Ermənistan
dərk etməlidir ki, Azərbaycan istənilən hərbi vəzifəni
icra edə bilər
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı
Qüvvələr Günü münasibətilə
“Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər
və şəxsi heyətinin bir qrupu ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı görüşdə nitq söylədi.
Prezident İlham
Əliyevin nitqi
-Əziz hərbçilər.
Mən sizi və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm. Xahiş edirəm ki, görüşümüzün əvvəlində Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əyləşin.
Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, bizim şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi.
İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.
Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.
Biz bu günü yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Mən öz çıxışlarımda dəfələrlə demişdim ki, hər gün biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Görəndə ki, dünyada beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmur, işğalçı Ermənistan daha da azğınlaşır, bizim torpağımızdan çıxmaq istəmir, əlbəttə, biz daha ciddi hazırlaşmalı idik. Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq işlərinə biz vahid konsepsiya çərçivəsində yaxınlaşırdıq və bunu müəyyən edirdik.
Əlbəttə ki, Birinci Qarabağ müharibəsi bizim üçün böyük faciə idi, milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi. Bu böyük humanitar fəlakət, əlbəttə ki, ölkəmizi uçurum kənarına qoymuşdu.
Azərbaycan xalqı o ağır günlərdə müdriklik göstərərək Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda işlər müsbət istiqamətdə getməyə başlamışdır. O cümlədən ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır. Nizami ordu quruculuğu məhz o illərdə başlamışdır.
Bir daha demək istəyirəm ki, bizim hazırlığımız hərtərəfli olmalı idi. Çünki biz, ilk növbədə, beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail olduq. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Mən bu barədə müharibədən əvvəl dəfələrlə öz fikirlərimi bildirirdim və vətəndaşlara bu fikri çatdırmağa çalışırdım ki, bu, münaqişənin həlli üçün əsas amillərdən biridir. Çünki biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nə üçün sübut etməli idik? Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Əfsuslar olsun ki, ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları bu saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Bizim isə imkanlarımız çox məhdud idi. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bu, məsələnin beynəlxalq tərəfi idi.
Eyni zamanda, biz ikitərəfli formatda əlaqələrimizi gücləndirməli idik. Baxın, görün, son illər ərzində bizim dostlarımızın sayı nə qədər artıb. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan demək olar ki, tamamilə təcrid edilmiş vəziyyətdə idi. Bəzi ermənipərəst xarici dairələrin çıxışlarını, bəyanatlarını mən indi kənara qoyuram. Amma bizim yorulmaz fəaliyyətimiz nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr - Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə öz dəstəyini göstərirdi. Bu, əyani şəkildə onu göstərir ki, bizim nə qədər güclü beynəlxalq dəstəyimiz vardır. Ermənistanı kim dəstəklədi? Biz onu yaxşı bilirik və o ölkələrin adlarını bugünkü mərasimdə çəkmək yersizdir. Ancaq o bəyanatlar nəyi dəyişdi? Heç nəyi. Çünki biz ortalığa beynəlxalq hüquq qoymuşuq, ədalət qoymuşuq, güc qoymuşuq.
Mən dəfələrlə deyirdim ki, beynəlxalq hüquq normaları işləmir. Dəfələrlə deyirdim ki, böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Biz gördük ki, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər və heç bir icra mexanizmi yoxdur. Əlbəttə ki, güc amili ön plana çıxmışdı. Müharibədən bir neçə il əvvəl mən bunu öz çıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq və bu məsələ güc hesabına öz həllini tapacaq.
Bununla paralel olaraq biz iqtisadi güc toplamalı idik. Bizim
hazırlıq işlərimizdə bu amil deyə bilərəm
ki, aparıcı rol oynamışdır. Çünki
açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik
olmasa, biz istədiyimizə nail ola bilmərik.
Çünki biz 1990-cı illərin əvvəllərini
yaxşı xatırlayırıq. Bizim vəsaitimiz
yox idi, xəzinə boş idi, inflyasiya min faiz səviyyəsində
idi, kütləvi işsizlik və səfalət hökm
sürürdü, biz iqtisadi cəhətdən asılı vəziyyətdə
idik. Ona görə iqtisadi müstəqillik
əldə etmək Prezident kimi mənim başlıca vəzifələrimdən
biri idi və biz bunu artıq neçə ildir ki, təmin
etmişik. Bu gün heç kimdən
asılı deyilik. Bu gün iqtisadi
göstəricilərə görə Azərbaycan dünyada
aparıcı yerlərdədir. Təkcə
onu demək kifayətdir ki, bu gün inkişaf etmiş ölkələrdə
xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha
çoxdur. Amma Azərbaycanda xarici borc
ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir.
