Vətənin şair ruhlu həkim-şəhidi
Azərbaycan hərb tarixində şəhid olan ən yüksəkrütbəli tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevin fəxarətli ömür gündəliyi
Taleyimlə döyüşmüşəm sübhədək
Bu gecə yuxuda gördüm dərdimi,
Sinəmə çəkdiyi dağı göstərdim,
Ağlatdım dərdimi, yordum dərdimi!..
Alnında puçurlanan təri silib gecənin simsiyah zülmətinə boylandı...
Yadında deyildi, səhərdən bəri neçənci ağır əməliyyatdan çıxırdı... Gün ərzində nə dayanmışdı, nə dincəlmişdi, amma qəribə idi ki, heç bir yorğunluq hiss etmirdi. Sadəcə, səbəbini bilmədiyi bir ağırlıq, qüssə ürəyini məngənəyə alıb sıxırdı...
Şaxtaya baxmayaraq, pəncərəni taybatay açıb soyuq havanı sinəsinə çəkdi. Qəfildən burnuna yenicə qazılmış torpaq qoxusu gəldi... Həyatda ən xoşladığı rayihəydi bu, sanki, körpə ətriydi...
Qeyri-ixtiyari əlini uzadıb neçə gündür açmağa macal tapmadığı gündəliyini götürdü və elə sürahiyəcə dirsəklənib yazmağa başladı...
...Küləyin lap uzaqlardan gətirdiyi bu doğma torpaq qoxusu onu, sanki, illərin o üzünə apardı. Budur, yenə Kəlbəcərdə, anadan olduğu Milli kəndindədir. Uşaqlara qoşulub dağlara gedir, sıldırım qayalara dırmaşır, qartalların yuvalarına tamaşa edir.
Yenə quzuları qatıb qabağıma gül-çiçəkli çəmənlərə otarmağa aparır, dədəsinin (atasını belə çağırırdı) danlayacağını bilsə də, sərçə ovlamaq istəyir, amma heç zaman buna nail ola bilmir...
Qulağına
anasının səsi gəlir... “Rasim, ay bala, hardasan, gəl
də...”
Tez şirin oyundan ayrılıb evə qaçır. Həyət-bacada,
ev-eşikdə daim hansısa bir işlə məşğul
olan, qardaş-bacılarına qayğı göstərən,
heç zaman yorulduğunu, yatdığını görmədiyi
anasını bihal, xəstə vəziyyətdə yataqda
olduğuna baxıb birdən-birə uşaq aləmindən ayrılıb
böyüyür... Özünə möhkəm söz verir,
“böyüyüb mütləq həkim olacam, anamı
sağaldacam, onu heç zaman ağrımağa qoymayacam...”
***
Yavaş-yavaş
sübh açılır, gündəlikdəki sətirlərin
üzərində üfüqdən boy göstərən
solğun qış günəşinin şəfəqləri
rəqs edərək həkimi həzin və nisgilli xatirələr
cığırından sürətlə
uzaqlaşdırır...
Qarşıda
onu daha amansız bir ayrılığın gözlədiyini
bilmədən xatirələrinin sonuna üç nöqtə
qoyaraq, gündəliyini bükür və səliqə ilə
yerinə qoyur...
Növbəti
və həyati əhəmiyyətli səfərə hazırlaşırdı
Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti
polkovnik-leytenantı Rasim Abdullayev...
Şuşadan zəng gəlmişdi. Ağır yaralılar var
idi və vaxt itirmədən özünü ora
çatdırmağa tələsirdi... “İgidlər məni
gözləyir” deyirdi...
Yol bitmək bilmir, uzandıqca uzanırdı. Həkim isə
tələsir, dəqiqələrlə döyüşür,
quş olub uçmaq, özünü yaralı hərbçilərin
imdadına yetirmək istəyirdi. İndi hər anın
necə qiymətli, necə əvəzsiz olduğunu ondan
başqa kim bilə-bilərdi ki...
