Tarazlı regional inkişaf iqtisadi siyasətin hədəfi kimi

 

 

Məlum olduğu kimi, ölkəmizdə regionların iqtisadi və sosial inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir. Milli iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olan regional inkişafa 2003-cü ildən başlanmış və bu istiqamətdə indiyə qədər 4 dövlət proqramı qəbul edilmişdir. Bu araşdırmada məqsədimiz 2018-ci ilin yekunlarından istifadə etməklə, yəni 3 regional proqramın icrasından sonra iqtisadi inkişafın dinamikasını və masştabını müəyyən etməkdir.

2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı üçün əsas kapitala 24,5 milyard manat investisiya qoyulmuşdur ki, bu da ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların 29,1 faizinə bərabərdir. 3 regional inkişaf proqramının icrası üçün, yəni 2004-2018-ci illərdə ölkə üzrə əsas kapitala yatırılan investisiyaların 60,5 faizi qeyri-neft sektorunun inkişafına sərf edilmişdir. Neft sektorunu çıxmaqla ölkə üzrə əsas kapitala investisiyaların 90 faizindən çoxu (51,3 milyard manat) regionlarda istifadə olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən güzəştli kreditlərin də 80 faizi regionların payına düşmüşdür. Bu vəsaitlər hesabına bölgələrdə milyon manatlarla dəyəri olan onlarca yeni zavodlar, fabriklər, infrastruktur obyektləri modernləşdirilmiş və yeniləri tikilib istifadəyə verilmiş, yüzlərlə mövcud müəssisə və istehsal sexləri rekonstruksiya edilmiş və genişləndirilmişdir.

Amma elmi araşdırmalarımız göstərir ki, regional inkişafın miqyaslı olmasına baxmayaraq, işğaldan azad olan 7 rayon nəzərə alınmadan, bir sıra regional büdcələrin gəlirləri onların bütünlükdə iqtisadi inkişafına adekvat formalaşmır. Məsələn, 2018-ci ildə (məlum səbəbdən sonuncu rəqəm olaraq 2018-ci ilin göstəricilərindən istifadə olunur) regional dövlət büdcəsinin gəlirlərinin yalnız 8 faizə qədəri və ya 623 milyon manatı bölgələrdə, qalanları isə Bakıda yaranmışdır. Həmin gəlirlər regional büdcə xərclərini tam təmin etmədiyinə görə onlara dotasiya verilmişdir. Digər bir fakt: 2021-ci ilin proqnozlarına görə, şəhər və rayonlar üzrə (Naxçıvan MR nəzərə alınmadan) büdcə təyinatlı gəlirlər 7 milyard 250 milyon manat təsdiq edilmişdir ki, bu da 2015-ci ilin proqnozlarından 2 faiz çoxdur. Həmin gəlirlərin isə yalnız 11,6 faizinin regionlarda yaranması hədəflənmişdir. Qalanları yenə də paytaxtın payına düşür.

Bu bir faktdır ki, regional iqtisadi siyasətin əsas hədəflərindən biri də onların iqtisadi və sosial inkişafında mövcud olan fərqlərin azaldılması və tarazlığa nail olunmasıdır. Prezidentin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında regionların tarazlı sosial-iqtisadi inkişafını qiymətləndirmək üçün meyar kimi 3 göstərici nəzərdə tutulmuşdur. Onlar adambaşına düşən məhsul (xidmət) istehsalından, investisiyaların həcmindən və əmtəə dövriyyəsindən ibarətdir. Dövlət başçısının 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: Sosial-inkişafa dair milli prioritetlər”də də qarşıya qoyulan hədəflərdən biri paytaxt və regionların tarazlı inkişafı, regionların paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olması, milli gəlirdə onların payının artırılmasıdır.

