Telekanallar uşaqlardan niyə uzaq
düşüb?
Xarici
kanallara və cizgi filmlərinə baxan körpələrimiz
milli hisslərdən uzaqlaşır, yad təsirlərə
uyurlar
...Kiçik
bir uşaq əlindəki telefon və ya planşetdə nəyisə
maraqla izləyir. Onun bu marağı hətta o qədər
çoxdur ki, kənar bir səs və ya hərəkət də
gözlərini buradan ayıra bilmir.
Tanış
mənzərədir, elə deyilmi?..
Çünki
bu gün biz bu vəziyyəti hər yerdə - evimizdə,
küçədə, avtobusda və digər yerlərdə hər
an görürük.
Uşaqların telefon və planşetlərə olan bu
marağının səbəbi onların yalnız internet
oyunlarına olan aludəçiliyi ilə izah edilə bilməz. Özümüz
də şahidik ki, uşaqlar burada yalnız virtual oyunlar oynamır,
həm də cizgi filmlərinə, böyükləri belə
özünə çəkən maraqlı videolara baxır,
bir sözlə, öz maraq dünyalarına uyğun olan məlumatları
əldə etməyə çalışırlar.
Uşaq
verilişləri ilə bağlı ciddi problemlər var
Uzağa getməyək. Məsələn, 12
yaşlı oğlum Xəyyam Günəşli deyir ki,
dünyada baş verən qeyri-adi hadisələr, təbiətin
qəribəlikləri onu daim maraqlandırır. Belə proqramları isə o, yalnız xarici
kanallarda və “Youtube”də izləyə bilir. Yerli kanallarda marağına uyğun verilişlər
yoxdur. Ara-sıra göstərilən
sevdiyi cizgi filmlərini dublyajda deyil, xarici kanallarda izləməyə
üstünlük verir ki, bunu da hərəkətlə səsləndirmənin
üst-üstə düşməməsi ilə əsaslandırır.
Orta nəslin xatırlaya biləcəyi xeyli uşaq
verilişi var, çünki onların uşaqlıqları bu
proqramlarla birgə keçib. “Nağıllar”, “Gecəniz
xeyrə qalsın, uşaqlar!”, “Təbiəti sevənlər”
həmin dövrün uşaqlarının ən sevimli, maraqla
izlədiyi verilişlərdən idi. Bu
proqramlara görə azyaşlılar televiziyanın
önündə çox böyük həvəslə əyləşir
və növbəti buraxılışları həsrətlə
gözləyirdilər.
Təbii
ki, bu gün televiziya qarşısında əyləşərək
hansısa verilişi maraqla izləyən çox az sayda uşaq görə bilərsən. Müasir texnologiyaların inkişafının
uşaqlara təsiri qaçılmaz olsa da, onların
televiziyadan uzaqlaşmasının əsas səbəbi, təbii
ki, bu deyil. Çünki əsas amil uşaq verilişlərinin
sayının çox az, hətta demək
olar ki, olmamasıdır.
Ölkədə fəaliyyət göstərən yeganə
uşaq kanalı (“ARB Günəş”) istisna olmaqla, digər
kanalların uşaq verilişlərinə yanaşması
ötəri təsir bağışlayır. Uşaq
verilişləri hansısa kanalda uzun fasilədən sonra
çox qısa bir müddətə yayımlanır, sonra isə
yox olur. Televiziya qarşısında yeni
oturmağa başlayan uşaq isə bu yoxluq səbəbindən
üzünü yenidən xarici kanallara tutur.
Teletənqidçi, filologiya elmləri doktoru, əməkdar
jurnalist Qulu Məhərrəmli də deyir ki, bu gün Azərbaycanda
uşaqlar kütləvi şəkildə fərqli xarici
telekanalları izləyirlər. Bunun ilki Türkiyə,
ikincisi isə Rusiya kanallarıdır. Uşaqların
cizgi, bədii filmlər izləməsi üçün
üçüncü bir resurs “Youtube” kanalıdır ki, bu,
öz təsirinə görə digərlərindən daha
güclüdür.
Teletənqidçi hesab edir ki, bu gün Azərbaycanda
uşaqlar üçün yeganə kanal olan “ARB Günəş”i
imkanlarına görə təqdir etmək olar. Çünki
burada uşaq təfəkkürünü inkişaf etdirmək
üçün proqramlar, bədii qiraət, uşaqları
bilgiləndirən müxtəlif formatlı proqramlar
yayımlanır.
