General dəyanəti

 

 

 

...1978-ci il iyunun 29-u idi. Bakı isti yay günlərindən birini yaşayır, həyat öz qaydasında davam edirdi. Azərbaycan paytaxtı bir neçə həftədən sonra Bakıya səfər edəcək Sov.İKP MK-nın baş katibi L.İ.Brejnevi qarşılamağa hazırlaşırdı.

 

Həmin iyun səhəri gündəlik iş-gücü ilə məşğul olan sovet adamlarının ağlına belə gəlməzdi ki, cəmi bir neçə saatdan sonra nəinki Azərbaycanda, ümumən bütün ittifaq məkanında böyük əks-səda yaradan dəhşətli hadisə baş verəcək.

 

 

 

Gözlənilməz bir qətlin tarixçəsi

 

 

 

Bir azdan ölkənin hər yerinə yayılan cinayət xəbəri, həqiqətən, sarsıdıcı idi. Azərbaycanın daxili işlər naziri, general-leytenant Arif Heydərov günün ikinci yarısında kabinetində keçirdiyi işgüzar müşavirə zamanı güllələnərək öldürülmüşdü. Onunla birgə nazir müavini, general S.Kazımov və köməkçisi podpolkovnik Ə.Səfixanov da qətlə yetirilmişdi.

 

Atəş açan Şuşa həbsxanasının zabiti Ziya Muradov idi. O, üç adamı öldürəndən sonra özünü də güllələmişdi, intihar etmişdi. Uzun illər bu qətl hadisəsinin müzakirəsi aparıldı, milis kapitanını belə qanlı əmələ sövq edən səbəblər araşdırıldı. Və nəhayət, psixoloji durumu qüsurlu olan bir şəxsin cinayət əməli üzərindəki sirr pərdəsi tamamilə götürüldü.

 

Məlum oldu ki, qatil Rusiyada texnikumu bitirdikdən sonra bir müddət milis orqanlarında işləyib. Sahə müfəttişi olub. İşini Azərbaycana dəyişmək üçün Daxili İşlər Nazirliyinə aramsız müraciətlər edib. Məktublarını nəzərə alan rəhbərlik onun münasib işlə təmin olunmasına kömək göstərib. O, Şuşa həbsxanasında nəzarətçi vəzifəsinə qəbul edilib. Amma bir neçə aydan sonra Muradovun məktublarının arası yenə də kəsilməyib. Bu dəfə də o, valideynlərinin yaşadığı indiki Goranboy rayonunda sosialist əmlakının talanmasına və alverə qarşı mübarizə şöbəsinə, o dövrün ifadəsi ilə desək, “OBXSS”-ə müfəttiş təyin olunmasını tələb edib. Lakin həm xidməti göstəricilərinə, həm də rayon milisində ştat olmadığına görə bu tələbi təmin etmək mümkün olmayıb. Bir neçə dəfə DİN-ə dəvət edilərək onunla söhbətlər aparılıb. İmkan yaranan kimi müraciətinin nəzərə alınacağı bildirilib. Müəyyən psixi-mənəvi problemlərinin olduğu sonradan üzə çıxan Muradovu bu dəlillərin heç biri qane etməyib. O, tələbinin yerinə yetirilmədiyini görəndə növbəti dəfə Bakıya gəlib, tabel silahı ilə DİN-nin binasına daxil olub və məlum qətl hadisəsini törədib.

 

 

 

Dost itkisi

 

 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan üç yüksək rübtəli zabitin qətlə yetirilməsi ölkə ictimaiyyəti üçün böyük itki idi. General-leytenant Arif Heydərov təcrübəli dövlət xadimi olmaqla yanaşı, həm də cəmiyyətdə yüksək nüfuza malik görkəmli ziyalılardan sayılırdı. Çətinliklərlə dolu böyük bir yol keçmişdi. Öz zəhməti ilə yüksək dövlət vəzifələrində irəliləmiş, peşəkarlığı, alicənablığı, mənəvi dəyərlərə bağlılığı ilə onu tanıyan bütün insanların dərin rəğbətini qazanmışdı. Qətlindən cəmi bir gün əvvəl ailəsi ilə birgə 52 yaşını qeyd etmişdilər. Səhər isə belə bir faciə...

