Əmanəti qorumaq
şərəfdir
Döyüş yolu da ömrü kimi qısa olan bir qəhrəmanımızdan söz açmaq üçün onun dünyaya gəldiyi ilk gündən həyat yolunu nəzərdən keçirək. Çünki ömrü də döyüş yoluna bənzəyir.
Əslən Qubadlıdan olan Alıyev Elçin Bayram oğlu 16 iyul 1976-cı il tarixində Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. 1982-1992-ci illərdə Qubadlı şəhər 1 nömrəli orta məktəbində oxuyub. Orta məktəbi əla qiymətlərlə bitirib, həmin il BDU-nun Hüquq fakültəsinə daxil olub. Uşaqlıqdan hərb peşəsinə olan maraq təhsil yolunu dəyişib: bir ildən sonra istək və arzusu ilə Ali Hərbi Məktəbə dəyişilib - Tank Artilleriya fakültəsinə.
1997-ci ildə taktiki yerüstü artilleriya komandiri və artilleriya silahlarının istismarı üzrə mühəndis ixtisasları fakültəsini bitirib. Müxtəlif illərdə “N” saylı hərbi hissədə artilleriya batereyasının komandiri, briqadanın kəşfiyyat rəisi, artilleriya rəisinin köməkçisi, baş köməkçisi, 2014-cü ilin sentyabrından 2015-ci ilin yanvar ayınadək Heydər Əliyev adına Ali Hərbi Məktəbdə müəllim vəzifələrində çalışıb. 2015-ci ilin yanvar ayından 2017-ci ilin aprelinədək yenidən “N” saylı hərbi hissədə artilleriya bölmə rəisinin köməkçisi vəzifəsində xidmət göstərib.
2016-cı ilin Aprel döyüşlərində Lələtəpənin azad edilməsində öndə gedən igidlərimizdən biri kimi də tanınan, 2017-ci ilin aprel ayından öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan Elçin Alıyev 2020-ci il oktyabr ayının 1-dən könüllü olaraq “N” saylı hərbi hissədən döyüşlərə yollanıb. Döyüş yolu Ağcabədidəki təlim-məşq meydanında yeni əsgərlərə təlim keçməklə başlayıb. Sonra isə onlarla birlikdə Füzulidə gedən döyüşlərə qatılıb.
Hadrutda, Xocavənddə, Şuşada gedən döyüşlərdə fəal iştirak edən mayor Elçin Alıyev ayağından yaralansa da, bir addım belə geri çəkilməyib, arxa cəbhəyə dönməyib. 2020-ci il noyabrın 8-də belindən yaralanıb, ayaqları işləməyib. Yaralı halda bir gün qalıb. Ölumcül yara olmayıb. Sonrakı gün, yəni ayın 9-da böyük bir partlayış olub. Elçin olan yerə mərmi duşüb, o, şəhid olub. Məhz o gün - Şuşanın fəth edildiyi gün mayor Elçin Alıyev şəhidlik zirvəsinə ucalıb.
Arzusuna çatdı: həm namaz, həm də torpaq üstə şəhid oldu
Azərbaycan Prezdentinin sərəncamına uyğun olaraq (ölümündən sonra) “Vətən Uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Qubadlı uğrunda” medalları ilə təltif olunan şəhid komandir Bakı şəhərindəki 2-ci Fəxri xiyabanda dəfn edilib...
Ömür-gün yoldaşı Ramiyə xanım deyir ki, Elçinlə 7 il idi ki, ailə həyatı qurmuşdu: “...Bir övladımız oldu. Çox xoşbəxt idik. Düzü, onu itirməkdən qorxurdum həmişə. Heç kəsi qırmazdı, özü qırılardı. Kimsəni üzməmək üçün, incikliyini gizlədər, üzə gülüb keçib-gedərdi. Oğlu Rəhim ötən il oktyabrın 1-də məktəbə getdi. Həmişə deyərdi ki, Rəhimi 18 yaşa catdırım, sonra rahat ölərəm...”