Ümumilikdə
isə mütəxəssis bu fikirdədir ki, 10 il əvvəllə
müqayisədə Azərbaycanda uşaq verilişləri ilə
bağlı indi daha ciddi problemlər var. Əvvəllər həm
televiziya, həm də radioda uşaq verilişləri
yayımlanırdı, onların mükəmməl natiqlik
qabiliyyəti olan aparıcıları vardı, verilişlər
maraqlı mövzulara həsr edilirdi: “Bəzən
böyük uşaq tədbirlərindən canlı
yayımlar edilirdi. Əlbəttə ki, bunlar
hamısı yaxşı qarşılanırdı. İndi kanallarda uşaqlarla bağlı
ayrı-ayrı proqramlar var, amma diqqəti cəlb edən
xüsusi proqram yoxdur”.
Uşaqlar
üçün verilişlər, demək olar ki, yoxdur
Uzun illər
uşaq verilişlərinin aparıcısı olmuş, Xalq
artisti Ofelya Sənani də hazırda Azərbaycanda uşaqlar
üçün verilişlərin çox az
olması qənaətindədir: “Uşaqlar üçün
verilişlər, demək olar ki, yoxdur. Bəzən
görürsən ki, aktyor uşaq verilişi aparır,
böyük yaşda uşaqları verilişə
çağırır. Verilişdə
aparıcı hansısa bir oyun təşkil edir, uşaqlar da
sadəcə dayanıb ona baxırlar. Uşaqdan
fikir soruşan, ona “sən bundan nə başa
düşdün?” deyən yoxdur. Uşağı
verilişə cəlb etmək, ona mövzu ilə əlaqədar
suallar vermək lazımdır. Uşaq
özbaşına deməyəcək ki, mən bu məsələyə
belə baxıram”.
Ofelya Sənani
bildirir ki, uşaq verilişlərinin
baxımlılığının artması üçün
aparıcıların və mövzuların düzgün
seçilməsi böyük əhəmiyyət kəsb edir:
“Uşaq verilişlərinin mövzusu nağıllara bənzər
olmalı, fantaziyalar göstərilməlidir ki,
azyaşlıların beyni açılsın. Verilişlərdə
uşağın başa düşə biləcəyi sadə
dildə yazıcı və şairlərdən nümunələr
deyilməlidir. Uşaq verilişinin
aparıcısı uşaq xarakterində, mehriban olmalı,
uşaqları çox sevməlidir. Uşaqlar
onun üçün tamam başqa bir dünya olmalıdır.
Mənim üçün həmişə elə
olub, uşaqlar üçün danışanda özüm
uşağa dönmüşəm”.
İndiki
uşaqların müasir texnologiya əsrinin uşaqları
olduğu nəzərə alınmır
Qulu Məhərrəmlinin
sözlərinə görə, biz uşaqları çox sadə
təsəvvür edirik və nəzərə almırıq
ki, onlar müasir texnologiya əsrinin uşaqlarıdırlar:
“Onların maraq dairəsi, duyumu çox irəli gedib.
Çünki analar faktiki olaraq, uşaqlarının
2-3 yaşından əllərinə planşet, mobil
telefon verirlər. Ona görə də bu uşaqların
davranışı bizim düşündüyümüz cizgi
filmindən çox yüksəkdədir. Mürəkkəb
oyunlar, mürəkkəb texnoloji vasitələrin ifadə
etdiyi məzmunun ortaya qoyulması artıq reallıqdır.
Bizim bu sahədə
düşünülmüş proqram siyasətimiz
olmalıdır. Təəssüf ki, o,
indi yoxdur”.
Mütəxəssis
əlavə edir ki, uşaq verilişlərinin mövzuları
çox vaxt o proqramı hazırlayan müəllifin və ona
rəhbərlik edən prodüserin, redaktorun düşüncəsindən
qaynaqlanır: “Halbuki bu mövzu seçimi mütləq
uşaq psixologiyası ilə məşğul ekspertlərin
iştirakı ilə olmalıdır. Bu gün
uşaqlar nəyə meyillidir, nəyi qavrayır, hansı
oyunlar vasitəsilə biliklər vermək olar - mövzu
seçimi zamanı bu məsələlərə önəm
vermək çox əhəmiyyətlidir. Bu
sahə üzrə yapon, Çin televiziyasının ciddi
uğurları var və biz ona diqqət yetirməliyik”.