 

Generalın ölümü həmin dövrdə Azərbaycana rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevi çox sarsıtmışdı. General hələ yaralı vəziyyətdə xəstəxanada olarkən Heydər Əliyevin xahişi ilə Bakıya dünya şöhrətli neyrocərrah, professor A.N.Konovalov gəlmişdi. Amma A.Heydərovu xilas etmək mümkün deyildi. Başından aldığı ağır güllə yarası heç bir ümid yeri qoymamışdı.

 

Arif Heydərovu Ulu Öndərlə uzun illərin sədaqətli dostluq münasibətləri bağlayırdı. Heydər Əliyev bu dostluğu yüksək qiymətləndirərək deyirdi: “Arif Heydərov mənim üçün sevimli bir insan idi... Arif Heydərov mənim iş yoldaşım, dostum olubdur, tutduğum yüksək vəzifələrdə mənim silahdaşım olubdur. Mən ona çox inanırdım, etibar edirdim, onun fəaliyyətini çox yüksək qiymətləndirirdim. Ona görə də mən Azərbaycanda rəhbər olarkən o, mənim əsas dayaqlarımdan biri idi. Deyə bilərəm ki, əvvəl dövlət təhlükəsizliyi orqanlarında olduğu kimi, Azərbaycanın Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi dövrdə - 8 il müddətində də çox fədakarcasına çalışdı, çox işlər gördü...”.

 

Ulu Öndər gənclik dostuna güvənirdi. Hər zaman ona böyük etimad göstərirdi. General Arif Heydərov da ona həvalə edilmiş işə münasibəti, respublikada qanunçuluğun, ictimai asayişin təmin edilməsi naminə göstərdiyi fədakarlıqla bu inamı doğruldurdu.

 

Ölkəyə rəhbərlik fəaliyyətinin ilk günlərindən Azərbaycanda qanunun aliliyinin, nizam-intizamın, haqq-ədalətin təmin olunmasını özünə əsas missiya kimi müəyyənləşdirmiş Heydər Əliyevin belə sadiq kadrlara çox ehtiyacı vardı. Təsadüfi deyil ki, Ümummilli Lider Azərbaycana rəhbər seçiləndən dərhal sonra Arif Heydərovu  ölkənin daxili işlər naziri vəzifəsinə dəvət etmişdi. O, bu vəzifəyə 1970-ci ildə Türkiyədən - diplomatik xidmətdən gəlmişdi. 8 il ərzində - ömrünün sonuncü gününə qədər üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməyə çalışmışdı.

 

“General Arif Heydərov” adlı xatirələr toplusunda oğlu Murad Heydərov maraqlı bir məqamı bölüşüb: “Atamızın dostluq etdiyi adamlardan biri də o vaxtlar Türkiyədə SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olmuş A.A.Smirnov idi. Sonradan Andrey Andreyeviç SSRİ Xarici İşlər nazirinin kadrlar üzrə müavini olarkən onu Cənub-Şərqi Asiya ölkələrindən birinə, səhv etmiriksə, Banqladeşə səfir təyin etmək istəmişdi. Əgər o, bu təklifə razılıq versəydi, SSRİ-nin tarixində ilk azərbaycanlı səfir olacaqdı. Bu həmin vaxt idi ki, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev də onu daxili işlər naziri vəzifəsinə təyin etmək istəyirdi. O isə iki təklif arasında qalmışdı... Lakin A.Heydərov lap onu Fransaya səfir təyin etsələr də, həmin dəvəti qəbul etməyəcək, Heydər Əliyevin təklifinə razılıq verəcəkdi. Çünki Heydər Əliyev həm respublikanın rəhbəri, həm də onun yaxın dostu idi”.

