döyüşən ordunun sanitariya dəstələrindən
birinə göndərilən Kərim bəy bir müddət
cəbhədə olur. Burada göstərdiyi
nümunəvi xidmətlərinə görə 1878-ci ildə
üçüncü dərəcəli “Müqəddəs
Anna” ordeni və birinci medalla, bir qədər sonra isə III
Aleksandrın xatirəsinə gümüş medalla
mükafatlandırılır.
Tibb elminin vurğunu olan Kərim bəy bu sahəni daha dərindən
öyrənmək üçün 1879-cu ildə Baş Hərbi
İdarə tərəfindən elmi-praktik təkmilləşmə
üçün birilliyə Peterburq Klinik Hospitalına qəbul
olur. 1880-ci ildə onu bacarıqlı həkim kimi Rusiya
Qırmızı Xaç Cəmiyyətinin sanitariya dəstəsinin
tərkibində Poltava quberniyasına göndərirlər.
Mehmandarov burada difteriya epidemiyasına
qarşı mübarizədə fəal iştirak etdiyi
üçün ikinci dərəcəli “Müqəddəs
Stanislav” ordeninə layiq görülür.
Ali tibbi təhsil
və doktorluq alimlik dərəcəsi almış ilk azərbaycanlı
olan Kərim bəy 1905-ci il hadisələrindən
sonra Şuşada evində xəstəxana və yetim
qalmış uşaqlar üçün məktəb, qiraətxana
açmış, onun təşəbbüsü ilə ilk dəfə
qız məktəbi yaradılmışdır.
Ömrü
boyu xalqının rifahı və tərəqqisi
üçün çalışıb-vuruşan Kərim bəy
1905-1906-cı illərdə də Şuşanın və
şuşalıların ən böyük hamisi, qoruyucusu, qəhrəmanı
idi...
Kərim bəy və cəmiyyətin digər üzvləri
evbəev gəzərək əhalini məlumatlandırır,
onları qaniçən ermənilərə qarşı
silahlanmağa çağırırdılar. Mehmandarov eyni zamanda ciddi
özünümüdafiə tədbirləri görməyə
başlayaraq, Şuşanın qeyrətli oğullarını
da başına yığıb şəhərin münasib
yerlərində səngərlər qazdırır, əlverişli
mövqe tutaraq gecə-gündüz qalanın keşiyində
durur, namərdlərin həmləsini gözləyirdi...
1905-ci il avqustun 16-sı idi...
Sübhün
alaqaranlığında “Qazançesos” kilsəsinin aramsız
zəng səslərinə oyanan Şuşa
əhalisi nə baş verdiyini anlamadan ermənilərin
amansız hücumuna məruz qalırlar.
Həmin səhər ermənilərin birgə məkrli
planları çərçivəsində Şuşada
kazaklar tərəfindən bir erməni
öldürülmüş və dərhal bunun azərbaycanlılar
tərəfindən edilməsi barədə uydurma xəbər
bütün şəhərə yayılmışdı. Yaradılan süni problemdən
sonra əllərinə fürsət düşən ermənilər
şəhərdə münaqişələrə, talanlara,
azərbaycanlılar yaşayan məhəllələrə
hücuma başlayırlar, lakin bu qan-qadanı nə qədər
planlasalar da, vacib bir məqamı gözardı edirlər...
Unudurlar
ki, qalanı Mehmandarovun başçılıq etdiyi
Şuşanın igid oğulları qoruyur və bu qəhrəmanlar
olan yerdə erməninin və onun havadarlarının hünəri
nədir ki, Qarabağda at oynadalar!..
Çox
keçmədən Kərim bəyin liderliyi ilə
şuşalılar təpədən dırnağa silahlanan
qorxaqlar sürüsünü elə bir tələfata
uğradır ki, mənfurlar arxalarına belə baxmadan dəhşət
içərisində qaçmağa başlayırlar...
Döyüşlərin dördüncü günü
ermənilərin sonuncu qüvvələri də
darmadağın edilir. Həmin vaxt erməni arximandriti və qubernator Baranovski
azərbaycanlılara müraciətlə xahiş edirdilər:
“Salamat qalanlara rəhminiz gəlsin”...
Ermənilər
hər zaman məğlubiyyətə məhkumdurlar...