Uşaqlar
əksər hallarda yaşlarına uyğun olmayan proqramlar izləyirlər
Azərbaycanın ilk və yeganə uşaq kanalı
olan “ARB Günəş”in Layihələr Departamentinin direktoru
Çimnaz Şıxverdiyeva təəssüflə qeyd edir
ki, uşaqlar əksər hallarda yaşlarına uyğun olmayan
proqramlar izləyirlər. Bu məqam bir ildən
artıqdır davam edən pandemiya şəraiti ilə əlaqədar
daha da aktuallaşıb.
Uşaq verilişlərinin bəsitlikdən uzaq
olması fikrini bölüşən direktorun sözlərinə
görə, azyaşlılar üçün hazırlanan
bütün proqramlar yeni, qısa, çox maraqlı
olmalıdır. Çünki onlar hətta sözlərin
standart şəkildə deyilməsini, səslənməsini
belə sevmirlər. Proqramlar elə
hazırlanmalıdır ki, onlar uşaqları ekran
önündə saxlasın. Televiziya
uşaqlar üçün həm müəllim, həm də
virtual oyun yoldaşı olmalıdır.
Çimnaz
Şıxverdiyeva əlavə edir ki, uşaq verilişlərinin
aparıcıları azyaşlılarla böyüklər kimi
davranmalıdır: “Uşaqları heç bir şəkildə
yamsılamaq, sanki onların dili ilə danışmaq, dilini əzmək
doğru deyil. Özünü doğrunu bilən
kimi göstərmək, hər fürsətdə uşaqlara
öyüd-nəsihət vermək yanlış
sayılır. Bundan başqa,
aparıcının nitqi məntiqli, bir-birinə
bağlantılı, monotonluqdan, saxta, uydurma fikirlərdən
uzaq olmalıdır”.
Kanal rəsmisi bunu da açıqlayır ki, televiziyada ərsəyə
gətirilən bütün layihələrdə
uşaqların maraq dairəsi əvvəlcədən öyrənilir
və bütün telemövsüm boyunca yenilənərək
nəzərə alınır.
Valideyni
narazı salan məqamlar
Bir çox hallarda məktəbəqədər
yaşlı uşaq televiziyaya baxmaq istəyərkən orada
daha böyük yaşlı uşaqlar üçün, dərslərinə
hazırlaşdıqdan sonra ekran qarşısına gələn
şagird isə daha azyaşlı uşaq üçün
münasib olan cizgi filmlərini görür. Bu baxımdan
uşaq verilişlərinin, cizgi filmlərinin nümayiş
vaxtının yaş qrupları üzrə mütəxəssislərlə
məsləhətləşməklə düzgün müəyyən
edilməsi olduqca vacibdir.
Uşaq yayımı sahəsindəki digər problem bəzi
hallarda dublyaj edilmiş cizgi filmlərində uşaqların
yaşına uyğun olmayan, eləcə də bir çox ailələrdə
işlədilməyən ifadələrin səsləndirilməsidir.
Cizgi filmlərinin
yaş qrupları üzrə təsnifatlaşdırılmasını
vacib sayan valideyn Aytən Qismətli deyir ki, yerli özəl
kanallardan birində nümayiş olunan “Madaqaskar” cizgi filmini
izləyən azyaşlı qızı personajlar
arasındakı “niyə ürəyin bulanır, yoxsa hamiləsən?”
dialoqundan sonra ona üzünü tutaraq “hamilə nədir ki?”
soruşub: “Dublyaj edilmiş filmləri efirdə nümayiş
etdirənlər azyaşlılarda belə sorğuların
yarana biləcəyini və bunun normal azərbaycanlı ailəsində
yaxşı qarşılanmayacağını nəzərə
almalıdırlar. Cizgi filmlərində bəzi
vulqar ifadələr də işlədilir ki, onlar sonradan
uşaqların dilində yer alır. Belə
filmlərin nümayişi kanalların onsuz da sayı az olan
azyaşlı auditoriyasının itirilməsinə səbəb
olur”.
