Atadan oğula qalan yadigar

 

 

Birinci Qarabağ savaşının qazisi Habil Atayevin oğlu, leytenant Nicat Atayevin  ruhu şəhidlik zirvəsindən Vətənə boylanır

 

 

 

Azərbaycanın son 30 illik tarixində görünməmiş hadisələr baş verdi. Ölkənin dirçəldilməsi, onun siyasi, iqtisadi, mədəni inkişafı müstəqilliyinin qarantı idi. Buna görə də Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı respublikamızın bugünkü inkişafının təməlini qoydu.

Azərbaycan xalqı dövlət rəhbərinin siyasi iradəsinə güvənərək, ona sığınaraq, ətrafında monolit birlik yaradaraq, nəhayət ki,  tapdaqda qalan ərazilərini 2020-ci ilin payızında, cəmi 44 günlük Vətən müharibəsi ilə azad etdi. Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin və xalqımızın yenilməz iradəsi, müasir döyüş taktikası ilə düşməni diz çökdürdü.

10 noyabr 2020-ci ildə Ermənistanın diz çökərək kapitulyasiya aktına imza atması ilə Azərbaycan Zəfər salnaməsini özünün şərəfli tarixinə yazdı.

Xalqımızın igid, cəsur oğulları isə bu müharibədə Ana Vətənin müdafiəsinə qalxdıqları üçün şəhidlik zirvəsinə ucaldılar, onlardan biri də şəhid Nicat Habil oğlu Atayevdir. Söhbət Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsində şəhid olan Nicat Atayevdən gedir. Polis mayoruQarabağ müharibəsinin qazisi Habil Atayevin oğlu leytenant  Nicat Atayev 1994-cü il martın 5-də Mingəçevir şəhərində anadan olmuşdu.

Leytenant Nicat Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında saxladığı ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.  Ömrüdöyüş yolu qısa olan Nicat Atayev Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub.

Bakıda, II Fəxri xiyabanda dəfn olunan Nicat Atayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. İgid döyüşçünün təltifi yalnız bundan ibarət deyildi. O, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə də təltif edildi. Yerin behişt olsun, igid döyüşçü, şərəfli yolun yolçusu - şəhidimiz!

 

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 26 iyun.- S.12.