Ermənilər
Şuşada biabırcasına məğlub olmalarını həzm
edə bilmirdilər və yenidən xain xislətlərinə
xas davranaraq dava üçün bəhanə axtarır, dinc
sakinləri qətlə yetirir, evləri
yandırırdılar...
Quldur ermənilər təkcə Şuşada yox,
Qarabağın digər bölgələrində də
qanlı hadisələr törədirdilər və burada
general-qubernatorlar dəfələrlə dəyişdirilirdi. Erməni-müsəlman
münaqişəsi dövründə isə sonuncu
general-qubernator Qoloşşapov idi.
Xain, hiyləgər, tamahkar xisləti ilə tanınan
Qoloşşapov ermənilərlə əlbir hərəkət
edir, onların azərbaycanlılara qarşı törətdikləri
qırğınlara bilavasitə dəstək dururdu. Əvəzində isə
onlardan pul alırdı...
1906-cı
il iyulun 12-də Şuşada növbəti
rus-erməni məkrli planı səhnələşdirilir. Azərbaycanlıların onun dəftərxanası
yaxınlığında bir ermənini öldürməsi
uydurmasını eşidən Qoloşşapov çox fikirləşmədən
Şuşada Köçərli məhəlləsinə
artilleriya atəşi açılması barədə əmr
verir. Elə həmin gün kazak dəstələri, rus
piyada qoşunu və 10 min erməni, o cümlədən bu
döyüşlər ərəfəsində şəhərdə
toplanmış erməni əsgərlər və bandit dəstələri
də onlara qoşularaq azərbaycanlılar üzərinə
hücuma keçirlər. Beş gün davam edən
döyüşlərdə şəhərin azərbaycanlılar
və ermənilər yaşayan məhəllələrinin sərhədində
olan bütün evlər artilleriya atəşi ilə
dağıdılır. Lakin yenə də Kərim bəyin
başçılığı ilə rəşadətlə
mübarizə aparan azərbaycanlılar düşmənə
layiqli müqavimət göstərirlər və erməniləri
böyük itkiyə məruz qoyurlar...
Bu dəfə
də Qoloşşapov Şuşaya gələrək sülh
bağlanmasını bəyan edən erməni-tatar nümayəndə
heyətini qəbul edir...
“Difai”nin bünövrəsi Şuşada qoyulur
“Qafqazda məsul şəxslərin və rəhbərlərin
çoxu erməni terrorçularının qorxusundan işləri
vicdansızcasına, ədalətsizcəsinə həll edirlər. Biz azərbaycanlılar
daha bu vəziyyətə dözmək niyyətində deyilik
və açıq bəyan edirik ki, işlər bu yolla davam
etsə, Qafqazda terrorçu qruplaşmalar ağalıq etdikcə
burada nə sülh bərpa olunacaq, nə də rahatlıq”.
Bu fikirləri
1906-cı il fevralın 20-dən martın
6-dək Tiflisdə canişin qraf
İ.İ.Vorontsov-Daşkovun sədrliyi ilə keçirilən
erməni-azərbaycanlı sülh danışıqları
zamanı görkəmli jurnalist və ictimai xadim Əhməd
bəy Ağayev (Ağaoğlu) səsləndirmişdi. Bu danışıqlarda 9 nəfərlik nümayəndə
heyəti ilə iştirak edən Ağaoğlu qətiyyətlə
əlavə edirdi ki, “əgər siz həqiqətən
sülh istəyirsinizsə, onda başqa tədbirlərlə
yanaşı, terrora son qoymaq lazımdır. Biz də möhkəm, silahlanmış partiya
yaratmalıyıq. Bizim də öz
“Daşnaksütyun”umuz olmalıdır. Əgər
hökümət bir tərəfin bu cür aksiyalarına
imkan verirsə, ikinci tərəf üçün də buna
imkan verməlidir. Əks halda bu, aşkar
riyakarlıqdır”.