Bundan əlavə, bizim valyuta
ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir.
Ona görə iqtisadi müstəqilliyi əldə
etmək, özü də çətin geosiyasi vəziyyətdə
və o qədər də böyük maliyyə resursumuz
olmayan dövrdə əsl siyasi məharət və uzaqgörənlik
tələb edirdi və biz buna nail olduq. Azərbaycan
artıq neçə ildir ki, heç kimdən asılı
deyil. Əksinə, Azərbaycan özü kömək
göstərir, Azərbaycan donor ölkədir, pandemiya
dövründə 30-dan çox ölkəyə kömək
göstərib və bu ölkələr bizim dost ölkələrimizdir.
Onlar da öz növbəsində bizi dəstəkləyirlər.
Onu da bildirməliyəm ki, müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi. Çünki biz öz torpağımızda vuruşurduq, öz ərazi bütövlüyümüzü bərpa edirdik. Bizim işimiz haqq işi idi. Buna baxmayaraq, ermənipərəst dairələr və ölkələr bizə qarşı tamamilə reallığı əks etdirməyən qətnamə qəbul etdirməyə çalışırdılar. Kim bizi müdafiə etdi? BMT Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv ölkələr. Onlar bizi müdafiə etdi və biz onlara minnətdarıq. Məhz onların səyi nəticəsində anti-Azərbaycan bəyanat qəbul edilmədi. Biz buna nəyin hesabına nail olmuşuq?! Əlbəttə ki, diplomatiya, siyasi əlaqələr və iqtisadi imkanlar hesabına. Biz son illər ərzində o qədər ölkəyə kömək göstərmişik və bu köməyi davam etdiririk. Əlbəttə, bu, həmin ölkələrin yaddaşında daim qalacaq. Bizə lazım olan anda biz bu dəstəyi görmüşük və bu, bizə kömək etdi. Ona görə beynəlxalq müstəvidə hazırlıqla bərabər, iqtisadi sahədə də hazırlıq gedirdi. Təbii ki, hərbi sahədə də çoxşaxəli hazırlıq gedirdi. Ordumuzun silah-sursatla təchiz edilməsi, - biz buna nail olduq, - həm də İkinci Qarabağ müharibəsi bizim imkanlarımızı bütün dünyaya göstərdi. Hətta bu gün mənə verilən məlumata görə, bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Yəni, bu, onu göstərir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Mən bunu dəfələrlə deyirdim, hərbçilərlə görüşlər əsnasında, digər tədbirlərdə deyirdim, bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi.
Bütün başqa sahələrdə hazırlıq gedirdi. Bizim texniki imkanlarımız böyük dərəcədə artmışdır və İkinci Qarabağ müharibəsində biz bunu bir daha nümayiş etdirdik. Nümayiş etdirdik ki, istənilən məsələ öz həllini tapa bilər. Biz bizdə mövcud olan texnikanı səfərbər etmişik və bu gün postmüharibə dövründə bu imkanlardan istifadə edirik.
Biz indi böyük quruculuq işlərinə start vermişik. Baxın, müharibədən cəmi 7 ay keçib, nə qədər böyük işlər görmüşük. Əgər bizdə bu hazırlıq olmasaydı, biz bunu edə bilməzdik. İndi nə qədər vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri vaxtında icra edilməyibsə, bunların heç yüzdəbirini edə bilməzsən. Amma bu gün misli görünməmiş bərpa işləri aparılır. Nəyin hesabına? Məhz hazırlıq hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və heç vaxt, çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır.
Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik. Biz “nəyi nə vaxt, necə etmək lazımdır bilirik” deyəndə, məhz bunu nəzərdə tuturduq.
