Baramaqurdunun ipəyə dönən zəhməti

 

 

İpək tarixən qiymətli məhsul olub. Qədim zamanlarda onun qitələrdən-qitələrə, ölkələrdən-ölkələrə daşınan yolu İpək yolu adlandırılmış, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan bu yolla daşınan qiymətli yüklərə sanki bələdçilik etmişdir.

Qədim İpək yolunun üstündə yerləşən kəndlər, şəhərlər inkişafda olmuşdur. Çox keçmədən ipək istehsalına Azərbaycan da qoşulmuş, ən zərif, ən qiymətli ipək istehsal etmişdir. Beləliklə, baramaçılıq təsərrüfatımıza daxil olmuş, ənənəmizə çevrilmişdir. Xüsusilə Şəkidə istehsal olunan kəlağayılar, ipək parçalar ad-san qazanmış, qız-gəlinlərin hüsnünü bəzəmişdir.

Bu ənənəvi məhsulun istehsalının artırılması məqsədilə son illər ölkəmizdə görülən işlər hər kəsə yaxşı məlumdur. Qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində ipəkçilik sürətlə dirçəlməyə başlamışdır. Bu sırada Masallının da adı birincilər sırasında çəkilir.

Cari il rayonun 37 inzibati vahidi üzrə 75 nəfər barama yetişdirməklə məşğul olur. May ayında Qax Damazlıq İpəkçilik Stansiyasından 140 qutu baramaqurdu toxumu gətirilərək kümçülərə paylanılmışdır. Yeri gəlmişkən qeyd edək ki, qısa müddətdə sahənin yem problemi də həll olunmuşdur. Rayon ərazisində Çin Xalq Respublikasından gətirilmiş 55 min, habelə 28 min yerli tut tingi əkilmişdir. Artıq onlar böyümüş, baramaqurdu üçün etibarlı yem bazasına çevrilmişdir.

Baramaqurdunun 40 - 45 günlük ipəyə dönən zəhmətli ömrü, demək olar ki, başa çatmışdır. İndiyədək rayonda 5 min 629,4 kiloqram yaş barama istehsal edilmişdir. Kümçülərdən Nofəl Cəfərov, Leyla Əzizova, Müseyib Bağırov, Qumru Cəfərova və başqaları daha yaxşı nəticələr əldə etmişlər. “Azəripək” MMC tərəfindən kümçülərə yaş baramanın hər kiloqramına görə 4, dövlət tərəfindən isə əlavə olaraq 5 manat subsidiya ödənilir.

İnsanın ən faydalı dostu olan təbiətin bu möcüzəsinə baxdıqca heyrətlənirsən və ürəkdən keçən bu heyrət misralara çevrilir.

 

 

 

Gəldi bu dünyaya özü bilmədən,

Başladı işinə o ləngimədən.

sapdan, cəhrədən, nə də iynədən

Kömək ummayaraq bir yuva qurdu

Baramaqurdu.

 

 

 

Balaca bir qurdda ürəyə bir bax!

Əmələ, məqsədə, diləyə bir bax!

Yaradan kişiyə, fələyə bir bax!

Ömrünü işiylə o başa vurdu

Baramaqurdu.

 

 

 

Təbiət yaradıb beləcə onu,

Geyinib əyninə vəfadan donu.

Bilsə yetişir ömrünün sonu,

Öldü, tərk etmədi saldığı yurdu

Baramaqurdu.

 

 

 

Seyran CAVADOV

Azərbaycan.-2021.- 24 iyun.- S.8.