O qədər
olmuşdu ki, zamana qalib gəlib yaralı hərbçiləri
ölümün əlindən almış, neçə-neçə
tükənən ümidlərə can vermişdi...
İndi də arxa cəbhədə dayanıb gözləməmiş,
özü birbaşa yollanmışdı Şuşaya. Çünki qanları,
canları ilə Şuşanı azadlığa qovuşduran
igidlərin həyatı təhlükədə idi, vaxt itirmək
olmazdı...
***
Dağlar,
dərələr, meşələr ötüşərək
bir-birini sürətlə əvəz edirdi...
Vətən
torpağının hər qarışına heyranlıqla
tamaşa edən həkimin beynində xatirələr xatirələrə
calanır, yenə də onu Kəlbəcərə, Milliyə
uşaqlığının, gəncliyinin ən gözəl
illərinə aparırdı... Beynində öz-özünə
danışır, gah gülümsəyir, gah da gözlərinin
önündən qəm karvanları keçirdi...
...Atası
Yaqub kişi Kəlbəcərdə məşhur
seyidlər nəslindəniydi. Zəhmli,
hökmlü, tündxasiyyət biri idi. Uşaqlarına
qarşı da çox sərt idi, heç vaxt sevgisini
açıq büruzə verməzdi. Yadından
çıxmaz, bir dəfə izin verməməsinə
baxmayaraq, sərçə ovlamaq istəmişdi və dədəsinin
bunu bilsə, ona bərk hirslənəcəyindən qorxurdu.
Həm də məktəblər bağlanıb
yay tətili başlayanda gözdən yayınıb
tapşırılan işləri buraxaraq qaçıb kəndin
yaxınlığında traktorun necə yer
qazdığına tamaşa edir, yaş torpaqdan qalxan ətri
acgözlüklə ciyərlərinə çəkərdi.
Hətta bu anlarda səbəbini bilməsə də,
düşüncəsini çuğlayan qəribə bir hiss
yaşayardı. Bu mənzərə Rasimi
o qədər özünə çəkirdi ki,
anasının yemək üçün qoyduğu azuqəni də
tamamilə yaddan çıxarırdı. Və buna
görə də gündən-günə zəifləmiş,
sonda xəstələnmişdi... Taqəti yox idi,
qızdırması qalxmışdı... Amma elə ilk dəfə
onda dədəsinin ona baxaraq necə gülümsədiyini, nəvazişlə
danışdığını görmüş,
özünü dünyanın xoşbəxti hiss etmişdi...
Eh
uşaqlıq...
Bir
parça bayatı, bir parça layla,
Ver Tər-tər
gətirsin arana dağlar..!
Bir az da göz yaşı göndər
ağlayım,
Səni
and vermişəm Qurana dağlar..!
***
Tibbi
yardım maşını kələ-kötür yollarla
ildırım kimi irəliləyirdi... Amma zaman tunelində həkimin
fikir qatarı daha sürətlə
şütüyürdü...
1993-cü
il idi. Rasim onda Azərbaycan
Tibb Universitetinin tələbəsi idi. O, gecə-gündüz
kitabları əlindən yerə qoymamış, anası
Nübar xalanın arzusunu yerinə yetirərək həkimlik
ixtisasına qəbul olmuşdu. Amma zalım tale
tələbəlik illərini zindana çevirmişdi.
Onu Kəlbəcərə, Milliyə həsrət qoymuşdu.
Həmin məşum ilin aprelində Kəlbəcər eli yurdundan didərgin düşəndə
Rasim də ailəsindən xəbər almaq üçün
Murova qədər soraqlaşa-soraqlaşa getmiş, amma ona
demişdilər ki, ailə üzvlərin, ata-anan əsir
düşüb. Bu qara xəbəri eşidəndə gəncin
ürəyinə sanki ox batmışdı... Taqətdən
düşmüş, qol-qanadı sınmışdı.
Düz bir aydan sonra, Samuxda yanmış bir kitabxananın
binasında məskunlaşan ailəsindən aldığı
teleqram sayəsində onların sağ-salamat olmasından xəbər
tutmuşdu...
