Vətən müharibəsini ömrünün ən unudulmaz səhifəsi sanır

 

 

 

Vətən müharibəsi haqqında real təsəvvürə malik olmaq, döyüşçü missiyasını dərk etmək üçün şəhidlərimizin və qazilərimizin keçdiyi yola nəzər salmaq vacibdir. Vətən müharibəsi iştirakçılarından biri Xəyal İlqar oğlu Məmmədovdur.

O, 1989-cu il yanvar ayının 23-də Qazı-Məmməd şəhərində (indiki Hacıqabul şəhəri) anadan olub. Ailənin böyük övladıdır, bir bacısı var. Atası sovet ordusunda və Azərbaycan Ordusunda gizir hərbi rütbəsində xidmətdə olub. Anası 1993-cü ildə ağır xəstəlikdən vəfat edib. Babası Cəfər Məmmədov İkinci Dünya müharibəsində döyüş yolu keçib, ancaq cəbhədən qayıtmayıb. Dayısı Abdulla Muradov zabit, əmisi Qulu Məmmədov gizir kimi (1992-1994-cü illərdə) Daxili Qoşunlarda hərbi xidmət keçiblər. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçılarıdır.

Xəyal Hacıqabul şəhərindəki Fariz Cəbrayılov adına 2 nömrəli orta məktəbdə təhsil alıb. Keçən əsrin 80-ci illərinin sonlarında Ermənistanın respublikamıza əsassız ərazi iddiaları səbəbindən alovlanan Birinci Qarabağ müharibəsi illərində və sonrakı uzunmüddətli atəşkəs dövründə böyüyərək formalaşan gənc nəslin nümayəndəsi kimi Xəyalın həyata baxışına, əqidəsinə bütün bu proseslər təsirsiz qalmayıb. O, vətənpərvər düşüncəli gənc kimi hərbi xidmət borcunu yerinə yetirməyə yollanıb.

2007-ci ilin oktyabr ayında Xəyal Məmmədov Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. 2009-cu ilin aprel ayında çavuş rütbəsində müddətli həqiqi hərbi xidmətdən tərxis edilib.

Xəyal həmişə fikrinə diqqətlə yanaşdığı atası ilə məsləhətləşərək, həyatını hərbçi peşəsinə bağlamaq barədə qərar verib, qəlbində rəğbət bəslədiyi Daxili Qoşunların sıralarına qayıdıb. 2009-cu ilin dekabr ayında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Həmin vaxtdan etibarən Vətən müharibəsinədək olan dövrdə qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun yarımqrupunda atıcı, əməliyyat taborunun əməliyyat bölüyündə taqım komandirinin müavini, təminat bölüyünün təminat taqımında ATS emalatxana rəisi, təminat bölüyünün təminat taqımında avtomatik telefon stansiyasının rəisi, xüsusi təyinatlı dəstənin istehkamçı yarımqrupunda radiotelefonçu-istehkamçı, istehkamçı yarımqrupunun komandiri-baş istehkamçı vəzifələrinə təyin edilərək komandanlığın etimadını doğruldub.

 

2011-ci ilin noyabr ayından 2012-ci ilin may ayınadək Xəyal Məmmədov Daxili Qoşunların Ali Hərbi Məktəbi nəzdindəki gizirlərin hazırlanması kursunda təhsil alıb, ona gizir hərbi rütbəsi verilib. 2018-ci il avqust ayının 18-də baş gizir hərbi rütbəsinə yüksəlib. 2015-ci il 12 yanvar - 6 fevral tarixlərdə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin təşkil etdiyi “Əsas humanitar minaaxtarma kursunu müvəffəqiyyətlə bitirib. 2018-ci il iyun ayının 26-da III dərəcəli “Qüsursuz xidmətə görə” və 2019-cu il mart ayının 4-də isə III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə mükafatlandırılıb.

 

Vətən müharibəsi bir çox döyüşçü kimi onun da xatirələrdə yaşadacağı xüsusi bir səhifəsidir. Dediyinə görə, hərbi formanı geyindiyi gündən nə vaxtsa döyüşə gedəcəyi, torpaqlarımızı işğal edən düşmənə qarşı vuruşacağı, şəhidlərin qisasını alacağı barədə həmişə fikirləşib. “Xüsusi təyinatlının əsas amalı döyüş tapşırığını nəyin bahasına olursa-olsun yerinə yetirməkdir. Döyüş əmrini gözləyir və təlimlərdə tər tökərək o günə hazırlaşırdıq”, - deyə qazi vurğulayır.