Biz Ermənistana şans vermişdik və danışıqlarda iştirakımız, - mən bunu əvvəllər də demişəm, - bizim ən böyük güzəştimiz ola bilərdi. Ərazi bütövlüyü məsələlərində hər hansı bir güzəştdən söhbət gedə bilməzdi və bu mövqe bəllidir. Mən bunu Azərbaycan xalqına dəfələrlə çatdırmışdım ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik və bu mövqe xalq tərəfindən dəstəklənirdi. Çünki bunun başqa variantı ola bilməzdi. Danışıqlarda iştirakımız Ermənistana şans verirdi ki, bu məsələ qan tökülmədən öz həllini tapsın. Ancaq Ermənistan yəqin ki, bunu başqa cür yozurdu. Bəlkə də hesab edirdi ki, biz tərəddüd edirik. Bəlkə də hesab edirdi ki, biz öz ərazi bütövlüyümüzü bərpa etməyəcəyik. Bəlkə də hesab edirdi ki, biz bu vəziyyətlə barışa bilərik. Halbuki, mən dəfələrlə demişdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Ermənistanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe deyə bilərəm ki, vasitəçiləri də artıq bezdirmişdi. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan hər kəs bilirdi, bu şərtlər qəbuledilməzdir. Mən demişdim, heç vaxt imkan verə bilmərik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Bunu indi bütün dünya bilir, tarixçilər bilir. Deyirdim ki, əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində yaratsın, Azərbaycanın ərazisində yox. Bu mövqe tarixi ədalətə əsaslanırdı, biz bunu bəyan edirdik və Ermənistana şans verirdik. Ancaq onlar bu şansdan istifadə etmədilər.
2016-cı ilin Aprel döyüşləri onlara vurulan ciddi zərbə idi. Düzdür, ondan sonra onlar bəyan etməyə çalışırdılar ki, guya Aprel döyüşlərində qalib gəldilər. Mən isə o vaxt sual verirdim ki, biz onların qazdıqları səngərlərdə oturmuşuq, biz onların tutduqları yüksəklikləri ələ keçirmişik. Necə ola bilər ki, onlar qalib gəldilər? Yəni, bu, növbəti yalanın təzahürü idi. Eyni zamanda, Aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri biabırcasına vəzifəsindən qovuldu. Bir çox generallar vəzifələrindən qovuldular. Əgər onlar qalib gəlmişdilərsə, nə üçün bu insanlar öz vəzifələrindən qovulmuşdular? Biz Aprel döyüşlərindən sonra “Böyük Qayıdış”ın ilk təzahürü olan Cocuq Mərcanlı kəndini bərpa etdik. Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edərkən və onu açarkən mən deyirdim ki, gün gələcək, biz Şuşada bax bu Gövhərağa məscidini bərpa edəcəyik.
Aprel döyüşləri Ermənistana dərs
olmadı.
Ondan iki il sonra Naxçıvan əməliyyatı
nəticəsində biz böyük ərazini
götürmüşdük və gücümüzü,
peşəkarlığımızı bir daha göstərmişdik.
O da dərs olmadı. Nəhayət, İkinci
Qarabağ müharibəsi elə dərs oldu ki, onlar bu dərsi
əbədi yadda saxlayacaqlar. İkinci
Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının ürəyində
əbədi yaşayacaq. Bu, ədalətin
təntənəsi idi. Bu, qürurun təntənəsi
idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan
xalqının əyilməz ruhunun təntənəsi idi.
Biz bütün gücümüzü səfərbər
edib bu müharibədə Qələbə qazanaraq
düşməni torpaqlarımızdan qovduq. Düşməni
elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim
qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur
olub kapitulyasiya aktına imza atdılar. Halbuki,
müharibə dövründə mən dəfələrlə
öz çıxışlarımda və müsahibələrimdə
deyirdim ki, biz dayanmağa hazırıq. Mən
Prezident kimi bəyan edirəm, Ermənistan rəhbəri şəxsən
bizə tarix versin, nə vaxt bizim torpaqlarımızdan erməni
hərbi birləşmələri çıxır, o tarixi
bizə versin və biz müharibəni dayandırırıq.
Ancaq Ermənistan tərəfi yenə də bu
şansı itirdi. Müharibə nəticəsində
Ermənistan ordusu məhv edilib. Mən bu rəqəmləri
səsləndirmişdim, siz yaxşı bilirsiniz. Siz Ermənistan ordusunu məhv etmisiniz, Ermənistan
ordusu yoxdur -336 tank məhv edilib, ya da ki, qənimət kimi
götürülüb. Səkkiz S300
qurğusu məhv edilib, onların hava hücumuna qarşı
digər qurğuları məhv edilib, artilleriya
qurğuları. Yəni, Ermənistan ordusu
yoxdur. Müharibə dövründə, -
artıq bu da sirr deyil, - vasitəçilər Ermənistana xəbər
göndərmişdilər ki, dayanmaq lazımdır, tarix verin
Azərbaycana. Ancaq onlar bundan da imtina etdilər.
Biz Şuşanı işğalçılardan
azad edəndən sonra məcbur olub noyabrın 9-dan 10-na
keçən gecə kapitulyasiya aktına imza atdılar.