 

 

 

Alovlardan keçmiş ömür

 

 

 

1926-cı ilin 28 iyununda Ağdaş şəhərində dünyaya gəlmiş Arif Nəzər oğlu Heydərovun valideynləri əslən Qubadlı rayonunun Gürcülü kəndindən idilər. Atası Nəzər Heydərov 1913-1918-ci illərdə Balaxanıdakı neft mədənlərində işləmişdi. Sonra Qubadlı rayonunun inqilab komitəsinin, qəza partiya komitəsinin katibi və İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təlimatçısı, Ağdaş və Şuşa rayon İcraiyyə Komitəsinin sədri olmuşdu. 1931-ci ildə Moskva Sənaye Akademiyasını, eyni zamanda Neft İnstitutunu bitirdikdən sonra 1949-cu ilədək Azərbaycanın neft sənayesində müxtəlif rəhbər vəzifələrdə çalışmış, 1949-1954-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdu. “Zəngəzur dağlarında” adlı kitabın müəllifi idi.

 

Belə ziyalı bir insanın ailəsində doğulub böyüməsi, təbii ki, Arif Heydərovun dünyagörüşünə təsir etməyə bilməzdi. O, orta təhsilini başa vurandan sonra bir müddət Əzizbəyov neft trestində çilingər işləyir. 17 yaşında Moskvaya, Daxili İşlər Komissarlığının kəşfiyyatçılıq məktəbində oxumağa yollanır. 1944-cü ildə isə könüllü cəbhəyə gedir.

 

Moskvadan müharibəyə gedərkən ata-anası cəbhədəki övladlarından nigaran qalmasınlar deyə gənc Arif yaxın adamlarının yanında öz xətti və imzası ilə xeyli məktub qoyur ki, hər dəfə onlardan birini vaxtaşırı Bakıya göndərsinlər. Beləliklə, ailəsi onun cəbhədə olduğunu bilməsin. İki aydan sonra Moskvaya yolu düşən atası oğlunun 1-ci Ukrayna ordusunda vuruşduğunu öyrənir.

 

Bacarıqlı kəşfiyyatçı Moskva məktəbini keçdiyindən öz bilik və səriştəsi ilə çox fərqlənirdi. Müharibəyə Polşa ərazisində - Birinci Ukrayna Cəbhəsinin tərkibindəki əməliyyat qrupunun üzvü kimi qoşulmuşdu. Qələbəyədək burada döyüşüb. Reyxstaqda imzasını qoyub və 1945-ci il mayın 9-dan 1946-cı il sentyabrın 15-dək Almaniyadakı sovet hərbi kontingentinin Leypsiq dairə şöbəsində operativ əməliyyat qrupunun əməkdaşı olub.

 

O, marşal G.K.Jukovla görüşündən maraqlı əhvalatlar danışırdı... Marşal Berlinə hücum zamanı qoşun hissələrini gəzər, hətta ön cəbhəyə getməkdən də çəkinməzdi. Bu hissələrdən birində operativ vəziyyət haqqında kiçik leytenant Arif Heydərov ona məruzə etmişdi. O zaman gənc hərbçinin 18 yaşı var idi...

 

1947-ci ilə qədər Arif Heydərov Şərqi Almaniya Dövlət Təhlükəsizliyi Nazirliyi aparatının Saksoniya əyalətindəki əməliyyat bölməsində çalışır. Həmin il vətənə qayıdır. O vaxtdan başlayaraq 20 il Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində müxtəlif rəhbər vəzifələrdə işləyir.

 

 

 

Diplomat

 

 

 

Onun Ulu Öndərlə dostluq münasibətləri də elə həmin dövrdən başlamışdı. Onlar iş yoldaşı olmaqla yanaşı, həm də tələbə yoldaşı idilər. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində birgə oxuduqları illər onları daha da yaxınlaşdırmışdı. Aralarında möhkəm dostluq münasibətlərinin təməli qoyulmuşdu.

 

1968-ci ildə Nəzər müəllim rəhmətə gedəndə Arif Heydərov artıq Ankarada çalışırdı. Rəhbərlik ona Moskvadan keçməklə Bakıya gəlməyə cəmi bir həftəlik icazə vermişdi. Amma müsəlman adətlərinə görə, rəhmətə gedəni doğmaları dəfn günündən sonra cümə axşamları, üçü, yeddisi, qırxıncı günündə də yad edirlər. Onda yaxın dostunun bu övladlıq yükünü Heydər Əliyev öz üzərinə götürmüşdü...