Regionların tarazlı sosial-iqtisadi inkişafı ilə bağlı konsepsiyanın hədəflərinin icra səviyyəsinin tədqiqindən görünür ki, 2018-ci ildə 2014-cü illə müqayisədə onların inkişaf göstəricilərində xeyli irəliləyişlərə nail olunmuşdur. Ancaq regionların iqtisadi və sosial inkişafında tarazlıq hələlik tam təmin olunmamışdır. Onların iqtisadi inkişaf səviyyəsi bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, 2018-ci ildə, məsələn, Naxçıvan iqtisadi rayonu ilə müqayisədə digər iqtisadi rayonlar (işğal altında olmuş istisna olmaqla) adambaşına məhsul istehsalına görə 1,5-4, əsas kapitala yatırılan investisiyaya görə 1,1-1,2, pərakəndə ticarət dövriyyəsinə görə 1,4-1,9 dəfə aşağı pillədə qərarlaşmışdır. Bu sıralamada bütün göstəricilərə görə birinci yer Naxçıvan, ikinci yer Abşeron, üçüncü yer Aran iqtisadi rayonlarına məxsusdur. Ən aşağı göstəricilər 1 milyona yaxın əhalisi olan Lənkəran iqtisadi rayonunda formalaşmışdır.

Konsepsiyanın mühüm hədəflərindən biri də 2020-ci ildə qeyri-neft sektorundan məhsul ixracını adambaşına 1000 dollara çatdırmaq idi. Təəssüf ki, bu hədəfin icrası məlum səbəbdən - pandemiyadan mümkün olmadı. Amma məsələ ondadır ki, 2019-cu ildə konsepsiyanın hazırkı hədəfini tam yerinə yetirmək üçün belə məhsulların ixracının dəyəri 8 milyard 370 milyon dollar olmalı olduğu halda, 2019-cu ilə dövlət proqnozlarında bu göstərici 1 milyard 910 milyon dollar nəzərdə tutulmuşdur, yəni hədəfdən 4,2 dəfə az. 2020-ci il üçün isə dövlət proqnozunda qeyri-neft məhsullarının ixracının dəyəri adambaşına 220 dollar planlaşdırılmışdır ki, bu da hədəfdən 4,4 dəfə azdır. Göründüyü kimi, konsepsiyanın əhatə etdiyi illərə aid dövlət proqnozlarının heç birində hədəfin tam icrası nəzərdə tutulmamışdır. Bu isə o deməkdir ki, regionlarda yaranan və rəsmiləşdirilən məhsul (xidmət) istehsalı və gəlirlər onların mövcud potensialına adekvat deyil.

Regionların inkişaf səviyyəsində və onların büdcələrinin maliyyə təminatında yaranan vəziyyətin motivi və səbəbləri çox müxtəlifdir. Məqalədə onları ətraflı şərh etmək mümkün olmadığına görə regionların inkişafının sürətləndirilməsi və gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması üçün real ehtiyatların mövcudluğunu göstərmək üçün bir neçə fakta müraciət edək: 2018-ci ildə ÜDM-in 60 faizə qədəri qeyri-neft sektorunda istehsal olunmuşdur. Ölkə üzrə büdcə daxil olmalarının isə 41 faizi qeyri-neft sektorunun payına düşmüşdür. Qeyri-neft sektorunda yaranan ÜDM-in hər manatından dövlət büdcəsinə 20 qəpik daxil olmuşdur.

2014-cü ilə nisbətən 2018-ci ildə Naxçıvan iqtisadi rayonunda sənaye məhsulları istehsalının artım tempi 6,6 faiz, Abşeron və Gəncə-Qazax iqtisadi rayonlarında 1,5, Şəki-Zaqatalada 2,6, Lənkəran və Quba-Xaçmazda 1,6-1,8 dəfə və Dağlıq Şirvanda 13 faiz təşkil etmişdir. Nəticədə bu iqtisadi rayonların sənayeləşdirilməsi istiqamətində irəliləyişlərə nail olunmuşdur. Bununla belə, regionlarda sənaye məhsullarının istehsalı 2014-cü ildəki 3 milyard manatlıqdan 2018-ci ildə 5,5 milyard manatlığa qədər artmasına baxmayaraq, ölkə üzrə bütünlükdə sənaye məhsullarının cəmi 12 faizi regionlarda istehsal edilmişdir.