Əhməd
bəy Ağayev kim idi? 1869-cu ildə
Şuşada anadan olan Əhməd bəy Mirzə Həsən
oğlu Ağayev (Ağaoğlu) 1887-ci ildə Şuşa
Realnı Məktəbini müvəffəqiyyətlə bitirərək
Peterburqa gedir və Texnologiya İnstitutuna imtahan verir. 1888-ci ildə Əhməd bəy Peterburqda təhsilini
başa vurmadan Parisdə məşhur Sorbona Universitetinin nəzdindəki
hüquq məktəbinin tələbəsi olur. 1890-cı ildən başlayaraq Fransanın bir
sıra nüfuzlu nəşrlərində Ağayevin silsilə
məqalələri dərc edilir. Elə həmin
dövrdə - 1890-cı illərin əvvəlində o,
Tiflisdə Qafqaz canişinliyi mərkəzində
çıxan “Qafqaz” və Bakıda “Kaspi” qəzetləri ilə
sıx əməkdaşlıq edir. 1894-cü ilin əvvəlində
Əhməd bəy Ağayev atasının ölüm xəbərini
alır və 6 il davam edən Paris həyatından
sonra vətənə qayıdır. 1897-ci ildə
Ə.Ağayev Bakıya gələrək
Ə.Topçubaşovla birlikdə “Kaspi” qəzetinin
redaktorlarından və aparıcı müəlliflərindən
biri kimi işləyir, eyni zamanda Bakı Ali Ticarət Məktəbində
fransız dilindən dərs deyir. 1905-ci
ilin iyun ayından isə Ə.Ağayev “Həyat” qəzetini nəşr
edir.
Elə bu qurultaydan sonra Əhməd bəy ermənilərə
qarşı antiterror və ya müdafiə təşkilatı
yaratmağın zamanının yetişdiyini qəti yəqin
edir və bu tarixi əhəmiyyətli qərarını həyata
keçirmək üçün həmin ilin avqustunda
Şuşaya yollanır. Əhməd bəy Muxtar Qaytaranın evində toplanan azərbaycanlı
ziyalılara (həmin vaxt toplantı
iştirakçıları arasında Şahzadə Keyqubad
Mirzə Qacar, Nəcəfqulu ağa Cavanşir, Cahangirxan Nurubəyov,
Miribrahim Ağamirzadə, Əfrasiyab Əzimov, Mircabbar ağa
Ağamirov, Şamil Hacıyev kimi nüfuzlu şəxslər
var idi) gələcəkdə fəaliyyət göstərə
biləcək bir partiya yaratmaq fikri olduğunu
açıqlayır.
Əhməd bəyin və Kərim bəyin əsaslandırılmış
faktlarla zəngin çıxışları iclas
iştirakçılarına dərin təsir edir, hökumətin
günahkarları cəzalandırmaması onlarda hakimiyyət
orqanlarına qarşı dərin hiddət oyadır. Yığıncaqda
iştirak edənlərin hamısı partiyanın üzvləri
elan olunur, Kərim bəy Mehmandarov isə təşkilatın
rəhbəri seçilir.
Beləliklə,
Azərbaycanın ilk milli hərbi-siyasi partiyası olan “Difai”nin bünövrəsi 1906-cı ildə
Şuşada qoyulur...
“Biz
öz millətimizin bədbəxtliyi üzərində erməni
millətinin səadət və xoşbəxtlik qurmasına
yol vermərik”
Yığıncağın
ertəsi günü isə Ə.Ağayev partiyanın qəza
bölmələrini yaratmaq üçün aşağı
Qarabağa yola düşür, iri yaşayış məntəqələrində
“Difai”nin gizli özəklərini
yaradır. O, daha sonra Bakıya qayıdaraq partiyanın Mərkəzi
Komitəsini təsis edir.
“Difai”
partiyasına məxsus bəyannamədə deyilirdi: “Mütəşəkkil
hərbi qüvvəyə malik, eyni zamanda silahlarla, hətta
toplarla təchiz edilmiş “Daşnaksütyun” partiyası bir tərəfdən
silah gücünə bütün erməniləri, digər tərəfdən
də Qafqaz hökumətini özünə tabe edib ən
ümdə məqsədlərinə nail olmağa
çalışır. Onların əsas məqsədləri
Qafqazda yaşayan bütün müsəlmanları
qırdıqdan sonra onların torpaqlarını işğal
etməkdir. Ermənilər məqsədlərinə nail
olduqdan sonra fikirləri Qafqazda erməni xalqı
üçün milli, müstəqil bir dövlət
yaratmaqdır”. Bəyannamədə həmçinin
qətiyyətlə vurğulanırdı ki, bizim
partiyamızın əsas məqsədi Qafqazda yaşayan
bütün xalqlar arasında səmimi qardaşlıq və
birlik yaratmaqdır. Daşnak partiyası əmin olsun ki,
heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində
erməni millətinin səadət və xoşbəxtlik
qurmasına yol vermərik...