 

Arif Heydərov 1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləmişdi. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə getmiş, uzun müddət Almaniyada, Türkiyədə daimi işdə çalışmışdı. 1967-1970-ci illərdə Türkiyədə konsul olmuşdu. Alman, ingilis, türk, fars dillərini mükəmməl bilirdi. Onun qüsursuz əməyi SSRİ-nin yüksək dövlət təltiflərindən sayılan “Qırmızı Bayraq”, “Şərəf nişanı” ordenləri və bir çox medallarla qiymətləndirilmişdi.

 

Arif Heydərov xarici ölkələrdə sovet diplomatiyasını təmsil edərək, SSRİ-nin xarici siyasəti üçün çalışsa da, Azərbaycanın onun üçün hər zaman xüsusi yeri vardı. Bunu, onun Türkiyədəki konsulluq illərinə aid maraqlı xatirələr də təsdiqləyir. Həyat yoldaşı Ədilə xanım Heydərova onun Ankarada konsul olarkən SSRİ-nin Türkiyədəki səfirliyi qarşısında Azərbaycan bayrağını necə asdığını yada salır: “O əsl vətənpərvər idi. Bu əhvalat Türkiyə səfirliyində 3 il konsulluq şöbəsinin rəisi işləyən zamanlarda olub. 28 apreldi, SSRİ-nin Türkiyədəki səfirliyi üzərində SSRİ bayrağı ilə yanaşı, o vaxtadək heç kimin görmədiyi bir bayraq da dalğalanır. Xarici İşlər Nazirliyindən, müxtəlif qurumlardan zənglər gəlir, o nə bayraqdır elə? Arif Heydərov cavab verir: - Bu gün mənim Azərbaycanımın respublika elan edildiyi gündür, o şərəfə qaldırılıb bu bayraq. Məsələ düz SSRİ xarici işlər naziri Smirnova qədər böyüyür... Türkiyədə bu olay yaddaşlarda qalmışdı. Növbəti il xeyli insan zəng edib səfirlikdə işləyən azərbaycanlıları təbrik edirdilər, bizi qonaq çağırırdılar”.

 

 

 

O, problemləri asanlıqla yoluna qoymağı bacarırdı

 

 

 

İkinci Dünya müharibəsindən əvvəl pisləşən SSRİ-Türkiyə münasibətlərinin 1960-cı illərin ortalarından etibarən yavaş-yavaş düzəlməyə başlamasında Arif Heydərovun o illərdəki diplomatik bacarıqlarının böyük rolu vardı. Türkiyədə də Azərbaycandan olan konsulu özlərinə doğma bilirdilər. O, bu ölkənin siyasi elitasında yüksək nüfuz qazana bilmişdi. Diplomatik qalmaqallara səbəb ola biləcək bir çox məsələləri öz şəxsi əlaqələri, nüfuzu sayəsində səssiz-küysüz, əlavə problemlər yaranmadan yoluna qoymağı bacarırdı. Belə məsələlərdən biri həmin dövrdə Türkiyənin Əlağa qəsəbəsində tərcüməçi işləyən, indi isə Rusiya Liberal Demokrat Partiyasının sədri kimi məşhur olan Vladimir Jirinovski ilə bağlı baş vermişdi. Belə ki, V.Jirinovski türk gəncləri arasında kommunist təbliğatı apardığına, çalışdığı müəssisənin işçilərinə üzərində V.İ.Leninin şəkli olan döş nişanları verdiyinə görə həbs edilir. Sovet tərcüməçisinin həbsi Türkiyə-SSRİ münasibətlərində problem yarada bilərdi. Həmin kritik məqamda Arif Heydərov işə qarışır, dövlət rəsmiləri ilə danışır, qısa zamanda  V.Jirinovskini həbsdən azad etdirərək Moskvaya yola salır.

 

A.Heydərov tale tərəfindən ona ayrılmış 52 illik ömrünün yarısını məhz  kəşfiyyat işinə həsr etmişdi. O, daim çarpışmalarda olmuş, təhlükələrlə üz-üzə gəlmiş, yuxusuz gecələr, həyəcanlı anlar, narahat günlər yaşamışdır. Ümumiyyətlə, bu fədakar insan ömrü boyu ləyaqətlə və qorxu-hürkü bilməyən döyüşçü kimi fərqlənmiş, həyatı, sözün həqiqi mənasında, mübarizələrdə olmuşdur.

