Xalqlarımızın
işıqlı gələcəyinin təminatçısına
çevrilən dostluq
Ölkəmiz müstəqillik qazandıqdan sonra digər sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdi, uğurlu gələcəyə hesablanmış xüsusi siyasət xəttinin möhkəm təməlini qoydu.
Qonşu dövlətlərlə, xüsusilə dost və qardaş Türkiyə ilə bütün sahələrdə davamlı əməkdaşlıq əlaqələri quruldu. Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapdı. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmləndi.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri əsl qardaşlıq nümunəsidir. Dövlət olaraq bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq etməklə yanaşı, təkcə ölkələrimizin deyil, ümumilikdə regionun gələcək inkişafı üçün Azərbaycan-Türkiyə münasibətləri müstəsna əhəmiyyət daşıyır. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etməsi xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.
Hazırda Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Böyük potensiala malik olan ölkələrimiz arasında yüksək iqtisadi əməkdaşlıq mühiti yaranıb. Təsadüfi deyildir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.
Qardaş ölkə kimi Türkiyə hər zaman Azərbaycanın yanında olmuş, sevincimizə sevinib, kədərimizə kədərlənmişdir. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında qardaşlığın təntənəsi idi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Hələ müharibənin ilk günlərindən Türkiyənin Azərbaycanın haqq işinə dəstək verməsi, mənəvi və siyasi cəhətdən Azərbaycanın yanında olması sülhə, sabitliyə hesablanmış davranış idi. Eyni zamanda bu davranış bütün dünyaya bir ismarıc oldu ki, Azərbaycanın öz doğma torpaqlarını işğalçılardan təmizləmək üçün apardığı haqq mübarizəsinə kimsə müdaxilə edə bilməz.
Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük tikinti-quruculuq işləri aparılır. Bütün sahələrdə olduğu kimi, Qarabağın yenidənqurma işlərində də Türkiyə-Azərbaycan birlikdədir. Azad edilmiş ərazilərdə start verilmiş bərpa-quruculuq işlərini həyata keçirmək üçün ilk müqavilələr Türkiyə ilə imzalanıb. Böyük strateji əhəmiyyətə malik Füzuli-Şuşa, Füzuli-Hadrud, Füzuli-Zəngilan avtomobil yollarının inşası ilə bağlı artıq türk şirkətləri fəaliyyətə başlayıb. Rayonumuzun gələcək inkişafında xüsusi əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanının tikintisi də sürətlə gedir. Bu böyük layihənin inşasında türk şirkətləri yaxından iştirak edirlər.
Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoyduğu kimi, YAP və AKP arasında imzalanmış niyyət protokolu da iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın növbəti mərhələsidir. Bu günlər isə Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsi olan sevindirici xəbər almışıq. Bu xəbər bizləri həm sevindirir, həm də qürurlandırır. Belə ki, Türkiyənin Sakarya Böyük Şəhər Bələdiyyəsi işğaldan azad edilmiş Füzuli şəhəri ilə qardaşlaşma memorandumu təşəbbüsü ilə çıxış etmişdir.
İyun ayının 7-də “Hədiyyə Karvanı Yollarda-Azərbaycan” layihəsi çərçivəsində Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının əməkdaşları rayonumuzda qonaq oldular. Qardaş Türkiyədən gələn qonaqlar şəhid ailələrini ziyarət etdilər, şəhid uşaqlarına müxtəlif hədiyyələr verdilər. Qardaşlığımızın daha bir nümunəsi olan bu görüşlər rayonumuzda böyük sevgi ilə qarşılandı.
Heç şübhəsiz, Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri gələcəkdə də yüksək səviyyədə inkişaf edəcək, ölkəmizdə və regionda davamlı sülhün və sabitliyin təminatçısı olacaqdır.
Ramella MƏMMƏDOVA,
Füzuli rayonu Təhsil Şöbəsinin
müdiri, Əməkdar müəllim
Azərbaycan.-2021.- 24 iyun.- S.7.