Bəzi
görüntülər davranışda pozuntular yarada bilər
Çimnaz Şıxverdiyeva deyir ki, istər animasiya
filmi, istər reklam, istərsə də hər hansı bir
verilişdəki bəzi görüntülərin
uşaqların davranışlarında və mühakimə
qabiliyyətlərində pozuntulara yol açması
potensialı çoxdur. Buna görə də uşaqların asanlıqla təsir
altına düşə biləcəyi hər məsələyə
diqqətlə yanaşılmalıdır:
“Uşaqlar dünyanı bütün duyğu
orqanları ilə qavramalıdırlar. Məsələn,
onlar oyuncağa toxunur, bu zaman onu təkcə görmür, həm
də oyuncağın yumşaq və ya bərk olduğunu hiss
edir, qoxusunu alır və s. Bu zaman 5 duyğu orqanı aktiv
olur. Televiziya isə maksimum iki
yönlü, yəni gözə və qulağa xitab edərək
məlumatları ötürür. Bəzi
görüntülər uşaqların yaddaşında
qalıcı olur. Bu baxımdan
uşaqların əsasən 3 yaşdan sonra cizgi və
animasiya filmlərini izləməsi tövsiyə olunur. Bu fikri pedaqoq və uşaq psixoloqları da dəstəkləyir
və təqdir edirlər”.
Xarici
cizgi filmləri uşaqları milli duyğulardan
uzaqlaşdırır
Qulu Məhərrəmli də uşaq yayımı sahəsindəki
ən ciddi problemin cizgi filmlərlə bağlı olduğunu
düşünür. O, Azərbaycanda indiyə qədər az
sayda cizgi filminin istehsal edildiyinə təəssüflənir:
“”Çırtdan”, “Tık-tık xanım”, “Meşəyə
insan gəlir” kimi cizgi filmlərinin sayı azdır. Amma bunların sayını
artırmaq olar, çünki cizgi filmləri üçün
ədəbi materialımız, nağıllarımız,
ssenari yaza bilən müəlliflərimiz var. Köçərlidən,
Abdulla Şaiqdən üzü bu yana olan ədiblərimiz,
xalq nağıllarımız bu filmlər üçün
çox ciddi material ola bilər. Azərbaycan
nağılları necə qəhrəman obrazlar yetişdirib!
Sosial sifarişə uyğun olaraq, başqa qəhrəmanlar
da yetişdirmək olar. Amma müstəqillik
dövründə biz nə qədər cizgi filmi çəkmişik,
hansı qəhrəmanları ortaya
çıxarmışıq?! Bütün
bu məsələləri çox çevik şəkildə
həll etmək mümkündür. Prezident
İlham Əliyev serialların çəkilməsi üçün
11 milyon manat vəsait ayırdı. Dövlətin
bu böyük dəstəyinin qarşılığı nə
oldu? Bu, nə verdi? Bəzi
filmlər istisna olmaqla, geniş mənada, Azərbaycan cəmiyyəti
üçün yad mövzular dövriyyəyə daxil oldu və
onlara baxılmadı. Bu, faktdır. Amma cizgi filmləri ilə bağlı geniş mənada
düşünmək və bu sahədə sistemli işlər
görmək olar. İndi texnologiya imkan
verir ki, ucuz qiymətə yaxşı cizgi filmləri istehsal
edək. Ola bilməz ki, biz uşaq
verilişinə diqqət edək, amma cizgi filminə yox.
Çünki cizgi filmi uşaq verilişi
üçün qidadır”.
Qulu Məhərrəmlinin
qənaətinə görə, buna görə də cizgi
filmlərinin nümayişinə və istehsalına
düşünülmüş, elmi baxımdan
hazırlanmış proqram çərçivəsində
baxılmalıdır: “Bunları etməsək, bizim
uşaqlar ya rusca, ya türkcə danışacaq, ancaq onların
qəhrəmanlarını yamsılayacaq. Bu da
uşaqların ayağını milli mənada bu torpaqdan
üzür. Bu, bir millətin
strategiyasıdır, ona görə də buna ciddi diqqət
yetirməliyik. Bu sahə hazırda
solğun bir vəziyyətdədir”.
Kanalllar
yerli cizgi filmlərini almaqda maraqlı deyillər
Cizgi
filminin uşaqlara kitablar qədər lazım olması qənaətində
olan rejissor, animator Sultan Abbasbəyli deyir ki, “Azanfilm”
studiyasında Mədəniyyət Nazirliyinin sifarişi ilə
il ərzində 1-2 cizgi filmi çəkilir.
