“Mədəniyyət naminə sülh” qlobal
kampaniyasının təqdimatı olub
İyunun 23-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniyanın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə keçən tədbirdə əvvəlcə “Mədəniyyət naminə sülh” adlı qlobal kampaniyanın məqsədi, hədəfləri, fəaliyyət istiqamətləri barədə məlumat verib.
Bildirilib ki, kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımın dünyaya çatdırılmasına nail olmaqdır. Həmçinin dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırmaqdır.
Sonra Böyük Britaniyanın Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun İdarə Heyətinin sədri, professor Maykl Hardi və ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin videomüraciətləri olub.
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu qlobal kampaniya sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlarından diplomatların, ictimai-siyasi xadimlərin, görkəmli mədəniyyət və incəsənət adamlarının, media nümayəndələrinin, elm xadimlərinin işğaldan azad edilmiş ərazilərə dəvət edilməsi və sülh çağırışlarının bu ərazilərin fonunda səsləndirilməsi nəzərdə tutulur.
Dünyəvi və multikultural ölkə kimi Azərbaycanın mövqeyinin və sadiq olduğu dəyərlərin dünyaya düzgün çatdırılması olduqca vacibdir. Bu kampaniya eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyini nümayiş etdirir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində “Bakı Prosesi”ni xüsusi vurğulayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından biri elan etmişdir. Bununla əlaqədar “Mədəniyyət naminə sülh” kampaniyası mədəniyyəti qorumaq naminə sülhü təşviq etməyin əhəmiyyətini bir daha bəyan edərək dünyanı malik olduğu mədəni müxtəlifliyə sahib çıxmağa və onun təhlükəsizliyini vaxtında təmin etməyə çağırır.
“Mədəniyyət naminə sülh” qlobal kampaniyası beynəlxalq qurumların və xarici ölkələrin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının, biznes qurumlarının qoşulması üçün açıqdır. Bu qlobal layihə çərçivəsində mədəni irsin vəziyyətinə dair sərgilər, sülhə çağırış aksiyaları, elmi və ədəbi müsabiqələr, sosial media, foto və video, film, musiqi və digər audiovizual layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anhel Moratinosun tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, dünyada sülhün, təhlükəsizliyin qorunması naminə birgə çalışmaq lazımdır: “Dünya pandemiya böhranı və onun iqtisadi nəticələri ilə üzləşdi. Biz gələcək üçün yeni yol tapmalı, birgə yaşamalıyıq. Azərbaycan bu yeni təşəbbüslə müraciət etdi və mən buna dərhal reaksiya verdim. Biz bu günün reallığına və problemlərinə cavab vermək üçün yeni mexanizm və alətlər tapmalıyıq. Biz daha yaxşı cəmiyyət qura, birgə sülh içində yaşaya bilərik”.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafının şahidi olduğunu söyləyən Migel Anhel Moratinos deyib: “Bu gün mənim üçün həm də xüsusi gündür, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Prezident İlham Əliyevlə görüşdüm. Mən ümid, ləyaqət, sevinc hisslərinin şahidi oldum. Azərbaycanın dövlət başçısı ilə konstruktiv müzakirəmiz, dialoqumuz oldu. O, ölkənin tarixində yeni səhifənin açıldığını dedi. İnanıram ki, xalqınız üçün yeni səhifə, gələcək qarşıdadır”.
Sonda
diplomatik korpus və KİV nümayəndələrini, habelə
digər tədbir iştirakçılarını
maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan.-2021.- 24 iyun.- S.11.