Erməni xalqı “Ermənistan”
blokuna səs vermədi
Paşinyan səhvlərindən
nəticə çıxaracaqmı?
Xəbər verildiyi kimi, ötən bazar günü Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilmişdir. Seçkilərdə 21 partiya və 4 blok iştirak etmişdir. 2008 məntəqədə səslər hesablandıqdan sonra baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası 53,92 faiz səslə qalib gəlmişdir. Keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku 21,04 faiz səs qazana bilmişdir.
Nəticələr bəlli olduqdan sonra Paşinyan hökumətlə ziddiyyətləri olan bütün strukturları, habelə dindarları dialoqa çağırmışdır. Hazırda “Vətəndaş sazişi”nin qələbəsini tanımayan ancaq Köçəryandır. O, seçkilərin nəticələrindən Konstitusiya Məhkəməsinə şikayət edəcəyini bildirmişdir. Digər eks-prezident Serj Sarkisyanın “Şərəf duyuram” partiyası isə hazırkı hakimiyyəti seçicilərə təzyiqdə ittiham etmişdir. Bu partiya seçkilərdə cəmi 5,23 səsə yiyələnmişdir.
Ermənistandakı seçkiləri 8 beynəlxalq təşkilatı təmsil edən 483 xarici müşahidəçi izləmişdir. Onlar məntəqələrdə ciddi pozuntuların baş vermədiyini bildirmişlər. Avropa İttifaqı Ermənistanın bütün siyasi qüvvələrini ölkə qarşısında duran vəzifələri həll etmək üçün birgə işə başlamağa çağırmışdır. Bu barədə qurumun nümayəndəsi Peter Stanonun bəyanatında məlumat verilir. Bildirilir ki, Ermənistanda növbədənkənar parlament seçkiləri rəqabətli olmuş və ümumilikdə normal səviyyədə keçmişdir. Buna baxmayaraq, kampaniya güclü qütbləşmə ilə fərqlənmiş, əsas namizədlər aqressiv ritorikadan istifadə etmişlər. Nəticədə seçkiqabağı proqramlarla bağlı debatlar praktiki olaraq keçirilməmişdir.
Fransanın “Le Figaro” qəzeti isə yazır ki, Ermənistanda hələ də 2018-ci il “məxməri inqilabı”nın ruhu dolaşmaqdadır. Əlbəttə, Dağlıq Qarabağda hərbi məğlubiyyətə gətirib çıxarmış səhvlər və Nikol Paşinyan hökumətinin səriştəsizliyi nəticəsində o, öz elektoratının təxminən yarısını itirmişdir. Lakin baş nazirin siyasətindən məyus olanlar onun rəqiblərinin, məsələn, daim korrupsiyaya uğramış cinayətkarlar kimi qəbul olunan sabiq prezidentlər Serj Sarkisyan və Robert Köçəryanın da tərəfini tutmamışlar.
Təbii ki, ikinci yeri tutan “Ermənistan” blokunun rəhbəri Köçəryan öz düşməninin qələbəsini həzm edə bilmir. Buna baxmayaraq, Rusiya seçkilərin nəticələrini tanımışdır. “Le Figaro”nun müxbiri Reji Jante yazır: “Bu tanıtım təhlükəsizliyi əsasən Rusiyadan asılı olan ölkə üçün vacibdir. Rusiyanın sülhməramlı missiyası əslində separatçı ermənilərə Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşamağa və faktiki muxtariyyətdən istifadə etməyə imkan verir”.
“Mənim addımım” blokunu parlamentdə təmsil edən Mikael Zolyan hesab edir ki, ağır məğlubiyyətdən sonra Ermənistan yeni geosiyasi, hərbi və hətta identiklik doktrinası ilə silahlanmalıdır. Bu dərin işi bütün cəmiyyət, ilk növbədə, ziyalılar həyata keçirməlidir. Paşinyanın vəzifəsi bunun üçün şərait yaratmaqdır. Bu şəraiti isə ancaq daxili siyasi vəziyyətin sabitləşdirilməsi, iqtisadiyyatın dirçəldilməsi və milli təhlükəsizliyin təmin olunması yolu ilə yaratmaq olar.
Erməni politoloqu Beniamin Poqosyan isə inanır ki, Paşinyan Vladimir Putin və İlham Əliyevlə imzaladığı sazişlərin icrası ilə bağlı danışıqlar apara biləcək. Bura Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizin açılması məsələsi də daxildir.
Kreml də Ermənistanda parlament seçkilərindən sonra yaranmış vəziyyəti diqqətlə izləyir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı bildirmişdir: “Biz Yerevandan daxil olan informasiyanı çox diqqətlə izləyirik və Ermənistan Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələri ilə bağlı məlumatını alqışlayırıq. Əlbəttə, görürük ki, Paşinyanın partiyası inamlı qələbə qazanmışdır”. Peskovun dediyinə görə, Kreml arzulayır ki, Ermənistan xalqının qərarı ölkəyə dayanıqlı inkişaf yoluna çıxmağa kömək etsin.
Öz növbəsində, Federasiya Şurasının spikeri Valentina Matviyenko Ermənistanın yeni rəhbərliyinin Rusiya ilə bütün sahələr üzrə əməkdaşlığı davam etdirəcəyinə inanır: “Ümid edirəm ki, həm Ermənistan, həm də Ermənistanın yeni rəhbərliyi Rusiya Federasiyası ilə iqtisadi, siyasi, xarici siyasi, o cümlədən parlamentlərarası işbirliyinin davam etməsində maraqlı olacaq”.
İndi sağlam düşüncəli hər bir insan hesab edir ki, Ermənistan hakimiyyəti ölkədəki dərin böhranın səbəblərini təhlil edərək düzgün nəticə çıxaracaq. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyinə görə, “Ermənistandakı dərin böhrana müharibədəki məğlubiyyəti deyil, Ermənistanın onilliklər ərzində beynəlxalq hüququ pozaraq dövlətlərin tanınmış sərhədlərini güc yolu ilə dəyişdirməsi, təcavüz siyasətini həyata keçirməsi səbəb olub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, sərhədlərinin, ərazi bütövlüyünün pozulmaması əsasında münasibətlərin bərpasına tərəfdardır. Ermənistanın bu sahədəki qərarı öz seçimidir”.
Rizvan CƏFƏROV
Azərbaycan.-2021.- 24 iyun.- S.9.