“Difai”nin fəaliyyəti qısa müddətdə
Azərbaycanın qərb qəzalarını - Şuşa, Zəngəzur,
Qaryagin, Cavanşir qəzalarını və Gəncə
şəhərini əhatə etmişdi. Partiya
üzvlərinin ümumi sayı 1000 nəfərdən
çox idi. Partiyanın
möhüründə partiyanın simvolikası kimi, iki
çarpaz qılınc, aypara və onların üstündə
ulduz təsvir edilmişdi.
Gülablılı
Hüsü general-qubernatora sui-qəsd etdi
“Difa”inin əsas fəaliyyəti Şuşada cərəyan
edir, Kərim bəyin başçılığı ilə
həyata keçirilən iclaslarda mühüm qərarlar qəbul
olunurdu. Muxtar Qaytaranın evində keçirilən bu
iclasların birində general-qubernator Qoloşşapova
qarşı terror aktı barədə qərar qəbul edilir.
Gülablı kəndinin sakini Mürsəl Rza
oğlunun köməyi ilə Qoloşşapova qarşı
terror aktının icrasını öz üzərinə
götürə biləcək bir şəxs də
tapılır. Həmin şəxs də
elə Gülablı kəndinin sakini Hüsü Əli
oğlu olur. Və o, terror aktını müvəffəqiyyətlə
həyata keçirir...
Kərim
bəy Mehmandarov bu tarixi missiyanı şərəflə yerinə
yetirdiyi üçün Hüsüyə 1500 manat pul
mükafatı, Muxtar Qaytarana isə qızıl kəmər
bağışlayır...
Bundan az sonra “Difai” bir neçə qəzet
redaksiyasına özünün möhürü ilə bəyannamələr
göndərərək bu sui-qəsdə görə məsuliyyəti
öz üzərinə götürür...
Daha bir
qisas aktı isə Şuşa hadisələri
zamanı dəftərxana müdiri olan Kleşşinskiyə
qarşı həyata keçirilir.
Naxçıvan qəzasının keçmiş rəisi
podpolkovnik Engel də difaiçilər tərəfindən
öldürülür. 1906-cı ildə Naxçıvanda erməni-azərbaycanlı
münaqişələri zamanı Engel qoşunların
köməyi ilə Azərbaycan kəndlərinin talan
olunmasında açıq-aşkar iştirak etmişdi.
Hökumətə donos verdiyinə görə Xankəndi
postunun strajniki - erməni Şahmərdanovu Malıbəyli
difaiçiləri öldürür...
“Difai”nin öz xalqına xəyanətdə, müsəlmanlara
zərər vuran hərəkətlərdə ittiham etdiyi
şəxslər də onun qurbanları olurdu. Şuşa
sakinləri Muxtar Kərbəlayi Cabbaroğlu və onun
oğlu Rəhim Muxtaroğlu yaramaz əməllərinə
görə “Difai”nin Şuşa komitəsinin
qərarı ilə aradan götürülür...
“Erməni
bombalarından qorxuya düşmüş hökümət məmurlarının
törətdiyi qanunsuzluqları aradan qaldırmaq
üçün “Difai” partiyası onlara qarşı bombalardan
və xəncərlərdən istifadə edəcəkdir”, -
deyə “Difai”nin müraciətlərindən
birində deyilirdi.
1907-ci il avqustun əvvəlində Əhməd bəy
Ağayev Şuşaya gəlir və komitə üzvlərinin
gizli iclasını çağırır. Kərim bəy
Mehmandarov partiyanın 1 il ərzində
gördüyü əməli işlər barədə hesabat
verir, növbəti göstəriş və təkliflər
alır. Əhməd bəy burada “Difai”nin
izini hökumətin gözündən itirmək məqsədi
ilə Şuşa Komitəsini “Qarabağ Birlik Məclisi”
adlandırmağı qərara aldığını bildirir.
Bu təşkilatın
fəaliyyət sahəsi Şuşa,
Cavanşir, Qaryagin və yaxınlıqdakı Zəngəzur
qəzalarını əhatə edirdi. Bütövlükdə
“Qarabağ Birlik Məclisi”nə və Şuşa
komitəsinə həkim Kərim bəy Mehmandarov
başçılıq edirdi.