Sonuncu dəfə döyüşə gedəndə həyat yoldaşının qulağına pıçıldadığı kəlmələr belə olub: “...Rəhimə mənsizliyini hiss etdirmə, həyatdı, bilmək olmaz... Rəhimi sənə, səni də Allaha əmanət edirəm. Allahdan başqa güvənli yer yoxdur... Sən dözümlü, güclü qadınsan. Yenə də güclü ol! Dualarını əsirgəmə...”
Ramiyə xanım dodaqları səyriyə-səyriyə fikrini davam etdirir: “... O, gedəndə donub qalmışdım. Heç nə deyə bilmədim. Görüşə də bilmədim. Çünki inanmadım. Amma yol gedə-gedə çox danışdıq. Beyləqana çatanda dedi ki, bu da son! Formanı geyib əyninə şəkil çəkdirib göndərdi: “Bax, indi inan. Döyüş paltarım əynimdədi artıq”. Onda hönkürüb ağladım. Bircə onu dedim: “ehtiyatlı ol, bizi zəngsiz, xəbərsiz, sənsiz qoyma...”
Axırıncı zəngi ötən il noyabrın 2-də oldu. O qədər danışdı ki, biznən. Uşağına söz verdi: “...Az qalıb, gələcəm, səni aparıb gəzdirəcəm...” Amma dediyi sözə əməl edə bilmədi.
Bir gündə iki şəhid xəbəri alanlar...
Elçinə 9 gün zəng catmayıb. Bu da onların 7 illik ailə həyatının son döngəsi. Ömür-gün yoldaşı Elçinin müqəddəs ruhuna sədaqətlə and içib ki, onun yadigarı Rəhimi istədiyi, atasının arzuladığı kimi - özünə layiq övlad kimi böyüdəcək: “...Mən xoşbəxtliyimi, arzularımı orda - onunla bir məzara basdırdım. Onun mənə qoyub getdiyi yeganə miras, var-dövlət, əmanət Rəhimimiz, bir də ki, Qarabağın azadlığı, Şuşanın özümüzə qaytarılması, Zəfərimizdir! Bu əmanətləri göz bəbəyi kimi qorumaq da bizim şərəfli və müqəddəs borcumuzdur...”
Həyat yoldaşı şəhid mayor Elçin Alıyevin yazılmamış və oxunmamış ömür kitabını vərəqləyir, xatırladıqca kino lenti kimi beynindən keçirdiklərini göz yaşları içində danışır...
Oğuz rayonunda dünyaya göz açdığını deyən Ramiyə xanım xatırladır ki, üç ildir kirayədə yaşayırlar. Ata-anasını erkən itirib. Elçin də onu ikinci dəfə yetim qoyub. O, yalnız ömür-gün yoldaşını itirməyib. Hələ Ermənistanın 1988-ci ildən başlayan təcavüzkar və işğalçılıq siyasətinə qarşı torpaqlarımızın müdafiəsinə qalxanların arasında onun da doğmaları səngər həyatı yaşayıb və şəhidlik məqamına ucalıblar. Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olan əzizlərindən Araz Abdullayev 1994-cü ildə “Murovdağ əməliyyatı”nda dünyasını dəyişib. Digər doğması Mehdi Kərimov da həmin ildə əbədiyyətə şəhidliyi ilə qovuşub. Bəli, bir gündə 2 şəhid xəbəri...
“Mənim atam 49 yaşında həyatdan gedib. Onda 22 yaşım vardı. Dərk edirdim hər şeyi. O vaxtlar mən də ata həsrəti çəkirdim. 5 yaşlı körpəyə nə deyə bilərsən?! Hec nəyi dərk etmir, heç nə ilə razılaşmır, xəyallar qurur, yuxular danışır. Atası gələndə onu möhkəm qucaqlayıb bir daha heç yerə buraxmayacağını və evdə nələr olduğunu ona danışacağını deyib. Səbirsizliklə gözləyir yolunu! Sənin kimi atanı kim istəməz ki?!”, - deyir Ramiyə xanım və susur...
M.NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 26 iyun.- S.12.