 

Şərəfli kəşfiyyatçı, diplomat adını doğrultmaq, aldığı tapşırıqları yerinə yetirmək üçün bir-birindən məsul və mürəkkəb əməliyyatlar keçirmişdir. Aldığı bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir. Vaxtilə onunla çiyin-çiyinə çalışmış peşəkar kəşfiyyatçılar yazırlar ki, Arif Nəzər oğlu analitik zəkaya, hərtərəfli, dərin biliyə malik bir insan idi, hər cür mürəkkəb, dəyişkən siyasi və operativ şəraitdə düzgün istiqamət götürməyi, ən ağlabatan qərar qəbul etməyi bacarırdı və bunun sayəsində hər hansı kəşfiyyat işinin uğurla başa çatdırılmasına müvəffəq olurdu. Heydərovun xarakterində peşəkar kəşfiyyatçı üçün zəruri olan bütün keyfiyyətlər var idi.

 

İxtisasca tarixçi idi. Tarixi, o cümlədən öz xalqının tarixini gözəl bilirdi. Sovet dönəmində ermənilərin azərbaycanlılarla “dost” olduğu hər addımbaşı təlqin edilsə də, Arif Heydərov xalqının dostlarını da, düşmənlərini də yaxşı tanıyırdı.

 

Polis polkovniki F.Hüseynovun xatirələrində A.Heydərovun düşmənlərimizə nifrəti barədə maraqlı məqamlar açıqlanır.

 

...Ötən əsrin 70-ci illərində Ermənistanın İcevan rayonunda müşavirə keçirilirdi. Tədbirin ziyafət hissəsini İcevan rayon partiya komitəsinin sinəsində deputat nişanı gəzdirən birinci katibi idarə edirdi. Bu həmin vaxt idi ki, ermənilər Yerevan şəhərinin 1750 illik yubileyini təntənəli surətdə qeyd etməyə hazırlaşırdılar. Qısası, cavan katib sağlıq deyir və sözünün canı bu olur ki, Cənubi Qafqazda ən qədim şəhər Yerevandır, ən bacarıqlı və vətənpərvər insanlar isə ermənilərdir. Natiq dostluq şərəfinə badə qaldırmağı təklif edir. Bu zaman general Heydərov badəsini yerə qoyur və deyir ki, mən sizin dediyiniz sağlığı qəbul etmirəm. Çünki siz tarixi yaxşı bilmirsiniz. İş orasındadır ki, bu yaxınlarda biz Bakının 10 min illiyini qeyd edəcəyik.

 

Erməni katib tarixçi olduğunu söyləyir, Heydərov isə rişxəndlə gülərək deyir: “Biz də sizin kimi bir daşın üzərinə tarix yazıb Xəzər dənizinə tullamışıq, bu yaxınlarda çıxarıb yeni bir tarix icad edəcəyik”.

 

Ziyafətdə iştirak edən Ermənistan, eləcə də Gürcüstan nümayəndələri azərbaycanlı nazirə təsir edə bilmirlər və erməni katib ondan dönə-dönə üzr istəyir.

 

Bir sözlə, Arif Heydərov öz vətənpərvərliyi ilə hamıya nümunə idi.

 

 

 

Alicənab insan

 

 

 

A.Heydərov genişdüşüncəli, xoşxasiyyətli, ziyalı, alicənab insan idi. Düzlüyü, ədaləti özünün həyat məramı sayırdı. Adamlarla davranışında həssas və sadə idi. Buna görə də ətrafdakılar, ümumən ictimaiyyət onun xatirini dünyalar qədər  istəyirdi. Bəzən  çaşıb elə fikirləşmək olardı ki, belə yumşaq ürəkli, insanlara mehribanlıqla yanaşan birisi bu çətin sahələrdə necə işləyə və rəhbər ola bilər. Müasirləri söyləyirlər ki, o, çox dözümlü, səbirli, təmkinli və qətiyyətli idi. Ən başlıcası isə, qanuna gəldikdə, heç vəchlə ondan yan keçməzdi. Prinsipiallıq nümayiş etdirər, yeri gələndə sərt də olardı.