Çox məşəqqətli illər idi. Həm mənəvi,
həm maddi baxımdan ailə çox çətinlik çəkirdi.
Rasimin də vəziyyəti olduqca ağır
idi. Kirayədə qalmaq, yemək-içmək,
yol üçün pul yoxuydu. Demək olar
ki, Rasimin oxuması üçün bütün ailə
üzvləri səfərbər olmuş, öz
boğazlarından kəsib onun təhsil alıb həkim
olması üçün
çalışmışdılar. Yaqub əmi
də öz təqaüdünü bütünlüklə
Rasimin oxuması üçün ayırmışdı.
Rasim hələ Kəlbəcərdəykən
oxumağa olan istəyi ilə seçilirdi. 1982-ci ildə
Milli kənd tam orta məktəbinin birinci sinfinə qəbul
olmuş, 1990-cı ilə qədər orada təhsil
almış, daha sonra Kəlbəcər şəhər 1
saylı tam orta məktəbdə təhsilini davam etdirmişdi.
Müharibənin ən qızğın
vaxtları olan 1992-ci ildə məktəbi əla qiymətlərlə
bitirərək Azərbaycan Tibb Universitetinə qəbul
olmuşdu. 1998-ci ildə ATU-nu müvəffəqiyyətlə
bitirərək 2000-ci ilə qədər Sumqayıt şəhər
1 nömrəli xəstəxanasında interna keçmişdi.
Sonra könüllü olaraq Azərbaycan
Silahlı Qüvvələrinin tibb xidmətində hərbi
tibb qulluqçusu olaraq vəzifəsinə
başlamışdı.
***
Yadından
çıxmaz, bir dəfə qardaşı Əvəz iş
yerinə, yanına gəlmişdi. Birdən
otağın qapısı açılmış və
içəri bir oğlan daxil olmuşdu. Rasim
həkim dərhal soruşmuşdu ki, “oğul, Alxaslıdan
kimin oğlusan?” Oğlanın cavabından bəlli
olmuşdu ki, o,
Alxaslıdan, Rasim həkimin dediyi həmin adamın
oğludur. Qardaşının təəccübünü
gördükdə isə həkim gülərək
demişdi: “Mən kəlbəcərlilərin
hamısını anatomik quruluşundan tanıyıram ki, kim
hansı kənddəndir, kimin övladıdır...”
Hansı
məclisə gedirdilərsə, Əvəz görürdü
ki, tanımadıqları adamlar gəlib Rasimin boynunu
qucaqlayırlar ki, ay həkim, sən məni filan vaxtı
müalicə etmisən, sağaltmısan...
Tələbə, iş yoldaşları, qohumları Rasimi gülərüz,
zarafatcıl bir insan kimi tanıyırdılar, amma bircə
Rasimin özünə əyan idi içindəki təlatümləri.
Heç zaman ürəkdən sevinə bilmirdi,
könlü ağır dərd yükü çəkirdi.
Vətəninə həsrət qalması, valideynlərinin
itkisi, bir də... səbəbini bilmədiyi,
anlamadığı bir qəm ona əzab verirdi...
Bəlkə
də elə buna görə idi ki, qələmə
aldığı yüzlərlə şeirin hamısında ələm
hökmranlıq edirdi...
Qəmə
mahnı qoşub nəğməkar oldum
Mən
belə doğulub, belə yaşadım…
Təkcə ayrılıqdan gözlərim doldu,
Qalan vaxtı, ölə-ölə yaşadım!..
***
Düz 20 il idi ki, Rasim Abdullayev taleyini hərbi həkimlik peşəsinə bağlamışdı. İlk hərbi xidməti 2000-ci ildə Əhmədbəyli hospitalında olmuşdu. 2005-ci ildə bu hospitalda xidmət etdikdən sonra 2005-2015-ci illərdə Mərkəzi Hərbi Poliklinikada Terapiya şöbəsində müxtəlif vəzifələri, o cümlədən şöbə rəisi vəzifəsini yerinə yetirmişdi. 2010-cu ildə “Qüsursuz xidmətə görə 3-cü dərəcəli” medalı, 2015-ci ildə isə “Qüsursuz xidmətə görə 2-ci dərəcəli” medalı ilə təltif edilmişdi.