2020-ci il oktyabr ayının 5-dən başlayaraq baş gizir X.Məmmədov Füzuli rayonunun ərazisində kapitan Cavid Tağıyevin (hazırda “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri) rəhbərliyi altında döyüş əməliyyatlarına cəlb olunub.Beton postadlanan ərazidə şiddətli döyüş barədə danışan Xəyal düşmənin artilleriya vasitələrinin atəşinə məruz qaldıqlarını, xüsusən də çoxlu sayda minaatan mərmisinin atıldığını deyir. Göstərilən istiqamətdə hərbi qulluqçularımızdan kiçik gizir Anar Məmmədov şəhid olur, müddətdən artıq xidmət edən çavuş Elvin Abbasov isə yaralanır.

Qazimiz danışır ki, Füzuli rayonunun Kərimbəyli kəndi yaxınlığında bir neçə gün müdafiə mövqeyində dayanıblar. Buradan Cəbrayıl rayonunun ərazisinə hərəkət ediblər. Həmin istiqamətdə düşməndən azad olunmuş ərazilərdəki postlarda qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər. Oktyabrın son günündə Cəbrayıl rayonundan Xocavənd rayonunun Hadrut qəsəbəsinə göndəriliblər. Döyüşçülər hərəkət istiqamətləri dəqiqləşdirilərək ayrı-ayrı qruplara bölünüblər. Xəyal kapitan Taleh Rüstəmlinin (hazırda Daxili Qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri) tabeliyinə verilən qrupun tərkibində döyüş yolunu davam etdirib.

Xocavənd rayonunun çətin relyefə malik ərazilərindən keçməklə onun daxil olduğu qrup və digər qruplar Şuşaya istiqamət götürüblər. Bir neçə gün piyada yol qət edərək Şuşanın ətrafına yaxınlaşıblar. Şəhərin yaxınlığındakı əlverişli mövqelərin tutulması, düşmənin köməyə gələ biləcək qüvvə və vasitələrinin yolunun kəsilməsi məqsədilə qruplara aidiyyəti döyüş tapşırıqları verilib. Onların qrupu Şuşa ətrafındakı meşəlik ərazidə irəliləyərək Xankəndi yolunu nəzarətə götürmək üçün mövqe tutub. Həmin yerdə düşmənin canlı qüvvəsini atəş zərbəsinə məruz qoyublar. Noyabrın 5-də düşmən tankından bizim mövqeyə atılan mərminin partlaması nəticəsində qəlpələr Xəyalın bədəninin müxtəlif nahiyələrini (üz, hər iki qolusağ ayağı) ağır dərəcədə yaralayıb. Döyüşçü yoldaşları ona yardım göstəriblər. Həmin döyüşdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularımız baş çavuş Vüsal Allahyarov, çavuş Afər Orucov, əsgər İsmayıl Məmmədov şəhid olublar, çavuş İlkin Abuyevkiçik çavuş Rəvan Kazımov isə yaralanıblar.

Noyabrın 8-dək Şuşa uğrunda döyüşlər gedib, düşmən məğlubiyyətə uğrayıb. Xəyal bildirir ki, onu və digər yaralıları Şuşadakı evlərdən birində yerləşdiriblər. Şuşa uğrunda döyüşlərdə şəhid olan kapitan Şamil Babayevin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularımız baş əsgər Pərviz Həsənovun, əsgər Fərid Seyfullayevin də adlarını xatırlayır, baş çavuşlar Fərid Əmiyev, Kənan Kərimov, çavuşlar Ənvər Beydiyev, Zamiq Ağayev, Mehrac Qarayevin şücaət göstərərək erməni işğalçılarını canlı qüvvə və texnika sarıdan ciddi itkiyə məruz qoyduqlarını da nəzərə çatdırır.

O, döyüş bölgəsindən noyabrın 7-də təxliyyə edilib. Füzuli və Ağcabədi rayonlarındakı xəstəxanalara, Daxili Qoşunların Hərbi hospitalına, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib, qəlpə yaraları ilə bağlı cərrahi əməliyyat olunub, sağlamlığının bərpası yönündə müalicə alıb.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il, 25 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il tarixli sərəncamları ilə baş gizir X.Məmmədov “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xəyal evlidir, iki oğulbir qız övladı var. Müharibə vaxtı harada olduğunu ailə üzvlərinə deməyib, onların narahat olmalarını istəməyib. Ön cəbhədən alnıaçıq, üzüağ qayıtmasından və doğmalarına qovuşmasından xoşbəxtdir. Qazinin bədənində hələ çıxarılmayan xırda qəlpələr, aldığı yaraların müəyyən fəsadları qalıb. Fədakar döyüşçüyə şəfa diləyirik.

 

 

 

Yalçın ABBASOV,

DİN-in Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist

Azərbaycan.-2020.- 26 iyun.- S.13.