Aqrar sektora gəldikdə qeyd edək ki, regional inkişafda həlledici mövqeyə malik olan kənd təsərrüfatı sahəsinin, xüsusilə, onun bitkiçilik bölməsinin inkişafını tələb edilən səviyyədə təmin etmək üçün sahənin təşkilati, hüquqi və iqtisadi idarəetmə sistemini təkmilləşdirmək lazımdır. 2016-cı ildə elan edilmiş “Kənd təsərrüfatı ili” ilə bağlı tədbirlər planında nəzərdə tutulduğu kimi, aqrar sektorun inkişafına konkret və ayrıca götürülmüş iqtisadi rayonun ixtisaslaşması kontekstində baxılması zəruridir. Məsələn, Quba-Xaçmaz, Lənkəran, Aran, Dağlıq Şirvan iqtisadi rayonlarında dəyər zənciri əsasında aqro-emal kompleksləri və klasterlər formalaşdırıla bilər. Bu iqtisadi rayonların ənənəvi kənd təsərrüfatı məhsullarının (pambıq, üzüm, çay, meyvə, tütün və barama) yeni texnologiyalar əsasında intensiv istehsalı və emalı əsasında ixtisaslaşdırılması, klasterləşdirilməsi və sənayecə inkişaf etmiş regiona çevrilməsi kifayət qədər səmərə verər. Amma bunun üçün “Azərbaycan Respublikasında məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi” sxeminin hazırlanması lazımdır. Uzunmüddətli belə sxemin olması mövcud işçi qüvvəsi və təbii sərvətlər əsasında regionların kompleks inkişafının təmin edilməsində mühüm rol oynayan koordinasiya vasitəsi ola bilər.

2003-2018-ci illər regionlarda müasir texnologiyalara əsaslanan iri sənaye müəssisələri və kompleksləri yaradılmışdır. Həmin dövrdə qeyri-neft sənaye sektorunda 278 müəssisə tikilib istifadəyə verilmişdir. Ölkə üzrə istifadəyə verilən qeyri-neft sənaye müəssisələrinin 76 və qeyri-neft emal müəssisələrinin 90 faizi regionlarda yaradılmışdır. Başqa sözlə desək, bölgələrin sənayeləşdirilməsi və dinamik iqtisadi inkişafı istiqamətində nailiyyətlər əldə edilmişdir. Təsadüfi deyil ki, 2003-cü illə müqayisədə 2018-ci ildə regionlar üzrə sənaye məhsulları istehsalının ümumi dəyəri artaraq 1,3 milyard manatdan 6,3 milyard manata çatmışdır.

Bununla belə, 2004-2018-ci illərdə, məsələn, Mingəçevir və Şirvan şəhərlərində sənaye məhsulları istehsalında artım olmamış, əksinə, azalma baş vermişdir. Yeri gəlmişkən qeyd edək ki, regionlardan ancaq Bakıda və Naxçıvan Muxtar Respublikasında sənaye məhsulları istehsalı 1990-cı ilin səviyyəsinə çatmışdır. 2018-ci ildə Mingəçevirdə 1990-cı ilin 14, Şirvan şəhərində 35, Sumqayıtda 19, Gəncədə 58 faiz səviyyəsində sənaye məhsulları istehsal olunmuşdur. Ümumiyyətlə, 2018-ci ildə ölkə sənayesinin ancaq 12 faizi regionların payına düşmüşdür. Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran iqtisadi rayonlarında isə bu göstərici 0,3-0,6 faiz olmuşdur.

Regional tarazlı inkişafın formalaşmasında mühüm amillərdən biri də iqtisadi strukturdur. Bu amil regionlarda gəlirlərin azlığına da təsir edən əsas amillərdən biridir. Məhz bunun nəticəsidir ki, qeydlərimizin əhatə etdiyi dövrdə bölgələr üzrə ümumi mal (xidmət) istehsalında sənayenin xüsusi çəkisi 23,3, kənd təsərrüfatının payı 27,8 faiz olmuşdur. Qeyri-neft sənaye sektorunun payı isə 2010-cu illərdəki 20 faizdən 28 faizə yüksəlmişdir. Ümumiyyətlə, 2018-ci ildə bütünlükdə sənaye məhsullarının 87 faizi Bakıda istehsal edilmişdir. Regionlarda yerləşən qeyri-neft sənaye müəssisələrində istehsal olunan məhsulların həcmi ölkə üzrə qeyri-neft sənaye sektorunun məhsullarının 44 faizinə bərabər olmuşdur.

Bu yerdə qeyd etmək istərdik ki, aqrar sektorun üstünlük təşkil etdiyi regionlarda yerli büdcə gəlirlərinin azlığına bu sektora verilən vergi güzəştləri ciddi təsir edir. Halbuki aqrar sektorun maddi-texniki bazasının modernləşdirilməsi üçün investisiya təminatı baxımından heç bir şərt qoymadan vergi güzəştləri indiki şəraitdə heç də səmərəli deyil. Bu səbəbdən aqrar sektora vergi güzəştlərinə yenidən baxılmalıdır. Məqsədəuyğun olardı ki, vergi güzəştləri prioritet kənd təsərrüfatı məhsullarına, özü də güzəşt nəticəsində əldə olunan qənaəti investisiya qoyuluşu ilə əlaqələndirməklə edilsin.