2016-cı ildə, tarixə şanlı Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Rasim Abdullayev hərbi tibb qulluqçusu və Gəncə Hərbi Poliklinikasının rəisi idi. O, döyüşün qızğın nöqtələrində qalan yaralı zabitlərə yerindəcə tibbi yardım göstərmiş, neçə-neçə vətən oğlunu həyata qaytarmışdı.
Bu xidmətlərdən sonra 2016-cı ilin sonları, 2017-ci ilin əvvəlləri onun iş yeri dəyişdirilmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsinə təyin olunmuşdu.
2020-ci ilin əvvəllərinə qədər bu vəzifəni yerinə yetirən Rasim həkim son vəzifəsinə - Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində tibb bölüyünün komandiri təyin olunmuşdu.
44 günlük Vətən müharibəsi dövründə tabeliyində olan həkim briqadası ilə birlikdə gecə-gündüz, yatmaq, dincəlmək bilmədən hər bir yaralı əsgərin həyatı uğrunda çarpışıb vuruşmuş, sözün əsl mənasında onları ölümün pəncəsindən dartıb çıxarmışdı.
Həkim Hadrut istiqamətində gedən döyüşlərin ən qızğın nöqtələrində qalmış yaralılara yerindəcə tibbi yardım göstərirdi. Vətən müharibəsinin son gününə qədər 100-dən çox yaralıya döyüş meydanında tibbi yardım göstərən Rasim Abdullayev qarşı tərəfin işğalından yeni-yeni azad olunan təhlükəli ərazilərə gedir, oradakı yaralılara tibbi yardım göstərir, onları təxliyyə edirdi.
***
Onu anidən gələn telefon zəngi fikirlərindən ayırır. Qardaşıdır zəng vuran. Şuşanın azadlığının, Kəlbəcərin, Laçın və Ağdamın bir güllə belə atılmadan, bir əsgər belə itirmədən, bir yaralı belə olmadan alınacağının yaratdığı şən əhvali-ruhiyyə ilə danışırlar. Rasim qardaşına gözaydınlığı verir, gülərək “tezliklə Kəlbəcərdə görüşərik” deyir...
Söz vermişdi, gedib o torpaqlarda qurban kəsəcəkdi, ata-anasının məzarını Vətənə aparacaqdı...
Sonuncu dəfə sentyabrın 26-da ailəsi ilə, həyat yoldaşı Səadətlə, oğlanları Miryaqubla, İslamla, qardaşı Əvəzlə, bacıları Yeganə, Aybəniz, Əntiqə ilə görüşüb “Vətən məni çağırır”, deyərək cəbhəyə yola düşmüşdü...
Onlarla tez-tez telefonla danışır, torpaqlarımız qarış-qarış düşmən tapdağından azad olunduqca, sevincini ailəsi ilə bölüşürdü...
Hər biri bir cəngavər oğullarımızın hünərindən, yaralı aslanlarımızdan danışır, qurtara bildiyi canlar üçün özünü dünyanın ən xoşbəxti sayırdı. Bəzən isə bir həkimin ölüm qarşısında aciz qaldığı, çarəsi tükəndiyi anların göz yaşlarına boğulur, çox əzab çəkirdi...
Noyabrın
10-u, 2020-ci il idi...
İndi də Rasim Abdullayev Şuşa istiqamətində qalmış yaralıların çıxarılması ilə bağlı komandanlıq tərəfindən verilən tapşırığı yerinə yetirmək üçün təhlükəli olduğunu bilsə belə, öz istəyi ilə hərbi tibb maşını ilə Hadrut-Şuşa yoluna çıxmışdı. Elə yolda da yaralı bir zabitə ilkin tibbi yardım göstərmiş, onun sınıq ayağını sarımışdı, amma bilmirdi ki, bu an o, sonuncu dəfə müqəddəs həkimlik missiyasını yerinə yetirir...
