Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov beynəlxalq tədbirdə çıxış edib
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov beynəlxalq tədbirdə çıxış edib
2021-ci il 22 iyun tarixində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Daren Tanqın bir sıra dövlətlərin əqli mülkiyyət (ƏM) qurumlarının rəhbərləri ilə video görüşü keçirilib.
Tədbirdə çıxış edən D.Tanq milli əqli mülkiyyət idarəsinin sabiq rəhbəri kimi müraciət edərək görüş itirakçılarının qarşılaşdığı problemlərdən məlumatlı olduğunu bildirib. Sonra o, 2022-2026-cı illər üçün hazırlanmış Orta Müddətli Strateji Plan və Üzv-dövlətlərin təklifləri və məsləhətləşmələri nəticəsində hazırlanan 2022-2023-cü illər üçün Proqram və Büdcə haqqında ətraflı məruzə edib.
Baş direktor bütün dünyada istifadəçilərin maraqları naminə ƏM sahəsində ,xüsusilə də ƏM hüquqlarının idarəedilməsi və texnologiyaların ötürülməsi sahələrində yüksək keyfiyyətli xidmətlərin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Bu xidmətlər fərdi və institusional imkanların yaradılması, o cümlədən milli, regional və beynəlxalq səviyyələrdə elmi-tədqiqat müəssisələri arasında şəbəkə əlaqələrinin qurulması vasitəsilə daha da təkmilləşəcəkdir.
Tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov da nitq söyləyib.
ÜƏMT-nın Baş direktoru tərəfindən təqdim olunan möhtəşəm inkişaf proqramının ilham verdiyini qeyd edən K.İmanov Azərbaycanın ÜƏMT ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və ÜƏMT ilə Azərbaycan arasındakı Anlaşma Memorandumunun, o cümlədən 2018-2021-ci illər üçün Fəaliyyət Planının Azərbaycanda əqli mülkiyyət sisteminin inkişafına danılmaz töhfə verdiyini bildirib. O, ölkə başçısının rəhbərliyi altında əldə olunmuş iqtisadi nailiyyətlər, o cümlədən ƏM sahəsində vahid dövlət qurumunun yaradıldığını nəzərə çatdırıb və ÜƏMT-nin məqsəd və mandatının həyata keçirilməsində D.Tanqın göstərdiyi səylərə Azərbaycanın dəstəyini ifadə edərək qarşıdakı illər üçün yeni Fəaliyyət Planı hazırlanmasında maraqlı olduğunu vurğulayıb.
Agentliyin rəhbəri müasir texnologiyaların mövcud ƏM landşaftına təsir etdiyini vəgetdikcə daha çox təsir edəcəyini qeyd edərək 2020-ci il 21 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti və Dünya İqtisadi Forumunun prezidenti arasında imzalanmış niyyət protokolu və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il yanvar tarixli Fərmanı əsasında “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin yaradıldığını və cari ilin 1 aprel tarixindən fəaliyyətə başladığını diqqətə çatdırıb. K.İmanov bildirib ki, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Mərkəzin fəaliyyətində iştirak edir - İdarə Heyətinin sədr müavini Mərkəzin Müşahidə Şurasının üzvüdür və bizim vəzifəmiz IV sənaye inqilabının nailiyyətlərinin həyata keçirilməsi strategiyasında iştirak etmək, daxili texnologiyaların inkişafına təkan vermək və ixtiraçılıq fəallığını artırmaq, o cümlədən texnologiyaların kommersiyalaşdırılması və transferi mexanizmlərini formalaşdırmaqdır. Xüsusi qeyd edək ki, Agentliyin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılmışdır.”
O, kreativ sektorun əhəmiyyətini vurğulayaraq, son iki ildə kiçik və orta sahibkarlıq üçün bir sıra dəyirmi masalar və forumlar keçirildiyini, broşuralar buraxıldığını, işğaldan azad edilmiş ərazilərimizdə “ağıllı şəhər”, “ağıllı kənd” (smart-city, smart-village) konsepsiyaları tətbiq edildiyini, 10 il ərzində kreativ sektorun iqtisadiyyata verdiyi töhfənin 3% artdığını və ÜƏMT metodologiyasına görə, ÜDM-un 5,1% -ni təşkil etdiyini qeyd edib.
Agentliyin rəhbəri ƏM-in müasir inkişafındakı tendensiyalardan qaynaqlanan problemlərə toxunaraq Azərbaycanın ÜƏMT-nin süni intellekt sahəsində işini dəstəklədiyini bildirib və mütəxəssislərin "ƏM hüquqlarının klassik kateqoriyalarından kənara çıxan məlumatlar siniflərinə münasibətdə mülkiyyət hüquqlarının yenidən müəyyən edilməsinin qaçılmaz göründüyü" fikri ilə razılaşdığını ifadə edib.
K.İmanov iqtisadiyyatla ƏM hüquqlarının qorunması arasında korrelyasiya məsələsinə toxunaraq Agentlik tərəfindən bu sahədə aparılmış araşdırmanı diqqətə çatdırıb, eyni zamanda müəllif hüququ ilə sənaye mülkiyyəti arasında kəsişən məqamları qeyd edərək bu məsələnin ÜƏMT çərçivəsində müzakirə edilməsini təklif edib.
ÜƏMT-nın Baş direktoru D.Tanq Azərbaycan nümayəndəsinin çıxışını yüksək dəyərləndirib və K.İmanovdan ölkəmizin sahə üzrə qabaqcıl təcrübəsi və aparılmış araşdırmaların nəticələri ilə bölüşməyixahiş edib.
Video görüşdə Avrasiya regionunun 28 ölkəsinin əqli mülkiyyət üzrə orqanlarının səlahiyyətli nümayəndələri iştirak ediblər. Tədbirdə Türkiyə, Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Qırğız Respublikası, Finlandiya və İordaniyanın əqli mülkiyyət qurumlarının rəhbərləri də çıxış ediblər.
Çıxışlarda ÜƏMT-nın əqli mülkiyyət ekosistemlərinin inkişafı, ƏM-in iqtisadi aspektləri və kommersiyalaşdırılması sahəsində gənclər, xüsusilə də kiçik və orta bizneslə bağlı fəaliyyəti dəstəklənib.
Qeyd edək ki, bu tədbir müxtəlif saat qurşaqları üzrə təşkil edilən belə xarakterli ikinci görüşdür. İlk görüş Uzaq Şərq və Sakit Ökean ölkələri üçün keçirilib. Növbəti tədbir Latın Amerikası dövlətlərinin nümayəndələri üçün təşkil ediləcəkdir.
Azərbaycan.-2020.- 26 iyun.- S.10.