Söz investisiyadan düşmüşkən, hesablamalarımız göstərir ki, sözügedən dövr  regionlarda məhsul istehsalının həcmi onların iqtisadi və sosial inkişafına yönəldilmiş yatırımların həcminə adekvat olmamışdır. Bundan başqa, regionlarda büdcə təyinatlı gəlirlərin məbləği ümumi məhsul (xidmət) istehsalının həcmi ilə müqayisədə çox az formalaşır. Bu səbəbdən məhsul (xidmət) istehsalını və yerli gəlirlərin artırılması üçün regional iqtisadiyyata yönəldilən investisiyaların səmərəli istifadəsinə diqqəti artırmaq lazımdır.

Çox yaxşı haldır ki, artıq inzibati rayonların əksəriyyəti yerli xərcləri tamamilə öz gəlirləri hesabına maliyyələşdirir, başqa sözlə, dotasiyasız fəaliyyət göstərirlər. Bundan əlavə, ölkə üzrə yeni iş yerlərinin çox hissəsi regionlarda yaradılır. Regional  inkişaf proqramları çərçivəsində, həmçinin ölkənin sənaye mərkəzləri sürətlə inkişaf edir. Yalnız 2018-ci ildə 2003-cü ilə nisbətən Sumqayıtda sənaye məhsullarının istehsalı 1,7, Gəncədə 4,8, Bakıda 2,6, Naxçıvanda 35 dəfə artmışdır.

Bununla belə, sənaye sektorunun, infrastruktur və xidmət sahələrinin inkişaf etdiyi şəhər və rayonlarda istehsalın planlaşdırılmasına, maliyyə uçotunda şəffaflığa və nəzarət mexanizmlərinin təşkilinə diqqət artırılmalıdır. Eyni zamanda regional məhsul (xidmət) istehsalının və gəlirlərin müəssisələrin real potensialına adekvat planlaşdırılmasına da daha ciddi yanaşılmasını vacib hesab edirik. Bu yerdə onu qeyd edək ki, müəssisələrin təsərrüfat-maliyyə göstəricilərinin uçotunda şəffaflığın yaradılması və düzgün aparılması, gəlirlərin artırılmasında və regional büdcələrə daxil edilməsində yerli icra hakimiyyəti orqanlarının maraqlı olmasını təmin edən mexanizmlərdən və mülkiyyət formasından asılı olmayaraq, Çində və Fransada tətbiq edilən mexanizmdən istifadə, müəssisələrdə istehsal xərclərinin uçotuna nəzarətin gücləndirilməsi, Maliyyə və İqtisadiyyat nazirliklərinin yerli bölmələri tərəfindən müəssisə və təşkilatlarla münasibətlərində tələbkarlığın yüksəldilməsi regional istehsal (xidmət) həcminin və gəlirlərin artırılmasının real ehtiyatlarından tam istifadə etmək üçün həlledici rol oynaya bilər. Yeri gəlmişkən bildirək ki, Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş 2021-ci ilin prioritetlərindən biri dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyətinin yüksəldilməsi, maliyyə intizamının gücləndirilməsi və nəzarət mexanizmləri sisteminin təkmilləşdirilməsidir.

Bu gün əsas vəzifələrdən biri də ayrı-ayrı regionların inkişafını təmin edə bilən spesifik, məhz həmin bölgəyə məxsus istiqamətləri və vasitələri müəyyən etməklə  ixtisaslaşdırılmasıdır. Məsələn, 2010-cu ildə qəbul edilmiş “Pambıqçılıq haqqında” qanunda deyilir ki, ölkədə pambıqçılıq klasterlər əsasında inkişaf etdirilsin. Dövlət başçısı bu məsələyə 2011-ci ilin mart ayında bir daha qayıdaraq fərman imzalamışdır. Fərmanda ölkənin pambıqçılıq rayonları üçün bu istiqamətdə inkişaf bir daha vurğulanmışdır. Amma 10 ildən çox vaxt keçməsinə baxmayaraq, sözügedən sahədə heç bir klaster yaradılmamışdır. Halbuki klasterlərin tətbiqi, ərazi-istehsal komplekslərinin yaradılması, strateji istiqamət kimi regionların ixtisaslaşdırılması, meqapolislərin formalaşdırılması regional inkişafda həlledici rola malikdir. İstər sənaye, istərsə də kənd təsərrüfatı sektorlarının inkişafı üzrə regionların ixtisaslaşdırılması müasir dövrün vacib tələblərindəndir.