 

Həmin illərdə respublikada cinayətkarlığın qarşısının alınması sahəsində böyük işlər görülmüşdü. Cinayətkarlığa qarşı mübarizədə Azərbaycan Respublikası ovaxtkı ittifaqda, müttəfiq respublikalar arasında ən yüksək göstəricilərə malik idi. Buna görə SSRİ Nazirlər Soveti nazir A.Heydərova general-leytenant hərbi rütbəsini vermişdir. Həmin vaxt müttəfiq respublikaların nazirləri içərisində Arif Heydərovun şəxsi nüfuzunun nəticəsi olaraq onu Sov. İKP qurultayına nümayəndə seçmişdilər. Bu, Azərbaycanın tarixində görünməmiş hadisə idi. Bundan başqa o, Azərbaycan KP MK-nın üzvü, respublika Ali Sovetinin deputatı, Azərbaycan KP qurultaylarının nümayəndəsi olmuşdur. Və A.Heydərov bütün bu şan-şöhrətdən əsla qürurlanmırdı.

 

 

 

Sədaqət rəmzi

 

 

 

Qatil gülləsinə qurban getmiş Arif Heydərovu son mənzilə o vaxt Dzerjinski klubu adlanan indiki Şəhriyar sarayından yola saldılar. Adamlar xatırlayırdı ki, dəfn mərasimində belə insan axınını sonuncu dəfə dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin dəfnində görüblər. İnsanlar ona son borclarını verməyə gəlirdilər. Fəxri xiyabandakı vida mitinqində Heydər Əliyev çıxış etdi. Dostunun, silahdaşının faciəli ölümünün ağrı-acısı, iztirabları Ümummilli Liderin mərasimdəki nitqindən də duyulurdu. “Bizim kədərimizin həddi yoxdur...”, deyirdi Ulu Öndər. O, Arif Heydərovun simasında əziz dostunu, məslək yoldaşını itirmişdi.

 

Bu il görkəmli dövlət xadimi, general-leytenant Arif Heydərovun anadan olmasından 95 il ötür. Dünyasını dəyişməsindən, daha doğrusu, faciəli ölümündən isə 43 il keçir. Az müddət deyil... Bununla belə, onu tanıyanlar, xatirəsini yad edənlər, silahdaşları, xeyirxahları arasında Arif Heydərov haqqında ancaq xoş söhbətlər dolaşmaqdadır. Onun müsbət xüsusiyyətlərini, peşə məharətini, yüksək vəzifələrdə özünü doğrultmaq səriştəsini, xalqın məhəbbətini qazana bilmək qabiliyyətini dildən-dilə, nəsildən-nəslə ötürən xatirələr hər bir kəsin qəlbində hələ də yaşamaqdadır. Bu da səbəbsiz deyil. Çünki general Arif Nəzər oğlu həyat yollarında atdığı hər addımda ancaq xalqına sədaqətli xidmət nümunəsi göstərmişdir.

 

Arif Heydərovun ölümündən sonra da Ulu Öndər Heydər Əliyev bu dostluğa sadiq qaldı. Onun ailəsinə, övladlarına qayğısını, nəzər-diqqətini əsirgəmədi.

 

Bakıdakı mərkəzi küçələrdən biri, Daxili İşlər Nazirliyinin məktəbi, Nazirliyin hospitalı bu gün Arif Heydərovun adını daşıyır. Xəzər dənizində mərhum generalın adına tanker üzür. Yeri gəlmişkən, Arif Heydərov küçəsi Heydər Əliyev prospekti ilə paralel gedir. Onlar cismani yoxluqları dövründə də yanaşıdırlar. Dostluğun, silahdaşlığın, Azərbaycana, Vətənin dəyərlərinə, əqidəyə sadiqliyin rəmzi kimi...

 

 

 

İradə ƏLİYEVA

Azərbaycan.-2020.- 26 iyun.- S.10.