“Difai”ni zaman yetişdirmişdi
Cəmi
ikiillik qısa zaman ərzində, yəni 1908-ci ilə qədər
“Difai” nin fəaliyyəti və xalq
arasında nüfuzu o qədər artmışdı ki, Azərbaycan
qəzalarında çar hakimiyyəti orqanlarının
mövcudluğuna real təhlükə yaranmışdı və
bu səbəbdən də partiya üzvlərinə
qarşı repressiyalar başlanmışdı. Qafqaz
canişini 4 mart 1908-ci il tarixli fərmanı
ilə “Difai” partiyasının ləğv edilməsi barədə
tapşırıq vermişdi. Əsasən də
Əhməd bəy Ağayev repressiyalara məruz
qalmış, qəzetləri bağlanmışdı.
O, hər yerdə təqib edilirdi. Əhməd bəy məcbur
olub Türkiyəyə mühacirət etdikdən sonra “Difai”nin də fəaliyyətində ciddi tənəzzül
yaranır...
1908-ci ildə “Qarabağ Birlik Məclisi”nin üzvləri də kütləvi həbslərə məruz qalırlar.
Qarabağ məclisinin ardınca partiyanın Yelizavetpol komitəsi də dağıdılır. Müsəlmanların milli təhlükəsizliyini layiqincə qoruyan Şuşa difaiçiləri partiyanın əvvəlki miqyasda bərpası üçün çox çalışsalar da, təəssüf ki, buna nail ola bilmirlər.
Ermənilərə və havadarlarına qan udduran cəsur Kərim bəy Mehmandarov isə bir müddət siyasətdən uzaqlaşaraq, 1917-ci ilə qədər həkimliklə və xeyriyyəçiliklə məşğul olur...
“Difai”nin fəaliyyətinə xitam verilməsinin dəqiq tarixi barədə tarixşünaslıqda vahid fikir yoxdur, lakin bəzi faktlar bu qənaətə gəlməyə əsas verir ki, “Difai”
I Dünya müharibəsinə qədər və hətta 1917-ci il fevral inqilabından sonra da mövcud olmuşdur...
“Difai” partiyasını zaman və şərait özü yetişdirmişdi və Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan 1905-1906-cı illər erməni-müsəlman davası zamanı zərurətdən yaranmışdı...
Təəssüf ki, bəlli səbəblərdən partiyanın geniş miqyaslı fəaliyyəti haqqında bu gün əlimizdə ətraflı məlumat yoxdur. Çarizm, sonra isə sovet ideologiyasının repressiyasına tuş gələrək haqqındakı əksər faktlar, sənədlər məhv edilib.
“Difai” haqqında ən geniş məlumat isə Eldar Əzizovun eyniadlı əsərində - “Difai” kitabında öz əksini tapıb. Kitabda hərəkatla bağlı faktlar araşdırılır, tarixin süzgəcindən keçirilir, təhlillər aparılır. Milli qürur rəmzlərimizdən olan “Difai”çilər haqda ən mükəmməl əsər-araşdırma olan bu kitab oxucularda, tədqiqatçılarda şanlı tarixi keçmişimizlə bağlı dolğun təsəvvür yaradır.
İlk milli hərbi-siyasi partiyamız “Difai” qısa müddət ərzində mövcud olsa da, onun milliliyi, dövlətçiliyi təbliğ edən rişələri boy ataraq günümüzə qədər gəlməyi bacarıb. Ulu babalarımızın illər öncə Qafqazda ilk türk dövləti yaratmaq kimi konkret siyasi məqsədləri Azərbaycan Respublikasının timsalında bu gün artıq reallıqdır...
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə zamanı erməni faşizminin başının əzilməsi də məhz XX əsrdə başlayan “Difai” ideyasının XXI əsrdə təntənəli zəfəridir...
Əminik ki, Şuşada, Cıdır düzündə Ali Baş Komandan İlham Əliyev “Qarabağ Azərbaycandır!”, “Şuşa Azərbaycandır!” hayqıranda Əhməd bəy, Kərim bəy və digər bütün qəhrəman difaiçilərin ruhları orada idi...
Qarabağı, Şuşanı azadlıqda görmək onları da sevindirmiş, ruhlarına əbədi dinclik vermişdi...
Yasəmən MUSAYEVA
Azərbaycan.-2021.-
24 iyun.- S.7.