Biz güclü iradə göstərdik, cəsarət
göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə
nail olduq. Bir daha demək istəyirəm ki, İkinci
Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə
kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi
yazılıb. Azərbaycan bundan sonra
müzəffər ölkə kimi yaşayacaq, Ermənistan
bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq.
Deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi
qaçılmaz idi. Bunu hər kəs bilirdi. Azərbaycan ictimaiyyəti də bilirdi, beynəlxalq
vasitəçilər də bilirdi, biz də bilirdik. Sadəcə olaraq, ümidlər var idi ki, Ermənistan
rəhbərliyində heç olmasa özünüqoruma
instinkti özünü büruzə versin və onlar öz
xoşları ilə bizim torpaqlarımızdan
çıxsınlar. Əgər bu
olsaydı, müharibəyə ehtiyac qalmazdı. Biz müharibə istəmirdik və bu gün də
istəmirik. Hesab edirəm ki, müharibə
riskini sıfra endirmək üçün bölgəmizdə,
Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli
sürülməlidir. Biz buna
hazırıq. Bizə müharibə
lazım deyil. Biz istədiyimizə nail olmuşuq və
bizim üçün indi yeni dövr - quruculuq dövrü,
torpaqlarımızın bərpası dövrü
başlanmışdır.
Ancaq bu, Ermənistan üçün dərs olmalıdır. Çünki onlar nəhayət başa düşməlidirlər ki, bizə qarşı olan bu düşmənçilik onlara çox baha başa gəldi. Onlar nə əldə etdilər? Heç nə. Baxın, görün, 30 il ərzində müstəqil dövlət qura bilmədilər. Bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Onun nəyi müstəqildir, əgər xarici dairələrdən tam asılıdırsa. Xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Onların 30 il vaxtı var idi, nəyə görə müstəqil ölkə qura bilmədilər? İşğala görə. Bu işğal onları bu günə saldı. Bu düşmənçilik, Azərbaycan xalqına nifrət onları bu günə saldı və ədalət özünü göstərdi. Bəzən hər birimiz müxtəlif situasiyalarda fikirləşirik ki, ədalət yoxdur, ədalət niyə bərqərar olunmur? Sadəcə olaraq, dözümlü olmaq lazımdır. Düzgün vaxtı gözləmək lazımdır və məqsədə çatmaq üçün hər gün çalışmaq lazımdır. Hər gün biz bu günü yaxınlaşdırırdıq. Qarabağ məsələsi Prezident kimi hər gün mənim gündəliyimdə birinci məsələ idi. Hər gün. Hər gün fikirləşirdim ki, bu Qələbəni əldə etmək, torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır. Biz bunu nümayiş etdirdik.
İndi Ermənistandan asılıdır. Onların davranışı və regional məsələlərə yanaşması necə olacaq. Hər halda, biz Ermənistansız da bölgədə istədiyimizə nail ola bilmişik. Bütün kommunikasiyaları çəkmişik, enerji xətlərimizi çəkmişik, dəmir yollarını, bütün nəqliyyat layihələrini bizim digər qonşularımızla icra etmişik. Əgər Ermənistan bu prosesə qoşulmaq istəyirsə, hələ xahiş etməlidir öz qonşularından.
Bilməlidir ki, biz heç nəyi unutmamışıq. Biz bunu unuda bilmərik. Biz şəhidlərimizi unuda bilmərik, Xocalı qurbanlarını unuda bilmərik, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır. Ermənistan rəhbərliyi, erməni siyasi-ictimai və dini xadimləri öz ideologiyasını, öz siyasətini əsassız iddialar üzərində qurmuşdular. İkinci Qarabağ müharibəsindən sonra bu gün onlar artıq düşmənçiliyi ölkə daxilində bir-birinə qarşı istiqamətləndirirlər. Baxın, Ermənistanın informasiya məkanında nə qədər çirkin proseslər gedir. Bir-birini nə qədər təhqir edirlər, hədələyirlər. Nəyə görə? Çünki onlar əsrlər boyu gənc nəsli düşmənçilik ruhunda böyütmüşdülər. Düşmənçilik, nifrət toxumları səpmişdilər və bu da onların iflasına gətirib çıxardı. Ona görə biz heç nəyi unutmayacağıq.
Ancaq biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq. Amma bununla bərabər, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik.
Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir.
Əziz hərbçilər, bu gözəl
bayram günündə sizinlə görüşmək mənim
üçün çox xoşdur. Silahlı Qüvvələr
Gününü biz Müzəffər Ordu kimi, qəhrəman
xalq kimi qeyd edirik. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Azərbaycan.-2021.- 30 iyun.- S.1-2.