Bu il mərkəzi büdcədən Naxçıvan MR və 13 inzibati rayon (işğaldan azad olunmuş regionlar nəzərə alınmadan) dotasiya alır. Hesab edirik ki, regionları dotasiya hesabına saxlamaq əvəzinə həmin dövlət vəsaitləri hesabına elə həmin regionlarda istehsal müəssisələrinin yaradılması daha məqsədəuyğundur. Biz gözləməməliyik ki, hansısa xarici və daxili özəl investor gələcək, bu və ya digər regionun iqtisadiyyatını, sənayesini, aqrar sektorunu inkişaf etdirəcək.

Araşdırmalarımız göstərir ki, regional dövlət proqramlarının tərtib olunma texnologiyası təkmilləşdirilməli, bölgədə həlli tələb olunan məsələlər dəqiqliklə öyrənilməli, onların icra mexanizmi işlənib hazırlanmalı və icrasına nəzarət gücləndirilməlidir. Yeri gəlmişkən, Prezidentin 6 mart 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın tətbiqi bu boşluqların aradan qaldırılmasına imkan verir. “Qaydalar”da dövlət proqramının icrasının vaxtında və səmərəli təşkili məqsədilə əlaqələndirici orqanın təsdiq edilməsi nəzərdə tutulur. Bu orqan eyni zamanda tədbirlərin icrasına nəzarət funksiyasını da həyata keçirəcək. Aidiyyəti dövlət orqanları tərəfindən illik hesabatlar hazırlanaraq hər ilin əvvəlində əlaqələndirici orqana təqdim olunacaq. Əlaqələndirici orqan isə onları ümumiləşdirib təhlil etməklə hesabat hazırlayaraq dövlət başçısına təqdim edəcək.

Günümüzün ən vacib problemlərindən biri də erməni vandallarının darmadağın etdikləri regionlarda həyatı bərpa etməkdir. Sevindirici haldır ki, Azərbaycanın özünün kapitalının olması, dövlət başçısının möhkəm iradəsi yeni texnika və texnologiyalar, qabaqcıl dünya təcrübəsi əsasında bərpa işlərini həyata keçirməyə imkan verir.

Hazırda işğaldan azad edilmiş ərazilərin bərpasına aid Strateji Fəaliyyət Planı hazırlanır. Bu plan əsasında ərazilərimiz vahid konsepsiya əsasında bərpa ediləcək. Heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələri inkişaf etdiriləcək, həmin ərazilər yaşıl enerji zonasına çevriləcək. Bunun üçün külək, günəş və su elektrik stansiyaları tikiləcək və ya bərpa ediləcək. Apardığımız hesablamalar göstərir ki, həmin regionda təkcə ev tikintisi üçün təxminən 11-12 milyard, sənaye və kənd təsərrüfatının bərpası üçün ən azı 800-900 milyon manat investisiya tələb olunur.

İşğaldan azad olunmuş rayonlarda torpaq islahatının aparılması üçün də yeni mexanizm və meyarların işlənib hazırlanması nəzərdə tutulur. Bizim fikrimizcə, işğaldan azad edilmiş ərazilərdə torpaqlar fərdi qaydada paylanmamalıdır. Digər regionlarda tətbiq edilmiş bu yanaşmanın özünü doğrultmadığı qənaətindəyik. Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanın aqrar sektorunda əmək məhsuldarlığı aşağıdır. Mütəxəssislərin hesablamalarına görə, məsələn, İsraildə bir fermer orta hesabla 92 nəfəri ərzaqla təmin edirsə, Azərbaycanda bu göstərici 3-4 nəfərdir. Bu və digər səbəblərdən həmin ərazilərdə kooperativlərin yaradılması daha məqsəduyğundur.

 

 

 

Tofiq HÜSEYNOV,

iqtisad elmləri doktoru, professor,

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, Əməkdar iqtisadçı

Azərbaycan.-2021.- 24 iyun.- S.8.