Və təxminən 20 dəqiqə sonra... Çanaqçı kəndində həkim özü də təhlükə ilə burun-buruna gəlir, mənfur düşmənin pusqusuna düşür...
Qəfildən güllə səsləri eşidilir, günün-günorta çağı Günəş batır, dünya qaranlığa bürünür, xatirələri yarıda qırılır...
Haradansa burnuna təzəcə qazılmış torpağın rayihəsi gəlir, körpə ətri duyur, anası onu haraylayır... “Rasim, ay bala, hardasan, gəl...”
Başına gül taxdım, külək qopardı,
Ay ana, gələcəm,
ömür qurtardı...
Eşidəssiz öz yanına apardı,
Gözünü Rasimə dikib bu məzar!..
***
Beləcə, Vətənin daha bir mərd oğlu, cəsur həkimi 1975-ci il fevralın 21-də Kəlbəcərin Milli kəndində anadan olan Rasim Abdullayev 45 yaşında həyatda hər kəsdən, hər nəsnədən çox sevdiyi ana torpağın qoynunda əbədiyyətə qovuşur, şəhidlik məqamına ucalır...
Azərbaycanın hərb tarixində və həmçinin Vətən müharibəsi tarixində şəhid olan ən yüksək rütbəli tibb xidməti qulluqçusu Rasim Abdullayevin 44 günlük qəhrəmanlıq salnaməmizdə böyük payı olur. O da müsəlləh əsgərə çevrilib ön səngərdə döyüşür. Əlinə silah almadan, Qarabağ uğrunda döyüşərək sinəsini gülləyə sipər edən igid oğullarımızı yaşatmaq üçün savaşır. Yüzlərlə yaralıya can verir, elə müqəddəs peşəsini icra etmək üçün çıxdığı növbəti səfərdə də Vətən uğrunda canını fəda edir...
Şəhadəti ilə Kəlbəcər elini, bütün Azərbaycan xalqını yasa boğan, ürəyimizə çalın-çarpaz dağ çəkən əmimiz oğlu Rasim Abdullayev Bakıda, II Şəhidlər xiyabanında uyuyur. Qəhrəman həkim şəhidliyindən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Şuşanın, Cəbrayılın və Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əminik ki, bu gün Kəlbəcərin yetişdirdiyi boylu-buxunlu, yaraşıqlı, güləriz, vətənpərvər, şair, həkim oğlunun da ruhu şaddır, qürurludur. Çünki canını qurban verdiyi Vətəni azaddır...
İndi onun 45 illik yarıda qırılan ömrünün yarımçıq gündəliyinin davamını Kəlbəcərdə, Millidə iki igid oğlu, Miryaqubla, İslam yazacaq...
Atalarının gözləri ilə baxacaqlar heç zaman görmədikləri Vətənə, onun sözləri ilə aşina olacaqlar doğma yurda, sevgisi ilə vurulacaqlar, ana torpağa, onun ətrinə...
Bu da yol
ayrıcı, bu da son Vida…
İndi
günəş soyuyacaq, tələsmə!
Ayrılıq
gələcək əlində qılınc,
Bizi qana
boyuyacaq, tələsmə..!
Bir yer
boş qalacaq, burada bizsiz,
Arzular,
ümidlər, itəcək izsiz,
Eşqimiz
susacaq, səssiz, səmirsiz,
Körpə
kimi uyuyacaq, tələsmə..!
Rasim,
gözlərinə görünməyəcək,
Bu həsrət
heç kimlə bölünməyəcək,
Xatirəm
beynindən silinməyəcək,
Bir
gün səni qınayacaq, tələsmə..!
Yasəmən
QƏNAƏTQIZI
Azərbaycan.-2020.- 26 iyun.- S.12.