Yerli cizgi filmlərinin sayının
artırılmasını vacib sayan animatorun sözlərinə
görə, cizgi filminin çəkilməsi ilə
bağlı mövcud problemlər kadr
çatışmazlığı, bu işə ayrılan vəsaitin
azlığı, maliyyə dəstəyinin olmamasıdır.
Animator bildirir ki, cizgi filminin istehsalı
üçün böyük maliyyə vəsaiti ilə
yanaşı, peşəkar kadr komandasının da olması
tələb edilir. Bir cizgi filminin ərsəyə gəlmə
qiyməti personajlardan, ssenaridən, oradakı hərəkətlərdən
asılı olaraq dəyişir. Cizgi filminin
bir bölümü üçün orta hesabla 20-30 min manat vəsait
tələb edilir, bəzi hallarda bu vəsait daha çox olur.
Rejissor təəssüflə
qeyd edir ki, kanallar yerli cizgi filmlərini almaqda maraqlı deyillər:
“Kanallar “Maşa və ayı” və digər xarici cizgi filmlərini
nümayiş etdirirlər. Buna görə də
bizim uşaqlar ya türk, ya da rus cizgi filmlərinə
baxırlar. Amma “Maşa və ayı” cizgi
filmlərində rus mədəniyyəti təbliğ edilir,
eləcə də digər cizgi filmlərində hər bir
ölkə öz mədəniyyətini təqdim edir.
Bizim özümüzün gözəl adət-ənənəmiz,
milli geyimimiz, bir sözlə, gözəl mədəniyyətimiz
var. Uşaqlar bunlarla tanış
olmalıdırlar. Türkiyənin “TRT Cocuq”
kanalı cizgi filmlərinin çəkilişi
üçün özü vəsait ayırdı. Görün, bu, onlarda animasiyanın inkişafına
necə dəstək oldu!”
Filmlərin
dublyajı uşaqların ana dilimizə marağını
artırıb
Azərbaycanda
animasiya istehsal edən şirkətlərin, eləcə də
yerli cizgi filmlərinin sayının az
olduğunu deyən Çimnaz Şıxverdiyeva qeyd edir ki,
“ARB Günəş” 3 il əvvələ qədər xarici
cizgi filmlərinin dublyaj versiyasını müxtəlif yerli
prodakşn və studiyalardan əldə edirdi. Lakin
indi kanalın özünün dublyaj studiyası olduğundan
onun belə filmləri almasına ehtiyac yoxdur. Kanal
özü uşaqların çox sevdiyi xarici cizgi filmləri,
eləcə də seriallar arasından seçim edir, onlar
uşaq psixologiyasına bələd olan peşəkar
yaradıcı kollektiv tərəfindən Azərbaycan dilinə
dublyaj edilərək nümayiş olunur: “Həmin filmlər
dublyaj olunana qədər uşaqlar ona rus və ya türk
dilində baxmağa məcbur idilər. Bu da
onların dilinin ya ruslaşmasına, ya da türkləşməsinə
səbəb olurdu. Apardığımız
sorğular bunu təsdiq edir ki, biz cizgi filmlərini dublyaj edib
yayımlamaqla uşaqların ana dilimizə daha çox maraq
göstərməsinə nail olmuşuq”.
Kanal rəsmisi
bunu da əlavə edir ki, uşaqlara təqdim olunan cizgi filmlərində
“nə olar və nə olmaz?” sualı həmişə diqqətdə
saxlanılır: “Bu, heç də gündəmlə
bağlı mövzulardan qaçmaq, həyatı tək rəngli
göstərmək anlamına gəlmir. Söhbət
ondan gedir ki, bu fimlərdə güc tətbiqi, uşaqlarda
qorxu və dəhşət duyğularının
aşılanması yolverilməzdir. Balaca
izləyicilərimizə təqdim etdiyimiz cizgi filmlərində
yersiz qorxu və çəkingənlik, intiqam kimi
duyğuların aşılanmasından hər zaman
qaçırıq. Bunun əvəzinə
özünəinam duyğusunun artırılmasına xidmət
edən animasiya filmlərinə daha çox yer veririk. Əks təqdirdə bu, uşaqların mənəvi
inkişafında arzuolunmaz nəticələrə gətirib
çıxara bilər”.
“Maşa
və ayı” kimi filmlər hazırlaya bilirik
Sultan Abbasbəyli deyir ki, əvvəllər “Maşa və
ayı” cizgi filmindəki kimi film hazırlamaq onlar
üçün çətin olsa da, artıq belə filmləri
də hazırlaya bilirlər.
Onun sözlərinə görə, hazırda uşaqlar üçün yeni maraqlı serial istehsal edirlər ki, onun da keyfiyyəti “Maşa və ayı”dan geri qalmır: “Teleməkanda ilk dəfə olaraq, uşaqlar üçün tam yeni qəhrəman yaradılır və ondan bəhs edən yeni serial çəkilir. Bu cizgi filminin qəhrəmanı olan balaca oğlan həm özü öyrənir, həm də öyrədir. Yeni cizgi filminin yayımına sentyabr-oktyabr aylarında başlamaq planlaşdırılır”.
Rejissorun dediyinə görə, cizgi filmlərinin mövzusu seçilərkən ilk növbədə onun baxımlı olması və bu film vasitəsilə uşaqlara müsbət mesajın verilməsi əsas hədəf olur.
Dövlət uşaq kanalının yaradılması təklif edilir
Problemdən həll yollarına gəldikdə, Qulu Məhərrəmli hesab edir ki, uşaq siyasəti dövlət siyasəti sayıldığından, uşaqlar millətin gələcəyi olduğundan uşaq yayımı ilə bağlı düşünülmüş bir proqram həyata keçirilməlidir. Bu baxımdan o, ölkədə dövlət uşaq kanalının olmasını daha münasib variant hesab edir.
Amma alternativ yol da təklif edən mütəxəssisin qənaətinə görə, Azərbaycanda dövlət hesabına uşaq kanalı yaratmaq mümkün deyilsə, ayrıca tədris-maarifçilik proqramları hazırlamaq mümkündür. Onların arasında ayrıca yaş qruplarına yönəlmiş, məsələn, azyaşlılar, yeniyetmələr, daha böyük yaşda olan uşaqlar üçün 2-3 saatlıq proqramlar ola bilər. Bu proqramlar sistemli şəkildə, uşaqların maraqlarına uyğun, elmi və psixoloji cəhətdən əsaslandırılmaqla hazırlanmalıdır. Proqramlarda uşaq psixologiyası üzrə mütəxəssislər uşaqların düşüncəsini, dil qabiliyyətini inkişaf etdirməlidirlər. Bu proqramlar həm də çox önəmli istiqamət olan milli dəyərlərə bağlı olmalıdır.
Teletənqidçinin fikrincə, bu cür proqramları daha çox dövlət büdcəsi hesabına fəaliyyət göstərən kanallar - AzTV, onun “Mədəniyyət” kanalı hazırlamalıdır. Hətta “İdman” kanalında da uşaqlar üçün maraqlı yarışma proqramları təşkil etmək olar: “Əminəm ki, bunlara çox geniş auditoriya baxa bilər. Çünki elə uşaq proqramları var ki, ona böyüklər də xüsusi maraq göstərir və izləyirlər. Bunu mütləq nəzərə almalıyıq”.
Uşaq verilişlərinin, milli cizgi filmlərinin az yayımlanması və ya ümumiyyətlə, yayımlanmaması, xarici ölkə mədəniyyətini təbliğ edən əcnəbi animasiya filmlərinin nümayişinə üstünlüyün verilməsi uşaqların inkişafına, düşüncəsinin formlaşmasına, vətənpərvər şəxsiyyət kimi yetişməsinə mənfi təsir göstərir.
Bugünün uşaqlarının hansı düşüncə ilə böyüməsinə diqqət etməliyik. Uşaq verilişlərinin, milli cizgi filmlərinin çox az yayımlandığı hazırkı dövrdə onlara bu düşüncəni daha çox əcnəbi cizgi filmləri, yutubda və digər kanallarda baxdığı xarici filmlər aşılayır.
Bu təsirlərin nəticəsində Azərbaycan torpağında boy atan, onun suyunu içən uşaqlarımız bu ölkəyə yad insanlar kimi yetişə bilərlər. Bu yadlıq onları vətənlərindən, milli dəyərlərindən uzaqlaşdırar, gələcəyimizi ciddi təhdid altına salar.
İlhamə
İSABALAYEVA
Azərbaycan.-2021.- 25 iyun.- S.1;5.